26 Noyabr 2020, Cümə axşamı

Azərbaycanın çox əlverişli geosiyasi mövqedə yerləşməsi, yeraltı və yerüstü sərvətlərinin zənginliyi istər qonşu dövlətlərin, istərsə də xarici imperiyaların diqqətini tarixən özünə cəlb edib, onlar işğal etmək üçün fürsət axtarıblar.
Azərbaycana marağı olan imperiyalardan biri də Ərəb Xilafəti idi. Xilafət qoşunları 642-ci ildə Azərbaycanın sərhədlərini keçərək 651-ci ildə Sasanilər imperiyasının varlığına son qoydular. Sasani imperiyasından asılı olan Atropatena və Albaniyanın əraziləri də Ərəb Xilafətinin tərkibinə qatıldı. İlk vaxtlar ərəblər işğal etdikləri ərazilərdə yumşaq vergi siyasəti həyata keçirirdilər, sonra vergi və mükəlləfiyyətlərin ağırlığı, ərəblərin köçürmə siyasəti əsarətdə olan xalqların etiraz çıxışlarına və üsyanlarına səbəb oldu, Beyləqanda Müsafirin başçılığı altında 748-ci ildə başlanan üsyan tezliklə yatırıldı. Mənbələrdə “əl-müxəmmirə” – “qırmızı geyinmişlər” adı ilə məşhur olan Xürrəmilərin ərəblərə qarşı ilk çıxışları 778-ci ildə baş verdi. Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan keçən az qala iyirmi illik sükutdan sonra “qırmızı geyinmişlər”in 796-797-ci illərdəki üsyanları da uğursuz oldu. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə Xürrəmilər azadlıq rəmzi olan qırmızı bayraq qaldırıblar. Ərəb tarixçisi ət-Təbərinin verdiyi məlumata görə, Xürrəmilərin 808-809-cu illərdə baş verən çıxışları İsfahan, Rey, Həmədan və başqa ərazilərdə yüz mindən artıq üsyançını əhatə edirdi. Bu çıxışlar da uğursuz olmuş, saysız adam öldürülmüş, çoxlu əsir tutulub Bağdad bazarında satılmışdır. Mənbələrdən məlum olur ki, 816-cı ildə Xürrəmilərin rəhbərləri olan Cavidanla Əbu İmran arasında çəkişmə və ədavət açıq döyüşdə hər ikisinin ölümü ilə nəticələnmişdi.

816-cı ildən Xürrəmilər hərəkatına Babək rəhbərlik etməyə başladı. Mənbələrin verdiyi məlumatlara görə, Babəkin əsl adı Həsən olub. 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində dünyaya göz açan Babəkin Cavidanla tanışlığı Zəncanda olub. Digər mənbəyə görə, Cavidan bir dəfə fırtınaya düşüb və Babəkgildə gecələməli olub, Babəkin dərin zəkasına, yaşından xeyli irəliyə getdiyinə heyran qalan Cavidan Babəkin anası Bərumənddən icazə alaraq Babəki Bəzz qalasına gətirib.
Xürrəmilərin mübarizəsi tezliklə əsarətə qarşı yönəldilmiş ümumxalq hərəkatına, sözün əsl mənasında, müharibəyə çevrilib. Üsyanın əsas hərəkətverici qüvvələri kəndlilər olsa da, şəhər yoxsulları, sənətkarlar, habelə Xilafətdən narazı olan bəzi yerli feodallar da bu mübarizəyə qoşulublar. Xürrəmilər icmasına rəhbərliyi qəbul etmiş Babək Cavidanın vəsiyyəti adlandırdığı “Torpağa sahib olmalı, zalımları məhv etməli və məzdəkiliyi dirçəltməli” idilər. Çox keçmədən Azərbaycanın cənub torpaqlarının çoxunu ərəblərdən təmizləyən üsyan dalğası qonşu vilayətlərə də yayılaraq azadlıq mübarizəsi şəklini aldı. Xəlifə əl-Məmun 819-cu ildə Xürrəmilərə qarşı ilk nizami qoşun göndərdi, lakin qoşun məğlub oldu. 820-826-cı illərdə Xürrəmilərə qarşı göndərilən ərəb sərkərdələrinin qoşunları da məğlub edildi.
829-cu il iyunun 3-də Həştadsər dağı yaxınlığında Xürrəmilərlə ərəblər arasında həlledici döyüş baş verdi. Qanlı vuruşma Xürrəmilərin qələbəsi ilə bitdi. Xürrəmilər 30 minədək ərəb döyüşçüsünü, o cümlədən ərəblərin məşhur sərkərdəsi Məhəmməd ət-Tusini məhv etdilər. 830-cu ildə I Həmədan döyüşündə Xürrəmilər yenə uğur qazandılar. 833-cü ildə isə ilk dəfə II Həmədan döyüşündə məğlub oldular, lakin ərəblərin 60 minlik qüvvəsini məhv etdilər. Həmin döyüşdəki qələbədən sonra xəlifə Mötəsim Bizansla müharibəni dayandırdı və bütün qüvvələrini Xürrəmilərə qarşı yönəltdi. 835-ci ildə Bizansa qarşı döyüşdə özünü mahir döyüşçü, istedadlı sərkərdə kimi göstərmiş Afşin Heydər ibn Kavusu Xürrəmilərlə döyüşəcək bütün xəlifə qoşunlarının baş komandanı təyin etdi. 835-ci il boyu Afşin Bəzz qalası ətrafındakı məntəqələrin möhkəmləndirilməsi işini davam etdirir. 836-cı ildə Xürrəmilərlə ərəblər arasında yeni döyüş baş verdi. Ərəb ordusuna özündən xeyli razı sərkərdələrdən biri – Buğa əl-Kəbir başçılıq edirdi. O, Afşinin əmrini gözləmədən Xürrəmiləri məğlub etməyi qərara almışdı. Lakin döyüş ərəblərin uğursuzluğu ilə başa çatmış, sərkərdə öz canını zorla xilas edə bilmişdi. 836-cı ilin qışında Babək ən yaxın sərkərdəsini, öz malikanəsində öldürülmüş Tarxanı itirdi. Onun ölümü Xürrəmilərin fəaliyyətini xeyli mürəkkəbləşdirdi, bundan sonra hərəkat iştirakçıları bircə dəfə də qələbə qazana bilmədilər.
837-ci il avqustun 26-da Xürrəmilərlə ərəblər arasında son döyüş oldu. Afşin Bəzz qalasının yerləyeksan olunması haqqında göstəriş vermişdi. Bəzz alınarkən 80 mindən artıq Xürrəminin öldürüldüyü, 7600 əsirin ələ keçirildiyi bildirilir. Xəlifə Babəkə Bizansla müharibə aparmaq üçün onlarla müttəfiq olmasını təklif edir. Lakin Babək “Bir gün azad yaşamaq, qırx il miskin qul kimi yaşamaqdan yaxşıdır”, – deyərək bu təkliflə qəti razılaşmır. 838-ci il martın 14-də Babək Samirə şəhərində şaqqalanmaq kimi ən ağır ölümə məhkum olunur. Edam zamanı Babək dəhşətli ağrıya və əzaba dözərək “Mən həmişə səninləyəm, Azərbaycan!” – deyərək əbədiyyətə qovuşur.
Dövrün ən böyük hadisələrindən olan Xürrəmilər hərəkatının uğursuzluğuna baxmayaraq, hərəkat əsarət altında yaşayan xalqların hafizəsində dərin izlər qoyur. Xilafəti kökündən sarsıdır, sonrakı siyasi hadisələrin əsaslı şəkildə dəyişməsinə şərait yaradır. Bu hərəkat nəticəsində Xilafət öz qüdrətini itirərək zəifləyir və Azərbaycanda qədim dövlətçilik ənənələri inkişaf edərək Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər kimi müstəqil dövlətlərin yaranmasına səbəb olur.
Bəli, azadlıq itkisiz əldə edilmir, mübarizə ilə qazanılır. Eynilə 1990-cı ilin 20 yanvarında olduğu kimi. Mənfur düşmənlərimiz Azərbaycan xalqının nə qədər mübariz, əzmkar, qəhrəman olduqlarını dərk etməlidirlər. Bu mübarizlik və əzmkarlıq Azərbaycan xalqının dövlət müstəqilliyini əldə etməsi ilə nəticələndi. Bu gün müstəqilliyimiz möhkəm, polad dayaqlar üzərində qurulub. Bu azadlıq və müstəqillik – Azərbaycan tarixinin keçmişinə dərindən bələd olan, xoşbəxt gələcəyini böyük uzaqgörənliklə görən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin ifadəsi ilə desək: “Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir!”. Təbii ki, siyasətdən güc-qüvvət alan müstəqilliyimiz günü-gündən daha da möhkəmlənir və qüdrətli Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi, maddi, mənəvi gücünü və potensialını bütün dünyaya sübut edir. Xalqımız bu gün də öz tarixi torpaqlarının – Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi aparır. Bu müharibə sentyabrın 27-dən mənfur düşmənlərimizin yenidən Azərbaycan torpaqlarına ərazi iddiası ilə başlayıb, lakin bütün cəbhələrdə düşmən müzəffər Azərbaycan Ordusu tərəfindən məğlub edilir. Ümid edirik ki, tezliklə qələbə qazanılacaq, üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün bölgəmizdə əzəmətlə dalğalanacaq!

Ulduz EYVAZOVA
Naxçıvan Qarnizonu tam orta məktəbinin
tarix müəllimi

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR