07 Dekabr 2021, Çərşənbə axşamı

Qəzet bütün zamanlarda kütlələr arasında ən sanballı təbliğat vasitəsi kimi təsdiqlənmiş, öz sözünü deməyi bacaran, təbliğatı vasitəsilə mənsub olduğu xalqın maarifləndirilməsində, savadsızlığın, avamlığın aradan qaldırılmasında xüsusi rol oynamış, insanlara müasir dünyagörüşü bəxş etmiş, dövrün ziyalılarının üz tutduqları ocağa çevrilmiş, onların milli tərəqqi naminə yazdıqlarının ümumi kütləyə çatdırılmasında yeganə vasitə olmuşdur. Şübhəsiz ki, Azərbaycan milli mətbuatının inkişaf tarixində Naxçıvan mətbuatının özünəməxsus yeri və rolu var. Naxçıvanda ilk qəzet, bir əsr əvvəl, 1921-ci ilin payızında işıq üzü gördü. Bu qəzet son yüz ildə mövcud olmuş hər bir ictimai quruluşda Naxçıvanın salnaməsini yaradan “Şərq qapısı”dır.

 XX əsrin 20-30-cu illərində Naxçıvanın siyasi həyatı gərgin keçirdi. Ziddiyyətlərlə dolu olan həmin illərdə qəzet çıxarmağın olduqca çətin tərəfləri var idi. Ölkədə kollektivləşmə siyasətinin həyata keçirilməsi başlıca məsələlərdən birinə çevrildiyindən mətbuatın üzərinə xüsusi missiya düşürdü. O zamana qədər muxtar respublikada dərc olunan yeganə mətbuat orqanı “Şərq qapısı” qəzeti idi. Həmin illərdə qəzetlə əməkdaşlıq etmək olduqca ağır və məsuliyyətli bir iş idi. Bu dövrdə qəzetlə əməkdaşlıq edən fəhlə, kəndli müxbirlər, eyni zamanda Məhəmməd Rəsizadə, Tofiq Fikrət, Fərəməz Mahmudbəyov, Əli Həsənzadə kimi dövrünün tanınmış ziyalıları da var idi.

30-cu illərin əvvəllərindən “Şərq qapısı” qəzeti öz fəaliyyətini daha da genişləndirir. Qüdrətli qələm sahibi Əli Vəliyevin redaktorluğu qəzetə böyük şöhrət gətirir. Həmin dövrdə rayonlarda da yerli mətbuatın təməli qoyulur, Şərur, Şahbuz, Ordubad rayonlarında qəzetlər nəşrə başlayır. Məhz bu dövr Naxçıvan mətbuat məktəbinin ideya-siyasi və mədəni səviyyəsinin yüksəldilməsinə mühüm təsir göstərir. “Şərq qapısı” qəzetinə məxsus müsbət ənənələrin formalaşmasında da bu dövr əhəmiyyətli rol oynayır və Naxçıvan mətbuatı öz məktəbini yaratmağa müvəffəq olur. 30-cu illərdə qəzetin səhifələrində Naxçıvan mətbuat məktəbinin ozamankı nümayəndələri – Mirzə İbrahimov, Abbas Gülməmmədov, Qurban Yusifzadə, Əyyub Abbasov, Məmmədəli Tarverdiyev, Lətif Hüseynzadə kimi qabaqcıl ziyalılar yeni həyatı təqdir və tərənnüm edən, nöqsanları cəsarətlə açıb göstərən yazılarla müntəzəm çıxış edirlər.
Kütləvi informasiyanın elə bir inkişaf mərhələsi olmayıb ki, özündən əvvəlki formasiyanın texnologiyasından, məktəbindən istifadə etməmiş olsun. Xüsusilə bir regionda ilk yaranan mətbuat orqanı özündən sonra fəaliyyətə başlayanlar üçün bir mayak, bir məktəb rolunu oynayır. Bu mənada, məhz “Şərq qapısı” məktəbinin təsiri ilə yetişən Naxçıvan Muxtar Respublikasının rayon qəzetlərində fəaliyyət göstərən jurnalist-müxbirlər jurnalistika sənətkarlığı baxımından maraqlı yazılar işləyib ortaya qoya biliblər. Təbii ki, Naxçıvanda yaradılan yeni mətbuat orqanlarının hər biri Azərbaycan milli məbuatının ənənələrini davam etdirməklə yanaşı, həm də mətbuata yeniliklər gətirdilər. Müxtəlif vaxtlarda yaradılmış muxtar respublikanın rayon qəzetləri özündən əvvəlkinin ənənəsini mənimsəməklə yanaşı, Naxçıvan mətbuat məktəbini yeni ənənələrlə zənginləşdirdilər.
İkinci Dünya müharibəsi dövründə və müharibənin qalibiyyətlə başa çatmasından sonra da sovet hökuməti mətbuatın səfərbəredici gücündən ideoloji təbliğat vasitəsi kimi istifadə etməyə çalışırdı. Bu mənada, 1940-cı illərdə Naxçıvan mətbuat məktəbinin fəaliyyətində böyük canlanma duyulur. Bu dövrdə sonradan həmin məktəbin görkəmli yetirmələrinə çevriləcək İslam Səfərli, Seyid Səbri, Hüseyn Razi, Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Abbas Rəcəbli, Hüseyn Əzim, Əhməd Mahmud, Rəşid Qazıbəyov kimi qələm sahiblərinin mətbuat səhifələrində imzalarına tez-tez rast gəlinir.
“Yeni Ordubad” qəzetinin 23 noyabr 1966-cı il tarixli sayında oxuyuruq: “Müxbir gözüaçıq, hadisə və faktlara diqqətlə yanaşmağı bacaran olmalıdır”. Məhz “Şərq qapısı” qəzetinin təsiri ilə formalaşan rayon qəzetləri də bu amala xidmət edirdilər. “Yeni Ordubad” qəzetinin yubileyində “Şərq qаpısı” qəzеtinin baş rеdаktоru Rəşid Qаzıbəyоvun, vaxtilə qəzetin məsul katibi işləmiş, həmin dövrdə isə “Şərq qapısı” qəzetinin xüsusi müxbiri olan Cəmşid Tağızadənin təbriklərinin dərc olunması rayon qəzetlərinin “Şərq qapısı” məktəbindən faydalanmasını, onun təsiri ilə inkişaf etmələrini, eyni zamanda rayon qəzetlərinin “Şərq qapısı” üçün bir kadr bazası olduğunu bir daha sübut edir.
Ötən əsrin 70-ci illərində “Şərq qapısı” qəzetində tez-tez xalqımızın dil, ədəbiyyat, mədəniyyət və tarixinə həsr olunmuş, Azərbaycançılıq ideologiyasına xidmət edən çoxlu yazıların dərc olunması rayon qəzetlərinin müəllifləri üçün də ilham qaynağına çevrilmişdi. Rayon qəzetlərində bu istiqamətdə fəaliyyət genişlənmiş və qeyd edilən mövzularda xeyli materiallar nəşr olunmuşdur. “Ordubadın bəzi mikrotoponimləri haqqında”, “Ordubadın qədim yer adları”, “Azərbaycan dili dövlət idarələrində”, “Sədərəyin Eneolit yaşayış yeri”, “Kolanı abidələri tarixi mənbələrdir”, “Şahbuz rayonunun alban abidələri”, “Xalq yaradıcılığı”, “El sənətkarlarımız. Əməyin tərənnümü” və qeyd etmədiyimiz yüzlərlə digər maraqlı məqalələr, araşdırmalar, oçerklər yurdumuzun müxtəlif bölgələrinin tarixini özündə əks etdirirdi.
Xüsusilə ana dilimizə olan münasibət muxtar respublikanın mətbuat məktəbində özünü aydın şəkildə göstərir. Tarix elmləri namizədi Əli Əliyevin “Sovet Naxçıvanı” (“Şərq qapısı”) qəzetinin 16 mart 1989-cu il sayında dərc edilmiş “Azərbaycan dili dövlət idarələrində” adlı yazısının “Qabaqcıl” qəzetinin (Şahbuz rayonu) 25 mart 1989-cu il sayında verilməsi, rayon qəzetinin bu sahədə atdığı cəsarətli bir addım kimi dəyərləndirilə bilər. “Qabaqcıl” qəzetində oxuculara vaxtilə ermənilər tərəfindən adları dəyişdirilmiş Azərbaycan kəndlərinin adları da təqdim olunur. Hansı tarixdə neçə kəndin adının dəyişdirilməsi dəqiqliklə – əvvəlki və dəyişdirilmiş adları ilə oxuculara çatdırılır. Öyrənirik ki, 1938-ci il 4 yanvar tarixində 6, 1939-cu il 4 may tarixində 3, 1940-cı il 2 mart tarixində 4, 1940-cı il 1 iyul tarixində 8 kəndin adı erməni vandalları tərəfindən dəyişdirilib.
Bu tarixi faktların dərc olunması “Şərq qapısı” məktəbindən faydalanan rayon qəzetlərində milliliyə qayıdış kimi dəyərləndirilməlidir. Sanki “Əkinçi” qəzetinin 9 avqust 1876-cı il tarixli (№15) sayındakı “Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olar” ifadəsi 100 ildən sonra – 1980-ci illərin sonlarında muxtar respublikanın mətbuat məktəbinin əsas devizinə çevrilmişdi. Heç şübhəsiz ki, 1980-ci illərin ortalarından məmləkətimizdə milli şüurun oyanmasında, özünüdərk prosesinin formalaşmasında, vətənpərvərlik ruhunun yüksəlməsində, həmrəyliyin yaranmasında “Şərq qapısı” qəzetinin və onun yaratdığı Naxçıvan mətbuat məktəbini formalaşdıran rayon qəzetlərində dərc olunan yazıların da əhəmiyyəti danılmazdır.
Bu cəhətdən “Zəfər” qəzeti (Culfa rayonu) də, xüsusilə fərqlənir. Qəzetin 11 aprel 1993-cü il tarixli sayındakı “Təşəbbüsə qoşulun” adlı müraciətdə rayon Qadınlar Cəmiyyətinin sədri N. Qasımovanın “Mən hər ay əməkhaqqımın 20 faizini rayonumuzun müdafiəsi üçün köçürürəm. Və təklif edirəm ki, bu təşəbbüsə bütün cəmiyyətlər, idarə və təşkilatlar, imkanı olanlar qoşulsun”, eyni zamanda Culfa şəhər orta məktəbin direktoru Ş.Şükürovun rayonun bütün gənclərinə və döyüş qabiliyyətli əhalisinə müraciəti dərc olunub. Müraciətdə deyilir: “Əziz həmvətənlərim! Əgər damarlarınızda türk qanı axırsa, qeyrət və namusumuzun sınağa çəkildiyi, torpaqlarımızın düşmən tapdağına çevrildiyi bu məqamda səsimə səs verin”.
“Qarabağ, biz səninləyik! Əziz həmvətənlərimiz! Xalqı bu çətin imtahandan yalnız onun pozulmaz birliyi və möhkəm iradəsi çıxara bilər”, “Didərginlər” kimi yazılar xalqı həmrəyliyə, birliyə çağırırdı. Ən başlıcası isə XX əsrin səksəninci illərinin sonları və 90-cı illərin əvvəlində “Şərq qapısı”nın yaratdığı mətbuat məktəbi ölkəmizdə müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparırdı. Çünki mətbuat yalnız bir təbliğat vasitəsi deyil, eyni zamanda cəsur bir döyüşçü, igid bir sərkərdə, qəhrəman bir vətəndaş mövqeyi də nümayiş etdirirdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından, muxtar respublikaya rəhbərlik etməyə başlamasından sonra Naxçıvan mətbuat məktəbi də yeni dövrə qədəm qoydu. Ulu öndərin Naxçıvanda tarixi xilaskarlıq missiyasını həyata keçirdiyi zamanda muxtar respublikada milli şüurun oyanmasında və özünüdərk prosesinin formalaşmasında yerli mətbuatda vətənpərvərlik, milli dəyərlər, özünəqayıdış, azadlıq, müstəqillik ruhunda dərc olunan yazılar mühüm rol oynayıb. Məhz bu dövr “Şərq qapısı” və Naxçıvan mətbuat məktəbinin daha da inkişaf etməsi, siyasi cəhətdən yetkinləşməsi və formalaşması üçün xüsusi əhəmiyyət daşıyır.
Böyük jurnalistika məktəbləri yaratmış dahi sənətkarların “yaradıcılıq himayəsi” altında yetişmiş qələm sahiblərinin bu qəzetlərdə uzun müddət fəaliyyət göstərməməsi qəzetlərin sənətkar­lıq baxımından zəif inkişaf etməsi fikrini yarada bilər. Amma onu da danmaq olmaz ki, region mətbuatında da yaradıcılıq və sənətkarlıq baxımından görkəmli jurnalistlər yetişib və onların davamçıları da olub. “Şərq qapısı” uzun illərboyu muxtar respublikada mətbuat məktəbini yaradan, milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəbi olub. Onun ideya-siyasi və peşəkarlıq səviyyəsi rayon qəzetləri üçün örnək kimi qəbul olunub. Məhz bu məktəbdə yetişən Nemət Əhmədov, Qədim Qədimov, Qasım Tağıyev, Məhərrəm Xudiyev, Mikayıl Əliyev, Abbas Qasımov, İsmayıl İsmayılzadə, Hüseyn İbrahimov, Nağı Babayev, Hüseyn Ağrılı, Hüseynqulu Əzimov, Qərib Rəfiyev, Cəmşid Tağızadə, Rafiq Babayev, Əkbər Əliyev, Gülməmməd Allahverdiyev, Hüseyn Əzimov, Məmməd Məmmədov, Fərəc Fərəcov, Güllü Məmmədova, Xeyrulla Abbasov, Çərkəz Məhərrəmov, Qaşdar Əliyev, Rəzzak Babayev, Saleh Hüseynov, Cəfər Əliyev, Cəfərqulu Paşayev, Səxavət Kəngərli, Elman Məmmədov, Muxtar Qasımzadə, Afət Sadıqoğlu, Sarvan İbrahimov, Muxtar Məmmədov, Hüseyn Şəkərəliyev, Abbas Seyid, Mehriban Sultan, Şəhla Nəbiyeva, Mətanət Məmmədova, Hafizə Əliyeva, Sahil Tahirli, Rauf Kəngərli, Sara Əzimova, Ruhiyyə Rəsulova, Qafar Qərib, Elxan Yurdoğlu, Rahil Tahirli və adlarını çəkə bilmədiyimiz yüzlərlə başqaları “Şərq qapısı” məktəbində formalaşaraq muxtar respublika qəzetlərinin və digər mətbuat orqanlarının jurnalistika sənətkarlığı baxımından inkişaf etdirilməsi, yeni yaradıcılıq meyillərinin ortaya qoyulması istiqamətində böyük rol oynayıblar. Bu gün siyahısını ixtisarla təqdim etdiyimiz bu insanların vaxtilə əsasını qoyduqları yeni meyillər onlardan sonrakı nəsillər tərəfindən böyük uğur və müvəffəqiyyətlə davam etdirilmiş, daha da irəli aparılmış və “Şərq qapısı”nın təsiri altında inkişaf edən jurnalistika məktəbinin, yeni mətbuat məktəbinin ərsəyə gəlməsində böyük rol oynamışdır.
Jurnalistlərin sənətkarlıqla yaratdıqları mətbuat nümunələrinin bir çoxu bu gün üçün də öz əhəmiyyətini və dəyərliliyini itirməyib. “Şərq qapısı” qəzeti və Naxçıvan mətbuat məktəbinin ana dilimizə, milli-mənəvi dəyərlərimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyi əsas götürməsi region mətbuatını mükəmməl bir yaradıcılıq məktəbinə çevirmişdir. Region mətbuatının öz fəaliyyətində ənənə və novatorluğu vəhdətdə inkişaf etdirməsi, ənənələrə hörmət, yeniliyə ehtiram məsələsini öz fəaliyyətinin əsas qayəsinə çevirməsi mətbuatın milli inkişaf xüsusiyyətlərini daha da ön plana çəkir, onu məktəb səviyyəsinə qaldırır.
Azərbaycan mətbuatının zəngin ənənələrini yaşadan və inkişaf etdirən, insanları maarif işığı ilə nurlandıran, Naxçıvan Muxtar Respublikasının salnaməsini öz səhifələrində tarixə çevirən “Şərq qapısı” və onun təsiri ilə formalaşan Naxçıvan mətbuat məktəbi tarixdə böyük xidmətləri ilə seçilməkdədir. Heç şübhə yoxdur ki, gələcəkdə Naxçıvan Muxtar Respublikasının tarixi mənzərəsi, sosial-iqtisadi həyatı ilə maraqlanmaq istəyənlər də, ilk növbədə, arxivlərdə, kitabxanalarda yerli həyatın salnaməsi olan qəzetlərin səhifələrini vərəqləməli olacaqlar. Əlbəttə, mətbuat dövrün, zamanın salnaməsi və güzgüsüdür. Ali Məclis Sədrinin sözləri ilə desək: “Mətbuat bu günümüzlə gələcək arasında həm də mənəvi bir körpüdür, bağlılıqdır”.

Məmməd BABAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR