20 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Ali Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar məktəbli şeir həvəskarı Sabrina Gültəkinin “Mənim anam bir mələkdir” adlı ilk şeirlər kitabını mənə hədiyyə verəndə bir neçə il əvvəl muxtar respublika rəhbərinin uşaq ədəbiyyatının müasir vəziyyəti, onun inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqları xatırladım. Və ötən dövrdə bu qədim diyarda yaşayan, özlərini ölkə səviyyəsində təsdiq edən qələm sahiblərinin bu istiqamətdə ədəbiyyatımızın sərvətinə çevrilən şeir və hekayələri ilə yanaşı, həm də onların bir çoxunun gənc istedadlara kömək göstərmələri gözlərim önünə gəldi.

Elə bu kitab da Asim Yadigarın xeyir-duası və “Ön söz”ü ilə işıq üzü görüb. Asim müəllim çox düzgün olaraq “Ön söz”də yazır ki, bu gün 13 yaşlı məktəblinin şeirlərində qayda-qanunlarının tam yerində olduğunu, bədii ifadə vasitələrinin kamilliyini tələb etmək düzgün olmaz. Ancaq bu kitaba toplanan şeirlər onu göstərir ki, Sabrina öz üzərində işləyərsə, klassiklərimizi, müasirlərimizi mütaliə edərsə, ədəbiyyat nəzəriyyəsini dərindən öyrənərsə, o, gözəl şair ola bilər. Bunun üçün imkanlar da var, vaxt da.
Təqdirolunasıdır ki, Sabrinanın Vətən mövzusunda qələmə aldığı nümunələr çoxdur; bu şeirlərdə onun vətənpərvərlik duyğuları özünü göstərir:

Naxçıvan alınmaz qalamdır mənim,
Ona daş atanlar lap çox olubdur.
Yadlar göz dikiblər cah-cəlalına,
O, düşmən gözünə bir ox olubdur.

Sabrinanın ilk qələm nümunələrində tariximiz, faciələrimiz, şəhidlərimiz, təbiətimizlə bağlı düşüncələri maraqlıdır. Fikrimizcə, bu bir məktəblinin doğma yurduna, öz xalqına sevgi və məhəbbətindən irəli gəlir. “Əsgərlərə”, “Vətən oğulları”, “Şəhidlər”, “Ey düşmən”, “Xocalı”, “Odlar yurdum” və başqa şeirlərində uşaq qəlbinin pıçıltılarını duymamaq mümkün deyil. Qələmə aldığı bu mövzularda Sabrinanın yaşından bir qədər irəli getməsi nəzərdən qaçmır, müşahidə duyumunun genişliyi onun gələcəyinə inam yaradır.
Kitabı vərəqləyərkən Sabrinanın mövzu dairəsi də diqqətimi çəkdi. Xüsusilə də anasına həsr etdiyi şeirlərdə məktəbli qız bəzən öz-özünü təkrar etsə də, fikirləri düşündürücü, ümumilikdə, analara arzuladıqları təbiidir. “Mənim anam bir mələkdir”, “Qayğıkeş analar”, “Ana”, “Anam” və digər şeirlər özünəməxsus ifadə tərzi ilə qələmə alınıb.
Biz də müəllifi ilk qələm təcrübələrindən ibarət şeir kitabının çapdan çıxması münasibətilə ürəkdən təbrik edirik. Arzumuz budur ki, onun şeir yazmaq həvəsin ötəri maraq olmasın. Əminəm ki, balaca şairimiz dərslərini yaxşı oxumaqla, ovsununa düşdüyü şeir dünyasında öz sözünü deyə biləcək. Kitabın redaktoru Asim Yadigarın da dediyi kimi, Sabrinanın imkanları da buna çatır, qarşıda vaxt da var. Belə yeniyetmə və gənclərə muxtar respublikamızda göstərilən qayğı isə öz arzularına çatmaqda başlıca amildir.
Yolunuz uğurlu olsun!

 Muxtar MƏMMƏDOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR