22 Sentyabr 2021, Çərşənbə

Muxtar respublikamızda rəssamlığın inkişafı onun ictimai qurum kimi təşkilatlanmasından xeyli əvvəlki dövrləri əhatə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamda qeyd olunduğu kimi: “Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf etmişdir. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırmış, onu forma və təsvir vasitələri ilə zənginləşdirmişdir”.

 Ötən əsrin əvvəllərində Naxçıvanda təsviri sənətin milli boyakarlıq janrının banisi Bəhruz Kəngərli kimi qüdrətli sənətkar yetişsə də, bütövlükdə, rəssamlığın inkişafına lazımi diqqət göstərilməmişdir. Hətta sərgi salonu olmadığından Bəhruz Kəngərlinin öz əsərlərini yol kənarına düzüb nümayiş etdirməsi barədə onun müasirlərinin xatirələri dövrümüzə qədər gəlib çatmışdır.

Hər bir sənət sahəsi kimi rəssamlıq da diqqət və qayğı tələb edir. Azərbaycan boyakarlığı XX əsrin 70-ci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra bu qayğını hiss etməyə başlamışdır. Həmin tarixdən ötən dövr Azərbaycan təsviri sənətinin də inkişaf və yüksəliş dövrüdür. Ulu öndərimiz deyirdi: “Azərbaycan rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Tarixən qısa bir vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşəkkül taparaq yaranmışdır”. Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin bütün dövrlərində rəssamlıq sənəti üstün istiqamət verən sahələrdən olmuş, milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlamış, yaradıcılıq təşkilatlarının fəaliyyəti üçün zəruri tədbirlər görülmüş, onların maddi-texniki bazaları gücləndirilmiş, 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yaradılmışdır.
Ulu öndərin əsasını qoyduğu ənənələrin 1995-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməsi nəticəsində təsviri sənətdə də əsaslı dönüşə nail olunmuşdur. Belə ki, Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərli Muzeyi, muxtar respublika Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu yaradılmış, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Təsviri incəsənət və rəsmxət, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Hazırda Naxçıvan Dövlət Rəsm Qalereyası, Mədəniyyət və Təhsil nazirliklərinin nəzdində 9 məktəbdənkənar təhsil ocağında və 3 uşaq incəsənət və bədii sənətkarlıq məktəbində rəsm ixtisası və dərnəklər fəaliyyət göstərir. Son illər əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq və Estetik Tərbiyə mərkəzlərində gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır.

Qeyd edək ki, artıq 1970-ci ildə muxtar respublikada kifayət qədər ittifaq üzvü olan rəssamların yaşaması onların yerli təşkilatda birləşməsi zərurəti yaratdı. Ulu öndər Heydər Əliyev 1971-ci ilin iyun ayında Naxçıvan Rəssamlar Təşkilatının yaradılmasına hazırlıq işlərinin tamamlanması barədə hökumət strukturlarına və Rəssamlar İttifaqına göstəriş verir. Yeni təşkilatın sədri vəzifəsinə gənc teatr rəssamı Məmməd Qasımovun namizədliyi irəli sürülür. Təşkilat 10 nəfər rəssamla fəaliyyətə başlayır. Sonralar Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatına respublikada fəaliyyət göstərən tanınmış rəssamlar Şəmil Mustafayev, Abazər Qardaşbəyov, Mircəlil Seyidov, Babək Abazərli, Hüseynqulu Əliyev sədrlik etmişlər.
Ali Məclis Sədrinin qayğısı ilə 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı ləğv olunaraq onun bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Ali Məclis Sədrinin 2001-ci il 15 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. Bir qədər sonra Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılmış və 18 iyun 2002-ci ildə muzeyin açılışı olmuşdur. Açılış mərasimində görkəmli dövlət xadimi Heydər Əliyev şəxsən iştirak etmiş və rəssamın həyat və yaradıcılığı, əsərlərinin tədqiqi sahəsində qarşıda duran vəzifələr haqqında geniş nitq söyləmişdir. Birliyin 2011-ci ilin mart ayında keçirilən III konfransında yeni Nizamnaməsi qəbul olunmuş, təşkilat yeni yaradıcı qüvvələr hesabına gücləndirilmiş, Rəssamlar Birliyinin fəaliyyət göstərdiyi iş otaqları və Bəhruz Kəngərli adına Sərgi Salonu əsaslı şəkildə təmir edilmişdir.
Belə qayğı müntəzəm olaraq davam etdirilmiş, Ali Məclis Sədrinin 2011-ci il 23 iyul tarixli Sərəncamı ilə birliyin 40 illik yubileyi keçirilmiş, birlik Ali Məclis Sədrinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Rəssamlar Birliyinin 26 iyul 2011-ci ildə keçirilmiş 40 illik yubiley sərgisində Ali Məclisin Sədri cənab Vasif Talıbov tövsiyə xarakterli çıxış edərək demişdir: “Bu sahəyə ona görə diqqət göstərilir ki, Rəssamlar Birliyi muxtar respublikanın ictimai həyatında fəal iştirak etsin, yeni rəssamlar yetişdirilsin, Bəhruz Kəngərli ilə başlanan yol davam etdirilsin. Bu gün muxtar respublikamızda professional rəssamlar fəaliyyət göstərir. Onlar təkcə ölkəmizdə deyil, Azərbaycandan kənarda da tanınırlar, müxtəlif ölkələrdə sərgiləri təşkil olunur. Bu sahənin daha da inkişaf etdirilməsi üçün rəssamların üzərinə mühüm vəzifələr düşür. Tarixin yaşadılması baxımından rəsm əsərləri mühüm əhəmiyyət daşıyır. Vaxtilə Bəhruz Kəngərlinin, Şamil Qazıyevin çəkdiyi rəsm əsərlərində Naxçıvanın tarixi, abidələri, adət-ənənələri öz əksini tapmışdır. Naxçıvanın təbiəti, tarixi abidələri rəssamlar üçün mövzu, hər bir guşəsi isə bir rəsm əsəridir”.
Ali Məclis Sədrinin çıxışından irəli gələn tövsiyə və tapşırıqları özünə proqram kimi qəbul edən Naxçıvan Rəssamlar Birliyi fəaliyyətini bu istiqamətdə quraraq daha böyük nailiyyətlər əldə etməyə çalışır.
Belə ki, 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin şəxsi saytı və “Facebook” səhifəsi fəaliyyətə başlamışdır. Həmin ildən Rəssamlar Birliyinin üzvlərinə muxtar respublika rəhbəri tərəfindən emalatxanalar verilmiş və ildə üç rəssam yaradıcı insanlar üçün təsis edilmiş təqaüd ilə mükafatlandırılmışdır. Rəssamlarımızın maddi durumunun yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülmüşdür.

2012-ci ildən başlayaraq qədim diyarımızda “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalına start verilmişdir. Uğurla nəticələnən və bir çox ölkələrdən xoş sədası gələn bu festivalın iki ildən bir keçirilməsi nəzərdə tutulub. Belə ki, 2014-cü ildə II, 2016-cı ildə III və 2018-ci ildə IV Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. V Festivalı isə 2020-ci ilə planlaşdırılsa da, dünyanı bürüyən COVID-19 pandemiyasına görə təxirə salınmalı olmuş, 2021-ci ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilmiş, əsl sənət bayramı kimi tarixə düşmüşdür. Festivallarda, ümumilikdə, dünyanın 16 ölkəsindən nümayəndə olmaqla, 254 rəssam iştirak edib. Ənənə olaraq hər festivalın ayrı-ayrılıqda kataloqları çap olunmuş və festival iştirakçılarına göndərilmişdir.
12 iyun 2013-cü il Naxçıvan Rəssamlar Birliyinin tarixində ən əlamətdar günlərdən biri olmuşdur. Belə ki, Naxçıvan şəhərinin mərkəzində, Heydər Əliyev prospekti 38 ünvanında birlik üçün zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət müasir tələblərə cavab verən yeni bina inşa edilmişdir.
Növbəti sevindirici hadisə isə Rəssamlar Parkının yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamı olmuşdur. Həmin Sərəncama əsasən Naxçıvan şəhəri “İstiqlal” küçəsi 52 ünvanında Bəhruz Kəngərlinin heykəli qoyulmaqla, görkəmli rəssamın adına Rəssamlar Parkı yaradılmışdır. Park 24 may 2016-cı ildə, III Beynəlxalq Rəsm Festivalı ərəfəsində festivala gələn qonaqların iştirakı ilə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən açılmış və sənətsevərlərin istifadəsinə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərdən biri kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin etməkdir. Bu Sərəncamda qarşıya qoyulan vəzifələrdən biri kimi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisaslarını hamiliyə götürmüş və Ali Məclis Sədri tərəfindən təsdiq olunmuş Tədbirlər Planına əsasən həmin ali məktəblərin rəssamlıq təhsili alan tələbələr ilə mütəmadi olaraq işlər aparılır, tədbir və sərgilər keçirilir. Əlavə olaraq hər ay muxtar respublikada fəaliyyət göstərən uşaq – gənclər yaradıcılıq mərkəzlərində və incəsənət məktəblərində birlik üzvləri tərəfindən ustad dərsləri təşkil edilir.
Muxtar respublikamızda yaradılan şəraitə əsasən gənc və qabiliyyətli uşaqların üzə çıxarılmasına Rəssamlar Birliyi də öz töhfəsini verməkdədir. Belə ki, 2020-ci ildə birliyin nəzdində Gənc rəssamlar bölməsi yaradılmışdır. Hazırda bölmənin 25 üzvü vardır.
Muxtar respublika rəhbərinin daim diqqətində olan rəssamlarımız böyük qayğı ilə əhatə ediliblər. Belə ki, fəaliyyətləri ilə fərqlənən rəssamlarımız fəxri adlara layiq görülür, görkəmli rəssamlarımıza yubileylər keçirilir, onların kitab, albom-kataloqları çap olunur, sərgiləri təşkil edilir. Buna misal olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə görkəmli rəssam Bəhruz Kəngərlinin 120, Əməkdar incəsənət xadimi Şamil Qazıyevin 100, görkəmli Azərbaycan rəssamı İbrahim Səfiyevin 120 illik yubileyləri təntənəli şəkildə keçirilib və albom-kataloqları çap olunub.
Hazırda Naxçıvan Rəssamlar Birliyinin 56 üzvü var. Onlardan bir nəfəri “Xalq rəssamı”, üç nəfəri “Azərbaycan Respublikasının Əməkdar rəssamı”, bir nəfəri “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi”, altı nəfəri isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adları ilə təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi son illərdə beynəlxalq əlaqələrini də xeyli genişləndirmişdir. Belə ki, üzvlərimiz birlik tərəfindən bir çox xarici ölkələrdən dəvətlər almış və orada təşkil olunan sərgilərə, müsabiqələrə, festival və simpoziumlara qatılaraq belə mötəbər tədbirlərdə yurdumuzu layiqincə təmsil etmişlər. Bu ölkələrin siyahısına Bolqarıstan, Fransa, İran, Türkiyə, ABŞ, Portuqaliya, Çin, Avstriya, Rusiya, Ukrayna və digər ölkələr daxildir.

Bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasından 50 il ötür. Biz Naxçıvanda yaşayıb-yaradan rəssamlar rəssamlıq tariximizlə, keçmişdə fəaliyyət göstərən rəssamlarımızla fəxr edir, daim irəliyə baxırıq. Doğma diyarımızın günü-gündən çiçəklənməsi – sosial-iqtisadi tərəqqisi, geniş vüsət alan bərpa-quruculuq işləri bizi həvəsləndirir, yeni əsərlər işləməyə sövq edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı 2021-ci il 3 mart tarixli Sərəncamı və təsdiq olunmuş Tədbirlər Planı məsuliyyət hissimizi bir qədər də artırıb. Ona görə də Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi, onun İdarə Heyəti muxtar respublika rəhbərinin diqqət və qayğısı müqabilində fəaliyyətini daha da gücləndirəcək, yaradılmış şəraitdən səmərəli istifadə etməklə mədəniyyətimizin inkişafına öz töhfəsini verəcəkdir.

Ülviyyə Həmzəyeva
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri,
Azərbaycan Respublikasının Əməkdar rəssamı

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR