29 Oktyabr 2020, Cümə axşamı

Xalqımız hər zaman gənc nəslin Vətənə məhəbbət, el-obasına hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına diqqət göstərib və ona ən vacib məsələ kimi baxıb. Çünki Vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, bu yolda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək təbiidir. Ona görə də bu gün hüquqi, demokratik dövlət quruculuğunun sürətlə inkişaf etdiyi ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi prioritet vəzifələrdən birinə çevrilib. Bu istiqamətdə ümumtəhsil məktəblərimizdə həyata keçirilən tədbirlər mühüm rol oynayır. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Döyüş Şöhrəti Muzeyində “Gənclərdə hərbi-vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği” mövzusunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə keçilən açıq dərs də belə tədbirlərin davamı olub. Dərsin keçilməsində qarşıya qoyulan məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin təkcə savadlı, intellektli gənclər kimi deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq, vətənpərvər gənclər kimi yetişdirilməsinə nail olmaqdır.

Açıq dərsi Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin hərbi rəhbəri Novruz Novruzov aparıb. Bildirilib ki, şəxsiyyət yetişdirilməsinin təməlində vətənpərvərlik tərbiyəsi dayanır. Vətən borcu, Vətən sevgisi hər kəsin ürəyində olmalı, bu sevgi ilk olaraq məhz məktəbdə aşılanmalıdır. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən sentyabrın 27-də başlanmış döyüşlər hələ də davam edir. Hazırda şanlı ordumuzun uğurlu əməliyyatlar nəticəsində işğal altında olan bəzi torpaqlarımız düşməndən azad edilib. Belə uğurlu əməliyyatları bir daha təsdiq etdi ki, Azərbaycan mübarizə yolu ilə torpaqlarını azad etməyə qadirdir.
Naxçıvan şəhər 1, 2, 3, 4, 5 nömrəli tam orta məktəblərin IX-XI siniflərindən, ümumilikdə, 40 şagirdin iştirak etdiyi açıq dərsdə şagirdlər müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş silah, texnika və qurğuları, “Mİ-8T” döyüş-nəqliyyat vertolyotu, tanklar, piyadanı, döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillərlə tanış olublar.
Qeyd edək ki, oktyabr və noyabr ayı ərzində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Naxçıvan Döyüş Şöhrəti Muzeyində açıq dərslərin keçilməsi davam edəcək.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR