21 Sentyabr 2020, Bazar ertəsi

Çay süfrə mədəniyyəti ...

Milli dəyərlərimiz içərisində özünəməxsus yer tutan ənənələrdən biri qonaqpərvərlikdir. Gələn qonağı qarşılamaq, ona ilk olaraq çay təklif etmək isə hörmət əlaməti kimi artıq bir adətə çevrilib. Hər hansı bir qonaqlıq çay ilə başlayıb, elə onunla da qurtarır. Şərq və Qafqaz xalqlarının süfrə mədəniyyəti ilə tanış olarkən qonaq qarşılama zamanı çay süfrə mədəniyyətinin xüsusi rolu olduğunu görürük. 

Çayın məcməyidə qonağa təqdim edilməsi təkcə hörmət əlamətilə məhdudlaşmır. Çay dünyada sudan sonra ən çox istehlak edilən içki növüdür. 5 minillik tarixi olan çayın yaranmasını böyük Çin imperatoru Shen Nunginin adı ilə əlaqələndirirlər. Əfsanəyə görə, xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri suyun içinə düşərək ətrafa gözəl ətir saçır. İmperator yarpaq düşmüş sudan içir və aldığı dadı çox bəyənir. O gündən sonra çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir.
Çay bitkisi ilk dəfə Qafqazda XIX əsrin 40-cı illərində əkilib. Təcrübələr uğurlu olduğundan onun artırılması işlərinə 1876-cı illərdən başlanılıb. Güman olunur ki, Azərbaycanda 1892-1898-ci illərdə təcrübə üçün gətirilən sortlar Lənkəran, Car- Balakən rayonlarında sınaqdan çıxıb, çayın ölkəmizdə kütləvi şəkildə istehsalına 1937-ci ildən başlanılıb, qısa zamanda bir çox bölgələrdə çay süfrə mədəniyyəti formalaşaraq inkişaf edib. Tarixi mənbələrdən, adət-ənənələrimizi əks etdirən etnoqrafik nümunələrdən də aydın olur ki, çaydanlarda və mis samovarlarda çay qaynadaraq içmə vərdişi milli mədəniyyətimizin bir hissəsini təşkil edib.

Çay süfrəsi arxasında söhbətləşmək, dərdləşmək, mehribanlıq ovqatımızı bölüşmək də bir atribut rolunu oynayır. Elə bil çayla etdiyimiz söhbətin səmimiyyəti də, xatirələri də maraqlı və yaddaqalan olur. Bir məsəldə deyildiyi kimi, “Ürək söhbət istər, çay içmək bəhanədir”. Ən yaxşı dostluq münasibətləri də elə məhz çay zamanı baş tutur. Bu isə əsassız deyil. Çay bizim milli və ənənəvi içkimiz hesab edilir.

Samovar çayının dadını içənlər bilər...

Çay içkisinin ən çox seviləni və arzu­olunanı isə samovar çayıdır. Hətta uzaqdan gələn qonağın varsa, ona samovar çayını vermək hörmət əlaməti olmaqla yanaşı, el diliylə desək, “başının ucalığıdır”. Mis samovarda qaynadılan çay daha dadlı olur. Odunla qaynadılan çayın ətri 50 metr məsafədən bilinir. Samovarda tüstülənərək qaynayan çayın dadını isə içənlər bilir. Tarixi qədim dövrlərə gedib çıxan, rus dilində “özüqaynadan” mənasını ifadə edən samovarın adını rus etnoqrafiyası ilə bağlasalar da, tarixi mənbələrdən məlum olur ki, samovar “sumavar” adı ilə qədim türklər-hunlar tərəfindən meydana gətirilib. Eramızın V əsrində hunlar içərisində soba qoyulmuş taxta evlər, daş hamamlar və sair tikə bilirdilər. Yüksək inkişaf yolu keçmiş hunların hərbi səfərlər zamanı üstüörtülü arabalarda yemək hazırladıqları və su qaynatdıqları samovar (qədim türk dilində su qabı) qərbi avropalıları çox təəccübləndirirdi.
Bu da göstərir ki, samovar tarixən bizim süfrə mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olub. Hətta Ordubadda Tarix-Diyarşünaslıq Muzeyində XVIII əsrə aid mis samovarlar nümayiş etdirilir. Həmçinin qədim zamanlarda qız köçürülməsi zamanı cehiz olaraq samovar verilər, toyda samovara aid haxıştalar da səslənərdi.
Samovarım qızıldı, haxışta.
Yeddi yerdən sızırdı, haxışta.
Mən istəyən oğlanın, haxışta.
Qabaq dişi qızıldı, haxışta.
Bu gün muxtar respublikada elə bir yeməkxana, çayxana tapmazsan ki, orada samovar çayı təklif olunmasın. Çay süfrə mədəniyyətinin təbliğ edildiyi məkanlardan biri olan “Milli yeməklər” restoranı may ayında bərpa işlərindən sonra əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Burada istirahət etmək istəyənlərə samovar çayı təklif edilir. Sevindirici haldır ki, ürəyin “pürrəngi”, “məxməri” bir də “samovar çayı” istəyirsə “Milli yeməklər”də bu arzunu reallaşdırmaq imkanın var.

Samovar kolleksiyaçısının izi ilə...

Çay haqqında yazı hazırlayarkən məqsədimiz çay adət-ənənələrimizin yaşadıldığı samovar kolleksiyaçısını tapmaq idi. “Niyyətimiz hara, mənzilimiz də ora”, – deyib, Ordubadı qarış-qarış gəzdik. Hər kəs 1949-cu il təvəllüdlü Rüstəm Rəhimovun adını söylədi. Soraqlaşıb Rüstəm dayının evində qonaq olduq. Kolleksiyasında 25-ə qədər samovar olan Rüstəm dayı həmişə ona böyük maraq olduğunu vurğuladı. Əvvəllər qədim pulları toplayıb saxlayan müsahibim 2010-cu ildən samovar kolleksiyası yartmaqla da məşğuldur. Samovarların 70 faizinin əl işi olması onda bu işə maraq yaradıb və zaman-zaman kolleksiyanın eksponatlarını zənginləşdirib, onlara əşya kimi yox, qiymətli miras kimi baxır. Rüstəm dayı deyir ki, uzaq keçmişimizdən, dədə-babalarımızdan, ulu nənələrimizdən yadigar qalan nə varsa – istər maddi, istərsə mənəvi dəyərlər olsun, onları qorumaq, yaşatmaq, gələcək nəsillərə çatdırmaq, nümayiş etdirmək həm vətənpərvərlik borcumuz, həm də tariximizə, soykökümüzə, milli mənsubiyyətimizə dərindən bağlılıqdır.
Kolleksiyadakı bütün eksponatlar gözəldir və sənətkarlıq nümunəsi olan bu samovarlarda xəttat və nəqqaş babalarımızın mənəviyyat dünyasından xəbər verən əl işləri yaşayır. Elə buna görə Rüstəm dayı onları göz bəbəyi kimi qoruyub əzizləyir.

Dişləmə çay...

Naxçıvanda çayın “dişləmə çay” deyilən bir növü də var. Çayın bu nöündən ta qədimdən istifadə edirlər. “Dişləmə çay” belədir ki, bir tikə qəndi çayda isladaraq ağıza qoyub bir neçə stəkan çay içirsən. Ümummilli lider Heydər Əliyevin Naxçıvana rəsmi səfəri zamanı çay içərkən dişləmə çay haqqında xatirələr söyləməsi, dişləmə çayın Naxçıvanda necə içilməsi barədə ətraflı məlumat verməsi xoş anlar kimi bu gün də xatırlanır.

Armudu stəkanda limonlu
Ordubad çayı...

Çayın armudu stəkanda təqdim edilməsi türk xalqlarının tarixi mənbələrində qeyd olunur. İkincisi isə armudu stəkanı əldə tutmaq çox rahatdır. Başqa bir tərəfdən də çay stəkanın ağız hissəsinə nisbətən aşağı hissəsində gec soyuduğuna görə bir müddət isti qalır. Armudu stəkanda çay içmək mədəniyyətinin ən çox yaşadıldığı hesab edilən Ordubad rayonunun Vənənd kəndinin mərkəzində çinar ağacının içində xüsusi görkəmdə 1972-ci ildən son illərə qədər insanlara xidmət edən çayxana ordubadlıların ən çox üz tutduğu, istirahət etdiyi məkan olub. El arasında “xoruzpipiyi”, “pürrəngi”, “Ordubad limonlu” çayı ilə məşhur olan bu qədim çayxananın başqa bir özəlliyi də o olub ki, burada əyləşən hər kəsə armudu stəkanda çay gələr, əgər çayı içən doymayıb yenidən istərsə, o zaman masaya çaynikdə çay gələrdi. Və kimliyindən asılı olmayaraq, çayı içib ödəmə etməsən belə, kimsə səndən pul tələb etməzdi. Qonaqpərvər ordubadlıların qapısını döydünsə, mütləq onların armudu stəkanda Ordubad limonlu çayını içməlisən.

İkirəngli çay möcüzəsi...

Çayın rəmzi xüsusiyyətindən biri də elçiliklə bağlıdır. Elçi düşən oğlan tərəfin yaxın adamlarına “hə” dən sonra qız evi tərəfindən ikirəngli çay verilir. Aşağısı ağ, üstü çay rəngi olan çay yalnız elçilikdə təqdim edilir və bunun rəmzi mənaları var. Maraqlısı da odur ki, bu ənənə yalnız bizim milli dəyərlərimizdə qızistəmə adətində yaşadılır. Nənələrimiz deyərdi ki, çayın aşağı ağ olan tərəfi ağ atlı oğlan, üzərindəki çay rəngi isə evliliyə hazır olan qızın simvoludur. Əgər tərəflər qarşılıqlı “hə” ifadəsini işlədərlərsə, bu zaman iki rəngi qatıb şirin çay içər, verilən təklifə razılıq bildirər, çay gətirənə hədiyyələr verərlər. Xeyir-dualarını bu cür ifadə edən el ağbirçəklərimiz və ağsaqqallarımız oğlanla qızın birləşib xoşbəxt olmasını qəbul etmiş olarlar.
“Yox” cavabı vermək istəyəndə isə süfrəyə ayrı-ayrılıqda qənd və çay qoyular. Bu davranış iki tərəfin adamlarının münasibətini pozmur, heç kim heç kimdən incimir. Elə çıxır ki, qız atasının yanına gələnlər çay içmək və söhbət etmək üçün gəliblərmiş. Razılıq olmasa belə, evinə gələn qonağın qarşısına hörmət əlaməti olaraq adi çay qoyular.

Çayın faydaları və xalq
təbabətində rolu...

Çaydan söz açmışkən onun müalicəvi əhəmiyyətindən danışaq. Xalq təbabətində də bir sıra xəstəliklərin müalicəsində çay müxtəlif əlavələr etməklə sağlamlaşdırıcı təsir bağışlayır, susuzluq və yorğunluq hallarında olduqca faydalıdır, başağrılarını sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. Son tədqiqatlar göstərir ki, çay kofein və digər mineral aktiv maddələrlə zəngindir. Buna görə də qan-damar sisteminə müsbət təsir edir. Eyni zamanda çaydan müxtəlif iltihabi xəstəliklər zamanı istifadə olunur. Təzə dəmlənmiş ətirli çay həzm orqanlarının, sinir və ürək-damar sisteminin fəaliyyətinə, insan orqanizminin ümumi vəziyyətinə yaxşı təsir göstərir.
Çay ömrü uzadan, orqanizmdən radioaktiv elementləri çıxaran bir çox maddələrlə zəngindir, orta və ahıl yaşlı adamlar üçün xüsusilə faydalıdır. Çayda olan C, D, E vitaminləri, nikotin turşusu və yod ömrü uzadır. Onun yarpaqlarındakı fenollar orqanizmdən zərərli maddələri, o cümlədən ağır metalları çıxarmaq, mədəni, böyrəkləri və qismən də qaraciyəri sağlamlaşdırmaq qabiliyyətinə malikdir. Tərkibindəki B2 vitamini dərinin elastikliyini artıraraq onu gözəl görünüşlü edir. Bu içkidə flüor çox olduğuna görə o, dişlərdə kariyesin baş verməsinin qarşısını bir müddət ala bilir. Çayı şirniyyatla içmək onun müsbət təsirini xeyli azaldır. Sink, kalsium ilə zəngin olan çay bir çox xəstəliklərin inkişafının da qarşısını alır. Müntəzəm olaraq çay içənlərin orqanizmlərində amin turşularının və vitaminlərin səviyyəsi sabit qalır. Mütəxəssislər körpə uşaqların, xəstə və yaşlıların açıq, zehni əməklə məşğul olan adamların nisbətən tünd çay içmələrini məsləhət görürlər.
Süfrə mədəniyyətimizin əsas atributu olan, qonaqqarşılama ənənələrini yaşadan çay süfrə mədəniyyəti bu gün də milli dəyərlərimizin daşıyıcısı kimi yaşadılır. Elə buna görədir ki, bizim süfrələri, qonaqlıqları, xeyir-şər məclislərini çaysız təsəvvür etmək mümkün deyil. Çünki çaydan yaxşı elə çayın özüdür.

- Türkan HÜSEYNLİ

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR