15 Aprel 2021, Cümə axşamı


Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. 

 Bu il yaranmasının 148-ci ildönümü qeyd edilən peşəkar Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələridir. Bu cür tamaşaların təqdim edilməsi Azərbaycanda xalq teatrlarının yaranmasına rəvac verdi. Azərbaycan professional teatrının təşəkkülündə məhz həmin xalq teatrları əhəmiyyətli rol oynayıb. Beləliklə, uzun əsrlər öncə əcdadlarımızın xalq teatrları ilə başlatdığı teatrçılıq mədəni nailiyyəti peşəkar səhnə teatrı ilə əvəzlənərək böyük bir mədəni inkişaf və intibaha vüsət verib. 

1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda incəsənətin canlı növü olan milli teatrın əsası qoyulub. XIX əsrin ikinci yarısında Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin parlaq, eyni zamanda, şərəfli səhifəsidir. Bu şərəfli işdə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov mühüm rol oynayıblar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də böyük xidmətləri olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə, Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə siması yetişib. Teatr sənətimiz yarandığı gündən böyük bəşəri və milli məsələləri səhnəyə gətirməklə işıqlı amalların carçısı olub, xalqımızın mənəvi və estetik tərbiyəsində, milli dirçəlişin, milli şüurun formalaşmasında mühüm rol oynayıb. 

Uzun və şərəfli tarixi inkişaf yolu keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, üslub və janr cəhətdən tamaşa nümayişinin təkmilləşdilrilməsində, estetik keyfiyyətin artmasında, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində göstərir. 

Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz bütün bunlara görədir ki, Azərbaycan teatrının əsaslı inkişafı, teatrlarımızın yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Teatra, sənət adamlarına böyük diqqət və qayğı göstərən ulu öndərimizin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderimiz xalqımızın teatr sənətinə böyük qiymət verərək deyib:“Teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsində böyük rol oynamışdır”. 

Müstəqillik illərində dahi rəhbər Heydər Əliyevin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sahədə böyük uğurlar qazanılıb. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılıb, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, onların əməyi daim yüksək qiymətləndirilib. Göstərilən böyük dövlət qayğısının, göstərilən diqqətin nəticəsi kimi Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənib. 

Ulu öndərin siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci il fevralın 19-da teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalanıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir. 

Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunub. Bu gün muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı və Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qədim diyarımızda teatr ənənələrinin inkişafına yüksək qiymət verərək deyib: “Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyaları dəstəkləmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqın milli oyanışına çalışmışdır”. 

Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra böyük mədəniyyət və ziyalılar yurdu olan Naxçıvanda da tərəqqipərvər ziyalıların fəallığı ilə ilk peşəkar teatrın əsası qoyulub. 135 ildən çox yaşı olan Naxçıvan teatrının müstəqillik illərində yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Bu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Ərzurum, İqdir, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərində olub, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanıb. Naxçıvan teatrının Bakı və Azırbaycanın digər rayonlarında göstərdiyi tamaşalar maraqla qarşılanıb, istedadlı ak­tyorlarımız geniş tamaşaçı sevgisi qazanıblar. Teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayır. Hazırda teatrda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar ölkədə elan edilmiş “Nizami Gəncəvi ili” münasibətilə dahi şairin “Sirlər xəzinəsi” poeması əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri aparılır. 

Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Rayon mərkəzlərində müasir standartlara uyğun tikilərək istifadəyə verilən mədəniyyət saraylarında teatr kollektivləri üçün hər cür şəraitin yaradılması xalq teatrlarının fəaliyyətinin daha səmərəli təşkilinə səbəb olub. 

Son illər Naxçıvan teatrının yarandığı gündən bu günə kimi keçdiyi inkişaf yolunun tədqiqi ilə də bağlı bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” bu baxımdan yüksək qiymətə layiqdir. Kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar öz əksini tapıb. 

Teatr o zaman davamlı inkişaf edir ki, orada gənc aktyorlar nəsli yetişir. Muxtar respublikada bu sahədə də mühüm addımlar atılıb, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası yaradılıb. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla Naxçıvan teatrının gələcək fəaliyyətinə əməli töhfələr verirlər. Muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər. 

Xalqımızın zəngin mədəniyyətini yaşatmaq, gənclərin vətənpərvərlik duyğularını gücləndirmək, yüksək estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək bu gün teatrlarımızın qarşısında duran əsas vəzifədir. Cəmiyyətimizin, xalqımızın milli dəyərlər ruhunda, mənəvi kamillik işığında inkişafına xidmət edən teatr sənətimiz milli sərvətimizdir. Ötən illərdə olduğu kimi, bundan sonra da Naxçıvan teatrları milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizin şərəfli səhifələrini yaşatmaq missiyasını layiqincə yerinə yetirəcəkdir. 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR