21 Sentyabr 2021, Çərşənbə axşamı

Əsr yarıma yaxın tarixi olan Azərbaycan milli mətbuatının keçdiyi yol haqqında düşünərkən bir neçə məqamı, xüsusilə xatırlamalı olursan: bu dövrdə xalqımızın maarifləndirilməsi yolunda fədakarlıq göstərən neçə-neçə mətbuat orqanı meydana gəlib; dəyərli ziyalılar yetişib. Həmin mətbuat orqanlarının, həm də o qəzet və jurnallarda çalışanların fəaliyyəti sonrakı dövrlərdə geniş tədqiqat mövzusuna çevrilib, yüzlərlə məqalə, monoqrafiya işıq üzü görüb, dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilib. Yeri gəlmişkən qeyd edək ki, bu ənənə dövrümüzdə də davam etdirilir. Doğma “Şərq qapısı”nın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı da bunun ifadəsidir. Və yubiley ərəfəsində əlimə keçən “Molla Nəsrəddin” ensiklopediyası” da mətbuatımızda öz dəstxəti olan möhtəşəm bir mətbuat nümunəsinə – “Molla Nəsrəddin” jurnalına böyük diqqətin və qayğının ifadəsi kimi təqdirolunası bir nəşrdir.

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində AMEA-nın birinci vitse-prezidenti, həmin institutun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin tərtibçiliyi ilə geniş elmi ictimaiyyətə, mirzəcəlilsevərlərə təqdim olunmuş “Molla Nəsrəddin” ensiklopediyası” indiyədək bu istiqamətdə aparılmış tədqiqatları daha da zənginləşdirib. “Elm” nəşriyyatında işıq üzü görən yeni nəşr ilk baxışdan poliqrafik dəyəri ilə diqqəti cəlb edir; kitabı vərəqlədikcə onun elmi dəyərinin də çox yüksək olmasını görürük. Ensiklopediya Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalının yorulmaz tədqiqatçısı, çox doğru olaraq bu dahi yazıçının yaradıcılığını ədəbiyyatımızın ən böyük Azərbaycannaməsi, “Molla Nəsrəddin”i Mirzə Cəlilin şah əsəri kimi dəyərləndirən akademik İsa Həbibbəylinin yazdığı “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözlə açılır. Tam cəsarətlə demək olar ki, ön söz həm də ayrıca bir tədqiqat əsəri səviyyəsindədir.
“Mollanəsrəddinçilik ictimai satira vasitəsilə xalqın milli-mənəvi özünüdərkinə nail olmaq, cəmiyyəti dəyişdirməyə və yeniləşdirməyə xidmət etməkdir”. İsa Həbibbəylinin bu qənaətinə “Molla Nəsrəddin”in bütün nömrələrində rast gəlmək mümkündür və bəhs etdiyimiz nəşrdə işıq üzü görmüş bütün yazılar həmin qənaəti təsdiq edir.
“Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” (İ.Həbibbəyli, G.Babayeva) adlı yazı isə ön sözdə aldığımız məlumatları daha da zənginləşdirir. Ulu öndərin bəhs olunan yazıçı və jurnala böyük ehtiramının ifadəsinə diqqət edin: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o bizim müasirimizdir, o bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır”.
Ensiklopediyanı vərəqləyərkən böyük zəhmət çəkilməsini görməmək mümkün deyil: “Molla Nəsrəddin” jurnalı və Cəlil Məmmədquluzadə ilə bağlı müxtəlif mətbuat orqanlarında yazıları dərc olunmuş tədqiqatçılar, ziyalılar, jurnalistlər barədə ayrı-ayrı müəlliflərin qələmə aldıqları bioqrafik xarakterli yazılar, həmçinin jurnalın fəaliyyəti dövrü yerləşdiyi ünvanlar, jurnalın redaktorları, işıq üzü gördüyü nömrələrin sayı barədə məlumat verilir. Öyrənirik ki, 1906-1917-ci illərdə Tiflisdə jurnalın 370, 1921-ci ildə Təbrizdə 8, 1922-1931-ci illərdə Bakıda 363 sayı işıq üzü görüb. 1945-ci ildən başlayaraq 24 doktorluq, 1938-ci ildən 78 namizədlik dissertasiyaları müdafiə olunub. Jurnal və Mirzə Cəlil haqqında 1917-ci ildən 160 kitab nəşr edilib. Cəlil Məmmədquluzadə tərəfindən 1921-ci ildə tərtib olunmuş Təbriz şəhəri üzrə abunə dəftəri, jurnalda gedən gizli imzalar, hikmətli sözlər də ensiklopediyada özünə yer alıb. “Molla Nəsrəddin” jurnalının tədqiqi, tarixi ilə bağlı yazı da maraqlı faktları ilə diqqəti çəkir.
İsa Həbibbəylinin, Vüqar Əhmədin, Asif Rüstəmlinin, Gülbəniz Babayevanın, Teymur Kərimlinin, Aynurə Paşayevanın və başqalarının “Molla Nəsrəddin” jurnalında çalışmış və ya jurnalla sıx əlaqə saxlamış kənar müəlliflər, onların yazıları və həmin müəlliflər barədəki məlumatlar mollanəsrəddinşünaslığın daha geniş elmi aspektdə təqdimi üçün qiymətli mənbə rolunu oynayır. Bütün yazılarda bir neçə məqam özünü göstərir: Jurnal qarşısına qoyduğu məqsədə çatmaqda mübariz olub, xalqın üzləşdiyi çətinliklərin səbəblərini ortaya qoymaqla, bu çətinliklərdən qurtarmağın yollarını göstərib. Mövhumatın, xürafatın ölkəni günü-gündən geri salmasını tənqid atəşinə tutub. Buna qarşı isə hər an təhdidlərlə, qərəzli münasibətlərlə üzləşib, ancaq amalına xilaf çıxmayıb, bununla da zamanında böyük təsir gücünə malik mətbu orqanı kimi tanınıb və dəyərini bu gün də saxlayıb. Ensiklopediyada yer almış müəlliflər haqqındakı hər bir yazının sonunda ədəbiyyat siyahısının verilməsi bugünkü oxucunun həmin siyahıdan mənbə kimi istifadə etməsinə imkan verib.
Məlumdur ki, jurnal öz səhifələrində qeyri-millətlərdən olan ziyalılarla da ya sıx əlaqə saxlayır, ya da onlar haqqında yazılara yer verirdi. Bu baxımdan Aleksey Osipoviç Çernyayevski, Sokrat, Telinqater Benedikt, Lev Nikolayeviç Tolstoy, jurnalın rəssamları İosif Rotter, Konstantin Dorş, Oskar Şmerlinq, o dövrün müxtəlif təmayüllü mətbuat orqanları barədəki məlumatlar öz elmi tutumu ilə diqqəti çəkir.
Belə bir sanballı ədəbi dəyərə malik olan ensiklopediya haqqında kiçik bir qəzet yazısında geniş danışmaq mümkünsüz olduğu üçün Cəlil Məmmədquluzadə yaradıcılığı və “Molla Nəsrəddin” jurnalı ilə bağlı tədqiqatlar aparmış naxçıvanlılar haqqında bir neçə kəlmə deməyi məqsədəuyğun sayırıq. Akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, mətbuatşünas alim Asif Rüstəmlinin professor, Əməkdar elm xadimi Abbas Zamanov, Məmmədəli Sidqi, professor Firudin Hüseynov, Gülbəniz Babayevanın professor, vaxtilə “Şərq qapısı” baş redaktorunun müavini işləmiş professor Allahverdi Məmmədlinin Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərli, Məhəmmədtağı Sidqi, Elçin Mehrəliyevin arxeoqraf, publisist Ataxan Paşayev, Vüqar Əhmədin akademik İsa Həbibbəyli, Ayaz Vəfalının Əli Səbri, Hüseyn Cavid, Rauf Sadıxovun Əli Sultanlı və Əliqulu Qəmküsar, Qurbanəli Şərifov, İslam Qəriblinin Əziz Şərif, Gülnar Qasımlının Hacıağa Ordubadi (Fəqir), Təhminə Vəliyevanın professor Fərrux Ramazanov, Teymur Kərimlinin Məmməd Səid Ordubadi və başqaları haqqındakı yazılarda vaxtilə jurnalda çıxış etmiş ziyalıların həyat və fəaliyyətinə müxtəlif yöndən işıq salınıb.
Bu gün Naxçıvanda yaşayıb-yaradan və “Molla Nəsrəddin”, Cəlil Məmmədquluzadə haqqında tədqiqatlar aparmış filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov və dosent İman Cəfərli, pedaqoji elmlər doktoru Kamal Camalov, dosent Aygün Orucova və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, filologiya üzrə fəlsəfə doktorları Əbülfəz Əzimli, Ramiz Qasımov haqqında qələmə alınmış yazılar da diqqəti çəkir.
Qeyd edək ki, bəhs edilən Naxçıvan ziyalılarının jurnalla bağlı bəzi yazıları “Şərq qapısı” qəzetində işıq üzü görüb. Kitab və monoqrafiya şəklində nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılıb. Ümumiyyətlə isə “Molla Nəsrəddin”lə əlaqədar qələmə alınmış bu yazılar Naxçıvanda elmi, mədəni mühiti təmsil edən ziyalıların adıçəkilən nəşrin ideya istiqamətini öyrənmək sahəsindəki fəaliyyətlərini düzgün qiymətləndirmək baxımından təqdirolunasıdır. Bu da onu göstərir ki, Naxçıvan bütün dövrlərdə bir mədəniyyət mərkəzi funksiyasını yerinə yetirib. Və sonradan “Molla Nəsrəddin”i müxtəlif yönlərdən tədqiq edən naxçıvanlılar öz sələflərini dəyərləndirməyi ziyalılıq vəzifəsi hesab ediblər.
Qürurvericidir ki, bu il 100 yaşını qeyd edəcəyimiz doğma “Şərq qapısı” qəzeti haqqında da ensiklopediyada geniş məlumat verilib. Vəfa Babasoyun “Şərq qapısı” adlı yazısında oxuyuruq: “Şərq qapısı” qəzeti nəşri müddətində Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitinə güzgü tutmuş, fəaliyyətində mətbuatın köklərinə, ədəbi qaynaqlarına müraciət etməkdən çəkinməmişdir. Qəzet “Molla Nəsrəddin”in sözü ilə” adlanan rubrikasında cəmiyyətdəki nöqsanları öz səhifələrində işıqlandırmaqdan çəkinməmiş, tənqidi yazıların çapına şərait yaratmışdır”.
Çox doğru olan bir qənaətdir. “Şərq qapısı” “Molla Nəsrəddin” ənənələrini öz fəaliyyətində davam etdirməyi vacib sayan bir mətbuat orqanı kimi ötən yüz ildə rastlaşılan neqativ hallara, inkişafımıza mane olan əngəllərə qarşı barışmaz mövqedə dayanıb. Həmin yazıda da deyildiyi kimi: “Şərq qapısı” qəzetindəki satira xətti “Molla Nəsrəddin” jurnalının mövqeyinin əks-sədasıdır”.
Adıçəkilən yazıdan: “Şərq qapısı” qəzeti mətbuat tariximizlə bağlı maraqlı yazılar dərc etmişdir. “Molla Nəsrəddin” jurnalının nəşri tarixinə işıq salan bir neçə məqalə bu baxımdan, xüsusilə əhəmiyyətlidir. İbrahim Mollayevin müəllifi olduğu “Molla Nəsrəddin”in naxçıvanlı müxbirləri” (“Şərq qapısı” qəzeti, 30 iyul 1965-ci il), M.Yusifov tərəfindən qələmə alınan “Molla Nəsrəddin” jurnalı Naxçıvan haqqında” (“Şərq qapısı” qəzeti, 21 aprel 1976-cı il) diqqəti cəlb edir. Bu siyahını bir qədər də artırmaq olar.
Mollanəsrəddinşünaslığa böyük töhfə olan ensiklopediya məhz bu əhəmiyyətlərinə görə bütün mirzəcəlilsevərlərin stolüstü kitabına çevrilib.

Muxtar MƏMMƏDOV

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR