07 Dekabr 2021, Çərşənbə axşamı

Tarixi yaşadan və onu gələcəyə daşıyan mühüm mənbələrdən biri də qəzetlərdir. Gündəlik həyatımızda baş verən bütün dəyişiklikləri, o cümlədən hərbi-siyasi, sosial-iqtisadi, elm, təhsil, mədəniyyət sahələrində baş verən yenilikləri ilk olaraq qəzetlərin səhifələrindən əldə edir və məlumatlanırıq. Dövlətin və millətin tərcümeyi-halını özündə əks etdirən qəzetlərin təsir imkanları geniş olmaqla, əlçatmaz sərhədləri asanlıqla aşa, insanların kütləvi xəbərləşməsi, maariflənməsi istiqamətində mühüm xidmətləri həyata keçirə bilir. 

“Şərq qapısı” qəzeti də fəaliyyəti dövründə öz nömrələrində bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirmiş, qədim Naxçıvanın beşminillik tarixini öz səhifələrində işıqlandırmış, bu işığın izi ilə addım-addım irəliləyərək tarixdə yaşamağı və bir- əsrlik ömür qazanmağı bacarmışdır.

Əlifbamızın və ana dilimizin, milli-mənəvi dəyərlərimizin başına açılan oyunlar, tariximizə vurulan zərbələr, eyni zamanda düşmənlərimizə qarşı aparılan qəhrəmanlıq salnamələri alın yazısı kimi birər-birər “Şərq qapısı” qəzetinin səhifələrində özünə yer tapmış, əbədiləşmiş və tarixiləşmişdir.
Ötən əsrin 40-50-ci illəri... Dünyanın ikinci ən böyük müharibəsi sona yetdi. Faşizmin dünya xalqlarına vurduğu yaraları sağaltmaq, müharibə fəlakətlərinin nəticələrini ortadan qaldırmaq üçün müharibədən sonrakı dinc dövrlərdə xalqlar və millətlərarası əməkdaşlığın, dostluğun, birliyin yaradılmasına böyük ehtiyac duyulurdu. Belə bir vaxtda “Şərq qapısı” qəzeti öz buraxılışlarında mühüm mövzulara toxunur, ictimai-siyasi əhəmiyyətli materiallar dərc edirdi. Məhz həmin illərdə ölkəmizdə respublikalar və regionlararası dostluq, yoldaşlıq əlaqələrinin genişləndirilməsi, müxtəlif tədbirlərin, görüşlərin keçirilməsi, xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində sosializm yarışlarının, illik öhdəliklərin təşkili haqqında materiallar qəzetin səhifələrində dərc olunur, geniş xalq kütlələrinə çatdırılırdı.
İkinci Dünya müharibəsində canı, qanı ilə iştirak edərək qələbənin əldə olunmasına böyük töhfələr verən naxçıvanlılar müharibədən sonrakı dinc dövrlərdə də əmək cəbhələrində hünərlər göstərir, zəfər dolu nailiyyətlər əldə edir, sosializm yarışlarının qalibləri olurdular. Bu faktlarla bağlı qəzetin səhifələrində olduqca maraqlı məlumatlara rast gəlinir. Kənd təsərrüfatı və sənayenin yenidən dirçəldilməsi, pambıqçılıq, taxılçılıq, tütünçülük, heyvandarlıq kimi təsərrüfat sahələrinin inkişaf etdirilməsi üçün yeni fəaliyyət proqramlarının həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən verilmiş qanun, qərar və fərmanların qəzet səhifəsində dərc edilməsi xalq kütlələrinin, əhalinin gələcəyə ümid və inamının artırılmasına səbəb olurdu.

“Şərq qapısı” qəzetinin 1946-cı il 5 iyul tarixli 75-ci sayında “Naxçıvan MSSR Torpaq Nazirliyinin iki nazirliyə – Naxçıvan MSSR Torpaq Nazirliyinə və Naxçıvan MSSR Heyvandarlıq Nazirliyinə bölünməsi haqqında” Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 1 iyun tarixli Fərmanı bu tədbirlərin təşkilinə böyük təkan verdi. Həmçinin SSRİ Ticarət Nazirliyinin əmri ilə 1946-cı il iyulun 2-dən etibarən xüsusi ticarət vasitəsilə satılan sənaye mallarının qiymətinin aşağı salınması ilə əlaqədar olaraq sənaye malları üçün verilən limit dəftərçələri üzrə müəyyən olunmuş güzəştlərin ləğv edilməsi, əhalinin güzəranının yaxşılaşdırılmasına, digər sahələr üzrə görüləcək tədbirlərin həyata keçirilməsinə yol açırdı.
Məlumdur ki, bədnam Türkmənçay sülh müqaviləsindən sonra İran, Türkiyə və digər xarici ölkələrdən kütləvi surətdə Azərbaycan ərazilərinə, o cümlədən Naxçıvana, Qarabağa, Zəngəzura köçürülən ermənilər uzun illərboyu azərbaycanlılarla bərabər yaşamışlar.
İkinci Dünya müharibəsindən sonrakı dinc dövrlərdə müharibənin acı nəticələrinin aradan qaldırılması istiqamətində atılan mühüm addımlardan birini də quruculuq-bərpa işləri ilə bağlı həyata keçirilən dövlət tədbirləri təşkil edirdi.
“Şərq qapısı” qəzetinin 5 iyul 1946-cı il tarixli buraxılışında “Naxçıvan-Qarabağ yarışı. Qardaşlıq əlaqəsini daha da möhkəmləndirən yarış” adlı məqalədə naxçıvanlılarla qarabağlılar arasında təşkil edilən görüşün əsas məqsədi önə çəkilir və 1945-ci ildə bağlanmış yarışa yekun vurulması, 1946-cı ilə dair sosializm yarışı müqaviləsini imzalanmasından ibarət olduğu bildirilir. Bununla bağlı, Qarabağa göndərilən Naxçıvan nümayəndə heyətini Şuşa Rayon İcraiyyə Komitəsinin sədri Abbas Rzayev və rayon partiya komitəsinin katibi İsmxanovla birlikdə şəhərin məsul işçiləri və zəhmətkeşlər tərəfindən qarşılanmasından və Xankəndiyə yola salınmasından geniş söhbət açılır. Xankəndidə naxçıvanlı nümayəndələr 3 qrupa bölünərək Qarabağın mədəniyyəti, sənayesi və kənd təsərrüfatı ilə yanaşı, Malıbəylidə, Gücəqalada istifadəyə verilən klub binaları, kəndlərdə yaradılan səhiyyə məntəqələri və doğum evləri, Böyük Tağlar və Tuğ kəndlərində əhaliyə göstərilən tibbi yardım və digər xidmət sahələri ilə tanış edilmişlər. Səfər çərçivəsində nümayəndələrin Şuşanın qədim açarları ilə tanış olmaları, sovet hakimiyyəti illərində yaradılan ipək sənayesi müəssisələrini gəzmələri, Azərbaycan xalqının sevimli şairi Molla Pənah Vaqifin Cıdır düzündəki məzarını ziyarət etmələri naxçıvanlı nümayəndələri çox təsirləndirmiş və duyğulandırmışdır.
Görüşlərdə naxçıvanlı nümayəndələr Qarabağın ayrı-ayrı rayonlarında əkilən pambığın və tütünün becərilməsi texnologiyasını nəzərdən keçirmələri, qarabağlıların bu sahədəki iş təcrübələri ilə yaxından tanış olmaları onlar üçün mühüm əlamətdar hal hesab edilirdi. Axırıncı görüş Xankəndidə olur. Vilayət partiya fəalları yığıncağında çıxış edən Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin katibi Ə.Hacıyev 1945-ci il yarışlarına yekun vurulduğunu və 1946-cı ildə bağlanacaq yarışın şərtləri ətrafında geniş izahat verərək yeni beşilliyin yerinə yetirilməsində əllərindən gələni əsirgəməyəcəklərini bildirir. Yığıncağın sonunda Azərbaycan K(b)P Qarabağ Vilayət Komitəsinin birinci katibi çıxış edir və deyir: “Naxçıvanın zəhmətkeşləri düşmənə qarşı şiddətli hücum döyüşləri keçirdiyimiz 1944-cü ildən bizimlə yarışırlar. Bu sosializm yarışı həmin il və 1945-ci qələbə ilində Qızıl Ordunun və ölkənin ehtiyaclarını ödəməkdə gözəl müvəffəqiyyət əldə etməklə nəticələnirdi. İndiki müqaviləmiz isə dördüncü Stalin beşilliyinin vəzifələrinin yerinə yetirilməsinə həsr edilir. Əmin ola bilərsiniz ki, qarabağlılar da bu sahədə sizdən geri qalmayacaq. İki qardaş vilayət arasında təşkil edilən sosializm yarışını uzun illər davam etdirəcəklər”.
Yığıncaq bitdikdən sonra qarabağlılar naxçıvanlı qonaqları şadlıq və minnətdarlıq hissi ilə yola salmışlar.
Ötən əsrin 40-cı illərinin ab-havasından fərqli olaraq 50-ci illərin xarakteristikası tamamilə başqa reallıqlar üzərinə köklənir.
Tarix 50-ci illəri seçkilərə doğru istiqamətləndirirdi. Seçki kampaniyalarının təşkili, seçkili orqanlarda əhalinin fəal iştirakının təmin edilməsi, seçicilərlə görüşlərin keçirilməsi kimi mühüm məlumatlar 50-ci illərin simasının rəsmi olmasından xəbər verirdi. Bu tədbirlər bütün sahələr üzrə həm istehsalatda, həm təsərrüfatda, həm də mədəni sahələrdə özünü göstərir əhalinin əhvali-ruhiyyəsinə yüksək təsir edirdi.
“Şərq qapısı” qəzetinin 50-ci illərə aid nömrələrində həmin məsələlər gündəmə gətirilir, qəzet o dövrdə, sanki bir fəal təbliğat və təşviqat orqanı kimi çıxış edirdi.
“Şərq qapısı” qəzetinin 6 mart 1957-ci il tarixli 28 yerli sovetlərə, sonrakı dövrlərdə isə respublika və SSRİ miqyasında keçiriləcək seçkilərə hazırlıq işləri ilə bağlı xüsusi materiallar dərc olunur. “Seçkilər gününü görkəmli istehsalat qələbələri ilə qarşılayaq”, “Deputat xalqın elçisidir”, “Culfa yerli sovetlərə seçkilər qarşısında. Seçicilərin arzusu” başlıqları ilə materiallar dərc olunur. Ordubad, Şahbuz, Şərur rayonlarında da qızğın işlər gedir, xüsusilə şəhərlərin abadlaşdırılması, istehsal sahələrinin genişləndirilməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində seçkilərə hazırlıq işləri ilə əlaqədar mübarizə tədbirləri həyata keçirilirdi.
“Şərq qapısı” qəzetinin 17 avqust 1957-ci il tarixli 66-cı nömrəsində 1957-ci ilin 1-ci yarısında Azərbaycan SSR xalq təsərrüfatının inkişafına Naxçıvan zəhmətkeşlərinin də böyük töhfələr verməsindən və dövlət planlarının uğurla yerinə yetirilməsi, mədəni-maarif müəssisələrinin işinə rəhbərliyin gücləndirilməsi ilə bağlı mövzular xüsusi yer tutur. Həmin qəzetdə Əbrəqunus, Cuğa, Qazançı və Milax kəndlərindəki mədəniyyət ocaqlarının, kitabxana və klubların vəziyyətinə, rayon mədəni-maarif şöbələrinin, partiya təşkilatı müəssisələrinin fəaliyyətlərinə geniş nəzər salınmışdır. Bu mövzularla əlaqədar qəzetdə “Payız əkininə hazırlıqla başlamalı”, “1957-ci ilin birinci yarısında Azərbaycan SSR xalq təsərrüfatının inkişafı”, “Mədəni-maarif müəssisələrinin işinə rəhbərliyi gücləndirməli” başlıqlı məqalələr dərc olunmuşdur.
“Şərq qapısı” qəzetinin 15 sentyabr 1957-ci il tarixli 110-cu nömrəsində sosializm yarışında fəal iştirak edən naxçıvanlıların hünərindən, zəhmətindən geniş söhbət açılır, plan tapşırıqlarının, yarış öhdəliklərinin yerinə yetirilməsi uğrunda həyata keçirilən tədbirlərdən, o cümlədən Culfa şəhərində dəmiryolçular üçün yeni salınmış şəhərcikdən, uşaq müəssisələrinin vəziyyətindən və əhaliyə göstəriləcək mədəni xidmət sahələrindən maraqlı məlumatlar qeyd olunur. Bu məlumatlar qəzetdə dərc olunmuş “Bostan-tərəvəz məhsulları tədarükündəki geriliyi tezliklə aradan qaldırmalı”, “Planı 150 faiz yerinə yetirmək uğrunda”, “Sovet Culfası tərəqqi yollarında”, “Dəmiryolçuların yeni şəhərciyində” adlı məqalələrdə özünə yer almışdır.
“Şərq qapısı” qəzetinin 28 yanvar 1959-cu il tarixli 9-cu nömrəsində yeni əmək qələbələri qazanmaq üçün yarış kampaniyalarına start verilməsi, əhalinin siyahıya alınması ilə bağlı statistika idarələri tərəfindən görülmüş tədbirlərin həyata keçirilməsi və sair materiallar qəzet səhifələrində özünə yer almışdır. Qəzetdə “Əhalinin siyahıya alınması qurtarmışdır”, “Yaz tarla işlərinə hazırlığı sürətləndirməli” başlıqlı məqalələrdə məhz həmin məsələlərdən danışılır.
Bir sözlə, Naxçıvanın ötən əsrin 40-50-ci illəri, iki onilliyin tarixi... Bir üzü faşizmin törətdiyi müharibə yaraları, fəlakətlər, dağıntılarla dolu, digər üzü bu yaraları sağaltmağa can atan xalqımızın fədakarlığı, qəhrəmanlığı və zəhmət dolu tarixləri...
Bu gün də həmin tarixlərin başqa bir üzünü yaşayır xalqımız. Bu dəfə erməni faşizminin xalqımıza gətirdiyi dəhşətləri, faciələri, vurduğu yaraları sağaltmaq, müzəffər Azərbaycan Ordusunun canı, qanı bahasına erməni işğalından azad olmuş torpaqlarımızı yenidən qurmaq, qalib Azərbaycan dövlətinin vətəndaşı kimi yenə də hünər və zəfərlər göstərmək naxçıvanlılar üçün əsl vətəndaşlıq missiyasının uğurla yerinə yetirilməsinə hesablanmış tarixlərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə 100 illik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz, doğma və qədim diyarımızın birəsrlik mətbuat salnaməsi olan “Şərq qapısı” qəzetinin səhifələrində bu möhtəşəm tarixlər gələcək nəsillərimizə ərməğan ediləcək.
Hörmətli “Şərq qapısı” qəzeti! Yüzillik yubileyin mübarək!

Nəzakət ƏSƏDOVA

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq,
Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru

Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi
münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR