20 Sentyabr 2020, Bazar

Hər daşına, qayasına qədim izlər həkk olunan, hər dağı, dərəsi tarix qoxan, hər abidəsi dünənindən xəbər verən diyarımız böyük bir tarixi keçmişindən özü söhbət açır. Qürur duyduğumuz bu söhbətləri amalı qalasından, qayasından, abidəsindən, malikanəsindən tək bir daş parçasının düşməməsi olan əllərin inşa etdiyi dünənlə bu günü birləşdirən böyük bir körpü üzərində dinləyirik. Qədimdən gələn səsləri dinlədikcə və bu körpüdən muxtar respublikamızın 25 illik mənzərəsini seyr etdikcə bu zaman ərzində tariximizi qoruyan insanın özünün yeni bir tarix yazdığının da şahidi oluruq. Bu tarix blokada Naxçıvanında yazılır. 30 ilə yaxın dövrdə mənsub olduğu dövlətlə quru yol vasitəsilə heç bir əlaqəsi olmayan, blokadanın ilk illərinin acı və məşəqqətli günlərini yaşayıb, yaşananlara mərdliklə sinə gərən, keçmişindən güc alıb, müasirliyinə güvənən Naxçıvanda... Qorunan, bərpa olunan abidələri ilə tarixləşən, yaşanan dünənləri ilə muzeyləşən Naxçıvanda...

 Cəfərqulu xanın malikanəsində: XIX əsrdən XXI əsrə

Bütün bunları dəqiqələrlə qədim və əzəmətli görüntüsünü seyr etdiyim bənzərsiz memarlıq abidəsinin qarşısında düşünürəm – Cəfərqulu xanın malikanəsində. Şəhərimizin mərkəzində, Atatürk küçəsində yerləşən, qədimliyi qorunmaqla bərpa edilən bu malikanə ətrafındakı müasir tikililərə necə bir ata övladına ulu babalarından söhbət açar, eləcə dünənindən “danışır”. XXI əsrə XIX əsrin ərməğanı olan, məşhur Kəngərlilər sülaləsinə məxsus malikanəyə Azərbaycanın hərb tarixində misilsiz xidmətləri olan, Vətənimizə Cəmşid Naxçıvanski kimi şəxsiyyət bəxş edən Cəfərqulu xanın malikanəsinə daxil oluram. İlk görünüşdən saysız otaqları ilə uşaq nağıllarındakı 40 otaqlı xan-bəy evlərini xəyalımda təzələyən bu malikanə qədim arxitekturası, hündürlüyü ilə bir xan evi, bu gün isə muzeyləşən diyarımızın daha bir muzeyinin ünvanıdır.

Qorunan ata ocağı, əbədiləşdirilən xatirə

Bəli, gəzdiyim bu malikanə Azərbaycanın görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin ata ocağıdır. Bu ocağın hər otağında onun addımları, hər divarında nəfəsi duyulsa da, hər böyük şəxsiyyətə qismət olmur ata ocağında əbədiləşmək. Çünki tarixin keşməkeşli yollarında çox ata ocaqları viranəyə çevrilir. Qorumaq, yaşatmaq, gələcək nəsillərə ərməğan etmək bir zəhmət, hünər, vətəndaşlıq hissidir. Əgər Cəfərqulu xanın malikanəsinin qədirbilən naxçıvanlılar tərəfindən qorunaraq günümüzə çatdırılması tək Naxçıvan üçün deyil, ölkəmiz üçün dəyərli olan bu xan nəslinə hörmətin təzahürü idisə, Cəmşid Naxçıvanskinin adının və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən 1971-ci il 23 iyun və 1981-ci il 8 avqust tarixlərində imzalanan qərarlar görkəmli sərkərdənin irsinə, ümumilikdə, xalqın böyük ehtiramının təzahürü oldu. Bu tarixi qərarlarla Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanski Muzeyi yaradılmış, bir məktəbə və küçəyə onun adı verilmişdir. 1982-ci ildən doğma ata evində fəaliyyətə başlayan Cəmşid Naxçıvanski Muzeyi illərdir ki, böyük sərkərdənin keçdiyi həyat yoluna aid tarixi sənədlərin, eksponatların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və təbliğində mühüm rol oynayır.
Ötən ilin sentyabr ayında muzeyin yenidənqurmadan sonra istifadəyə verilməsi isə müstəqillik illərinin ən şanlı səhifələrinə çevrilən muzeyləşən diyarımızda qədim tariximizə göstərilən qayğı, verilən dəyərdir. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muzeyin açılışında söylədiyi dəyərli fikirlər də bu böyük nəslin xidmətlərini yenidən tarixin səhifələrinə yazdı: “Xalqımız qəhrəmanlığı və şücaəti ilə seçilən görkəmli sərkərdələri ilə tanınır. Böyük hərb sənətinə malik olan Azərbaycanda bu sənəti inkişaf və davam etdirən Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların mühüm xidmətləri vardır. Onlar şərəfli döyüş yolu keçmiş, gələcək nəsillər üçün nümunəvi vətənpərvərlik irsi qoyub getmişlər. Cəmşid Naxçıvanski də bu nəslin yetirdiyi altı generaldan biri olmuşdur”.

Şəxsi əşyalarda XIX əsrin mənzərəsi

Möhtəşəm xan evinin Cəmşid Naxçıvanskiyə ayrılmış hissəsində – muzeydə gəzirəm. Muzeyin fondundakı 5400-ə yaxın eksponatın 500-ə yaxınının nümayiş olunduğu 6 ekspozisiya zalının hər birini seyr etdikcə, sanki maraqlı bir tarixi romanı oxuyub başa çatdırıram.
Birinci ekspozisiya zalında yer alan ümummilli liderimiz Heydər Əliyevin “XIX-XX əsrlərin tarixini götürsək, Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi” iki cümləlik dəyərli kəlamı ilə bir xan nəslinin kimliyi haqqında müfəssəl məlumat əldə olunur. Burada Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sənədlər, onun uşaqlıq və gənclik, hərbi təhsil illəri, Birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər ayrı-ayrı bölmələrdə mühafizə edilir.
Muzeydə diqqətçəkən məqamlardan biri Cəmşid Naxçıvanskinin şəxsi, ailəsinə məxsus ev və məişət əşyalarıdır. Cəfərqulu xanın evinin yadigarları olan kitab rəfləri, bufet, yemək dəsti, bədənnüma güzgü, samovar, mücrü, Naxçıvan xalçaçılıq məktəbinə aid buxovlu yun xalça, kilim nəfisliyi ilə xan evinə mənsubluğunu təsdiqləməklə bərabər, həm də XIX əsrdə Naxçıvan sənətkarlığının böyük inkişaf mənzərəsini canlandırır gözlər önündə. Eləcə də hərb tariximizin bu görkəmli simasının şəxsi əşyaları – oxuduğu kitablar, fotoaparat, kompas, stolüstü saat, su qabı, döyüş çantası, böyüdücü, eynək, qəlyan, siqaret qabı, çıraq, şamdan böyük şəxsiyyətin əllərinin izi yaşadığı üçün çox əziz və dəyərli olmaqla yanaşı, onun həyatının ayrı-ayrı dövrlərini canlandırır.

Bir-birinə zidd olan üç quruluşun böyük şəxsiyyəti

Bir-birinə zidd olan üç quruluş… Cəmşid Naxçıvanskinin yaşadığı çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövrlərini Ali Məclisin Sədri belə siyasi təhlil edib. Bu dövrlərin hər birinin Vətən, torpaq, millət təəssübkeşi olan Cəmşid Naxçıvanski haqqında muzeyin açılış mərasimində Ali Məclis Sədrinin söylədiyi dəyərli fikirlər generalın yaşadığı dövrləri, həyatını gözlər önündə canlandırır: “Şərəfli döyüş yolu keçmiş general Cəmşid Naxçıvanski Vətən məhəbbətini şəxsi maraqlarından üstün tutan, yüksək ali keyfiyyətlərə malik, zəngin mənəviyyatlı sərkərdə kimi qısa ömrünə keşməkeşli hərb tarixini sığdırmağı bacarmış, sıravi əsgərdən general rütbəsinədək yüksəlmişdir... Həyatının məqsədini Vətənə xidmətdə görən Cəmşid Naxçıvanski bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, şərəfli zabit adına ləkə gətirməmiş, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qorumuşdur. O, bu yolda bütün çətinliklərə sinə gərmiş, peşəkar sərkərdə bacarığı və sədaqəti göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak etməsi, 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələrinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilməsi və qısa müddətdə orada əmin-amanlıq yaratması xalqının müstəqilliyini sevən sərkərdə kimi Cəmşid Naxçıvanskinin şöhrətini daha da artırmışdır. Azərbaycan hərb tarixində Cəmşid Naxçıvanski ilk milli atıcı diviziyasını yaratmış və ona komandanlıq etmişdir”.
Bir-birinə zidd olan üç quruluş… Konkretləşdirilmiş bu tarixi anlayış gənc nəslin Cəmşid Naxçıvanski dövrünü öyrənməsi yollarına salınan gur işıqdır.

Sonuncu generalın son taleyi

Muzeyləşmiş ata ocağının hər guşəsində böyük bir ömrün ayrı-ayrı dövrlərinin qürurverici anlarını izləmək üçün səhərdən bəri birindən digərinə böyük həvəslə keçib ekspozisiya zallarından növbətisində – Kəngərlilər sülaləsinin son generalının son taleyinin dəhşətini yaşadığım guşə qarşısında dikilib qalmışam. Generalın həbsi üçün 20 may 1938-ci ildə yazılmış 3191 nömrəli həbs orderi. Bu orderlə tək Cəmid Naxçıvanskinin yox, yüzlərlə azərbaycanlı repressiya qurbanlarının obrazı bir-bir ötür gözlərim qarşısından. Birdən-birə, sanki bu qurbanlardan olan şair və bəstəkarların yazıb bəstələdiyi hərbi marşın melodiyası bürüyür muzeyi. Yüzlərlə insana tuşlanan güllələrin səsi qarışır bu melodiyaya. Ətrafdakı gurultu elə bil bir suala cavab axtarır ki, sakitləşsin, sussun. Bir yox, yüzlərlə insanın verdiyi sualın – “Nə üçün?”lərin cavabını axtarır. Bəs bu sualların cavabı varmı?
Tarix sübut edir ki, imperiyalı dövlət kiçik dövlətləri, imperiya ideologiyası isə tabeçiliyində olan millətləri, onların düşünən zəkalarını, böyük şəхsiyyətlərini repressiyaya məruz qoya bilir. Xalqımızı 70 ildən artıq totalitar rejiminin zəncirlərində saxlayan sovet hakimiyyətinin bizə “töhfələrindən” idi repressiya. Sən demə, kimlərəsə gözdağı olan, təfəkkürü ilə narahatlıq doğuran yüzlərlə düşünən beyinlərimizin, danışan dillərimizin, həmin repressiyanın qurbanları siyahısında yer alan şəxsiyyətlərimizin, eləcə də Cəmşid Naxçıvanskinin ömrünü də repressiya sonlandıracaqmış...

Bayaqdan bəri ətrafda gurlayan o vəhşət dolu musiqi birdən səngiyir, yerini yenə də repressiya qurbanı olan böyük şair Əhməd Cavadın və repressiya illərində mübarizlik, əzmkarlıq nəğmələrinə görə dəfələrlə narahat edilən – dindirilən Üzeyir Hacıbəyovun bəstələdiyi himnimiz alır. Müstəqilliyimizin ən böyük meyarı olan himnimiz. Qürur hissi duyuram. Bu qürur hissinə böyük fədakarlıqla və əzmkarlıqla yaradılan, generalın adını daşıyan hərbi liseyin məzunlarının bu gün Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyan zabit və əsgərlərin olduğu da qarışır.
Cəmşid Naxçıvanski bəraətini ötən əsrin 70-ci illərində Azərbaycanda hakimiyyətdə olan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tarixi missiya ilə alır. Xan nəslinə əsl Azərbaycançılıq, milli söy-kökə yaraşacaq səviyyədə yanaşma Cəmşid Naxçıvanskinin simasında bütün Kəngərlilər sülaləsinə verilən dəyər olur.

Araz-Türk Respublikasının qərargahı

Nəsillərin adları nə üçün tarixə yazılır? Nə üçün onlar əsrlər sonra da böyük iftixar hissi ilə anılırlar? Təbii ki, əməllərinə, şücaətlərinə görə. O nəsillər ziyalı olduqda isə mənsub olduqları Vətən, diyar üçün tarixi əhəmiyyətli işləri ilə yaddaşlara köçürlər. Kəngərlilər nəsli kimi. Erməni daşnaklarının Naxçıvana ardı-arası kəsilməyən basqınlar etdikləri, əhalini qorxu və vahimə içərisində saxladıqları, onları soyqırıma məruz qoyduqları, Naxçıvanı azərbaycanlılardan təmizləməyə çalışaraq onu “böyük Ermənistan”a qatmaq istədikləri bir dövrdə diyarımızın təhlükəsizliyini təmin etmək və ermənilər tərəfindən işğalına yol verməmək üçün yaradılan Araz-Türk Respublikasının qərargahını Cəfərqulu xanın öz malikanəsində yerləşdirməsi əsl xana, xanlığa yaraşan bir əməl olmaqla yanaşı, həm də toprağa məhəbbətin bariz nümunəsi, insanların əmin-amanlığına, müstəqilliyə sonsuz istəyin göstəricisi olmuşdur.

1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərən, xan evindəki qərargahına məxsus otaqda asılan, tarixçilərimizin qeyd etdiyi kimi, ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil olan, sahəsi 8,7 min kvadratkilometr olan Araz-Türk Respublikasının xəritəsi baxdıqca adamda qürur hissi yaradır. Buradakı guşələrdə Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən tədqiqat materialları və tarixi sənədlər, monoqrafiyalar, elmi-publisistik məqalələr, hökumətin yaradılmasında fəaliyyətləri olan şəxsiyyətlər haqqında məlumatlar yer alır.
Ali Məclisin Sədri açılış mərasimində demişdir: “Bu gün açılışına toplaşdığımız bu tarixi bina 3 əsrin tarixi yaddaşını qorumaqla, xalqın azadlıq və müstəqillik epopeyasına 1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərmiş Araz-Türk Respublikası hökumətinin fəaliyyətini də yazmışdır. Bu muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki milli azadlıq və istiqlaliyyət uğrundakı mübarizəsində qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərinin fəaliyyəti də əks olunur”.

Malikanədən dünyaya

Bu gün muxtar respublikamız ən gözəl və cəlbedici turizm məkanlarından birinə çevrilib. Malikanədə keçirdiyim bir gün ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ilə tanış olarkən Ali Məclis Sədrinin departamentin bu qədim və tarixi binada fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə söylədiyi dəyərli fikirlərini xatırlayıram: “2019-cu ilin yanvar-avqust ayları ərzində dünyanın müxtəlif ölkələrindən muxtar respublikaya 250 minə yaxın turist gəlmişdir. Bunun bir hissəsi Turizm-İnformasiya Mərkəzinin apardığı işlər nəticəsində mümkün olmuşdur. Ona görə də muxtar respublikanın turizm potensialı, zəngin tarixi-mədəni irsi, mətbəxi və müasir inkişafı ilə bağlı informasiyalar internet üzərindən daha geniş yayılmalı və təbliğat işləri aparılmalıdır. Binada yaradılan şərait imkan verəcəkdir ki, bu vəzifələr uğurla yerinə yetirilsin. Çünki muxtar respublikaya turistlərin cəlbi digər sahələrin də inkişafına təsir edir. Eyni zamanda muxtar respublika barədə həqiqətlər, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz dünya ölkələrinə tanıdılır”.
Bəli, departamentin məhz bu binada yerləşdirilməsinin özünün turizmin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcəyi sözsüzdür. Belə qənaətə gəlmək olar ki, departament buradan Naxçıvan turizmini, həm də diyarımızın möhtəşəm dövlətçilik və hərb tarixini dünyaya yaymaqla, dünyanın gəzməyə-görməyə maraqlı insanlarına məhz belə abidələrimizi, milli dəyərlərimizi və milli mətbəximizi göstərməklə muxtar respublikamızın zənginliyinin bir daha tanıdıcısı olacaqdır.

Muzeyləşən Naxçıvan haqqında bir neçə söz

Muzeylər körpülərdir – dünənlə bu gün arasında salınan körpülər. Muzeylər dünən yaşananların bu gün yaşadılması, tarixə, keçmişə, soy-kökə bağlılığın göstəricisi, dünənin bu günə təbliğidir. Keçmişini bilməyənin gələcəyi olmaz deyirlər. Bu gün keçmişinə böyük ehtiram bəslənilən Naxçıvanımızın muzeyləşməsi, eyni zamanda bu günə qayğının göstəricisi, dünənlə bu günün olduğu kimi, bu günlə sabahın körpüləşməsi üçündür.
Beşminillik tarixi olan Naxçıvanımızın muzeyləşməsi bu minilliklərin ayrı-ayrı dövrlərinin tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının müasirimizə çevrilməsi ilə nəticələnib. Gənc nəslin dövlətçilik, vətənpərvərlik, milli ruhda böyüməsinə bundan böyük hədiyyə nə ola bilər ki?.. Hədiyyədən söhbət düşmüşkən, Ali Məclis Sədrinin bütün muzeylərimizə bağışladığı hədiyyələr tarixin yaşadılması ilə bərabər, həm də müasir dövrün keçmişi qorumaq , bu günü yaşatmaq, gələcəyə çatdırmaq, ümumilikdə, tarixin yazılmasında iştiraka çağırışdır.

- Mətanət MƏMMƏDOVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR