13 İyul 2020, Bazar ertəsi

Hər xalqın nə qədər qədim tarixə malik olduğunu sübut edən onun mədəniyyətidir, tarixi-memarlıq abidələridir. Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisi də ilk insan məskənlərindən biridir. Qədim Daş dövründən başlayaraq insanlar bu ərazidə yaşamış, zəngin mədəniyyət yaratmışlar. Bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvanda Azərbaycan xalqının tarixi, elmi və mədəni irsi formalaşmış, əsrlərboyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi ənənələri qorunub saxlanılmışdır. Bu qədim diyarda hər addımda ilk insanların yaşadıqları mağaralara, erkən şəhər mədəniyyəti qalıqlarına, qayaüstü rəsmlərə, bir sözlə, nadir maddi mədəniyyət nümunələrinə rast gəlmək mümkündür.

 Bu mədəniyyət nümunələrindən biri də hamamlardır. Məlumdur ki, isti və soyuq su ilə təminatlı, xüsusi bir formaya malik olmaqla insanların yuyunması üçün istifadə etdikləri sanitar qurğulara hamam adı verilir. Hamam sözünün mənası “isitmək”, “isti etmək” anlamına gəlir. Hamamlar tarixboyu insanlar üçün rahatlığın, təmizliyin, diriliyin, sağlamlığın, dincliyin, istirahətin, ruhun təzələndiyi məkan sayılıb. Tarixən insanların daim icra etdiyi təmizlik adətləri; – çimmək, su ilə yaxalanmaq fiziki təmizliyin başlıca şərtinə çevrilib. Hamamlardan təkcə təmizlik məkanı kimi yox, həm də mədəni, ictimai, sağlamlıq məqsədilə istifadə ediblər. Bir çox xalqların tarixindən bəlli olur ki, dincəlmək, şəkil çəkmək, şeir yazmaq, yorğunluqdan xilas olmaq üçün də ən rahat yer kimi məhz hamamlar seçilirmiş. 

Müxtəlif xalqların mifologiyasında, folklorunda hamamla bağlı deyimlər, atalar sözləri, mahnılar, bayatılar və sairin olması təsadüfi deyil. Qədim zamanlarda evlərdə hamam tikmək mədəniyyəti olmadığı üçün insanlar çay, göl, dəniz kimi təbii su mənbələrində yuyunardılar. Bu da mövsümi xarakter daşıyardı. Hamam mədəniyyəti isə suyun qızdırılaraq təmizlik məqsədilə ilin bütün fəsillərində istifadə üçün yararlı olmasıdır.
Hər şeyin bir ilki olduğu kimi, hamam mədəniyyətinin də, əlbəttə, bir başlanğıcı olmalıdır. Hamamlar haqqında aparılan araşdırmalar bu mədəniyyətin tarixinin çox qədim dövrlərə dayandığını göstərməkdədir.
Tarixi mənbələrə görə, hamam mədəniyyəti qədim Şumerlərdən başlayıb. Məsələn, tarixi qaynaqlardan birində Şumer kralı Bilqamışın xüsusi bir yerdə su ilə yaxalanmasına dair məlumatlar var. Qədim hamam mədəniyyətinin ən çox yayıldığı ölkələr sırasında Şumerlərin, romalıların, osmanlıların yaşadıqları yerlər göstərilir. Tarixi qaynaqlara görə, dünyada elmə bəlli olan ilk örtülü ictimai hamam miladdan öncə, 2500-cü ildə inşa edilib.
Xristianlığın yayılmasından sonra Qərb dünyasındakı hamam mədəniyyəti, tədricən, unudulmuş, bütün hallarda olduğu kimi, bu mədəniyyət də öz yerini Şərq dünyasına vermişdir. Bunun əsas səbəblərindən biri də odur ki, dünyanı günəş kimi işıqlandıran İslam təmizliyə böyük əhəmiyyət verirdi. Orta əsr müsəlman Şərq fəlsəfəsinin dahi nümayəndəsi İmam Qəzali (1059-1111) göstərir ki, “Qullarına ehsan edilən özlərini təmizliyə çağıran, batinlərini təmizləmək üçün qəlblərinə nur və lütflərini axıdan, təmizlik üçün diqqət və şəffaflıq özəlliyi daşıyan suyu bəxş edən Allaha həmd olsun. Allah, kainatın hər tərəfini hidayət nuruna qərq edən Peyğəmbər Məhəmməd (s.ə.s.) ilə maddi və mənəvi təmizliyə nail olmuş yaxınlarına bərəkətləri qorxulu gündə bizi qurtaracaq bizimlə hər cür fəlakət arasında sipər olacaqlara salam olsun”. İmanın yarısının təmizlik olduğunu göstərən Peyğəmbər (s.ə.s) buyurur: “Namazın açarı təmizlikdir, təmizlik imanın yarısıdır”.
Müsəlman dini həm qəlb (mənəvi) təmizliyinə, həm də xarici (maddi) təmizliyə böyük önəm verir. Tarixi qaynaqlardan məlumdur ki, müsəlmanlığın yaranmasının ilk dövrlərindən başlayaraq müsəlmanlar hamamlardan istifadə etmişlər. Həmin dövrlər ev hamamları ilə yanaşı, məhəllə hamamları da çox yayılmışdı. Kənardan gələnlərin belə, ehtiyac olduqda yuyuna bilməsi üçün hər şəhər və kənddə hamamlar qurulmuşdu.
Orta əsr müsəlman intibahı dövründə elmin, incəsənətin bütün sahələrində olduğu kimi, hamam mədəniyyəti də özünün intibah zirvəsinə çatmışdır. Hicri tarixi ilə III əsrdə Bağdadda müasirtipli bir çox hamamların olması elmə məlumdur. Bu hamamlar müasir dövrdə olduğu kimi, qapalı və fərdi xarakter daşıyırdı.
Azərbaycanda da hamam mədəniyyətinin tarixi çox qədim dövrlərə gedib çıxır. Ölkəmizdə, o cümlədən Naxçıvan ərazisində qədim yeraltı hamam memarlıq formaları nümunələri müasir dövrə qədər gəlib çatmışdır. Naxçıvan Muxtar Respublikası ərazisində inşa tarixi XVIII-XIX əsrlərə aid olan belə memarlıq nümunələri Ordubad, Culfa, Şərur və Sədərək rayonlarının ərazilərində yerləşir. Apardığımız araşdırmalar nəticəsində aydınlaşmışdır ki, belə nümunələrin sayı 20-yə yaxındır. Bunların bəzilərinin, sadəcə, yerləri, bəziləri yarıuçuq vəziyyətdə, bəziləri isə memarlıq formaları tam sağlam şəkildə müasir dövrə qədər gəlib çatmışdır. Son dövrlərdə Naxçıvanda bütün tarixi abidələrdə olduğu kimi, qədim hamamların bərpası istiqamətində də mühüm işlər görülür. Ötən dövrdə Naxçıvan və Ordubad şəhərlərində, Şərur rayonunun Yengicə kəndindəki tarixi hamamlar bərpa olunub. Bu yaxınlarda isə Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamı yenidən qurularaq istifadəyə verilib. Bu isə xalqımızın qədim və zəngin mədəni tarixinin yaşadıcısı, maddi mədəniyyət abidəsi və memarlıq nümunəsi olan hamamlarımızın mənəvi miras kimi qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə göstərilən dövlət qayğısının təzahürüdür.
Muxtar respublikamızın ərazisində qədim yerüstü memarlıq abidələrində olduğu kimi, yeraltı memarlıq formaları olan hamamlar da qədim Şərq memarlıq formalarında inşa edilən mükəmməl memarlıq konstruksiyalarına malikdir. Bu memarlıq formalarının elmi tədqiqi qədim tarixə malik memarlıq irsimizin elmi nəzəriyyəsinin daha da zənginləşməsinə səbəb olar.

Qadir ƏLİYEV
memarlıq üzrə fəlsəfə doktoru,
dosent
Leyla İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin əməkdaşı

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR