16 İyul 2020, Cümə axşamı

Müasir dövr Naxçıvan ədəbi-ictimai fikrinin sayılıb-seçilən nümayəndələrindən hesab olunan Muxtar Qasımzadənin bu günədək bir neçə şeirini oxusam da, yaradıcılığı barədə elə də müfəssəl məlumata malik deyildim. Ta ki “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yenicə işıq üzü görən “Seçilmiş əsərləri”ni nəzərdən keçirənədək...
Kitabda yer alan ədəbi nümunələri mütaliə etdikcə doğma elinə, obasına, yurduna bağlı bir ömrün fraqmentləri obrazlı şəkildə keçir gözümün önündən. Böyükdən-kiçiyə hər kəsin dilində danışır, bədii ifadə gücü ilə oxucunun ruhunu oxşayır, mövzunun dərinliklərinə doğru cığır açıb məğzi, mahiyyəti ortaya qoyur, Oğuz torpağının dünənindən, bu günündən söhbət açır nəşrdəki misralar. Elə kitabın ilk səhifəsində yer alan “Dünya görüş yeridi” adlı şeirlə qələm sahibinin söz dünyası qapılarını açaraq görüşünə dəvət edir oxucusunu:

Əmanət məktubu kimi
Oxunub, bitirik,
Bilmədən doğuluruq
İstəmədən yığışıb gedirik
“Dünya duracaq yer deyil...”
Dünya görüş yeridi, dostum...

Bu misralarla şair yaşadığımız fani dünyanı görüş yerinə bənzədərək insanları ən ülvi, ali keyfiyyətlər sayılan dostluğa, mehriban münasibətə səsləyir. Dərindən düşünüb ətrafda baş verənləri, olanları-keçənləri xarakterizə etdikcə müəllifin sözlərinə haqq qazandıraraq, doğrudan da, Uca Yaradan tərəfindən yazılan əmanət məktubuyuq, – deyirsən. Kiminə vərəqi çox, kiminə az “ömür kitabı” düşsə də, hər gün bir səhifəsi oxunaraq gec-tez bütün əsərlər bitməyə məhkum olduğu kimi. Məhz buna görə də bizə bəxş olunan bu qısa həyatı təkcə bu gün üçün deyil, gələcək naminə də faydalı işlərə həsr etməliyik ki, xoş təəssüratlarla xatırlana bilək. Şair “Ümid işığı”, “Çağırış”, “Ürək saatım”, “Gülüzlü Günəş” şeirlərində insani duyğuları, hissləri gözəl təşbehlərlə ifadə edərək mənəvi aləmin inikasını yaradır. “Naxçıvanım” şeirində “könül dostu” adlandırdığı doğma torpağının sözlə rəsmini çəkir:

Bu çeşmədən su içənlər
qovuşandır fəzilətə,
Həzrəti Nuh məqbərəsi
ehtişamdır hər millətə.
Gəmiqaya kürsüsündən
bəyan edib neçə qitə
Eraların qapısıdır
Azərbaycan – öz ünvanım,
Ata yurdum, Ana yurdum
könül dostu Naxçıvanım.

Yaradıcılıq dünyasına bələd olduqca dərk edirsən ki, Muxtar Qasımzadə üçün doğulduğu torpaq könlünün pərvanəsi, yoluna nur saçan gözəlliklərlə dolu bir məkandır, mərddir, mətindir, əməl dostudur. Misralardan boylanır Naxçıvanın müsibətlərin, bəlaların fonunda şan-şöhrətlə dolu qəhrəmanlıq tarixi, qürur duyulur Əcəmidən, müdrik öndər Əlisoydan, bəndlər söhbət salır “Kitabi-Dədə Qorqud” dastanından, Atabəydən, Hinduşahdan. “Vətən sevgisi”, “Vətən desəm”, “Azərbaycan-Türkiyə” şeirlərində Vətənə məhəbbət, torpağa bağlılıq hisslərini tərənnüm edən müəllif ürəyin məhəbbət xəritəsində ən böyük dövlətini “Vətən sevgisi” adlandırır. Kitabdakı “Haçadağ”, “Yaddaş çırağı”, “Əshabi-Kəhf”, “Fərhad evi”, “Gəmiqaya”, “Əlincə”, “Babək qalası” şeir­lərini mütaliə etdikcə qədim Oğuz yurdunun tarixi keçmişinə sehrli misraların bələdçiliyi ilə səyahətə çıxırsan.

Səngər ağuşları otaq-otaqdı,
“qumbara” daşları qalaq-qalaqdı.
Badam ağacları üstündə bağdı,
Sehrli ormandı Babək qalası.

Nəşri vərəqlədikcə müəllifin öz daxili aləmini, duyğularını dilə gətirdiyi ədəbi nümunələrdən “Ürək ağrıyırsa...”, “Mən sakit olanda...”, “Darıxanda”, “Söykəndiyim ağaclar” dərin məzmunu ilə oxucunu cəlb edir. Şairə görə, ürəyin ağrıyırsa, demək, həyatdasan, yaşayırsan, kiminsə qeydinə qalırsan, sakitlikdə də bir hayqırtı, bir səs-küy var, əslində. Bəzən ətrafındakıların, çoxluğun içində belə, darıxa bilirsən, söykəndiyin ağaclar isə elə atan, anan, bacın, qardaşın olur.
Kitabda zəhmətkeş adamların həyat tərzinə, yaşayışına sirayət edən “Fəhlə səması” poeması da olduqca diqqətçəkicidir. Əvvəldə də qeyd olunduğu kimi, bu ədəbi nümunə Naxçıvanın inşaat sahəsində çalışan əməksevər insanlara həsr edilib, müstəqillik illərində həyata keçirilən quruculuq işləri öz bədii əksini tapıb.

Uşaqkən damında durduğu evlər,
Nəhəng binaların dibində yatır.
Dünən xəyalında qurduğu evlər,
Bu gün əlləriylə göylərə çatır.

Şairin ayrı-ayrı illərdə qələmə aldığı nümunələr musiqiçilərin də diqqətini çəkib, nəşrdə yer alan “Bilərəm”, “Vətən nəğməsi”, “Harda qaldın”, “Həmin qızsan” şeirlərinə tanınmış bəstəkarlardan Əkrəm Məmmədli, Nazim Quliyev, Kamal Əhmədli və digərləri musiqi də bəstələyiblər.
Kitabda şairin müxtəlif dövrlərdə “Şərq qapısı” qəzetində dərc olunan məqalələri, eləcə də müəllif haqqında qələmə alınan yazılar, akademik İsa Həbibbəyli, Xalq yazıçısı Hüseyn İbrahimov, filologiya elmləri doktoru Adil Bağırov və digərlərinin Muxtar Qasımzadə yaradıcılığı barədə söylədiyi dəyərli fikirlər də öz əksini tapıb. Ümumilikdə, yeni nəşr vəsf etməklə keçən bir ömrün həyata baxışını, real, mənəvi dünyada baş verənlərə yanaşma tərzini, doğma diyarımızın keçmişdən bu günə gəldiyi keşməkeşli yolların enişini, yoxuşunu, tərəqqisini, inkişafını poetik şəkildə əks etdirir.

 Nail ƏSGƏROV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR