18 Sentyabr 2021, Şənbə

"Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir... Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatı ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də biz gərək jurnalistlərə kömək edək".

Ümummilli liderimiz Heydər Əliyevin bu fikirlərini bir neçə ildir çalışdığım və mənə ailə qədər doğma olan “Şərq qapısı” qəzetinin timsalında görmək olar. Günün hər saatında, hər dəqiqəsində işinin başında olan, gün ərzində baş verən ictimai-siyasi yenilikləri, günün nəbzini tutan vacib və aktual xəbərləri ictimaiyyətin diqqətinə çatdıran, əzmlə çalışan qəzetin əməkdaşları, sözün əsl mənasında cəfakeşlik nümunəsi göstərirlər. Bu da danılmaz həqiqətdir ki, hər hansı qəzetin ərsəyə gəlməsində təkcə qələm sahiblərinin, yaradıcı insanların rolundan bəhs etməklə kifayətlənmək doğru olmaz. Çünki, qəzet üçün yazıların hazırlanması işin birinci mərhələsidir. Sonra isə həmin yazıların yığılması, səhifələrin dizayn edilməsi və ən əsası isə son nəticədə mətbəədə çap olunması zəhmətli və uzun bir prosesdir. Çünki, qəzetçilikdə mətbəə işinin rolu danılmazdır. Bu mənada qəzetimizin ərsəyə gəlməsində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi kollektivinin əməyi böyükdür.

 

         “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyəti, iş prosesi ilə bağlı birliyin direktoru Pərvin Məmmədov ilə həmsöhbət olduq. Dedi ki, Naxçıvanda fəaliyyət göstərən birliyin qəzetlə bərabər digər çap məhsullarının istehsalında da böyük rolu var. 1997-ci ildən fəaliyyət göstərən müəssisə 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin balansına verilərək yüksək qayğı ilə əhatə olunub. Ümumiyyətlə isə muxtar respublikamızda çap məhsulları istehsalının tarixi ötən əsrin əvvəllərindən başlanır. Belə ki, 1921-ci ildə Naxçıvanda ilk çap sexi yaradılıb və bu müəssisə 1938-ci ilədək “Şərq qapısı” qəzeti redaksiyasının nəzdində olan mətbəə kimi fəaliyyət göstərib. Bundan sonra isə “Naxçıvan mətbəəsi” adı ilə müstəqil müəssisəyə çevrilib. Uzun illər ərzində müxtəlif yerlərdə uyğunlaşdırılmış binalarda köhnə avadanlıqlarla fəaliyyət göstərən müəssisənin işində əsaslı dönüş 2001-ci il martın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncamından sonra başlayıb. Bundan sonra muxtar respublikada fəaliyyət göstərən digər mətbuat qurumları kimi, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də fəaliyyəti üçün əlverişli şərait yaradılıb və maddi-texniki bazası möhkəmləndirilib. Artıq bu nəşriyyat müəssisəsi müasir nəşriyyat evlərində istifadə olunan müasir kompüter və çap avadanlıqları ilə təmin olunub. Belə ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 2010-cu ildə istifadəyə verilmiş yeni binada yerləşdirilməsi və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlığının quraşdırılması, 2015-ci ildə isə ikinci belə bir avadanlığın alınması muxtar respublikada nəşr-poliqrafiya işinə göstərilən diqqətin bariz nümunəsidir. Artıq Naxçıvanda “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin, habelə müxtəlif kitab və jurnalların rəngli formatda nəşr olunması yüksək səviyyədə həyata keçirilir. Bunlardan əlavə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən müəssisə və təşkilatlar üçün dəftərxana kitabları, sadə və ciddi hesabat blankları, müxtəlif qəbzlər, təqvimlər, etiketlər, dəftərlərin hazırlanması həyata keçirilir. Müəssisəyə dövlət sifarişlərindən başqa, muxtar respublikada fəaliyyət göstərən elm və mədəniyyət müəssisələri tərəfindən də  müxtəlif çap sifarişləri daxil olur, bu məhsullar yüksək standartlar və müasir dizayn əsasında qısa müddətdə hazırlanır.

         Pərvin müəllim onu da qeyd etdi ki, son illərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş kitablar arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən sifariş olunan nəşrlər də yüksək poliqrafik keyfiyyəti ilə seçilir.

Bunu xüsusilə qeyd edim ki, bu gün mətbuat sahəsində çalışan insanlarla yanaşı, nəşriyyat və poliqrafiya əməkdaşlarının əməyinin də qiymətləndirilməsi dövlətimizin mətbuat sahəsinə diqqət və qayğısının nəticəsidir. Son illər birliyin əməkdaşlarının iş şəraiti daha da yaxşılaşdırılıb, əməkhaqqıları artırılıb və uzun illər bu sahəyə əmək sərf edən təcrübəli əməkdaşların əməyi dövlətimiz tərəfindən dəyərləndirilib. Onlardan biri də 2015-ci ildə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuş Səkinə Mirzəyevadır.

Səkinə xanımla bizimlə söhbət zamanı dedi ki, bu gün doğma Naxçıvanımızda bütün sahələrdə əldə olunan inkişaf mətbuatı da əhatə edib. Əvvəllər mətbəəmizdə çap edilən məhsullar primitiv alınır, oxucu tələbini, demək olar ki, ödəmirdi. Köhnə, istismar müddətini başa vurmuş maşınlarda çap nümunələri də keyfiyyətsiz alınırdı. Müstəqillik illərinin bəhrəsi kimi 2010-cu ildən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binada fəaliyyətə başlaması dövlət qayğısının parlaq təzahürüdür. Bununla yanaşı, hər zaman əməyimizə də yüksək qiymət verilir. 2015-ci ildə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmağım bunun gerçək nümunəsidir.

        

Muxtar respublikada bütün mətbu orqanların nəşr olunduğu “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapçı kimi fəaliyyət göstərən  Məhəmməd Səfərov məni qəzet və kitabların nəşri prosesi ilə tanış etdi. Şahidi oldum ki, hazırladığımız materialların qəzetin səhifələrinə köçürülməsi bir çox proseslərdən keçir və mətbəə əməkdaşlarının zəhməti sayəsində oxucuların görüşünə gəlir. Belə ki, redaksiyamızda hazırladığımız materiallar kompüterdə yığılıb dizayn edildikdən sonra pdf formatında nəşriyyata təqdim edilir. Burada ən müasir poliqrafiya avadanlıqları ilə müvafiq dizayn, rəngayırma, qatlama və digər proseslərdən keçir və sonra əvvəlcədən müəyyən olunmuş tirajda çap olunur. Xüsusilə qəzet səhifələrinin nəfis tərtibatda və keyfiyyətlə nəşr olunması burada çalışan əməkdaşlardan yüksək diqqət tələb edir və çap prosesi əsasən, günün sonundan gecə saatlarınadək davam edir. Min bir zəhmət, diqqət və böyük məsuliyyət hissi ilə ərsəyə gələn qəzetlər səhər tezdən abunəçi ünvanlarına çatdırılır. Həmçinin kitab və jurnalların nəşri də ən müasir tələblər əsasında və keyfiyyətli şəkildə aparılır. Buradakı müasir avadanlıqlar kitabların bir neçə variantda və minlərlə tirajda nəşrinə imkan verir. Əvvəllər çətin və uzun zaman tələb edən kitab nəşri indi bu avadanlıqlar sayəsində daha keyfiyyətli və qısa zaman çərçivəsində işi başa çatdırmağa imkan verir.

         Mətbəədə hər kəsin öz işi var. Uzun illər burada çalışan zəhmətkeş insanlardan biri də Rəfiqə Cəlilovadır. Rəfiqə xanımın əsas işi mətbəəyə verilən sifarişlərin qeydiyyatını aparmaq, yığılan sifarişləri müvafiq bölmələrə göndərmək, hazır məhsulları sifarişçilərlə yenidən əlaqə yaradaraq onların göndərilməsini təmin etməkdir. O dedi ki, 1981-ci ildir burada çalışır. Buna baxmayaraq heç zaman zəhmətdən qorxmayıb, həm də gördüyü işdən zövq alıb. Əvvələr işimiz çox çətin olsa da, yeni bina ilə təmin olunduqdan sonra şəraitimiz yaxşılaşıb, həm də istifadə etdiyimiz avadanlıqlar əməyimizi yüngülləşdirib. Müsahibimiz dedi ki, işdə müxtəlif yaş quruplarından əməkdaşlarımız var və onların işgüzarlığı və bir-biri ilə səmimi münasibəti mehriban bir kollektivin formalaşmasına şərait yaradıb. Buna görədir ki, işimiz nə qədər zəhmət, məsuliyyət tələb etsə də, hər kəs öhdəsinə düşən vəzifənin layiqincə yerinə yetirilməsinə çalışır. 

 “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi “Şərqqapısı” qəzetində çalışan hər bir əməkdaş üçün çox doğmadır. Eyni inzibati binada yerləşməyimiz gün ərzində hər iki kollektivin əməkdaşlarını dəfələrlə qarşılaşdırır. Bu kollektiv əməkdaşlarının yeganə məqsədi isə dövlətçiliyimizə, onun ideyalarına sədaqətlə xidmət etməkdir. Bu gün isə mətbuat sahəsində çalışanların peşə bayramıdır. Bayramınız mübarək əziz həmkarlar!

Gülcamal TAHİROVA

 

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR