15 Avqust 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin müəllimlərinin iştirakı ilə “Görkəmli bəstəkar Məmməd Məmmədov yaradıcılığı” mövzusunda onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il yanvarın 28-də “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam sənətkarın yaradıcılığına verilən yüksək qiymətin təzahürüdür.
Bildirilib ki, qədim diyarımızın yetirdiyi görkəmli sənət adamları müxtəlif illərdə mədəniyyətimizdə və incəsənətimizdə yüksək nailiyyətlər əldə ediblər. Bu uğurların əsasını həmin sənətkarların yaratdıqları mədəni irs təşkil edir ki, belə sənətkarlardan biri də Məmməd Məmədovdur.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov çıxış edib. Vurğulanıb ki, Məmməd Məmmədov zəngin fərdi keyfiyyətləri ilə, əsl mənada hamının sevimlisi olub, xormeyster, dirijorluq, bəstəkarlıq və pedaqoji fəaliyyətləri ilə fədakarcasına çalışaraq millətinə, dövlətinə misilsiz xidmətlər göstərib.
Diqqətə çatdırılıb ki, Məmməd Məmmədov ömrünün sonuna qədər tükənməz bir enerji və sonsuz məhəbbətlə bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. “Gənclik”, “Dostluq”, “Azərbaycanım”, “Ana Vətən”, “Olaydım mən”, “Nəğmə çalır ürəyim”, “Naxçıvan” mahnıları bu gün də öz təravətini, orijinallığını və populyarlığını qoruyub saxlayır. Mahnılarla yanaşı, nəfəsli orkestr üçün marşlar, pyeslər, fortepiano üçün prelüdlər, klarnet və fortepiano üçün “Miniatürlər”, “Qaytağı”, truba və fortepiano üçün “Lirik rəqs”, “Vals”, xor üçün müxtəlif əsərlər də yaradıb. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Məmməd Məmmədovun yetirməsi bəstəkar Nazim Quliyevin 1998-ci ildə nəşr etdirdiyi “Bəstəkar Məmməd Məmmədov” kitabı sənətkarın həyat və yaradıcılığını təqdirəlayiq surətdə təcəssüm etdirir.
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin müəllimi Vüsalə Əmiyeva sənətkarın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında xor kollektivlərinin, vokal ansambllarının, nəfəsli alətlər orkestrinin yaradıcısı, mahnı bayramlarının keçirilməsinin təşəbbüskarı və məhsul bayramlarının fəal aparıcısı, musiqi məktəblərində truba və akkordeon siniflərinin açılmasının səbəbkarı, musiqiçilərinin yetişdirilməsində, bir çox dövlət tədbirlərinin ictimai əsaslarla keçirilməsində, ümumiyyətlə, Naxçıvan musiqi mədəniyyətinin inkişafındakı bəstəkar, dirijor, xormeyster, pedaqoq ictimai xadim Məmməd Məmmədovun xidmətləri əvəzsizdir. Bəstəkarın 1956-cı ildə yaratdığı “Əlvan çiçəklər mahnı və rəqs ansamblı muxtar respublikada musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələlərdən birini təşkil edir. Vaxtı ilə özünün ilk müəllimini həmişə sevə-sevə xatırlayan Məmməd Məmmədov öz tələbələri, həmkarları tərəfindən də unudulmayıb.
İncəsənət fakültəsinin digər müəllimi, dosent Kamal Əhmədov bəstəkar Məmməd Məmmədovun həyat və fəaliyyəti haqqında maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Fortepiano kafedrasının müəllimi Ülvi Əhmədov Məmməd Məmmədovun “Marş” əsərini fortepianoda ifa edib.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR