16 Avqust 2020, Bazar

Əzəl gündən elimizdə, obamızda, tariximizdə yaddaşımızda, mənliyimizdə, kimliyimizdə, dünənimizdə bu günümüzdə səslənən, qəlbimizi ovsunlayan, varlığımızı sübut edən bir kəlmə var yer üzündə  –  Ana dilim. O dilim ki, atdığımız hər addımda, aldığmız hər nəfəsdə duyuruq varlığını, hərarətini. Onun adıyla səhərlərə gözümüzü açıb, onun qüdrətilə qaranlıq gecələrlə sağollaşırıq.  O dilim ki, beşik başında körpələrin ilk eşitdiyi şirin ana laylasının məlahətli səsidir. Elə qəlbimizi kövrəldən, ruhumuzu dinləndirən həmin məlahətli harmoniyalı, nəvazişli, qayğılı səsin vəhdətində bütünləşirik, birlik oluruq, dilin qüdrətindən güc alırıq, yumruq oluruq.

Gücümüzə güc qatan, ana dilim hərflərdə, sətirlərdə, sözlərdə, cümlələrdə, şeirlərdə yaranıb-yaşayıb, əyninə milli dəyərlərimizin libasını geyinib, bizi təmsil edir. Bir sözlə o dilim ki, rəngarəng poeziya, şirin layla, ecazkar mahnı dilidir. Himnimizin məğrur, vüqarlı dilidir. O dilim ki,  dosta məhəbbət, düşmənə nifrət dilidir. Qardaşlıq, mübarizlik, qəhrəmanlıq dilidir. O dilim ki, ana qədər müqəddəs ocağın istisindən ilhamlanıb dünyanı qucaqlayan  ana dilimdir...

O dilim ki, illərə meydan oxuyan çətin sınaqlarından süzülə-süzülə uzun və qətiyyətli  məsafələr qət edərək kəşməkəşli yol keçib, nüfuzlu ədiblərin  təbliği ilə cilallanıb, formalaşaraq kamil qrammatik quruluşa, zəngin söz fonduna malik şəkildə bu günümüzə gəlib çatıbdır. Orta əsrlərdə-Nəsimi, Füzuli, Xətai kimi sənətkarlar, orta əsrdə və müasir dövrümüzdə - Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Səməd Vurğun, müasir dövrdə isə - Bəxtiyar Vahabzadə bu ənənənin görkəmli nümayəndələrindəndir. Onlar öz əsərləri ilə dilə yeni-yeni sözlər gətirmiş ifadə zənginliyindən lazımınca istifadə edərək unudulmaqda olan bədii ifadələri, söz kolleksiyalarını “mühafizə” ediblər.  Bəxtiyar Vahabzadə müasir dövrdə dil haqqında qəzet və jurnallarda “Ana dilim-ana köküm!”, ” Tarix, dil, ənənə”, ”Ana dili”, ”Dil haqqında sorğu”, ”Bir daha ana dili haqqında”, ”Dil və əlifba”, ”Dilimiz-ədəbiyyatımız”, ”Dildə təbiilik və gözəllik”, ”Ana dili dövlət dili” kimi məqalələrlə çıxış etmişdir. Onun bu cür şeirləri türkçülüyü qabardır, dil haqqında oxucuda öyrədici və yol göstərici “xəritə” canlanıdırır. Örnək bir əsər olan “Ana dili” şeiri şair yaradıcılığının ən monumental, şah əsərlərindən biridir ki, ana dilim haqqında deyiləcək ən mütərəqqi fikir və ideyalarını özündə əks etdirib.

Ana dilinin inkişafında əməyi keçən publisistləri xatırlayarkən yazıçı, publisist Cəlil Məmmədquluzadəni xüsusi vurğulamaq gərəkdir. Çünki “Molla Nəsrəddin” jurnalının əsas mövzularından biri məhz ana dilinin saflığı problemi idi. Cəlil Məmmədquluzadə yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi aparıcı mövzular idi. Yazıçı “sözün” təsir imkanlarını, rolunu, əhəmiyyətini yüksək qiymətləndirirdi. Böyük demokrat, ədib yazırdı: “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir amma söz qalır”. “Anamın kitabı” tragikomediyasında da ana dili məsələsi aktual mövzu kimi səciyyəvidir. Belə ki, rus dilinə meyilli Rüstəm bəy, fars dilinə meyilli Mirzə Məhəmmədəli, türk dilinə meyilli Səməd Vahid obrazlarının timsalında ədib XX əsrin əvvəllərində ziyalıların ana dilinə düşmən kesilməsini, biganəliyini “başqasının ləhcəsinin şirinliyini ürək ağrısı ilə təsvir edib. 

  Ana dili və ədəbiyyatın öyrənilməsində yazıçı, publisist Eynəli bəy Sultanovunda  bir çox xidmətləri olmuşdur. “Müsəlman xalqına son söz”, “Xalqa məhəbbət”, “Ziddiyyət”, “Zəruri izahat” və sair məqalələri qüvvətli milli-xəlqi ruhda, ana dilinin müdafiəsinə köklənmişdir. “Xalqa məhəbbət” məqaləsində deyilir: “Mənim xalqım! Səni azad insanlar içərisində azad, xoşbəxtlər içərisində xoşbəxt, maarifçilər arasında maarifçi görə biləcəyəmmi?” – deyən publisistin fikirlərində Vətən sevdası, birlik, maarifçilik arzusu öz əksini tapır.  1917-ci ildən isə Eynəli bəy  ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışmış latın əlifbasına keçmək uğrunda ardıcıl səylər göstərmiş, yeni əlifba komitəsi Tiflis şöbəsinin katibi vəzifəsini daşımışdır.

Ana dilim zaman-zaman ona düşmən kəsilənlərlə, “faşist”  münasibəti bəsləyənlərlə qarşılaşmışdır. Sovet ideologiyasının təsiri ilə ana dilimizə qarşı təqiblər olmuş, onun  unudulmaması istiqamətində yazıçı, publisistlərimiz təqiblərə, repressiyalara məruz qalmışlar. Təbii ki, bunlar bugünkü inkişafına qədər keçdiyi ağır, böhranlı illər, çətin yad, soyuq münasibətləri idi. Ana dilim o dilim ki, var olması, yaşaması, yeni nəfəs verilməsi zamanını səbirsizliklə gözləyirdi. Füzulinin qələmindən, Nəsiminin imdadından, Dədəm Qorqudun telli sazından havalanan ana dilimin taleyi sanki dilə gəlmişdi. Doğma dilimizin yenidən çiçəklənməsində ona yenidən həyat verilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri oldu. Belə ki,  ilk addım 1995-ci ildə Konstitusiyamızın 21-ci maddəsində öz əksini tapdı. Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda ulu öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalandı. Eyni zamanda, Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu. Azərbaycan dilinin dövlət səviyyəsində qeyd edilməsi, status qazanması ana dilimizin fəaliyyəti istiqamətində ən mühüm addım oldu. Çünki ulu öndərə qədər ana dilini dövlət siyasəti səviyyəsində qaldıran lider olmamışdır. Onun zəhməti ilə şaxələnib, pöhrələnib, çiçəklənib ana dilim. Onun əlləri ilə vətən, xalq, millət birlik olub, doğma dilinə qucaq açıb. Bunun bəhrəsidir ki, ana dilimin mərhələli şəkildə formalaşması prosesinə  ilk olaraq məktəblər, dövlət müəssisələri və mətbuat sahələri cəlb edilib. Mətbuatın ana dilimizin inkişafındakı yeri isə əvəzsizdir.  Çünki dildə söz əsas meyardır.  Sözün təsir gücü, ahəngdarlığı, bədii ifadəsini əldə etmək imkanı birbaşa jurnalist yaradıcılığının məhsuludur. Bu gün mətbuat sahəsində dil normalarının qorunmasında dövlətin fəal, təsirli rolu ilə yanaşı, hər bir jurnalistin, eləcə də  vətəndaşın ictimai borcunu dərindən anlaması önəmli faktordur. Azərbaycan Kütləvi İnformasiya Vasitələrində dilimizin və ədəbi dil normalarının qorunması daimi olaraq müzakirə edilir. Bildiyimiz kimi KİV-lər cəmiyyətə informasiya çatdırmaqla yanaşı, maarifləndirici və təsiredici bir vasitədir. Ana dilimizin yad təsirlərdən qorunması, onun dil normaları nəzərə alınaraq cəmiyyətə çatdırılması isə media nümayəndələrinin mənəvi borcudur. Hansısa bir internet saytında ədəbi dilimizin normaları, dilimizin düzgün yazılış qaydaları pozulursa, həmin söz oxucuların yaddaşına elə o cür də həkk olunur. Bu səbəbdən istənilən halda kütləvi informasiya vasitələrində ədəbi dil normaları qorunmalıdır.

Ulu öndərin ardıcılı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açıb. 

Amma etiraf edək ki, son illər saytlarda dilimizə kənar dillərin müdaxiləsi hələ də hökm sürür. Bir sıra ekspertlər mediada çalışan əksər jurnalistlərin dil normalarına əməl etməməsi məsələsini qaldırsalar da, hələ də qarşımıza belə jurnalistlər çıxır. Əsasən də internet jurnalistikasında yenicə fəaliyyət göstərmək istəyənlər dil nomralarını korlamaqla yanaşı bunu “obrozovoniski” dil də adlandırırlar. Dilimizə yad sözlər daxil edir, ana dilimizin doğma sözlərini türk ingilis sözləri ilə əvəz edirlər. Bu isə  bağışlanmaz haldır. Biz dilimizin saflığını qorumalı, sözlərin cümlə içərisindəki yerinə və təsirinə diqqət etməli, bu işdə həssas olmalıylıq.

Ana dilim şirin dilim...O dilim ki, kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. O dilim ki, ən çətin və mürəkkəb fikirləri ifadə etmək gücünə, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək imkanına malikdir. O dilim ki, ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. O dilim ki,  siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumların dilidir. Bizləri birləşdirən milli dəyərlərin dilidir. Kitablarımızın, elm adamlarımızın, dövlət sənədlərimizin, atributlarımızın, əsrin müqavilələrimizin dilidir. O dilim ki, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətimizi ifadə edən bir dildir. O dilim ki, varlığımız, vüqarımız, iftixarımız, bugünümüz, sabahımızdır. Ağ örpəkli, ağbirçəkli ana dilim!  Hələ sənin yaşadılmağın, ən mötəbər sözlərlə, əməllərlə ucaldılmağın üçün nələr-nələr edəcəyik...

 Türkan HÜSEYNLİ

 

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR