27 Yanvar 2021, Çərşənbə

Bu gün informasiyalaşma əsrində kitabın və mütaliənin sosial əhəmiyyətinin getdikcə artdığını hamımız görürük. Biliklərə olan tələbatın artması kitabın yeni mövcudluq formalarının da meydana gəlməsinə, inkişafı və yayılmasına zəmin yaradır. Mütaliə mədəniyyətinin mühüm tərkib hissəsi oxuduqlarımızın qavranılması, başa düşülməsi və şərh edilməsidir. Qavramanın səviyyəsi isə şəxsin oxucu kimi dünyagörüşündən, təhsilindən, bacarıq və təcrübəsindən də xeyli dərəcədə asılıdır. Mütaliə mədəniyyəti, oxu mədəniyyəti dedikdə hər hansı konkret fəaliyyət üzrə mədəniyyət nəzərdə tutulur. Bu da, əsasən, oxucuların informasiya əldə etməsi və bu informasiyanı yeni biliyə çevirmək qabiliyyətidir. Muxtar respublikamızda son illərdə insanlarda, xüsusən də gənclərdə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşünün formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sırada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq olunmasını xüsusi vurğulamaq lazımdır. Bu siyahı 30 kitabla təsdiq olunmuşdu. Sonra isə 3 kitab da əlavə edilib. Həmin siyahıda görkəmli yazıçımız Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı da var.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, bütöv bir ədəbi məktəb formalaşdırıb. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar yaradıb. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin qələmə aldığı qiymətli dram və nəsr əsərləri, publisistikası dərin humanist məzmuna malik olub özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Bütün şüurlu həyatı ilə Azərbaycan xalqına, onun azad və xoşbəxt gələcəyinə xidmət edən, öz maarifçilik ideyaları ilə nadanlığa, səfalətə, savadsızlığa qarşı qələmilə mübarizə aparan Cəlil Məmmədquluzadənin oxunması zəruri olan kitabların siyahısına salınmış “Hekayələr” kitabına onun, adından göründüyü kimi, bir neçə hekayəsi toplanıb. Həmin hekayələrdən biri də “Poçt qutusu”dur. Dünya ədəbiyyatında hekayə janrının ən gözəl nümunələrindən sayılan, bir neçə dildə nəşr edilib yayılan “Poçt qutusu” Cəlil Məmmədquluzadəni sadə Azərbaycan kəndlisinin dostu və xeyirxahı kimi məşhurlaşdırıb. Hekayənin məzmunu da, quruluşu da cazibəlidir, təzədir. Süjeti ustalıqla inkişaf etdirilən bu əsər qeyri-adi bir sonluqla qurtardığından bir sıra alim və oxucular “Poçt qutusu”na novella hesab edirlər.
Hekayənin əsas surətləri olan Xan və onun rəiyyəti Novruzəli müəllifin satirik məramla qəsdən “İt qapan” adı verdiyi kəndlərdəndir. Zahirən sakit, qayğısız görünən bu kəndin həyatı, adamların məişəti, bir-biri ilə rəftarı ozamankı kəndin tipik mənzərəsini canlandırır. Burada, bir el məsəlində deyildiyi kimi, “bəyin bəy yeri var, kəndlinin kəndli yeri”. Bu, insanların danışığında, bir-birinə müraciətlərində, rəftarlarında da hiss olunur. Xüsusilə Novruzəlinin kəlməbaşı xana “qadan alım”, “xan, başına dönüm”, “sənsiz mənim bir günüm olmasın!”, “qurban olum sənə” deməsi onun xarakterinin açılmasına çox kömək edir. Novruzəli o qədər avamdır, dünyadan o qədər bixəbərdir ki, bəyin məktubunu poçt qutusuna salandan sonra bilmir çıxıb getsin, ya dayanıb qutunun keşiyini çəksin. Elə bu vaxt rus poçtalyonun gəlib poçt qutusundakı məktubları aparması ilə başlanan konflikt onun həbs olunması ilə nəticələnir: “Yazıq Novruzəli bir neçə dustaq ilə oturub uşaq kimi ağlayır, gözünün yaşını ətəyi ilə silir”. Xanın xahişi ilə buraxılan Novruzəli olub keçən əhvalatı məzlum-məzlum nağıl eləyib “Başına dönüm, xan, bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi?” – deyəndə və hadisəni “İşdi, belə oldu. Bunlar hamısı Allahdandı. Gərək belə olaymış” kimi mömin müsəlman şüuru ilə bağlayanda, kiçik bir parçada, nə qədər mətləbləri ortaya qoyur.
Qeyd edək ki, yazıçının digər əsərlərində də dövrün, yaşadığı mühitin real görüntüləri oxucuya yanar bir qələmlə çatdırılır. Müəllif yaşadığı həyat həqiqətlərini təsvir edəndə millətin işıqlı sabahını görmək istəyirdi.
Gəlinən qənaət budur ki, mütaliə insanı bir şəxs kimi formaya salır, düşüncələrimizə və həyat tərzimizə işıq tutur. Həm də kitab oxumaq filmə baxmaqdan fərqlənir, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur. Kitab zənginlikdir, evində kitab rəfi olan insan ən zəngin insandır və məncə, onları heç bir bahalı aksesuar əvəz edə bilməz.

Aytac CƏFƏROVA

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR