03 Mart 2021, Çərşənbə

Ta qədimlərdən üzü bəri qış mövsümünü belə bölüblər dədə-babalarımız: başlayanda qırx gün Böyük çillə, ardınca iyirmi gün Kiçik çillə, sonunda da otuz gün Boz ay. Qış fəslinin son dönəmlərinə təsadüf edən Boz aya bəzi bölgələrimizdə alaçalpo da deyirlər. Yəqin ki, bu ifadə də yaz dumanlarının torpaq üzərinə enməsilə havaların tutqun olması anlamına gəlir. Boz ayın bir xüsusiyyəti də var ki, bilmirsən qışdır, yoxsa yaz? Hava kimi adamın ovqatı da çox kövrək, dəyişkən olur bu ayda. Gəlin görək tədqiqatçıların Boz ay haqqında fikirləri nələrdir?

Etnoqraf alimlər qeyd edirlər ki, mərasimlər sistemimizdə xüsusi yer tutan Boz ay xalqımızın keçmiş adət-ənənəsinə görə, Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilən addır. Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününədək – Novruza qədər davam edir və hərəsi bir həftə çəkməklə dörd çilləbeçəyə, yəni çərşənbəyə bölünür. El arasında bu müddət “boz çillə”, “ala çillə”, “alaçalpo”, “ağlar-gülər ayı” adları ilə də tanınır. Tədqiqatçıların fikrincə, bu adların hər biri dəyişkən mənasına gəlir. Bu isə həmin müddətdə havanın buludlu, yağışlı, küləkli, günəşli keçməsi ilə əlaqədardır. El arasında “Çoban aldatdı” yağışı adlanan günəşli yağmurlar da bu ayda tez-tez görünür.
Xalq arasında belə bir deyim var ki, Boz ay bozara-bozara keçər. Elə bu deyim də ilin bu ayında havaların dəyişkənliyinə işarədir. Bununla bağlı bir rəvayətdə deyilir ki, qədim zamanlarda Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32, təkcə Boz aya isə 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30, bəzisi isə 31 gündən ibarətdir. Mifə görə Boz ayda havaların belə dəyişkən olmasının bir səbəbi də digər aylardan da pay aldığına görədir.
Kiçik çillə ilə Novruz arasındakı bu ay qışdan yaza keçid dövrü olduğu üçün xalq arasında “bayram ayı” da adlandırılır. Novruzun müjdəçisi olan Boz ayda su, torpaq, yel, od çərşənbələri bu aya təsadüf edir. Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni bu adların sonradan qoyulması barədə zaman-zaman mübahisəli fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Şərq qapısı” qəzetində dərc edilmiş “Boz ay qışdan yaza keçid dövrüdür” adlı məqaləsində qeyd olunur ki, qədim zamanlarda xalq yazın gəlişinin ilk əlamətini leyləyin qayıtması ilə bilərdi. Leyləklər, əsasən, Kiçik çillənin sonu, çilləbeçənin əvvəllərində qayıdırlar. Bundan sonra havalar bir neçə günlüyə soyuyur, soyuq küləklər əsir. Buna “leylək boranı” deyirlər. Xalq arasında belə bir inam var ki, gərək leyləyin yumurtasının üstünə qar yağa. Ümumən, leyləklər erkən qayıtdıqda öz köhnə yuvalarına dönürlər. Onlar Novruzu yuvalarında keçirirlər. Bir atalar sözündə isə deyilir: “Cəmrə havaya, leylək yuvaya”. Deməli, leyləklər yuvalarına cəmrələrin olduğu dövrdə, yəni köhnə ildə dönürlər.
Xalq arasında “ağlayan-güləyən” ay kimi də tanınan Boz ayın dörd çərşənbəsi var. Novruz bayramından 4 həftə öncə xalqımız, xüsusilə də Naxçıvan bölgəsi bu çərşənbələri xüsusi təntənə ilə qeyd edir. Bunun da öz tarixi kökləri var. Xalq təqviminə görə, Novruz öncəsi çərşənbələrdən birincisi “Su çərşənbəsi” adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Çərşənbəyə hazırlıq mərhələsi olaraq, ilk növbədə, həyət-baca təmizlənir, evlər səliqə-sahmana salınır. Qızlar bulaqlardan sərin su gətirir, evin ətrafına çiləyir, üzlərini yuyurlar.
İkincisi “Torpaq çərşənbəsi”dir. Torpağı ana təbiət su ilə isladır, Günəşlə isidir. Ona görə də ilk yaz əkininə xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni”, – deyib buğda isladırlar. Məhz Boz ayda torpağı əkib-becərməyə hazırlayan yaz dumanları başlayır. Dumanların yumşaltdığı torpaq, tədricən, arata, şumlamağa hazırlanır. Ona görə də xalq arasında “qış dumanı qar gətirər, yaz dumanı bar” kimi bir deyim də var.
Boz ayın növbəti həftəsinə “tüstü qaytaran” həftə deyilir. Bu isə həmin müddətdə əsən küləklərin tüstü bacalarından tüstüləri təkrarən evin daxilinə qaytarması ilə əlaqəlidir.
Üçüncü “Yel çərşənbəsi”dir. Bu vaxt yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü “Od çərşənbəsi” adlanır. Ona görə ki, bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isidir, onu əkmək üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Hər ailə üzvünün adına bir şam yandırır, xonçalar düzəldirlər.
Folklorşünasların araşdırmalarında Novruza qədər keçirilən bayram və mərasimlərdə məhsul bolluğu diləyi başlıca cəhət sayılır. Ulu əcdadlarımızda belə bir inam var idi ki, nə qədər bolluğu arzulasan, onu çağırsan, o sənə daha tez yaxın düşər. Biz də ata-babalarımızın inamına əsaslanaraq yeni başladığımız bu ilin hər kəs üçün uğurlu və bol ruzili olmasını diləyirik.

 Gülcamal TAHİROVA

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR