22 Sentyabr 2021, Çərşənbə

“Dil olduqca böyük təsir gücünə malik ünsiyyət vasitəsidir”. Bu fikri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunan tədbirdə söyləyib.
Ana dilimizin keçdiyi inkişaf yolu, göstərilən dövlət qayğısından bəhs edən akademik dilimizin tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalması, Sovet hakimiyyəti dövründə tariximizə, eləcə də dilimizə qarşı yeridilən yadlaşdırma siyasətindən söz açıb.
Natiq Azərbaycan dilinin qorunmasında, eləcə də inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayaraq bildirib ki, bu siyasətin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər, qəbul etdiyi qərarlar doğma ana dilinin bugünkü inkişaf səviyyəsinə çatmasında olduqca mühüm əhəmiyyətə malikdir.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tədbirdə “Dövlət dil siyasəti və muxtar respublikada tətbiqi məsələləri” haqqında çıxış edib.
Alim bildirib ki, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə yüksəlməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət bu gün də məqsədyönlü şəkildə davam etdirilir.
Alim muxtar respublikadakı ali təhsil müəssisələrində ana dilindən istifadə imkanlarını mükəmməl mənimsəmiş kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini bildirib, dilimizin qorunub saxlanmasında elm adamlarının, xüsusilə gənc nəslin üzərinə düşən vəzifələrdən bəhs edib.
Tədbirdə, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri, dosentlər Firudin Rzayev və Nuray Əliyevanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan dilinin xalq danışıq dili kimi keçdiyi zəngin inkişaf tarixinə nəzər salınıb, müxtəlif dövr səyyahlarının ana dilimiz haqqında fikirləri təhlil olunub, aparılan tədqiqatların uğurlu nəticələri diqqətə çatdırılıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

*  *   *

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Yazıçılar Birliyinin üzvlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə mədəniyyət nazi­rinin müavini Həsən Kərimov açaraq bildirib ki, dünyanın qədim və zəngin tarixə malik dillərindən olan Azərbaycan dili minilliklərin sərt sınaqlarından keçərək xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrilmişdir.
Çıxışda ulu öndər tərəfindən ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusuna malik olması, beynəlxalq münasibətlər sisteminə yol tapması, zənginləşməsi və nüfuz qazanması istiqamətində görülən işlərdən, muxtar respublikamızda uğurla aparılan dövlət dil siyasətindən danışılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyevin “Milli varlığımız – Ana dilimiz” və Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Azərbaycan dilinin təbliğində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin rolu” mövzusunda çıxışları dinlənilib, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü olan şairlər ana dili ilə bağlı şeirlərini bədii qiraət ediblər. Sonda muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR