19 Sentyabr 2020, Şənbə

Yarım əsrdən çox tarixə malik bir kitabxanadan gəlir bu pıçıltılar... Səs gəlir, pıçıltısı ilə belə şüurlara hakim kəsilən səs, əsrləri, tarixləri yaşadan bir səs... Qulağım dilimə hökm edir, eşitmirəm daha, – deyir... Gözlərimdəki suallar dilimdə söz olub asılır hər küncə, bucağa. Görmək istəyirəm, bu əsrarəngizliyi... sevimli elm məbədgahımız – Naxçıvan Dövlət Universitetindən əsas binasındana azca uzaqlaşıram, orada, lap yaxcında bir mavilik var, göy üzünü xatırladır, səma ilə təmasda, onun qədər dərin, onun qədər hüzurlu... Boylanıram ətrafa  – kitabxanadır. Doğma diyarımızın müasir gözəlliklərinin bir səhifəsini əks etdirir bu bina. 

Elm ocağı, kamil şəxslər yetişdirən, həyat və elm dərsi verən bir binadır bura. Kitab qoxusu yayılıbdır həyətdəki hər çiçəyə, hər gülə. Böyük şair Rəsul Rza xəyalımdan boylanaraq elə bu dəm baxır yana... Kimi isə arayır o, axtarır o! Əllərində qızılgüllər, bəlkə gedir o Müşfiqi qarşılaya? Heyrət etdim bu dostluğa, qızılgüllər solmayacaq qorxma daha!!! Yavaş-yavaş oxuyuram pıçıltıyla: “Qızılgüllər var olacaq. Bu abad yurd, sönməz ocaq durduqca saralıb solmayacaq...”

Qapı taybatay açılıbdır, xoş gəldin edir hər gələnə. Yenə əllər dolu kitab... Görəsən, hansı şair hansı şairlə “qonşu olacaq?” Üzlərdə o yükün ağırlığı, bəllidir, kitabdakı söz yükü ağır olar... asanlıqla dərk edilməz, cümlələri məna-məna “yetişməmiş” o, dərilməz... Artıq pıçıltıların səsini daha aydın eşidirəm, kitablardan səs-səsə verib danışır hər ölkə, hər xalq... Bir tərəfdə Xətainin xoş avazı, şah vüqarla hökm edir xaqanlara! Bir tərəfdə qürbətdəki Füzuli də dua edir Məcnununa. Anladırlar, anlayıram, belə yaşayır ədəbiyyat, belə yaşanır əbədiyyət! Yoxdur burada zəncirlənmiş o sərhədlər, Şəhriyar da qonaq olub bu ocağa, bu yerə... Görüşür o, Bəxtiyarla, O Vurğunla... Nəsimini çəkməyiblər heç çarmıxa, şeir olub heykəlləşib, daşlaşıbdı o burada... Şekspir də gülümsəyir, yazdıqları yalnız olum! Silibdir o ölümləri kitablardan... O rəflərin arasında Tolstoydur, bax, deyəsən, Anna üçün ölümsüz bir qatar yolu düşübdür. Ümid ölüb, arzu bitib, Qoca artıq dənizlərdən əlin üzüb, tilov atır kitablara... Balaca Şahzadə də təsadüfən qonaq olub bu diyara... Sirri axtarır! Pıçıltıyla danışanlar görünməyir... Onları oxucuya göstərən bir rəssam var – Van Qoq çəkir, çəkir, bitmir rəsmi... Deyir, rənglərim də bu sükuta verib qulaq, pıçıltıyla danışacaq. Al-əlvan bir gözəl tablo, pıçıltısı ürəklərdə eşidilir... Sən də bir gün qonaq ol, gəl buraya! Hər kəs dostdur, hər kəs yoldaş, insanlıqdır hökm sürən bu minvalla! Qılınc davası bitib, savaş bitib, Fəxrəddin də qılıncını qoyub qına qədəm qoyub Nizaminin söz mülkünə... Hər kəs anlar buradakı kitabların öz dilini, səs yüksəlmir, ancaq sözdür ürəklərə, beyinlərə nüfuz edən.
Gəl qonaq ol, sən də dostum, bu fəzilət dolu bir dünyaya. O dünya ki bizə yara aldırmayan təcrübələr, həyatımızda yıxılmaqdan, sarsılmaqdan gediləcək dümdüz yolu o bir yer bəxş edir. Əl-ələ verək gedək, ey kitab pıçıltısına aşiq olanlar, kitab yurdunu sevənlər... Tikanlardan zərbə almadan, qovuşaq “Gülüstan”ımıza, güllü bağımıza... Oxuyub seyr edək, həyat mübarizələrini... zamanı döndərib, tarixi öyrənək! Millət dərdinə yanaq, Vətən üçün Eloğlu olaq, məlhəm olaq, dərman olaq. Sual verib, cavab alaq “Azər” kimi: Hansı qanı daşıyırıq köksümüzdə? Məramımız, məqsədimiz harayadır? Cavidin mələk qanı hələ də axırmı qanımızda? İblis olmuşuq yoxsa artıq?.. Qoşulaq bir-birimizə, “Həyat eşqin”dən yüksələrək uğurlara, boylanaq zəfərin tağlarına. Dərk edək bu dünyanı, bu yeri... özümüzü, sözümüzü... Niyə vardıq? Haralardan haralara biz ucaldıq? Yaradaq kitab xəritəsi, böyüsün kitab adlı bir diyar, səs salsın pıçıltı ilə dünyaya, daha eşitməsin qulaqlar mərmi, qursun səsini. Xəyallar, düşüncələr, kitablarda şahə qalxan o kəlmələr hakim olsun bu diyara, insanlıq da yarışsın qoy kitablarla! Oxuyaraq, öyrənərək öyrətməklə! Beləcə başlasın: kitablarla ünsiyyət. Biz oxuyaq, pıçıldasın o bizlərə... Oxu deyə, oxu deyə...

Könül SEYİDOVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR