04 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 12 iyun-12 iyul tarixləri arasında keçirilən “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılığı müsabiqəsinin qalibləri müəyyənləşdirilib.

İki yaş kateqoriyası – (8-13), (14-18) və iki nominasiya – “Saz havası” və “Aşıq havası” üzrə keçirilən müsabiqəyə təqdim edilən ifalara 13 və 14 iyul tarixlərdə baxış keçirilib, hər iki yaş kateqoriyası və nominasiyalar üzrə müsabiqənin qalibləri və fərqlənən ifaçılar seçilib. Müsabiqənin nəticələrinə əsasən 8-13 yaş kateqoriyasında “Aşıq havası” nominasiyası üzrə I yerə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdi Sevinc Quliyeva, II yerə isə Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Dinarə Babayeva layiq görülüb. Kolanı Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Röya Dadaşova, Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin şagirdi Vüsal Məmmədov isə öz ifaları ilə fərqlənənlər sırasında olublar.
Həmin yaş kateqoriyasında “Saz havası” nominasiyası üzrə I yerə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdi Asiman Məmmədov, II yerə isə Vənənd Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Elmir Cəfərov layiq görülüb. Yuxarı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Nurgül Hənifəyeva, Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin şagirdi Hədiyyə Osmanova həmin nominasiya üzrə fərqləniblər.
14-18 yaş kateqoriyasında isə “Aşıq havası” nominasiyası üzrə I yeri Şahbuz Şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Sibel Camalova, II yeri Naxçıvan Musiqi Kollecinin tələbəsi Sevinc Ağalarova, III yeri isə Kolanı Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Mətləb Şirinzadə tutaraq qalib adını qazanıblar. Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Songül Əhmədova, Ələkli Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Aysel Salahova isə həmin nominasiya üzrə öz ifaları ilə fərqləniblər.
Həmin yaş kateqoriyasında “Saz havası” nominasiyasının qalibi Naxçıvan Musiqi Kollecinin tələbəsi Nurçin Məmiyeva olub, Yuxarı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Hümbət Əliyev isə fərqlənənlər sırasında olub.
Qeyd edək ki, qaliblər və fərqlənən iştirakçılar diplom və fəxri fərmanla təltif ediliblər.


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
mətbuat xidməti