22 Sentyabr 2021, Çərşənbə

Lap qədim zamanlardan üzü bəri ömrünü torpağa bağlayan əcdadlarımız müxtəlif təbiət hadisələrini müşayiət edərək xalq təqvimi (yerli təqvimi) yaratmışlar. Qeyd etmək yerinə düşər ki, tarixən Azərbaycanda müxtəlif təqvimlərdən istifadə olunub. Lakin heç bir təqvim ilin fəsillərini, aylarını, günlərini xalq təqvimində olduğu kimi, dəqiq və düzgün ifadə edə bilməyib. Xüsusən baş verə biləcək təbiət hadisələrinin insanların uzunmüddətli müşahidələri əsasında daha düzgün izah edilməsi xalq təqviminin yaddaşlarda qorunmasına səbəb olub. Rəsmi təqvimdən belə daha dəqiq olan bu təqvim ata-babalarımıza ilin fəsillərinin gətirdiyi hadisələri – küləyi, yağışı, istini, dolunu qabaqcadan müşayiət etməyə imkan vermiş, bu yolla onlar təsərrüfatlarına zərər vuracaq hansısa təbiət problemlərini qabaqcadan dəyərləndirmiş, məişət və təsərrüfat işlərini, necə deyərlər, etibarlı tutmuşlar.


Əcdadlarımız ilin müxtəlif dövrlərini təqvimlərə ayırarkən bitkilərin inkişaf dövrünü də əsas götürmüşlər. Bu mənada, iyul ayının ortalarından avqust ayının sonuna kimi adını böyüklərimizdən tez-tez eşitdiyimiz “qora bişirən ay” daxil olur. Bəs nə üçün bu aya məhz “qora bişirən ay” adı verilib? Suala cavab verməzdən əvvəl yay ayının xalq təqvimində yerinə nəzər yetirək.
Etnoqraf Asəf Orucovun, Zaleh Novruzovun etnoqrafiyamızla bağlı tədqiqatlarında göstərilir ki, iyunun 22-də başlayan yay fəsli xalq təqvimində hissələrə bölünüb, yayın şiddətli istisinə, eləcə də yaşadıqları ərazidə əkinçilikdə olan fərqə görə dövrlərə müxtəlif adlar qoyulub. Məsələn, Azərbaycanın bəzi üzüm becərilən zonalarında iyul ayı “qora bişirən ay”, Abşeronda isə “əncir bişən ay” adı ilə adlandırılıb. Təbii ki, bu adlar bölgələrə xas olan meyvələrin adı ilə bağlıdır. Birinci mərhələ iyunun 22-dən başlayıb 45 gün davam edir. Xalq arasında bu dövr “yayın cırcırama dövrü” adlanır. Belə ki, havaların son dərəcə istiləşməsi ilə əlaqədar olaraq aran yerlərində cırcıramalar səsləşməyə başlayır. Təcrübədə müəyyən edilib ki, bu dövrdə yerə nə qədər yağış düşsə belə, ot, əkin, taxıl göyərməz. Havanın istiliyindən yerə düşən yağış nəticəsində yaranan rütubət az vaxtda buxara çevrilib quruyar. Belə olduğu halda nə əkilən əkin, nə də başqa göy-göyərti torpaqdan boy verib cücərə bilməz.
Yayın ikinci dövrü isə xalq təqvimimizə əcdadlarımız tərəfindən “quyruq doğdu” adı ilə daxil edilib. Bir çox etnoqrafik materiallara və mütəxəssislərin düşüncələrinə görə, bu ayla bağlı ziddiyyətli fikirlər var. Bəzi mənbələrdə bu aya xalq arasında “quyruq doğdu” yox, “quyruq dondu” deyirlər. Lakin xalq təqviminin bölgüsünə nəzər yetirsək və havanın şəraitini göz önünə gətirsək, bu iki yanaşmanı həll etmək bir qədər asan olar.
“Quyruq doğan” dövr xalq təqvimində “qora bişirən ay”ın içərisindədir (15 iyul - 15 avqust). Bununla yanaşı, quyruq doğduqdan sonra sərt istilər qismən azalır, havanın rütubəti bir qədər artır, otların üzərinə şeh düşür. Bu təbii hadisələrin baş verməsi ilə ata-babalarımız “qora bişirən ay”ın yavaş-yavaş yekunlaşdığını və yerini “quyruq doğan ay”a verdiyi qənaətinə gələrdilər.
Xalqımızın uzunmüddətli müşahidəsinə görə, quyruq doğduqdan sonra yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını deyirlər. Digər bir fikirdə isə deyilir ki, yaylaqda kəsilən heyvanın quyruğu əridildikdən sonra donur. Bununla da sözügedən “quyruq dondu ay”ı başlayır. Lakin etnoqraf Asəf Orucovun, mərhum Zaleh Novruzovun da tədqiqatlarında qeyd olunduğu kimi, yaylaqda əridilmiş quyruq yağının donması vaxtını “quyruq dondu” ifadəsi ilə eyniləşdirmək yanlışdır. Çünki müxtəlif illərdə iqlimdə eyni vaxtda istiliyin fərqli olması, yaylaqların dəniz səviyyəsindən hündürlüyü dəqiq vaxt təyin etməyə imkan vermir. “Quyruq doğdu” isə konkret astronomik vaxtdır ki, hər il, eyni zamanda baş verir. Alimlər araşdırmalar nəticəsində göstəriblər ki, “quyruq doğdu” ifadəsi buğa bürcündəki ulduz topası ilə bağlı olaraq yaranmışdır.
Xalq təqviminə əsasən yayın ən məhsuldar dövrü sayılan “qora dəyən ay” və ya “qora bişirən ay” öz adını meyvəçilik, bağçılıq-bostançılıqla məşğul olan əcdadlarımızın uzunmüddətli müşahidələrindən sonra qazanıb. Belə ki, nənə-babalarımız ilin bu vədəsində üzüm tənəklərində işləyərkən yetişmiş üzüm gilələrinin sulandığını, nisbətən yumşaldığını və tamının dəyişib şirinləşdiyini müşahidə edərək bu aya “qora dəyən ay”, ayın sonlarına yaxın havanın şiddətli istisi səbəbindən üzüm gilələrinin (qoraların) bişdiyini, salxım üzərində istidən qovrulduğunu görərək bu aya “qora bişirən ay” adını veriblər.
Mövzumuzla bağlı ailəmizin ən uzunömürlü sakini, ömrünün 90-cı yayını yaşayan Sonabəyim nənəmlə həmsöhbət oldum. Nənəm ömrünün yarısından çoxunu kolxozda işləyib. O deyir ki, ata-babalarımızdan görüb-götürdüyümüz, hər sirrinə bələd olduğumuz yerli təqvim insanları heç vaxt yanıltmayıb. Onun vasitəsilə bizlər uzun illər torpağın nə vaxt şumlanacağını, yağıntılı dövrün nə vaxt başlayacağını, əkinin nə vaxt biçiləcəyini təyin etmişik. İlin bu vədəsinə də hamının bildiyi kimi “qora bişirən ay” deyirlər. Bu ayın xüsusiyyətlərinə, sirlərinə yaxşı bələdəm. Elə ki ilin bu dövrü başladı, kənd camaatı təsərrüfat işlərinə daha çox vaxt ayırar. Xüsusilə heyvandarlıqla məşğul olan insanlar heyvanların qışa yem tədarükünə daha çox diqqət yetirirlər. Qız-gəlinlər isə bağ-bağatlarımızın yetirib-bitirdiyi meyvə-tərəvəzlərdən kompot, mürəbbə, turşu hazırlayıb qışa hazırlıq görürlər.
Bəli, əziz oxucularımız, göründüyü kimi, ulu əcdadlarımız müasir elmin sirləri ilə səsləşən müşahidələri ilə hələ neçə min il bundan əvvəl təbiətin sirlərinə söykənərək bu gün də insanlar arasında istifadə olunan xalq təqvimini yaratmış və onu sistemləşdirməklə baş verəcək təbiət hadisələri ilə qabaqcadan xəbərdar olmuşlar. Bütün bu sadaladıqlarımızı göz önünə gətirsək, qədim türk xalqının köklü bir etnos kimi lap qədim zamanlardan üzü bəri təbiət elmlərinə dərindən bələd olduğunu qürurla deyə bilərik.

Məcid RƏŞADƏTOĞLU

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR