21 Sentyabr 2021, Çərşənbə axşamı

Kütləvi informasiya vasitələrinin, həmçinin tarixi həqiqətləri xalqımıza və dünyaya təhrif olunmadan çatdıran peşəkar jurnalistlərimizin fəaliyyəti həmişə Azərbaycan dövlətinin, o cümlədən Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində olmuş, onların fəaliyyəti hərtərəfli qayğı ilə əhatə edilmişdir. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı bunu bir daha təsdiq edir.

 1921-ci ildə nəşrə başlayan qəzet 1922-ci ildən “Şərq qapısı” adı ilə buraxılmışdır. Qəzetə bu adın verilməsi yalnız simvolik məna daşımamışdır. Naxçıvan tarixən Yaxın Şərq və Cənubi Qafqaz mədəniyyətlərinin kəsişmə nöqtəsi olmuşdur. Şübhəsiz ki, bu adın seçilməsində Azərbaycanın və Naxçıvanın tarixinin dərinliklərinə bələd olan H.Mahmudov, Ə.Vəliyev, M. İbrahimov kimi görkəmli ziyalılarımızın da müəyyən rolu olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın Şərqə, tarixi torpaqlarımıza açılan qapısı məhz Naxçıvan idi. Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan xalqımızın dövlətçilik ənənələrinin formalaşmasında, həmçinin bu dövlətçilik ənənələrinin qorunub saxlanmasında mühüm rol oynayıb. Müstəqillik tariximizin yazılmasında və təbliğində də bütün çətinliklərə sinə gərərək Naxçıvan öz mövqeyini qoruyub saxlayıb.

1980-ci ildə “Sovet Naxçıvanı” adlandırılan qəzet, 1989-cu ildə xalqımızın müstəqillik uğrunda mübarizəsinin başlanması ilə “Şərq qapısı” adını yenidən bərpa etmiş, müstəqillik ideyalarının təbliğatçısına çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi də təsadüfi deyildi. Naxçıvan həm bu görkəmli şəxsiyyətin Vətəni idi, həm də burada ona qarşı böyük sevgi var idi. Sovet dövrünün bəzi mühafizəkar ziyalılarından fərqli olaraq Naxçıvanın əhalisi, o cümlədən ziyalılar dövlət xadimi kimi Heydər Əliyevin xidmətlərini və onun imkanlarını dəyərləndirməyi bacardılar. 26 iyul 1990-cı ildə Heydər Əliyevin “Şərq qapısı” qəzetindəki müsahibəsi müstəqilliyimizin inkişaf yolunu daha da aydınlatmış oldu. Görkəmli dövlət xadimi 1990-cı ilin sentyabr seçkilərində Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçildi. Kütləvi informasiya vasitələrinin az olduğu və çətin şəraitdə fəaliyyət göstərdiyi bu dövrdə “Şərq qapısı” qəzeti ulu öndərin dövlətçilik ideyalarının təbliğində, onun fəal siyasi mövqeyinin işıqlandırılmasında mühüm rol oynayırdı. Qəzetin səhifələrində ulu öndər Heydər Əliyevin Naxçıvanda olduğu müddətdə xalqımızın nümayəndələri, həmçinin onun qonşu dövlətlərin rəhbərləri ilə görüşlərinə geniş yer verilirdi. O dövrdə hələ Azərbaycan xalqı öz müstəqilliyini elan etməmişdi. Lakin “Şərq qapısı” qəzeti ulu öndərin fəaliyyətini, onun qətiyyətli mövqeyini təbliğ eməklə, ümummilli liderlə birlikdə xalqımızı addım-addım müstəqilliyə yaxınlaşdırırdı. Sovet rəhbərlərinin havadarlığından istifadə edərək torpaqlarımıza təcavüz edən erməni millətçilərinin fəallaşdığı bir dövrdə Heydər Əliyevin Naxçıvanda olması və “Şərq qapısı” qəzetinin yorulmadan erməni millətçilərinə qarşı mübarizəsi xalqımız üçün böyük mənəvi dəstək idi.
Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərərək xalqımızın müstəqillik uğrunda mübarizəsinə inam və qətiyyət bəxş etdi. Həmin il noyabrın 17-də keçirilən Naxçıvan Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişilərək Naxçıvan Muxtar Respublikası, Ali Sovet isə dəyişdirilərək Ali Məclis adlandırıldı. Bu sessiyada, həmçinin üçrəngli bayraq dövlət bayrağı kimi təsdiq edildi və Ali Məclisə gətirildi. Sovet rejiminin tüğyan etdiyi dönəmdə bu cəsarətli addımları yalnız Heydər Əliyev kimi böyük dövlət xadimi ata bilərdi. Bu cəsarətli addımlar ertəsi günü “Şərq qapısı” qəzetinin səhifələrində geniş şəkildə işıqlandırıldı. Naxçıvan Televiziyasında və “Şərq qapısı” qəzetində bu hadisələrin işıqlandırılması blokada vəziyyətində olan Naxçıvan əhalisinə ruh yüksəkliyi verməklə bərabər, həm də Azərbaycan xalqını müstəqillik uğrunda inamlı mübarizəyə yönəltdi. Bu hadisələrin ardınca Azərbaycanda da xalqımızın tarixi üçün əhəmiyyətli olan qərarlar qəbul olundu və nəhayət, xalqımız öz müstəqilliyini elan etdi və Azərbaycan Respublikası adlandırıldı.
Naxçıvan Muxtar Respublikasında yaşayan ulu öndər bir tərəfdən iqtisadi islahatlar keçirməklə əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılmasına, digər tərəfdən isə Ermənistan tərəfindən tam blokadaya alınan Naxçıvanın iqtisadi-mədəni əlaqələrini genişləndirməyə çalışırdı. 1992-ci ildə ulu öndərin İran və Türkiyə ilə apardığı danışıqlar nəticəsində Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələrinin yaradılması, 28 may 1992-ci ildə Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi, hava limanının yenidən qurulması, muxtar respublikanın elektrik enerjisi ilə təmin edilməsi üçün görülən tədbirlər Naxçıvanın blokada vəziyyətinin çətinliklərindən çıxarılmasına şərait yaratdı, onun Azərbaycana və xarici ölkələrə çıxışını təmin etdi. Ulu öndər Heydər Əliyev Naxçıvana qayıdandan sonra Qars müqaviləsinin şərtlərini yenidən gündəmə gətirmiş, Naxçıvanın qorunmasını güvənc altına almışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin yeritdiyi uğurlu xarici və daxili siyasət nəticəsində Naxçıvanda iqtisadi və siyasi sabitlik qazanılmışdı.
Naxçıvandan fərqli olaraq o dövrdə Azərbaycanın siyasi hakimiyyətində böhranlı vəziyyət yaranmışdı. Bu vəziyyətdən istifadə edən erməni işğalçıları torpaqlarımıza qarşı təcavüzü artırmışdılar. “Şərq qapısı” qəzeti bu illərdə nəşr olunan məqalələrində haqlı olaraq Azərbaycanın xilas yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində görürdü. 1992-1993-cü illərdə torpaqlarımızın erməni işğalçıları tərəfindən qarış-qarış ələ keçirilməsi, Azərbaycandakı siyasi böhran həm siyasətçiləri, həm də xalqımızı görkəmli dövlət xadimi Heydər Əliyevə müraciət etməyə məcbur etdi. Xalqımız nicat yolunu Heydər Əliyevin böyük siyasətə gəlməsində görürdü. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi xalqımızın qurtuluş günü oldu. Bu günlər “Şərq qapısı” qəzetinin səhifələrində geniş şəkildə işıqlandırıldı. 1995-ci il dekabrın 16-da cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə ağır blokada şəraitində olan Naxçıvanda ulu öndərin quruculuq xətti ardıcıl şəkildə davam etdirilməyə başladı. Hazırda Naxçıvan Muxtar Respublikası Şərqin qapısında çiçəklənən bir diyara çevrilmişdir. Biz hər gün “Şərq qapısı” qəzetinin səhifələrində tikinti-abadlıq işləri ilə bağlı reportajlara, sənaye və kənd təsərrüfatı müəssisələrini, mədəni-maarif idarələrini, təhsil müəssisələrini, xarici turistlərin Naxçıvana səfərlərini əks etdirən məqalələrə rast gəlirik. Bir zamanlar qaranlığa qərq olan Naxçıvan indi yerli resurslardan, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadənin hesabına elektrik enerjisinin şüaları altında bərq vurur. Bütün bunları bizim doğma “Şərq qapısı” qəzetinin səhifələrində görmək xoş təəssürat yaradır.
İnanıram ki, “Şərq qapısı” qəzeti bundan sonra da öz missiyasını uğurla davam etdirəcək, Heydər Əliyev siyasətinin muxtar respublikamızdakı təntənəsini səhifələrində işıqlandıracaq, 100 yaşlı mətbuat orqanında çalışan qələm sahibləri Vətənimizin çiçəklənməsindən daha da qürurla yazacaqlar.

Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvü

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR