26 Noyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında 10-dan çox balıqçılıq təsərrüfatı fəaliyyət göstərir, onlar əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının davamlı şəkildə ödənilməsinə nail olmağa çalışırlar. Müxtəlif balıq növlərinin təbii halda yetişdiyi çay, göl və su anbarlarımız xüsusi şəkildə mühafizə olunur. Bu su hövzələrində muxtar respublika əhalisinin tələbatını tam şəkildə ödəyə biləcək yüksəkkeyfiyyətli balıq sortlarının yetişdirilməsi üçün əlverişli təbii şərait yaradılıb. Balıq sərvətlərimizin ciddi şəkildə qorunması üçün görülən tədbirlər də bu qiymətli qida növünün çoxaldılmasına imkan verir. 

Əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı və balıqçılığın inkişafı üçün görülən bu tədbirlər, son nəticədə, ərzaq təhlükəsizliyinin təmin olunmasında digər sahələrlə yanaşı, balıqçılıq təsərrüfatlarının da rolunun artırılması məqsədi daşıyır. Bununla yanaşı, muxtar respublikada balıq və digər su resurslarının qorunması, bərpa və mühafizəsinə də xüsusi diqqət yetirilir. Hazırda Naxçıvanda balıq və digər su bioresursları, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlər əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılır, süni və təbii göllərdə dünya təcrübəsinə əsaslanmaqla balıq yetişdirilir. Bütün bunların nəticəsində balıqçılıq məhsulları istehsal edən müəssisələr formalaşır. Görülən işlər dövlətimizin bu sahəyə diqqət və qayğısından xəbər verir.

Bunun ifadəsidir ki, 2015-ci il sentyabrın 10-da muxtar respublika rəhbərinin iştirakı ilə Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleks istifadəyə verilib, bununla da, əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı sahəsində əhəmiyyətli dəyişikliklərə yeni imkanlar yaradılıb.
Sentyabr ayından etibarən balıq ovu mövsümünün başlanması ilə balıqçılar Araz çayında ova çıxıblar. Bunun nəticəsidir ki, indi mağazalarda sərfəli qiymətə müxtəlif növ təzə balıq almaq mümkündür. Ötən günlərdə bu sahədə görülən işlərlə tanış olmaq üçün Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na yollandıq.
Naxçıvan şəhərinin Araz çayına yaxın bir ərazisində yerləşən kompleksdə öyrəndik ki, sovetlər dövründə yarıtmaz binalarda, köhnə avtomobillərlə və şəraitsiz şəkildə fəaliyyət göstərən kollektivin öz işini müasir tələblər səviyyəsində qurması, balıqçılığın inkişaf etdirilməsi məqsədilə geniş imkanlar açılıb.
Təsərrüfatın balıqçıları balıq ovu mövsümündə iqlim şəraitinə görə lazımi avadanlıq və xüsusi geyimlərlə təmin olunur, onların təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə balıqçılara çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Onların dedikləri:
– İstənilən hava şəraitində işləmək üçün vasitələrimiz vardır. Çox minnətdarıq ki, bizim üçün bu cür şərait yaradılıb. Əsas ona diqqət yetiririk ki, kiçik və lazımi çəkiyə uyğun gəlməyən balıqları ovlamayaq. Çünki bu sərvət təkcə bu gün deyil, gələcəkdə də insanların karına gələcək. Balıq ovunun qaydalarına ciddi əməl olunur, yurdumuzun təbii sərvətləri lazımınca qorunur ki, könlü balıq istəyən hər bir insan onu alıb süfrəsinə gətirə bilsin.
Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, muxtar respublikamızın Heydər Əliyev, Araz, Arpaçay və Uzunoba Su anbarları kimi iri su hövzələrində öz fəaliyyətini genişləndirən Naxçıvan “Balıqçılıq Təsərrüfatı” qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən lazımınca istifadə etməyə çalışır. Naxçıvanın su hövzələrindən tutulan çəki, suf, xəşəm, naxa, qalınalın, dabanbalığı kimi balıq sortlarına mövsüm ərzində böyük tələbat vardır. Bazar­dakı tələbatı ödəyə bilmək üçün mövcud hava şəraitindən istifadə edərək gün ərzində lazım olan həcmdə balıq ovlanır, muxtar respublikada əhalinin balıqla təminatını ödəməyə səy göstərirlər. Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı yarmarkalarında adıçəkilən təsərrüfat fəal iştirak edir, işçilər əhalinin təzə balıq məhsullarına olan tələbatını təmin etmək üçün səy göstərirlər. Su hövzələrindən tutulan balıq gündəlik olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində 2008-ci ildən fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya analizindən keçdikdən sonra satışa göndərilir. Təzə balığın satış məntəqələrinə çatdırılması üçün “Hyundai” markalı avtomobil və 2 ton tutumlu soyuducu kamera vardır.

Onu da qeyd edək ki, balığın çox vacib bir qida sayılmasının səbəbi onun həm insan orqanizmi üçün zəruri maddələrlə zənginliyi, həm də müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Bu canlının faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın faydaları alimlərin inkişaf etmiş texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəzlərindən istifadə etməsi ilə aydınlaşdırılıb. Bu cür dəyərli qida mənbəyinə “Qurani-Kərim”də işarə edilməsi və “Kəhf” surəsində yorğunluğu aradan qaldıran bir qida kimi təqdim olunması da, əlbəttə, çox hikmətlidir.
Balıq əti dadlı və şirəli olmaqla bərabər, insan orqanizmi tərəfindən tez həzm edilir. Balıq və balıq məhsulları digər heyvan mənşəli zülallı məhsullara nisbətən iqtisadi cəhətdən çox sərfəlidir. 1 qram treska zülalı eyni miqdarda toyuq zülalından 6, inək və qoyun zülalından isə 3 dəfə ucuzdur. Balıq “zəka qidası” da adlandırılır, çünki beyindəki yağın əsas tərkibi özündə “Omeqa-3” yağ turşularını ehtiva edən maddədir. Tərkibi həmin maddə ilə zəngin olan balıq yağı qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı salır. Hər birimizə bu faydalı qida ilə orqanizminizin sağlamlığı qayğısına qalmaq diləyi ilə...

- Ramiyyə ƏKBƏROVA

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR