27 Fevral 2021, Şənbə

Bu gün muxtar respublikamızda ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində diyarımızın ali təhsil müəssisələri, nəinki regionun, dünyanın qabaqcıl universitetləri səviyyəsində hərtərəfli infrastruktura malikdir. 

Yaradılan belə şəraitdən səmərəli istifadə edən bir çox gənc öz uğurları ilə seçilir. Həmin gənclərdən biri də Naxçıvan Dövlət Universitetinin Memarlıq ixtisasının müəllimi, gənc memar, texnopark layihəsinin müəllifi İsmayıl İsmayıllıdır. 1991-ci ilin aprel ayında Ordubad rayonunun Nüsnüs kəndində anadan olan İsmayıl ilk təhsilini də elə kənddə alıb. 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin memarlıq ixtisasında təhsilini davam etdirib. 2017-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra elə bu təhsil ocağında pedaqoji fəaliyyətə başlayıb.

Müsahibimizlə söhbət zamanı bildirdi ki, orta məktəbdə oxuduğum illərdə rəsm dərsinə həddən artıq marağım var idi. O dövrdə çəkdiyim şəkillər müsabiqədə fərqlənirdi. Məktəbdə yaradılmış rəsm dərnəyinin üzvü idim. Rəssamlığa marağım məni universitetə gətirib çıxardı. İlk uğura isə birinci kursda oxuduğum müddətdə nail oldum. Hazırladığım daşduzdan ibarət dəvə karvanı vaxtilə duzun buradan Böyük İpək yoluna daşınmasını simvolizə edirdi.
İsmayıl bir neçə bina maketinin də müəllifidir. İlk maketi Azərbaycan Bayrağının fonunda ictimai bina olub. Həmin maket sərgidə yaxşı qiymətləndirilib.
Onu da qeyd edək ki, İsmayıl universiteti bir çox müsabiqələrdə uğurla təmsil edib.
İkinci kursda oxuyarkən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda “Muxtariyyət və intibah” adlı yaradıcılıq müsabiqəsində eyniadlı bir rəsm əsəri təqdim edib və həmin əsərə görə də diplomla təltif olunub. Hər qazandığı uğur onu yeni naliyyətlərə sövq edib. Növbəti müsabiqədə qazandığı uğur isə Naxçıvanda ilk dəfə təşkil edilən “Ənənəvi tendensiyalar” adlı memarlıq müsabiqəsi olub. Landşaft mövzusunda hazırladığı layihə yeni ideya baxımından bəyənilib və mükafata layiq görülüb.
– Həm rəssamlıq, həm də memarlıqla məşğul olmaq sizin üçün çətin deyilmi? Bəziləri bu ixtisasları eyniləşdirməyə çalışsa da, bir çox fərqli məqamları və özünəməxsus incəlikləri var. Oxucularımız üçün maraqlı olar ki, İsmayıl İsmayıllı iki çətin, bir o qədər də istedad tələb edən peşənin öhdəsindən necə gəlir?
– Dəyərli həmkarım Elturan Avalovun bununla bağlı maraqlı qənaəti var: “Rəssamlığı yaxşı bilməyən memarın sənəti heç zaman qiymətli ola bilməz”. Bunun başlıca səbəbi ondan ibarətdir ki, müxtəlif sahələrdə olduğu kimi hər bir sənətkar düşündüyü ideyanı öncə kağıza köçürməyi bacarmalıdır. Memarlıqda bu üsula eskiz deyilir və bir memarın çəkdiyi eskiz nə qədər maraqlı, ideyalarla dolğun olarsa, layihə də bir o qədər uğurlu alınacaq.
– Sizin ən böyük naliyyətiniz gələcəkdə yaradılacaq Texnologiya Parkının layihəsidir və buna görə, ölkə başçımızın 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Prezident mükafatına layiq görülmüsünüz. Bu layihə və onun əhəmiyyəti haqqında oxucularımıza məlumat verməyinizi istəyirik.
– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 14 dekabr tarixdə “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” sərəncam imzalandıqdan sonra biz Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovla birlikdə layihənin eskizlərini hazırlamağa başladıq. Ənənəvi eskizlər tam hazır olduqdan sonra layihənin vizual həllini tamamladıq. Yaradılacaq Texnologiya Parkında tələbələrin özlərini inkişaf etdirmələri üçün geniş şərait olacaq. 2 hektar ərazidə yerləşəcək zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət texnopark binasında tələbələr öz bilik və bacarıqlarını tətbiq edə və müəyyən layihələr üzərində işləyə biləcəklər. Bununla yanaşı, burada xüsusi kabinələr nəzərdə tutulub ki, bununla da tələbələr bir sıra xarici universitetlərlə əlaqə qura biləcək, auditoriyada öyrəndikləri nəzəri bilikləri burada praktik cəhətdən tədbiq etmək imkanı qazanacaqlar.
Ərazidə tikiləcək Biopark binasında arıçılıq üçün sahə ayrılıb. Burada xüsusi dərman preparatlarının hazırlanması ilə birgə həm də arıçılıq məhsulları istehsal ediləcək. Bununla yanaşı, Coğrafiya ixtisasında təhsil alan tələbələr relyef, qeyzer, vulkan maketləri, bağçılıq-bostançılıq sahəsində tinglər və subtropik bitkilərin yetişdirilməsinə, meliorasiya sahəsində isə süni suvarmanın müxtəlif yollarının öyrənilməsinə praktik cəhətdən nail ola biləcəklər.
Söhbətimizin sonunda İsmayıl İsmayıllı bildirdi ki, hazırladığı layihənin Prezident mükafatına layiq görülməsi onu çox sevindirib. Buna görə də gənc memar Naxçıvanda təhsilin inkişafına böyük diqqət göstərən muxtar respublika rəhbərinə öz minnətdarlığını bildirdi. Gənc memar ona dəstək olan bütün həmkarlarına təşəkkürlərini çatdırdı. Bundan sonra da yeni uğurlara imza atacağını, ölkəmizin adını uca tutmağa çalışacağını, gənclərə göstərilən etimadı doğruldacağını vurğuladı.

 Məcid ƏKBƏROV

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR