16 İyul 2020, Cümə axşamı

İyunun 24-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin bələdçisi Əfsanə İbrahimova aparıb.
Əvvəlcə muzey kompleksinin yaradılma tarixi haqqında məlumat verilərək bildirilib ki, Naxçıvanqalanın bərpasına 2010-cu ildən başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən muzey yaradılmış, 2014-cü il 7 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olmuşdur.

Vurğulanıb ki, Naxçıvanqala Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir. Elmi ədəbiyyatda və xalq arasında Naxçıvanqala, Köhnəqala adları ilə tanınmış qala 632-652-ci illərdə inşa olunmuşdur. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 1 ekspozisiya zalından, Nuh Peyğəmbərin məzarüstü türbəsindən, yeraltı sığınacaq – mağara hissədən ibarətdir.
Onlayn ekskursiya zamanı ekspozisiya zalında nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilərək bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minillik, eramızdan əvvəl IV-III minilliyə aid daş əmək alətləri, daş baltalar, daş gürzlər, dən daşları, həvəng və dəstəklər məişətdə geniş istifadə olunmaqla yanaşı, duz mədənlərində duz sallarının parçalanmasında, nisbətən irihəcmli daş əmək alətləri isə tunellərin qazılmasında istifadə olunmuşdur. Muzeydə nümayiş olunan qədim eksponatlar sırasında eramızdan əvvəl III-II minilliyə aid boyalı qablar da vardır ki, bu qablar II Kültəpə yaşayış yerindən aşkar olunmuşdur.
Son Tunc və Erkən Dəmir dövrlərinə, yəni eramızdan əvvəl II-I minilliyə aid keramika məmulatları və gil qablar muzeyin dəyərli eksponatları sırasındadır.
Qeyd olunub ki, muzeydə nümayiş olunan məzarüstü sənduqələr XV əsrə aid olub, indiki dövrdə sinədaşı sayılır. Məzarüstü başdaşları və sənduqələrin üzərində xalqımızın inancları, dini təsəvvürləri, həyat və ölüm haqqında düşüncələri əks olunub.
Ekspozisiyada XVIII-XIX əsrlərə aid milli geyim nümunələri, xalçalar, məfrəş, odlu və soyuq silahlar, mis məişət əşyaları, saxsı su borusu və quyu qapaqları, o cümlədən Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şamil Qazıyevin Naxçıvanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini, məişətini əks etdirən rəsm əsərlərinin muzeyə gələn tamaşaçılar tərəfindən maraqla qarşılanır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR