09 Avqust 2020, Bazar

XX əsr məşhur Azərbaycan kinematoqrafiya nümunələrindən biri olan “Nəsimi” filmində Əmir Teymurun dilindən səslənən məşhur bir fraza vardır: “...Bəzək-düzəksiz, sadə, el dilində. Necə deyirəm, elə də yaz...”
Dövrün məşhur sərkərdəsi Fateh Teymurun məktub yazılan zaman bu cür ifadə işlətməsi heç də təsadüfi deyildi. O, yaxşı bilirdi ki, insanlara fikir tam, dolğun çatdırılmalı, düşüncələr sərbəst ifadə olunmalı və söz azadlığı təmin edilməlidir. Təbii ki, totalitar sovet rejiminin hakim olduğu bir dönəmdə Azərbaycan filmlərində yer alan bu düşüncələr ancaq belə sətiraltı məna ilə insanlara çatdırıla bilərdi.

Xülasə, yazıma əbəs yerə bu sitatla başlamadım. Çünki dünyada informasiyanın sərbəst və sürətlə yayıldığı müasir dövrdə söz və mətbuat azadlığına münasibət bir çox yönləri ilə diqqət çəkir. Şübhəsiz ki, millətlərin tərəqqisində, milli şüurun oyanışı və milli özünüdərk prosesində, dünya sivilizasiyasından yararlanmasında mətbuatın özünəməxsus xüsusi yeri və rolu var. Mətbuatın cəmiyyətin bütün sahələrinə təsiri o qədər güclüdür ki, onu IV hakimiyyət kimi qiymətləndirirlər. Bu mənada, Azərbaycanın maarifpərvər ziyalılarının, klassik ədəbi nümunələrin yaradıcılarının mətbuatı “xalqın görən gözü, eşidən qulağı, danışan dili” adlandırması da əbəs yerə deyil.


Əsrdən uzun “Əkinçi” yolu

Hələ XX əsrdə Azərbaycanda mətbuat közərtilərinin yeni alovlanmağa başladığı bir dönəmdə əsas problemlərdən biri də senzuranın mövcud olması idi. Mətbuat üzərində senzura o dövrdə elə “mühüm məsələ” idi ki, hətta maarifçi, vətənpərvər, ziyalı Həsən bəy Zərdabi “Əkinçi”nin nəşrinə icazə alarkən, dövrün hakim qüvvələri, ilk növbədə, qəzetə senzura nəzarətini həyata keçirəcək şəxsi müəyyən etmişdilər. Bu “məsuliyyətli vəzifə” isə, o dövrdə Bakının general-qubernatoru olan Staraselskiyə tapşırılmışdı. “Əkinçi” cığırı ilə başlanan Azərbaycan mətbuatı 123 il senzura buludlarını başı üzərində gəzdirdi. Özü ilə bərabər sərt sazaq küləyi gətirən buludlar mətbuat alovunu közərtdi, lakin söndürə bilmədi. Sonralar “Əkinçi”nin ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar milli mətbuatımızı çoxşaxəli inkişaf yoluna çıxarmağa müvəffəq oldu. Təəssüf ki, fəaliyyət göstərdikləri zaman çərçivəsində “Əkinçi” kimi həmin qəzet və jurnallar da senzuradan yaxa qurtara bilmədi.

Mətbuatın sovet dövrü...

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. Respublikanın “Kommunist”, “Bakinskiy raboçiy”, “Vışka”, “Bakı”, “Ədəbiyyat və incəsənət” və sair tanınmış mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı, respublikanın iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər az da olsa, öz əksini tapırdı. Gündəlik ictimai-siyasi prosesləri işıqlandıran zaman ideoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində müxalif fikirlərə də yer verən, o dövr üçün doğrudan da vətənpərvər ruhlu məqalələr dərc edən mətbuat orqanlarının milli şüurun və özünüdərkin formalaşdırılmasında böyük rolu olmuşdur. Bu qəzetlərdə işıq üzü görən, xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə həsr olunan, Azərbaycançılıq ideyasına xidmət edən yazılar bu gün də aktual olaraq qalır. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, o öz milli varlığını qoruyub saxlaya bilmiş, əldə etdiyi zəngin ənənələri davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır.

Tarixi reallıq: mətbuatın
müstəqillik illərində özünəqayıdışı

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra milli mətbuatımız da, məhz ikinci həyatına qovuşdu. Ulu öndərin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzura ləğv edildi, söz və mətbuat azadlığının əsası qoyuldu, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Bu fərmandan cəmi bir il sonra, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun və ardıcıl olaraq digər normativ-hüquqi aktların qəbulu həyata keçirildi. Həmçinin 2001-ci ildə Azərbaycan jurnalistlərinin I qurultayının keçirilməsi və Mətbuat Şurasının yaradılması da milli mətbuatın inkişafında mühüm mərhələ təşkil edir.
Təməli dahi şəxsiyyət tərəfindən qoyulan milli dövlətçilik quruculuğunu, sosial yüksəliş və davamlı iqtisadi inkişaf konsepsiyasını yeni mərhələdə inamla və uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də fəaliyyətində bu ənənəyə sadiq qalaraq kütləvi informasiya vasitələrinin inkişafına şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi. 2003-cü ildən başlayaraq ölkəmizdə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalist əməyinin qiymətləndirilməsi sahəsində bir sıra fərman və sərəncamlar imzalandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında 2020-ci il 30 iyun tarixli Sərəncamı milli mətbuat tarixinə və zəngin ənənələrinə verilən yüksək qiymətlə yanaşı, kütləvi informasiya vasitələrinin gələcək inkişaf konsepsiyalarının da müəyyənləşdirən mühüm dövlət sənədidir: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
Fərəhli haldır ki, bu gün ölkə mətbuatı sürətli inkişaf dövrünə qədəm qoyub və mətbuata qayğı dövlət siyasətinə çevrilib. Günümüzdə mətbuatın səmərəli fəaliyyəti üçün yaradılmış demokratik şərait ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yeni informasiya mühitinin formalaşdığını bir daha təsdiq edir. Bu mühiti şərtləndirən əsas amillər isə sürətli sosial-iqtisadi inkişaf, ictimai həyatın bütün sahələrinin yeniləşməsidir.

Blokadadan intibaha və ya
informasiya inqilabı

Ümumiyyətlə, son 25 ildə bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamına əsasən muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilmiş, onların maddi-texniki bazaları gücləndirilmişdir. Muxtar respublikada Televiziya və Radio, mətbuat şuralarının yaradılması və fəaliyyətlərinin genişləndirilməsi də bu sahədə görülən işlərin məntiqi davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Mətbuatın dostu” fəxri adına layiq görülməsi də mətbuata olan böyük qayğı və himayəyə verilən jurnalist dəyəri idi.
Sevindirici haldır ki, bu gün dünyada ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayan vasitələrdən biri olan qəzetlərdə mövzu aktuallığı və əhəmiyyətliliyi Naxçıvan Muxtar Respublikasında da diqqətdə saxlanılan prioritet məsələlərdən biridir. Belə ki, bu gün diyarımızın paytaxtının, eləcə də hər bir rayonunun özünün mətbu orqanı vardır və onların dövriyyəliyi təmin edilib. Jurnalistika cığırına yeni qədəm qoyanlar üçün məktəb rolunu oynayan “Şərq qapısı” qəzetinin rolunu isə xüsusi vurğulamaq lazımdır. 2010-cu il iyulun 22-də qəzet redaksiyasının, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəənin istifadəyə verilməsi ilə qəzetin maddi-texniki bazası gücləndirilmiş, tarixi bir əsrə yaxın bu qocaman mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılmışdır.
Bu gün elektron medianın inkişafının da diqqət mərkəzində saxlanıldığı Naxçıvanda qəzetlərlə yanaşı, televiziya və radioların da maddi-texniki bazası gücləndirilir. Əminliklə deyə bilərik ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi yüksək peşəkarlığa və bacarığa malik kadr potensialı ilə ictimaiyyətin informasiya təminatını tam ödəyə bilir, çətin və şərəfli işlərində missiyalarını uğurla yerinə yetirirlər. Naxçıvan Televiziyasının bütövlükdə cəmiyyət qarşısındakı sosial məsuliyyəti, tamaşaçının dünyagörüşünün formalaşmasında, etik-əxlaqi və mənəvi-estetik dəyərlər sisteminin quruluşunda özünəməxsus rolu vardır.
Şübhəsiz ki, bu gün mətbuat nümayəndələri cəmiyyət qarşısında məsul vəzifələr daşıyır. İnsanlar jurnalistlərdən peşəkarlıq, dolğun və qərəzsiz informasiya, obyektiv mövqe gözləyirlər. Muxtar respublikada sağlam və peşəkar mətbuatın formalaşmasında rol oynayan vasitələrdən biri də məhz jurnalistlərin sərbəst formada müxtəlif mövzuları əks etdirən tənqidi materiallar hazırlamasıdır. Kütləvi informasiya vasitələrində analtik təhlil edilən və tənqidi xəbərlərin hazırlanması muxtar respublikada söz və mətbuat azadlığının, eyni zamanda jurnalistlərin müstəqil fəaliyyət göstərməsinin daha bir ifadəsidir.
Bu, bir reallıqdır ki, müasir dünyamızın yeni çağırışlarından, tələbatlarından biri də internetdir. Artıq insanlar sürətli internet hesabına gündəmin aktual xəbərlərini operativ olaraq əldəetmə imkanına malikdir. Mövzunun aktuallığı Naxçıvan Muxtar Respublikasında da hər zaman diqqət mərkəzində saxlanılmış, vətəndaşların rahatlığı, habelə jurnalistlərin peşəkar fəaliyyətləri üçün bu sahədə mühüm işlər görülmüşdür. Belə ki, bu gün muxtar respublikamızın yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilişi və sürətli internetə çıxış imkanının yaradılması insanların informasiya tələbatının tam, dolğun ödənilməsinə imkan verir. Muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı internet, 83 faizində isə simsiz internet xidməti göstərilir. Bununla da, Naxçıvan Muxtar Respublikası informasiya blokadasını tam yara bilmiş, informasiya blokadasından informasiya təhlükəsizliyinin etibarlı qorunduğu bir muxtar respublikaya çevrilmişdir.
Bu sahədə reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlərdən biri də Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Fondun əsas missiyası kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, habelə jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaqdan ibarətdir. Həmçinin fondun yaradılması muxtar respublikada fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Günümüzdə muxtar respublikaya gələn turistlərin sayının ildən-ilə daha da artmasının bir səbəbi burada yaradılan ən müasir infrastruktur, mövcud sabitlik və təhlükəsizlikdirsə, digər səbəbi onlayn mediada və sosial şəbəkələrdə Naxçıvanın təbliğatının yüksək səviyyədə qurulmasıdır. Bu həm də onlayn media sahəsində Naxçıvan təcrübəsinin nümunəvi olduğunu göstərir. Ötən ilin noyabr ayında Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi sadalanan fikirlərin məntiqi davamıdır.

Gənclər siyasəti və peşəkar
kadrların hazırlanması dövlətin prioritet istiqamətlərindəndir

Sevindirici haldır ki, muxtar respublikamızda gənclərin də potensialından tam və düzgün istifadə olunur. Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunan gənclər bu gün həyatın bütün sahələrinə inteqrasiya olunmaqdadır. Əminliklə deyə bilərik ki, muxtar respublikanın müxtəlif kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin də mütləq əksəriyyəti gənclərdən ibarətdir. Onların təşəbbüskarlığının dəstəklənməsi, hər bir işçinin inkişafı üçün bərabər şəraitin yaradılması və onların karyera yüksəlişinin ədalət prinsiplərinə əsaslanaraq həll olunması prioritet məsələdir.
Həmçinin jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində hər il ali təhsilli jurnalist kadrlar yetişir. Habelə buradakı Media Mərkəzinin nəzdindəki “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Bu sahədə peşəkar kadrların hazırlanması işində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir.

P.S. Bu gün mətbuatın inkişafı sahəsində həyata keçirilən tədbirlər və qazanılan uğurlar onu deməyə əsas verir ki, muxtar respublikamızda güclü mətbuat ordusu formalaşıb, söz və mətbuat azadlığı mütləq sürətdə təmin olunub. Əminliklə deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasında əli qələm tutan jurnalistlər yalnız bir amala xidmət edir. Dahi yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda mübarizə aparmaqdan ibarətdir” amalına.

Arif BAYRAMOV
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR