25 Sentyabr 2020, Cümə

Naxçıvan... Adını eşidincə radionun, televizorun səsini daha da yüksəldirsən, sosial şəbəkələrdə zaman keçirərkən haqqında bir mənbəyə rast gəldikdə hər işini bir kənara atıb səhifəni diqqətlə oxuyursan, avtobusda gedərkən onunla bağlı bir söhbəti eşidib bütün fikrini oğrun-oğrun bu dialoqa yönəldirsən, şəhərdə gəzişərkən boş ərazilərdə yeni layihələrin inşasını görüb qürurlanırsan, küçələrində rahat-rahat yeriyərkən xoşbəxtlik duyğuları və xoş təbəssüm yaranır simanda...

 

Budur, yenə şəhərimin gəzintisinə çıxmışam. Qulağımda səslənən yenə də o musiqi hisslərimə hakim kəsilir. Nə gözəl deyib nəğməkar şairimiz İslam Səfərli:

Mahnıdır yelkənim
Əzəldən mənim.
Gəl sevək Vətənim
Azərbaycanı...

Axı necə də sevməyəsən bu məmləkəti? Tarixin özü qədər qədim, sabahın özü qədər müasirdir bu diyar... Gəzdikcə hər guşəsində, hər küçəsində, hər döngəsində bir tarixin izini, bir yeniliyin üzünü görürsən. Anamız Möminə Xatının şərəfinə ucaldılmış möhtəşəm türbəyə bir baxın! Necə öyünməyəsən axı qadın adının ən yüksək təcəssümü ilə. Şəhərim min illərdir, bu şərəfi qoynunda ucaldıb yaşadır. O yaşadıqca, onu yaşatdıqca biz də öyünür, qürur duyuruq. 

 

 

 

 

 

 

 

 

 

 

 

Addım-addım gəzdikcə Zaviyə, Şahab, Pirqəmiş, Əlixan, Sarvanlar, Gömayıl, Xoşulu, Atabəylər, Qala məhəllələrini, elə tarixin özündə hiss edirəm özümü... Tarixi kitablarda adına rast gəldiyim bu küçələr neçə yüzillikləri yaşadır hər tinində, dalanında... Budur, Şahab məhəlləsində əzəmətlə ucalan Əcəmi sənətinin gözəl nümunəsi olan Yusif Küseyir oğlu türbəsinin yaxınlığındayam. Burada ayaq saxlayır, seyr edirəm xalqımızın qədim tarixindən soraq verən türbəni, bu vüqarı daha içdən, daha ürəkdən yaşayıram...
Naxçıvan xanlarının iqamətgahı olan Xan Sarayının əzəmətli görkəmi fonunda dəqiqələrlə dayanıb sakit-sakit axan Xan Arazın mənzərəsini seyr etmisinizmi heç? Tamam fərqli bir duyğulara qərq edir bu mənzərə insanı. Yüz illər öncəni yaşayırsan, sanki. Bənzəri olmayan gözəl diyarımız uğrunda gedən müharibələr, Arazı Vətənimizin sərhədinə çevirən müqavilələr... Bəlkə də, elə bu səbəbdəndir, Arazımın lal axmağı...
Naxçıvanqala... Yurdumun daha bir qədim siması, məğrurluq ünvanı. Yüz illərin yadigarı qalın qala divarları üzərində dəfələrlə dövrə vurub şəhərimi bir də bu yüksəklikdən seyr etmək bir başqa duyğudur. Müasir binalar yaşıl ağacların fonunda necə də xoşbəxt görünürlər? O binalarda yaşayan, işləyən minlərlə eloğlumun bugünkü xoşbəxt həyatının bir nümunəsi də bu deyilmi?..

 

 

 

 

 

 

 

 

 

 

 

Gecələr rəngarəng işıqların bərq vurduğu şəhərimdə təbiət də şair ruhlu olur, sanki. Elə işıqların düzülüşü də bir şeir bəndinə bənzəmirmi? Fənərlər misra olur, ağaclar bir qafiyə. İnsan isə, sanki bu əsrarəngiz gözəllik qarşısında öz şair ruhunu təbiətə təslim edir. Yürüdükcə gecələrə doğru hüzur verən bir sakitlik, bir xoşbəxtlik duyğusu ruhumuzu sarır. Ürəyimizə hökm edən duyğular, beynimizə hakim olan hisslər gecələrin ecazkarlığına təslim olur. Gecə görüntüsünü əks etdirən bir foto canlanır gözlərim önündə. Rəngbərəng çilçıraqlara qoşulub həmahəng təşkil edən avtomobil işıqları, sanki bir-biri ilə parlaqlıq yarışına girib. Qala divarlarından enib geniş meydanı gəzirəm... Əsrlər öncə müharibələrə sinə gərib doğma sakinlərinə qucaq açan bu tarixi yeri necə sevməyəsən axı?!
Daşına, torpağına vurğun olduğum bu qədim diyar bu gün çox xoşbəxtdir. Çünki yurddaşları onun nazını çəkir, qayğısına qalır, sevgi ilə oxşayır hər qarışını... Tarixdən yadigar qalan uçuq-sökük divarları yenidən bərpa olunan, əzəmətinə qovuşan şəhərim isə gündən-günə, fərəhlənir, qürurlanır, fərəhləndikcə daha da gözəlləşir, sevgi ilə qucaq açır onu sevənlərə... Bu gün diyarım o qədər xoşbəxtdir ki, bu xoş növrağını bütün dünyaya bəyan edir. Hər il neçə-neçə festivallara, beynəlxalq tədbirlərə qucaq açaraq minlərlə turistə sevdirir özünü. Qalanın künclərindəki bürclər də onun fotolara həkk olunan gözəl guşələridir. Axı bu bürclərdə qədim sənət nümunələrimiz yaşadılıb.
Bürclərdən birinin yanında bir keçid də var. O keçid bizi 5 min il əvvələ aparır... Bəşəriyyətin beşiyi ünvanına... Babamız Nuhun türbəsi qədim Naxçıvanımın əbədi daş pasportudur. Bəli, əbədi... Bir neçə il bundan öncə, sadəcə, adını eşitdiyimiz, bir də kiçicik qalıqlarına şahidlik etdiyimiz türbə budur, yenidən qarşımızda ucalır. O ucaldıqca, biz də ucalırıq. O ucaldıqca sübut edir ki, biz varıq, minillik tariximizə sahib çıxdıq. Nə qədər ki biz varıq, o da var olacaq. Əbədilik...
Şəhərimin hər tərəfi bizə ömürlük xoşbəxtlik, qürur bəxş edir. 20-30 il öncəki mənzərələr hara, qədimliyi ilə müasirliyin vəhdət daşıdığı ecazkar, gözoxşayan şəhərim hara... Düzdür, o dövrün də şəhəri bizimki idi. Toz-torpaq altında qalmış şəhərimin küçələri, ağacları qırılıb çılpaq qalmış çölləri, səliqəsiz yolları, tarixə düşmək təhlükəsi ilə üzləşmiş tarixi abidələri... Amma zaman sübut etdi ki, yurduna sahib çıxmaq, sevmək amalı qarşısında blokada məngənəsi belə, tab gətirə bilməz. Ulu öndərimizdən bizə miras qalan əsl vətənpərvərlik, yurd sevgisi bu gün, sözün əsl mənasında, Naxçıvanın hüsnünü bəzəyir.
Bir də gəlin Bayraq Meydanı zirvəsindən seyr edin sevimli şəhərimi. Şəhərimin ən yüksək guşəsində qürurla dalğalanan bu bayraq naxçıvanlılara ikiqat qürur bəxş edir. Dövlət müstəqilliyimizin əbədi təntənəsi olan bayrağımız ilk dəfə ulu Naxçıvanımda ulu öndərim tərəfindən yüksəldildi... Elə bu qürurla da meydanın dörd bir ətrafını gəzib şəhərimi bir daha seyr edirəm. Hər tərəfi yaşıllıq və bu yaşıllıqdan əzəmətlə boylanan tarixi abidələrimiz, onları gözəl çalarlarla təqib edən müasir binalar, tər-təmiz parklar, abad küçələr, işıqlı yollar... Bütün bunlar Vətən, yurd sevgisinin mücəssəməsidir. Bu gözəlliyi yaradan və yaşadan biz özümüzük.
Bəlkə də, Naxçıvanı dünyada yeganə edən budur: biz təkcə qurub-yaratmırıq. Onları qorumaqla həm də yaşadırıq. Yaşadırıq ki, biz də yaşayaq. Çünki biz diyarımızı canımızdan çox sevirik və bu sevgini hər zaman hər kəsə tükənməz şövqlə bəyan edəcəyik...

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR