29 Oktyabr 2020, Cümə axşamı

Doğma Vətənim Azərbaycan! Dünyaya göz açdığım, havası ilə nəfəs aldığım, suyunu içib, çörəyini yediyim müqəddəs torpaq! Məni qoruyan, qayğı göstərən əziz anam! Bu gün bütün övladlarının ürəyi səninlə, köksündən vəhşicəsinə alınıb zorla qoparılmış Qarabağımızla döyünür. 30 ilə yaxındır ki, silinməz yaralar bağlayan qəlbimiz qələbə müjdəsinin sorağı ilə yenidən həyat tapır, haqqın, ədalətin bərpasını gözləyir. Zəfər bayrağımızın Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə – doğma torpaqlarımızda dalğalanacağı o gün yaxınlaşır. Müstəqilliyimiz, azadlığımız uğrunda şəhid olan minlərlə Vətən övladlarının qisasının alınacağı, yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qayıdacaqları günə inanırıq. Məhz bu gün igid, vətənpərvər oğullarımız torpaqlarımızın bütövlüyü uğrunda qorxmadan, cəsarətlə düşmənlə vuruşaraq zəfər çalır. Azərbaycanın haqq işində Prezidentimizin ətrafında bir yumruq kimi birləşən belə qəhrəman, cəsur xalqın övladı olmaqdan hər bir azərbaycanlı qürur duyur. 

Bu gün bütün naxçıvanlılar da Ali Baş Komandanımıza, Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna, onun gücünə, qüdrətinə inanır və hər an düşmənlə döyüşə hazırdır. Bunu həmsöhbət olduğumuz Qarabağ müharibəsində, Sədərək uğrunda döyüşlərdə iştirak edən müharibə veteranlarımızın Vətən sevgisi, döyüş ruhu, qələbə inancı da təsdiqləyir.

Naxçıvan şəhər sakini, Sədərək döyüşlərində sağlamlığını itirən Fəxrəddin Rəcəbov keçdiyi döyüş yolu, ordumuzun şanlı zəfəri barədə danışır:

– Sədərək, Buzqov döyüşlərinin iştirakçısı kimi deyə bilərəm ki, sentyabrın 27-də erməni silahlı qüvvələrinin törətdiyi növbəti təxribat bizi təəccübləndirmədi. Heç vaxt unutmağa haqqımız olmayan ötən əsrin 90-cı illərini bir daha xatırlatdı. 1992-ci ildə növbəti hədəfi Naxçıvan əzmkarlıqla müdafiə olundu, çoxlu şəhid verdik. Bu gün ermənilər öz havadarlarının köməyi ilə yenə də məkrli planlarını, torpaqlarımıza qarşı acgöz siyasətlərini davam etdirirlər. Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutması, bunun nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralıların olması erməni faşizminin növbəti təzahürüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmır. Çünki bizim qüdrətli, yenilməz, cəsur ordumuz vardır. Möhtərəm Prezident, cənab Ali Baş Komandanımızın qətiyyəti, şanlı ordumuzun əks-hücumu nəticəsində ordumuz uzun illər işğal altında olan yeddi kəndimizi və ən strateji yüksəklik olan Murovdağ silsiləsini, digər yüksəklikləri mənfur düşməndən azad etdi. Bu qələbələr bizi çox sevindirir, hər bir azərbaycanlı kimi, bizə də sevinc və sonsuz qürur hissi yaşadır. Xalqımız inanır ki, düşmən tapdağında olan bütün torpaqlarımız azad ediləcək və zəfər çalacağıq. Azərbaycan bayrağı əzəli torpağımız Qarabağda dalğalanacaq və tezliklə tarixi ədalət öz yerini tapacaq. Mən hər zaman döyüşə, Vətənimin yolunda öz canımı qurban verməyə hazıram. Prezident cənab İlham Əliyevin qismən səfərbərlik elan edilməsi haqqında sərəncamından sonra ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda cəsur oğullarımız, o cümlədən mənim də övladım ordu sıralarına qoşulmaq üçün müraciət etdi. Bu günlərdə sarsılmaz xalq-ordu birliyini, həmrəyliyini vətəndaşlarımızın timsalında bir daha aydın gördük.
Fəxrəddin Rəcəbov dövlətimizin veteranlara göstərdiyi qayğıdan razılıq edərək bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin müharibə veteranlarına göstərdiyi böyük diqqətin davamının bu gün muxtar respublikamızda da şahidiyik. Məhz bunun ifadəsidir ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 23 ünvanında mənzillə, eləcə də “NAZ Lifan” markalı avtomobillə təmin olunmuşam. Göstərilən böyük diqqətə, qayğıya görə dövlətimizə minnətdaram.
Digər bir müharibə veteranımız Babək rayon Cəhri kənd sakini Natiq Səfərovdur.

O deyir ki, 1988-ci ildən Sədərəkdə, Gərməçataqda, Buzqovda, Şərurda, Ordubadda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Sədərək döyüşlərində düşmənə müqavimət göstərərkən yaralanıb, sağlamlığını itirib: – Heç vaxt o çətin günlər yadımdan çıxmır. O vaxtlar silah-sursat, texnika cəhətdən xeyli çətinliklərimiz var idi. Bugünkü Azərbaycan Ordusu 1990-cı illərdəki zəif, silahsız ordu deyil. İndi bizim müasir silahlarla təchiz edilmiş qüdrətli ordumuz vardır. Ordumuzun gücünə, düşmənə layiqli cavabına Aprel döyüşləri və Günnüt zəfərində, həmçinin bu ilin iyul, sentyabr aylarında bir daha şahid olduq. Bu gün ordumuz öz torpağımızda vuruşur, ərazi bütövlüyümüzü qoruyur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu da Azərbaycan Ordusunun tərkib hissəsi kimi böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala biləcək gücdədir. Biz inanırıq ki, Ermənistanın işğalına tezliklə son qoyulacaq və tariximizə ötən əsrin 90-cı illərinin əvvəllərindəki məğlubiyyətlər deyil, əksinə, qalibiyyətlər, zəfərlər yazılacaq. Biz dövlət başçımızın torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması istiqamətində atdığı qətiyyətli addımları ürəkdən dəstəkləyirik. Özüm və hər iki oğlum da hər an döyüşə hazırıq. 

Yaqub Rzayev Qarabağ döyüşlərinin iştirakçısıdır, öz sağlamlığını Vətən yolunda qoyub.

Onun dediklərindən: – 1990-cı illərdə işğalçı erməni qüvvələri sərhəd kəndlərimizə hücum edirdi. O vaxt mən də Qazax rayonunda xidmətdə idim. Erməni hərbçilər sərhədi keçib, rayonun Qızılhacılı kəndinə hücum etdi. Neçə-neçə ev yandırıldı, neçə ailələr, körpə uşaqlar öldürüldü. Həmin anları həyəcansız xatırlamaq mümkün deyil. Mən də həmin vaxt o od-alovlu müharibədə iştirak edirdim və döyüş vaxtı ayağımı itirdim. Bu gün torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda başlanan mübarizə mənim kimi, neçə müharibə iştirakçısının ürəyindən xəbər verir. İndi biz əminik ki, güclü ordumuz doğma torpaqlarımızı geri qaytaracaq. Ümumi qələbəmiz naminə bütün vətəndaşlarımız həmrəydir, birdir, bizim ürəyimiz ordumuzla birgə döyünür. Biz naxçıvanlılar da Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin sərəncamını təntənə ilə qarşılayırıq və doğma dədə-baba torpağımız uğrunda döyüşə hər zaman hazırıq. Şanlı ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri azad etməsi göstərdi ki, biz öz ərazi bütövlüyümüzü təmin etmək qüdrətindəyik. Düşmən bir daha gördü ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Yaqub Rzayev dövlətimiz tərəfindən şəhid ailələrinin, müharibə iştirakçıları və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması yönündə atılan addımlara münasibət bildirərək deyir ki, dünyanın heç bir ölkəsində veteranlara bizdəki qədər diqqət və qayğı göstərilmir. Mən də bu diqqətdən kənarda qalmamışam, mənzil və avtomobillə təmin edilmişəm. Bu bir daha göstərir ki, Vətən yolunda mübarizə aparanlar heç vaxt unudulmur, onlara hörmət və diqqət göstərilir.
Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad olunacağı günün sevincini yaşayır. Erməni təxribatına layiqli cavab verən şanlı Azərbaycan Ordusu qələbə xəbərləri ilə həmin günü müjdələyir. Bu gün vətənpərvər gənclərimiz böyük ruh yüksəkliyi ilə ön cəbhəyə getməyə can atır, hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilir. Bu gün hər anımız Vətən deyir. Bəli, bu gün Vətən mənəm, Vətən sənsən, Vətən bizik və “Biz birlikdə güclüyük!”

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR