04 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvanda tarixi çox qədimlərə gedib çıxan xalçaçılıq sənəti nümunələrinin böyük əksəriyyətində, demək olar ki, həndəsi motivlərə rast gəlinir. Mənbələrin verdiyi məlumata görə, uzaq keçmişdə həndəsi naxışlar ibtidai insanlar arasında ilk yazı, yəni izahat forması olmuşdur. Tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyev qeyd edirdi ki, “Bir çox həndəsi ornamental formalar, düz, qırıq, dalğavarı xətlər, üç, dörd, səkkiz, onikiguşəli ulduzlar, üçbucaq, dördbucaq, dairə və sair çox qədimlərdən inkişaf edərək ənənəvi şəkil alıb, bu günədək öz mahiyyətini itirməmiş və son zamanlara qədər sənət əsərləri üzərində dönə-dönə işlənir”.

Qeyd edək ki, xalçalar üzərindəki həndəsi ornamentlər digər sənət əsərləri üzərində olduğu kimi, sadə, mürəkkəb və ya sadə ulduzlu formada olmaq şərti ilə iki yerə ayrılır. Sadə həndəsi naxışlar sırasına düz, sınıq və dalğavarı xətlərdən ibarət, həmçinin Günəşin, Ayın, ulduzların təsvirini əks edən rəsmləri daxil etmək olar. Xalçalar üzərində naxışlanan paxlava və ya romb kimi ornamentlər də həndəsi təsvirlərə aiddir. Paxlava içərisində işlənmiş 4 ədəd üçbucaq gecə və gündüzü, 4 istiqaməti – cənub, şərq, qərb və şimalı, 12 ədəd quş başı ildə 4 fəsli və hər fəsildə 3 ayı ifadə edir. Bəzi mənbələrə görə, dördlük – yeli, suyu, torpağı, odu bildirir. 

Xalçalar üzərində daha geniş yer alan həndəsi ornamentlərdən biri də üçbucaq rəsmidir. Bu rəsm möhkəmlik, dəyişməzlik və dayanıqlılıq anlayışlarını ifadə edir. Tədqiqatçılara görə, insan və kainat üçlüyü bir üçbucağın küncləri kimi möhkəm əlaqəyə malikdir. Təpə nöqtəsi yuxarıya baxan üçbucaq göyün, aşağıya baxan üçbucaq isə yerin simvolu sayılır. Bunların iç-içə keçməsi səmavi möcüzələrin yer üzündə ortaya çıxmasını ifadə edir. Üçbucaqlar Türk və İslam mədəniyyətində, incəsənətində geniş yayılmış ornamental təsvirlərdən biridir. Bu naxış digər sənət sahələrində olduğu kimi, xalça və toxuculuq sənətinin bütün nümunələri üzərində də yer almaqdadır.
Xalçalar üzərində altı və səkkizguşəli ulduz rəsmlərinə də rast gəlinir. Bu rəsmlərdə altıguşəli ulduz ata, ana, uşaq, göy, kainat, axirət mənasını ifadə edir. Qeyd edək ki, xalçalarımızla yanaşı, digər sənət nümunələri üzərində də altıguşəli ulduz rəsminə rast gəlinir. İslami bilgilərdə bu işarə müqəddəs hesab edilir.
Naxçıvanda toxunan xalçaların yelənlərini ortada toxunmuş göllərdən və ara sahələrdən ayırmaq üçün daha çox dalğavarı xətlərdən istifadə edilir. Həmçinin iki və ya üç yelənlə toxunmuş naxışlarda onları bir-birindən ayırmaq üçün aralara da dalğavarı xətlər salınır. Bu motiv sadə həndəsi ornamentlərdən biri kimi dəyərləndirilir. Qədim zamanlarda Orta Asiyada, Yaxın Şərqdə, eləcə də Azərbaycanda suyu həyatın ən lazımlı şərtlərindən qəbul edərək onu xalçalar və digər sənət əsərləri üzərində balıq, quş, ördək formasında təsvir edirdilər. Axar suyu isə düz və ya dalğalı xətlərlə göstərirdilər. Naxçıvanda Möminə xatın türbəsinin sütunları üzərində “miandra” və ya yağış damcıları təsvir olunub. Tədqiqatçıların fikrincə, hər iki ornament su mifi ilə bağlıdır. Naxçıvan xalçalarının kənar yelənləri üzərində işlənmiş və memarlıqda da “miandra” adı ilə tanınan “S” formalı naxış xalçalarda “su” elementinin rəmzidir. Bir çox kompozisiyalarda su elementi bitki elementi ilə birlikdə işlənir.
Nəticə olaraq qeyd etmək olar ki, xalçalarımız, sadəcə, maddi mədəniyyət nümunəsi deyil, həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli sənət əsərləridir.

Sara HACIYEVA
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR