21 Sentyabr 2021, Çərşənbə axşamı

Geyimlər iqlim şəraitinə, xalqların yaşam tərzinə görə də hər bir xalqın mədəniyyətində özünəməxsus yer tutur. Azərbaycan xalqı da qədim keçmişdən özünün milli geyimlərini yaradaraq onu inkişaf etdirmiş, zaman keçdikcə bu geyimlər dəyişilərək müasir dövrümüzədək gəlib çatmışdır. Milli geyimlərimizin inkişaf etdiyi, qorunub saxlanıldığı və bir mədəniyyət nümunəsi olaraq təbliğ edildiyi məkanlardan biri də ulu diyarımız Naxçıvandır. 

 Bu qədim yurd yerində müasir dövrün dəbdəbəsiylə yanaşı, tarixi geyim tərzlərinin birgə harmoniyasını da izləmək mümkündür. Naxçıvan milli geyimləri ta qədimdən biçilib-tikilmə texnikası ilə də, geyimlərin üslub xüsusiyyətlərinə görə də digərlərindən fərqlənib. Qeyd etmək lazımdır ki, geyimlərin hazır­lanmasında düzgün parçanın seçimi çox əhəmiyyətlidir. Çünki seçilən parçanın tərkibi, keyfiyyəti tikiləcək geyim növünün zövqlü alınmasının əsil səbəbidir. Culfa rayonunun Milax kəndində yun və pambıqdan ev şəraitində hazırlanan (təqribən, son dövrlərə qədər) parçaların gözəlliyini vurğulamaq yerinə düşər. Əl əməyi ilə hazırlanmış bu növ parçalardan, adətən, çarqatların və şalların hazırlanmasında istifadə olunurdu. Geyimlərdə parçalarla yanaşı, həm də ənənəvi toxuculuq nümunələrinin də özünəməxsus rolu vardır. Sülü və qullabın köməyi ilə hazırlanan geyim növləri, adətən, istilik məqsədilə toxunurdu.

Qədim diyarımızda geyim mədəniyyəti bütün dövrlərdə inkişaf etmişdir. Zaman keçdikcə geyimlər məişətimizdəki ənənələrlə uzlaşdırılmış, beləliklə də, geyimlərin müxtəlif, fərqli növləri meydana çıxmağa başlamışdır. Məsələn, xalqımızın məişətində mühüm yer tutan toy məclislərində hər kəs yeni və daha açıq rənglərdən tikilmiş geyimlərə üstünlük verərdi və bu ənənə indiyədək davam etməkdədir. Eyni zamanda adi günlərdən fərqli olaraq, məsələn, qonaq gedərkən ailə üzvləri geyimlərinə də diqqət edər, bunun üçün xüsusi geyim dəstlərindən istifadə edərdilər. Bu cür gözəl geyimlər toy şənliklərində, şadyanalıq məclislərində də istifadə olunardı. Hüznlü günlərdə isə insanlar, adətən, qara və ya ona yaxın olan tünd və eynirəngli geyimlərə üstünlük verərdilər. Bu cür geyimlərlə həm də bir yaxınını itirmiş şəxsə mənəvi dəstək olardılar. Hətta bir az alabəzək geyinmək eldən, qonum-qonşudan ayıb sayılardı. Bütün bunlar isə insanların geyim mədəniyyətinə necə üstünlük verməsindən qaynaqlanır. Hazırda Naxçıvanda bu ənənəvi mədəniyyət yaşamaqdadır. Milli geyim nümunələrinin zəngin xüsusiyyətlərini isə sadalamaqla bitməz.
Milli geyimlərimizdə mühüm yeri olan geyimlərdən biri də kişi və qadın baş geyimləridir. Bu geyimlərlə bağlı deyimlərə nəzər salsaq, görərik ki, xalqımız baş geyimlərinə çox həssaslıqla yanaşmış, onu milli dəyərlərimizin əsas tərkib hissəsi kimi görmüşlər. Çünki bu geyimlər ucalıq, namus, ismət kimi dərin mənalar daşımışdır. Adətə görə, qadının örpəyi yerə salınmaz, kişinin papağı başında olarmış. Eyni zamanda el adətimiz olan toylarda, nişan mərasimlərində örpəyin və papaqların əhəmiyyəti daha aydın görünür. Sözkəsdi, bəlgə və nişanlarda şal aparmağın vacibliyini (“şalapardı”) görürük. Toylarda gəlini evdən çıxararkən üzünə şal salmaq, (xüsusilə də qırmızı rəngdə) hətta qayınatasının papağını gəlinin başına qoymaq (ucalıq) ənənəsinin olması, müasir günümüzdə də bu ənənənin davam etdirilməsi köklü mədəni adətlərin formalaşmasını təcəssüm etdirir.
Milli geyimlərin üslub xüsusiyyətlərində rənglərin də özünəməxsus yeri vardır. Hər zaman öz ağırlığı ilə seçilən Azərbaycan kişisi bu ağırlığı öz geyim üslubunda da daşımışdır. Arxalıq, çuxa, sırıqlı üst geyimlərində rənglərin, adətən, qara-qəhvəyi, boz tünd-göy və sair kimi rəng tonlarında olduğunu görürük. Qadın və uşaq geyimlərinin tikilməsində isə daha çox al-əlvan rəngli parçalardan istifadə olunurdu. Hətta qadın və uşaq geyimlərinin üzərləri zərif işləmələri olan bədii tikmə nümunələri ilə bəzədilirdi. Nümunə olaraq Azərbaycanın rəngkar­lıq sənətində ilk akademik rəsm üslubunda işləyən realist əsərlərin müəllifi Bəhruz Kəngərlinin “Naxçıvan toyu” əsərində naxçıvanlı qadınların gözəl libaslı təsvirlərini görürük. Rəssam, xüsusən ortada rəqs edən, üzərində butalı küləcə əks olunmuş qadın təsviri ilə həmin dövrdə bu geyimin zəngin forma və üslubda ən bariz nümunəsini göstərmişdir.

Geyim dəstlərində vacib elementlərdən biri də ayaq geyimləridir. Ayaq geyimləri də geyim mədəniyyətimizdə böyük yer tutmaqla ümumi geyim tərzini tamamlayırdı. Nisbətən varlı, imkanlı şəxslər üçün belə ayaq geyimləri fəsilə görə dəyişilirdi. Kasıb və yoxsul təbəqənin nümayəndələri üçün isə bu, eyni idi. Ayaq geyimləri, adətən, dəridən hazırlanırdı. Buna görə də tarixə nəzər saldıqda görürük ki, Naxçıvanda tarixən heyvandarlıq inkişaf etdirilən sahələrdən olub. Camış dərisindən çarıq, ayaqqabı, qoyun yunundan isə müxtəlif parçalar toxunaraq geyimlərin hazırlanmasında istifadə olunurdu. Ayaq geyimlərinə gəldikdə, bu cür heyvan dəriləri əvvəlcə aşınır, sonra müxtəlif ayaq ölçülərinə görə kəsilərək hazırlanırdı. Ən çox istifadə olunan ayaq geyimi isə “çarıq” adlanırdı. Qadın ayaq geyimlərində isə “çust” adlanan, adətən, dəridən hazırlanan geyimlərə rast gəlinirdi. Bundan əlavə, ayaq geyimlərində, adətən, evdə geyinmək üçün toxuma corablara da rast gəlinirdi ki, bundan da qadınlar istifadə edirdi. Kişilər üçün isə bu cür geyimi eyni rəngdə, adətən, tünd rənglərdən istifadə olunaraq tikilən “patavalar” təşkil edirdi.
Naxçıvan qədim İpək Yolu üzərində yerləşdiyinə görə milli geyimlərimizin inkişafında fərqli mədəniyyətlərin təsirinə də rast gəlinirdi. Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanda milli geyimlərimizin inkişafında bu izlərin rolu danılmazdır. Eyni zamanda milli geyim nümunələrimiz Qafqazda yaşayan digər xalqların geyim mədəniyyətinə də təsirsiz ötüşməmişdir. Bu baxımdan hər il dünya geyim mədəniyyəti sərgilərində Şərq, Qafqaz geyim formaları ilə yanaşı, Azərbaycan, xüsusilə də Naxçıvana xarakterik olan geyim nümunələrinə rast gəlmək mümkündür. Sonda isə onu qeyd edək ki, Naxçıvanımızın milli geyim mədəniyyəti əsrlər boyunca olduğu kimi, bu gün də özünün spesifik xüsusiyyətlərini qoruyub saxlayır.

Aidə İBRAHİMOVA
Culfa Şəhər Klubunun müdiri

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR