21 Sentyabr 2020, Bazar ertəsi

Mərhum tədqiqatçı-jurnalistin iki yeni kitabı çapdan çıxıb

Bu günlərdə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində 8 il “Şərqin səhəri” qəzetində məsul katib vəzifəsində işləmiş mərhum tədqiqatçı­-jurnalist Zaleh Novruzovun “Etnoqrafik yaddaşımızdan” və “2010-2018-ci illərdə arxeoloji tapıntılar” kitabları işıq üzü görüb.

Zaleh Novruzov ixtisasca coğrafiyaçı olsa da, hər kəs onu Naxçıvan etnoqrafiyası və arxeologiyası ilə bağlı yazıların müəllifi kimi tanıdı. Qədim diyarımızın hər dağına, daşına, qayasına yaxşı bələd olan Zaleh müəllim 2010-cu ildən etibarən AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası və Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə aparılan qazıntı işlərində yaxından iştirak edirdi. Bu dövrdə tədqiqatçı elmə məlum olmayan Naxçıvan, eləcə də ölkə tarixşünaslığı üçün mühüm əhəmiyyət kəsb edən bir neçə Eneolit dövrünə aid yaşayış yeri aşkarlamışdı. Sonradan həmin yaşayış yerləri qeydə alınaraq tədqiqatlara cəlb olunmuşdu. Məlumat üçün deyək ki, Zaleh Novruzovun “2010-2018-ci illərdə arxeoloji tapıntılar” kitabında 42 qədim yaşayış yeri barədə yazıya yer verilib və arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələrinin şəkilləri oxuculara təqdim edilib.

Kitabda vaxtilə muxtar respublikanın Şahbuz və Culfa rayonlarında mövcud olmuş, hazırda passiv fonda keçmiş kəndlər barədə də yazılara yer verilib. Buradan aydın olur ki, müəllif uzun illər bu istiqamətdə də tədqiqatlar aparıb, yaşlı sakinlərlə həmsöhbət olub, arxiv sənədlərinə müraciət edib.
Zaleh Novruzovun “Etnoqrafik yaddaşımızdan (Naxçıvan materialları əsasında)” kitabında müəllifin 2017-2020-ci illərdə “Nuhçıxan” İnformasiya Agentliyi, “Şərq qapısı” və “Şərqin səhəri” qəzetlərində oxuculara təqdim etdiyi 54 məqalə yer alıb. Məqalələr, bütövlükdə, milli-mənəvi dəyərlərin öyrənilməsinə və təbliğinə həsr edilib. Kitabın ön sözünün müəllifi, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazır: “Məlumdur ki, milli-mənəvi dəyərlər minilliklər ərzində xalqımızın təsərrüfat həyatında və məişətində mühüm yer tutmuş, cilalanaraq günümüzədək gəlib çatmışdır. Lakin müəllifin də qeyd etdiyi kimi, bir sıra adət-ənənə, inam, mərasim, məişət əşyaları, yemək nümunələri, çəki və ölçü vahidləri gənc nəsil tərəfindən unudulmuşdur. Ona görə də onların tədqiqinə və öyrənilməsinə ehtiyac vardır. Bu mənada, Zaleh Novruzovun “Etnoqrafik yaddaşımızdan” kitabı gərəkli nəşrdir”.
Qeyd edək ki, kitabda Naxçıvanın müxtəlif bölgələrində xalq təqviminə əsasən qeyd olunan ayin və mərasimlərə aydınlıq gətirilir, çərşənbələrin mahiyyəti, yaranması, fəsillərin bu təqvimdəki yeri və rolu izah olunur. Yeni nəşrdə Naxçıvan mətbəxindən incilərə də yer verilib. Süd məhsullarının, qovurmanın hazırlanma qaydaları, etnoqrafik yaddaşımızda yaşayan yaz və qış yeməkləri barədə oxucuya məlumat çatdırılır. Müəllif fikirlərini təsdiq etmək üçün bir sıra ciddi tədqiqat əsərlərinə, xüsusilə çoxcildlik “Azərbaycan etnoqrafiyası” kitabına, görkəmli etnoqraflardan Hacı Qadir Qədirzadənin, Teymur Bünyadovun, Bəhlul Abdullanın, Qəmərşah Cavadovun tədqiqatlarına istinad edir. “Etnoqrafik yaddaşımızdan” kitabında da mövzu ilə bağlı şəkillərə geniş yer verilib.
Hər iki kitab arxeologiya və etnoqrafiya sahəsində tədqiqat aparan elm adamları, ziyalılar və ali təhsil müəsissələrinin tələbələri üçün nəzərdə tutulub.
P.S. Tale elə gətirdi ki, yeni nəşrləri görmək müəllifə qismət olmadı. Amma Naxçıvanın zəngin etnoqrafiyası və arxeologiyası ilə bağlı yazıların yer aldığı kitablar muxtar diyarımız üçün hər zaman aktual, dəyərli olacaq.

Muxtar RZAZADƏ

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR