Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində fakültənin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərovun rəsm, heykəltəraşlıq və qrafika janrında işlədiyi əsərlərdən ibarət yubiley sərgisi təşkil edilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev rəssamı “şəxsiyyəti ilə sənəti bütünləşən sənətkar” adlandırıb və təşkil edilən sərgini yubilyarın yaradıcılığına töhfə kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, Elman Cəfərov yaradıcılıqla məşğul olmaqla bərabər, həmçinin dəyərli bir pedaqoqdur. Rektor vətənpərvərlik motivləri qabarıq nəzərə çarpan bu yaradıcılığın gənc nəslə örnək olduğunu diqqətə çəkib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva vurğulayıb ki, bu illər ərzində dəfələrlə ümumittifaq və respublika sərgilərində uğurla iştirak edən Elman Cəfərovun ilk monumental əsəri Naxçıvan şəhərində Xalq qəhrəmanı Babəkin at üzərində yaradılmış obrazıdır. Bildirilib ki, sonra heykəltəraş Dədə Qorqudun, Babək rayon mərkəzi üçün Babəkin ayaqüstü heykəlini işləyib, I və II Qarabağ müharibəsində iştirak etmiş şəhidlərimizin büst və barelyeflərini hazırlayıb.
Azərbaycan Respublikasının Xalq rəssamı, professor Hüseynqulu Əliyev, AMEA-nın müxbir üzvü Tofiq Əliyev yubilyarla bağlı ürək sözlərini bölüşüb, ona arzularını çatdırıblar.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov Elman Cəfərovu universal bir sənətkar kimi dəyərləndirib. Qeyd edilib ki, rəssamın sərgidə 40-dan çox əsəri nümayiş olunub. Bildirilib ki, Elman müəllim rəsm, heykəltəraşlıq üslubunda çəkilən əsərlərlə yanaşı, ali təhsil ocağında ilk dəfə qrafika-illüstrasiya janrında sərgilənən ilk əsərlərin müəllifidir.
Tədbirdə çıxış edənlər yubilyarı təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Sonra yubilyar II Qarabağ müharibəsi şəhidi Xansu Qurbanov, Aşur Cəmiyevin barelyefini ailə üzvlərinə təqdim edib. Şəhid Xansu Qurbanovun anası öz minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Elman Cəfərov 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbində alan Elman Cəfərov 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olub və həmin məktəbi fərqlənmə diplomu ilə bitirib. Təhsilini 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində davam etdirən Elman müəllim 1980-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və Rəssamlar İttifaqının Bədii fondunda əmək fəaliyyətinə başlayıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat
və ictimaiyyətlə əlaqələr bölməsi