19 Sentyabr 2020, Şənbə

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, muxtar respublika Yazıçılar Birliyinin sədri Asim Yadigarın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə işıq üzü görmüş yeni “O mənim ürəyim deyil...” kitabı akademik İsa Həbibbəylinin “Vətəndaşlıq mövqeyi, plyus lirizm” adlanan yazısı ilə açılır. Akademikin qənaəti: “Asim Yadigar yeni dövr Azərbaycan şeirində özünəməxsus dəstxəti və xidmətləri olan şairdir. O, müasir Azərbaycan ədəbiyyatının orta nəslinin tanınmış bir nümayəndəsidir. Onun şeir yaradıcılığı mənaca dərin və təsirli, forma etibarilə zəngindir, əlvandır... Asim Yadigarın müstəqil dövlətçilik ideallarını işıqlandıran şeirləri ən yeni dövr Azərbaycan poeziyasının düşündürücü, mənalı və təsirli nümunələridir. Şairin bu mövzuda yazılmış şeirləri Azərbaycan ədəbiyyatında böyük ənənələri olan siyasi lirikanı daha da zənginləşdirməyə xidmət edir. Siyasi lirika istiqamətində yaratdığı şeirlərdəki bədiilik faktoru bu poetik nümunələri uzunömürlü sənət faktına çevirir. Asim Yadigar müstəqillik dövrü Azərbaycan şeirində siyasi lirikanın əsas yaradıcılarından biridir”. 

 

Kitabı oxuduqca bu fikirlərin son dərəcə dəqiqliyini təsdiq edirsən. Belə demək daha düzgün olar: İsa Həbibbəyli Asim Yadigar yaradıcılığına işıq salaraq oxucunu şairin şeirlərindən alacağı ovqata kökləyir:

Heykəltəraş qardaşım, bir nurlu heykəl yarat,
Heydərimin adına yaraşan heykəl olsun.
O, heykəltək ucaltdı anam Azərbaycanı,
Qoy sənin yaratdığın ondan da gözəl olsun.

Hər sözündən, hər sətrindən ümummilli liderimiz Heydər Əliyevə, dahi rəhbərin qurub yaratdığı, bizə və gələcək nəsillərə ərməğan etdiyi doğma Azərbaycana böyük məhəbbət və ehtiram süzülən bu misralar kitabda özünə yer almış “Bir nurlu heykəl yarat” şeirindəndir. Müəllif bu şeirlə ulu öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz üçün gördüyü işlərin xəritəsini cızıb. Yeri gəlmişkən qeyd edim ki, yaradıcılığına yaxından bələd olduğum şair dostumun poeziya dünyasında Heydər Əliyev mövzusunun coğrafiyası çox genişdir və bütün şeirlərində Asim Yadigar əsl insan, əsl rəhbər, əsl xarakter yaratmaqla dahi rəhbərin poetik tərcümeyi-halını öz oxucusuna təqdim edib. “Bir bayraq altında”, “Heydər zirvəsi”, “Dədə Heydərim mənim” və digər şeirlərdə şair qəlbinin yaşantılarını, vətənpərvərlik duyğularını hiss etmək çətin deyil. Şairin doğma Vətənimiz Azərbaycan, onun şanlı tarixini özündə yaşadan dünəni, uğurları, inkişaf və tərəqqisi, bu günü haqqında yazdığı “Azərbaycan bayrağı”, “Azərbaycan tarix yazır” və digər şeirləri müasir Azərbaycan ədəbiyyatında siyasi lirikanın ən gözəl nümunələri səviyyəsindədir.
Ümumilikdə, “Vətən sevgisi”, “Vur komandir, vur”, “Türkün gücü”, “Bu yol Təbriz yoludur”, “Mənim ürəyimlə oynama” adlı fəsillərdə toplanmış şeirlərdən, “Midiyanın süqutu” və “Amansız intiqam” adlı mənzum dramlardan ibarət olan kitabı oxuyarkən Asim Yadigarın müstəqillik uğrunda mübarizənin çətin imtahanlarının ən mühüm məqamlarını öz səsi, öz nəfəsi ilə əks etdirdiyini görürük.
Şairin üçrəngli bayrağımıza həsr etdiyi bir neçə şeiri var. Bu şeirlərin hər sətrində 70 il əlimizdən alınan, bu gün mavi səmalarda məğrur-məğrur dalğalanan bayrağımıza ülvi məhəbbətin şahidi oluruq. O bayrağın ulu öndərin təşəbbüsü ilə ilk dəfə Naxçıvanda qaldırılması müasir siyasi tariximizin qızıl səhifəsi, Naxçıvan isə Azərbaycan dövlətçiliyinin intişar tapdığı müqəddəs torpaqdır:

Canımız, qanımıztək sevmişik Naxçıvanı,
Şəhid qanı çilənib daşına, torpağına.
Üçrəngli bayrağımız burda ucalıb göyə
Qürurla, iftixarla baxıb el, bayrağına.

Görkəmli dövlət xadimi Heydər Əliyev, doğma Azərbaycan və onun ayrılmaz tərkib hissəsi Naxçıvan!.. Ədəbiyyatımız üçün əbədi olan mövzularda Asim Yadigarın qələmə aldığı şeirlərdən qırmızı xətt kimi keçən nüanslar dahi rəhbərə böyük məhəbbət və ehtiram, dövlətçiliyə inam və sədaqət, yurd yerinə, onun dünəninə və bu gününə sevgidir. Bu ülvi hisslərin üfüqləri genişliyi ilə poetikləşdirilib; bu poetikləşmədə bədii təsvir vasitələrinin gücündən ustalıqla və yerindəcə istifadə olunub. Onu da qeyd edək ki, şair bu şeirlərdə, hər şeydən əvvəl, əsl vətəndaş, əsl ziyalı kimi oxucunun diqqətini cəlb edir.
40 ildən artıqdır ki, ədəbi yaradıcılıqla məşğul olan şairin digər mövzularda qələmə aldığı şeirləri də ədəbiyyatımızın misrasına çevrilməklə oxucu sevgisi qazanıb. Müəllif bu poetik nümunələrdə həyata fərdi baxışlarını ictimailəşdirə bilib:

Tariximiz torpaq altda uyuyur bizim,
Bəlkə, bir gün daşlar üstdə üzə çıxacaq?
Bəlkə, o daş parçasıyla bilinəcəkdir,
Neçə-neçə qədim xalqdan qədimdir bu xalq?

Asim Yadigar həm də təbiət şairidir. Növbəti kitabında bu mövzuda qələmə aldığı şeirlər çoxdur. Həmin şeirlərində şair qədim Naxçıvanımızın gözəlliklərinin poetik rəsmini yaradır. Bu poeziya nümunələri ilə bağlar diyarı Ordubadda qonaq olur, bir vaxtlar güllələr açılan, bu gün isə güllər açaraq gülüstana dönən sərhəd bölgəmiz Sədərəyi gəzir, Şərurun, Şahbuzun seyrinə dalırıq.
Şair rübai, təxmis və qəzəllərində də sənət amalına sadiqdir. Klassik ədəbiyyatımızı dərindən bilən Asimin yaradıcılığında bu janrlara müraciət təbiidir və həmin nümunələr ədəbiyyatımızda qədim ənənələrin bu gün də yaşadıldığını, sevildiyini göstərir.
Akademik İsa Həbibbəylinin təbirincə desək, Asim Yadigarın şeirlərində onun özünüifadəsini, avtoportretini də görürük. “O mənim ürəyim deyil...” şeiri bu qənaəti bütün dolğunluğu ilə əks etdirir:

Vətəni, torpağı bütöv olmayan
Bir şair ürəyi yaralanmayıb?
Torpağım bölünüb, elim bölünüb,
Ürəyim bəs niyə paralanmayıb?

Kitabda özünə yer almış yeddi poema və “Midiyanın süqutu”, “Amansız intiqam” mənzum tarixi faciələrində bir daha şairin öz doğma torpağına, onun şanlı tarixinə məhəbbətini görürük. Bu tarixin dərin qatlarında gizlənən həqiqətlərin bədii inikası şairin uzun illərki axtarışlarının ifadəsidir. O dövrün reallıqlarına bu günün prizmasından yanaşmaqla dünəndə yaşanmışların poeziyaya gətirilməsi ənənəsi Asim Yadigar yaradıcılığının genişliyini, onun vətəndaşlıq mövqeyini göstərir.
Son olaraq onu deyək ki, 464 səhifəlik bir kitab haqqında əhatəli danışmaq bir qəzet yazısı üçün mümkünsüzdür. Odur ki, “O mənim ürəyim deyil...” barədə bu kiçik qeydlərlə kifayətləndik. Oxuculara bu kitabı oxumaq, şair dostuma gələcək yaradıcılığında müvəffəqiyyətlər arzulamaq istəyi ilə:

- Muxtar MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR