16 İyul 2020, Cümə axşamı

Əlincə qalasının tarixi haqqında orta əsr ərəb, fars, Azərbaycan, türk,  gürcü və Qərbi Avropa mənbələrində kifayət qədər məlumatlara təsadüf edilir. Lakin qalanın salınma tarixi dəqiq müəyyənləşdirilməmişdir. Azərbaycan xalqının həyatını, məişətini, adət-ənənələrini, yüzlərlə yer adlarını özündə əks etdirən, ən qədim yazılı mənbələrdən biri olan “Kitabi-Dədə Qorqud” dastanında da “Əlincə” sözü işlədilir. Dastandakı “Uşun qoca oğlu Səgrək boyu”nda Əgrəyin Əlincə qalasında əsir düşməsi və qardaşı Səgrəyin onu xilas etməsi göstərilir. “Əlincə” sözü “Kitabi-Dədə Qorqud” dastanında həm də qala kimi xatırlanır. 

 “Kitabi-Dədə Qorqud” dastanı Əlincə qalasından bəhs edən ilk yazılı mənbədir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. “Əlincə” toponimi “alan” tayfalarının adı ilə bağlıdır. Alanların eramızın 72-74-cü illərində Dəryal keçidi vasitəsilə Cənubi Qafqaz, o cümlədən Qafqaz Albaniyası istiqamətində yürüş etməsi haqqında geniş məlumatımız vardır. Bəzi tədqiqatçıların fikirlərinə görə, “Əlincə” toponimi qədim türk mənşəli alan (meydan, düzənlik) coğrafi termini ilə əlaqədardır. Naxçıvan qalalarından bəhs edən professor Mirəli Seyidov qalanın ilkin adının “Ermcaq” olduğunu yazmışdır. Ermcaq iki tərkibdən yaranmış mürəkkəb söz-addır. “Eriq” əksər türk dillərində çoxmənalı sözdür. Sözün möhkəm, qüvvətli, hakimiyyət mənaları vardır. “Caq” kəlməsi isə Azərbaycan dilində “yer”, “məkan” bildirən şəkilçidir. Beləliklə, “Ermcaq” möhkəm, qüvvətli, dövləti, hakimiyyəti olan yer deməkdir. Xalq etimologiyasına görə, “Əlincə” toponiminin izahı “əlini çək” mənasını verir. 

Dastandakı məlumatdan aydın olur ki, hadisələr baş verən vaxt Əlincə qalası Qara Təkurun əlində olmuş, qaladan həm müdafiə qalası, həm də zindan kimi istifadə edilmişdir. Səgrək Qara Təkurun onun üstünə göndərdiyi adamları qalaya həbs etmiş, qalanın zindanında saxlanılan Əgrək azad edildikdən sonra isə onunla birlikdə Qara Təkurun adamlarını basmış, döyüşmüş və qalada həbs etmişdir. Dastanda qeyd edilir ki, “Bundan sonra Dərəşam suyunu keçmiş, ...Oğuzun sərhədinə yetişmişdilər”.
1300 illik tarixə malik olan “Kitabi-Dədə Qorqud” dastanında qalanın adının xatırlanması təsdiq edir ki, Əlincə qalası VII əsrdə mövcud olmuşdur. Bu mənbəyə əsaslanan tədqiqatçılar qalanın əsasının VII əsrdən əvvəl qoyulduğunu qeyd edirlər. Sıldırım dağların başında yerləşən Əlincə qalası alınmaz qala sayılırdı. Hülakülər, Çobanilər və Cəlairilərin basqınları nəticəsində ələ keçirilən saysız xəzinələrin zamanla Əlincə qalasında saxlanılması bununla bağlı idi. Əmir Teymurun qoşunları Əlincə qalasında kəskin müqavimətə rast gəlmişdi. Teymurun qoşunları 1386-cı ildə Azərbaycan torpaqlarına daxil olduğu vaxt Təbrizi tərk etmiş Cəlairi əmirlərinin bir qismi Əlincə qalasına toplaşmışdı. Cəlairilər bu qalanın strateji əhəmiyyətini nəzərə alaraq onu həmişə möhkəmləndirməyə çalışırdılar. Cəlairilər dövlətinin xəzinəsi qalada gizlədildiyi üçün Sultan Əhməd Əlincə qalasının müdafiəsini oğlu Məlik Tahirə və sərkərdə Əmir Altuna həvalə etmişdi.
Əmir Teymur Təbrizi, Sultaniyyəni ələ keçirdi. Cəlairi hökmdarı Sultan Əhməd bütün əmlakını Təbrizdə qoyaraq qaçmağa məcbur oldu. Həmin il Naxçıvanın yaxınlığında Teymurun əmirlərindən İlyas Xoca ilə Sultan Əhmədin qoşunları arasında kəskin döyüş baş verdi. İlyas Xocanın bu döyüşdə təsadüfən yaralanması Sultan Əhmədi məğlubiyyətdən xilas etdi. Mərkəzi Asiyada xalq iğtişaşları baş verdiyindən Teymur oraya qayıtmalı oldu. 1386-cı ilin əvvəllərində Qızıl Orda hökmdarı Toxtamış xanın 90 min nəfərlik qoşunu Bəy Poladın sərkərdəliyi altında Azərbaycan ərazisinə yürüş etdi, lakin işğalçılar Naxçıvanı, Təbrizi, Mərəndi, Marağanı ələ keçirərək qarət etdilər. Toxtamış xan Azərbaycan şəhərlərində, o cümlədən Naxçıvanda çox qala bilmədi, gəldiyi yol ilə geri qayıtmağa məcbur oldu. Bu hadisədən az bir müddət sonra, 1387-ci ildə Əmir Teymurun qoşunları Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutaraq Naxçıvan şəhəri üzərinə hücuma keçdi. Teymurun ordularına onun əmirlərindən İlyas Xoca adlı bir feodal sərkərdəlik edirdi. O, Naxçıvanı ələ keçirsə də, şəhərin yaxınlığında möhkəm qala olan Əlincə qalasını tuta bilmədi. Azərbaycanın ayrı-ayrı feodal hakimləri, Şəki hakimi Seydi Əli Oyrat və Gürcüstan dövləti Teymuri qoşunlarına zərbə vurmaq, onun irəliləməsinə imkan verməmək məqsədilə Əlincə qalasının müdafiəçilərinə yaxından köməklik göstərdilər. Əlincə qalasının müdafiəçiləri bir çox çətinliklərə tab gətirərək, müəyyən fasilələrlə on dörd il – 1387-ci ildən 1401-ci ilədək mühasirə şəraitində Teymurun qoşunlarına qarşı mübarizə apardılar. Onlar ayrı-ayrı hallarda Teymurun qoşunlarına ağır zərbələr vura bildilər. Əmir Teymur Əlincə qalasını tutmaq məqsədilə yeni qüvvələr göndərsə də, heç bir müvəffəqiyyət əldə edə bilmədi.
Əlincə qalasındakı qələbə Cənubi Qafqaz ölkələrində böyük ruh yüksəkliyinə səbəb olmuşdu. Azərbaycanın və Gürcüstanın feodal hakimləri öz qüvvələrini cəmləşdirərək mübarizəni davam etdirdilər. Cənubi Qafqaz feodal hakimlərinin vahid cəbhə təşkil etmək cəhdləri Teymuru çəkindirdiyi üçün o, Əlincə qalasının ətrafında müəyyən miqdarda qoşun saxlayaraq, özünün əsas qüvvələri ilə Ermənistan və Gürcüstan üzərinə hücuma keçdi. Lakin Teymur qalanı müqavimətsiz ələ keçirir. Bunun səbəbi Cəlairilər arasında ailə zəminində yaranan ixtilaf idi. 1401-ci ildə Əlincə qalası tutulduqdan sonra Əmir Teymur öz möhkəmliyi ilə onu heyrətə salan bu qalanı xüsusi ziyarət etmişdi...
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideyalarının layiqli davamı olaraq muxtar respublikamızda tariximizə, milli mədəni irsimizə milli müstəqillik işığında həssas və yanarlı münasibət bir vaxtlar araşdırmalardan, diqqət və qayğıdan kənarda qalan Əlincəni də öz ağuşuna almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanmış, Azərbaycan tarixinin yeni səhifələrinin açılmasına işıq salınmışdır. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. “Muxtariyyət ili”nin əvvəllərində – 2014-cü il 11 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanmışdır. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsinin elmi-bərpa layihəsi əsasında “Əlincəqala” tarixi abidəsi bərpa olunmuşdur. Dünya əhəmiyyətli bu abidədə bərpa işləri tarixi qaynaqlar əsas götürülərək aparılmışdır. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerlərinin ilkin forması saxlanılmışdır. Qalanın zirvəsinə doğru yol çəkilmiş, qala ərazisində işıqlandırma sistemləri yaradılmış, oturacaqlar qoyulmuş, yaşıllıqlar salınmışdır. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincə­qalanın bərpasının xalqımızın çox­əsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətliliyini bir daha təsdiqləyir, eyni zamanda milli tarixi irsimizə sahiblik, vətənpərvərlik, əzmkarlıq kimi milli-mənəvi keyfiyyətlərin də əbədiyaşarlılığını özündə əks etdirir.
2016-cı ildə “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış tədbirində çıxış edərək demişdir: “Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır. Qala birinci-altıncı əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunmuş, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmışdır”.
Buradakı “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində isə həmin tarixi qalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi mədəniyyət nümunələri, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları – Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar nümayiş olunur ki, bu da qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradır. Təsadüfi deyil ki, əyilməzlik, məğrurluq, əzəmət rəmzi olan Əlincəqala artıq turistlərin də böyük maraq və ehtişamla ziyarət etdiyi bir məkana çevrilib.
Bu gün Əlincəqalanın zirvəsində dalğalanan üçrəngli bayrağımız müzəffər xalqımızın mübarizlik tarixini təbliğ edir. Müqəddəs bayrağımız möhtəşəm qalanın köksündə dalğalanmaqla milli məfkurəmizi, tariximizi sevərək yaşadanların ideyaları işığında müstəqilliyimizin, dövlətçiliyimizin əbədi bərqərar olacağını bundan sonra da dünyaya bəyan edəcək.

Ulduz EYVAZOVA
Naxçıvan Qarnizonu tam orta
məktəbinin tarix müəllimi

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR