15 Aprel 2021, Cümə axşamı

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamı Nizami Gəncəvi yaradıcılığına, bütövlükdə, Azərbaycan ədəbiyyatına dövlət səviyyəsində yüksək qiymət verilməsinin parlaq təzahürüdür. Sərəncamda deyilir: “Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir”.

Nəinki Azərbaycan, Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük ustadlarından biri sayılan Nizami Gəncəvi həm beş inci kimi dəyərləndirilən “Xəmsə”si, həm də lirik əsərləri ilə məşhurdur. “Xəmsə”yə daxil olan məsnəvilər içərisində elə bir əsər tapmaq mümkün deyil ki, orada söz haqqında, dil haqqında maraqlı və aktual fikirlər olmasın.

Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə?
Söz bayraqdan daha çox əldə eyləyər zəfər,
Qılıncdan daha artıq qalxıb alar ölkələr.

Sordu: köhnə qızılmı, təzə sözmü yaxşıdır?
Söz sərrafı söylədi: “söz dünyanın naxşıdır”
Hər bir söz ki əlinlə şöhrət tapmasa gerçək,
O söz mən belə olsam, o sözə bir qələm çək.

Doğrudur, Nizami Gəncəvidən bəhs edənlər daha çox onun məsnəvilərini – poemalarını (onlara mənzum roman da deyilir) vurğulamış və şairin bu janrda yazdığı əsərləri ilə məşhur olduğunu söyləmişlər. Bu anlamda, onun lirikası bir qədər diqqətdən kənarda qalmışdır.
Dahi şairin yaradıcılığında irihəcmli əsərləri diqqəti daha çox cəlb etsə də, onun lirik poeziyası da dəyərli sənət inciləridir. Həmin əsərlər dərin lirizmi, səmimi ifadələri, dil-üslub özəllikləri ilə seçilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, böyük söz ustadının lirik əsərlərində əsas məsələlərə münasibət çox orijinal, Nizamisayağı və diqqətçəkicidir.
Mövzu baxımından zənginlik, ifadə baxımından mükəmməllik, tərənnüm obyektləri baxımından müxtəliflik və xaslıq Nizami Gəncəvinin yaradıcılığındakı lirik örnəklərin səciyyəvi xüsusiyyətlərindəndir. Əslində, o, təkcə lirik əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixinin parlaq simalarından biri olmaq şərəfinə layiqdir. Şairin müraciət obyektlərinin seçkinliyi, kamil bənzətmə və müqayisələri, hiss və duyğulardan yaranan həyəcanın təqdimedilmə üsulu həmin fikri irəli sürməyə əsas verir. Onun söz dünyası qiymətli fikirlər, mənalı aforizmlərlə doludur:

Polad kimi bərkit qızıl sözü sən,
Salsın söz sikkəsi pulu qiymətdən...
Düşüncəsiz bir söz kimə gərəkdir?
Kim belə sözləri dinləyəcəkdir?
Sözü mənzum demək asandır, asan,
Ancaq nəzm üstündə gərək durasan.
Sözün çoxsa əgər, çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın.

Nizami Gəncəvinin lirikası tam şəkildə günümüzə qədər gəlib çatmasa da, bu lirikanın müxtəlifliyini təsdiq edən faktlar var. Şairin lirik irsindən bu günə qədər gəlib çatan janrlar – qəzəl, qəsidə və rübailər müəllifinin mükəmməl bir lirik şair olduğunu əsaslandıran nümunələrdir.
Nizami Gəncəvinin lirik yaradıcılığında təkcə təfəkkür, düşüncə, təfərrüat yoxdur, həm də bədii detallar vardır. Bu mənada, şairin qəsidələri diqqətçəkən lirik əsərlərdir. Şairin qəsidələri yüksək sənətkarlıqla, savadlı və səviyyəli bir təfəkkürlə qələmə alınmışdır. Şair onları digər əsərləri kimi fars dilində yazsa da, həmin əsərlərdəki fikirlər Azərbaycan təfəkkür tərzi və mədəniyyətindən irəli gələn faktlar kimi qiymətlidir.
Nizami Gəncəvi həmişə sözə, fikrə, kəlama yüksək dəyər verən şair olmuşdur. Onun elə bir əsəri yoxdur ki, orada həmin məsələyə toxunulmasın. Hələ ilk qəsidəsində şair deyirdi:

Mən – fikirlər ustadıyam, fəzilətim – bir ümmandır,
Zamanlara, məkanlara hökm etməyim səmadandır.

Doğrudan da, Nizami Gəncəvi böyük fikirlər, dərin düşüncələr şairidir. Şair özü qeyd edir ki, onun qabiliyyəti səmadandır, yəni böyük Tanrının lütfüdür.
Nizami Gəncəvi bəzən təvazökarlıqla dediklərini “saçma” adlandırır, ancaq düzgün olaraq onları təbiət və təfəkkürün təməli hesab edir:

Təbiətin, təfəkkürün təməlidir saçmalarım,
Piyaləmin xıltı – mədən, bitkilərə nəfəs, candır.

Nizami Gəncəvinin ilk qəsidəsi iyirmi səkkiz beytdən ibarətdir və həmin əsərin son beyti çox maraqlıdır. Həmin beytdə şairin sözə münasibəti müəyyənləşir:

Yetər, bağla xəzinəni, aç incilər sandığını,
Söz incisi fazillərə ən qiymətli ərməğandır.

Sözügedən qəsidədə Nizami Gəncəvinin söz, dil, nitq haqqında maraqlı və layiqli fikirləri verilmişdir:

Tazə bəhrə kimi gülən mənim cəsur üslubumun
Yanında hər bir yenilik xəzəl kimi saralandır...

Mən şeriyyət səmasında ləkəsiz bir Ay bədriyəm,
Mirvaridə illət olur...məndən uzaq illət andır...

Umsan Misir bəlasını, məni dinlə, baldı nitqim,
Xurma kimi dadlı, şirin, qaymaq tutan bir lisandır...

Zənd oxuyan möbidlərin nəfəsini kəsər nəğməm,
O nəğmə ki zəbur təki dəhşət saçan bir tufandır...

Hər sözümün qüdrətilə min-min ürək çiçəklənir,
Dodaqlarım güz fəslində yaz nəfəsli tər reyhandır.

Bu qəsidəni fəxriyyə hesab etmək olar, çünki burada müəllifin sənətkarlıq keyfiyyətlərinin təntənəsindən doğan qürur hissləri tərənnüm olunur ki, bu da fəxriyyə janrının səciyyəvi cəhətlərindəndir. Qəsidənin bəzi beytləri bunu açıq-aşkar təsdiq edir:

Fəxr edirəm sənətimlə. Deyin, necə fəxr etməyim,
Mətləblərim bunca incə, şerim bu qədər rəvandır.

Nizami Gəncəvi qəsidədə özünü öyməsinə peşman olur və bildirir ki, özlərini öyənlər daxildən zəif və aciz olan adamlardır:

Ah, bu qədər öyünməklə həm xəciləm, həm peşiman,
Öz-özünü mədh eyləyən içəridən natəvandır.

Nizami Gəncəvinin digər qəsidələri də məzmun və fikir keyfiyyətlərinə görə zəngin və maraqlıdır. Şair sözü məqamında söyləməyi məziyyət hesab edir. Məqamında deyilməyən söz könülləri yıxa bilər. Elə söz vardır ki, onu gizli şəkildə və ya birdən-birə demək lazımdır. Elə söz də vardır ki, onu birbaşa demək olmur. Belə məqamlarda şair hər hansı bir məsələdən söz salıb demək istədiyin sözü arada söyləməyin faydasını göstərir:

Ey yel, sən ona dərdimi pünhan söylə,
Qəlbimdə olan yanğını tufan söylə.
Amma elə et ki, könlü olmasın qəmgin,
Söz sal, arada danış, nagahan söylə.

Nizaminin söz aləmindən alınan incilər müəllifinin söz ustadı olması fikrinə möhür vurur.

Söz ruhdur, can üçün ruh bir dərmandır,
Can tək əzizliyi, bəlkə, bundandır.

Doğru yazmağa var, madam ki, imkan,
Neçin gəlməlidir ortaya yalan?
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hikmətli olar.

Hər söz düşüncəylə deyilsin gərək,
Xərcləmədən əvvəl qızılı bir çək.

Ağzında o qədər saxla ki, sözü,
Yaxşı ad qazansın deyənin özü .
Hiyləli sözlərdən əcəb nə çıxar?
Ürək bulandıran söhbətdə nə var?
Mən sözü ölçməmiş demərəm əsla,
Sən də söyləyəndə söylə qiyasla.

Nizami Gəncəvinin söz haqqındakı fikirləri saysız-hesabsızdır. Onlar bu gün üçün də qiymətlidir, sabah üçün də gərəklidir. Onlardan nə qədər adam faydalanacaq, nə qədər mənəviyyatlar zənginləşəcək. Bu, bir həqiqətdir ki, şairin özü dediyi kimi:

Ağıllı adamın söylədikləri
Yer altına düşsə, itməz dəyəri.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamında da qeyd edildiyi kimi, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malikdir. Buna görə də dahi şairin həyatı, dünya ədəbiyyatının nadir incilərindən olan poetik irsi qiymətli bəşəri dəyər kimi daim öyrənilib təbliğ olunacaq. Heç şübhəsiz ki, “Nizami Gəncəvi ili” bu mühüm məramın gerçəkləşməsinə öz misilsiz töhfələrini verəcək.


Sədaqət Həsənova
Naxçıvan Dövlət Universitetinin professoru

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR