27 Sentyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası nəticəsində muxtar respublikamızın ərazisində 1200-dən artıq abidə qeydə alınmışdır. Bu abidələrdən biri də Şahbuz rayonunun Külüs kəndi yaxınlığında olan Əyrək yaşayış yeri idi.

Əyrək və Səkrək... “Kitabi-Dədə Qorqud” dastanında xatırlanan bu igidlərin birinin adı ilə bağlı yurd yeri Naxçıvanın qərb, digəri isə şərq ucundadır. Bəli, ərənlər bu dünyadan köçüb getmiş, onların yurd yerləri və məzar daşları bizə yadigar qalmışdır. Əyrək yaşayış yerinin və Əyrək nekropolunun əyilmiş, dağılmış daşlarına baxdıqca Dədəm Qorqudun bu sözləri yada düşür:

Hanı dediyin bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı.
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.

Əyrək nekropolu Külüs kəndinin qurtaracağında, Keçiliyə gedən yolun sol tərəfində, təpənin ətəyində yerləşir. 2020-ci ilin may ayında aparılan axtarışlar zamanı bu yaşayış yerinin yaxınlığında qədim qəbiristanlıq da aşkar olunmuşdur. Nekropoldakı əksər qəbir daşları naxışsız olsa da, burada olan qoç daşı, üzərində insan və heyvan təsvirləri olan sinə daşları, heykəl formasında hazırlanmış monumental abidələr ulu tariximizin bir parçasını özündə əks etdirmişdir. Böyük qaya parçasından ustalıqla yonulub hazır­lanan qoç daşı ulu türk əsgərinin qürur dolu əzəmətini bu gündə yaşadır.

Naxçıvanda qoçşəkilli qabartma təsvirlər Eneolit dövrünə aid Ovçular təpəsi yaşayış yerindən, Erkən Tunc dövrünə aid gil qoç fiqurları Kültəpə və Maxta Kültəpəsi yaşayış yerlərindən məlumdur. Araşdırmalar göstərir ki, xırdabuynuzlu heyvandarlıq hələ Neolit dövründən – eramızdan əvvəl VII minillikdən başlayaraq ulu əcdadlarımızın iqtisadiyyatında mühüm yer tutmuşdur. Zamanla Azərbaycanda yaşayan tayfalar arasında həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlara sitayiş yaranmış, onların heykəlləri hazır­lanaraq qəbir daşları kimi də istifadə olunmuşdur.
Qəbir daşlarından birinin üzərində əllərini sinəsi üstündə çarpazlayan insan obrazı təsvir edilmişdir. Qeyd edim ki, bu tip təsvirlər və heykəllər Azərbaycan Respublikasının ərazisində eramızdan əvvəl birinci minillikdən başlayaraq geniş yayılmış və türk xalqları ilə bağlı olduğu söylənmişdir. Bu tip qəbir daşları qədim türk tayfaları olan Skiflərdə də geniş istifadə olunmuş və XIX əsrdə belə, Mərkəzi Asiyanın türk xalqları arasında geniş yayılmışdır. Əyrək nekropolunda aşkar olunan qəbirdaşı isə orta əsrlərə aiddir. Ümumiyyətlə, bu tip abidələrdə əlində qab tutan insan təsvirləri haqqında, xüsusilə insanın əlindəki qab haqqında müxtəlif fikirlər söylənmişdir. Bəziləri bunu su- qabı, bəziləri isə o dövrdə qiymətli olan metal qab kimi dəyərləndirmişdir. Apardığımız araşdırmalar göstərir ki, qəbir daşları üzərində olan təsvirlər insanların axirət dünyası ilə bağlı müəyyən məna ifadə etmişdir. Buna görə də ehtimal edirik ki, bu suqabı insanın ölüm şərbəti içməsinə işarədir.

Maraqlıdır ki, digər bir qəbirdaşında yenə də bir əlində qab tutan, digər əli ilə atın yüyənindən yapışan sxematik insan təsviri var. Ümumiyyətlə, at Azərbaycan xalqının mifologiyasında mediator – vasitəçi rolunda təsvir olunur. O, yeri, göyü və o biri dünyanı bir-biri ilə əlaqələndirən mifoloji varlıqdır. Nağıllarımızda qəhrəmanlarımızın at üstündə yeraltı dünyaya getməsi ilə bağlı epizodlar da az deyil. Şübhə etmirik ki, bu qəbirdaşı üzərindəki təsvir ölüm şərbətini içərək atının yüyənindən tutan mərhumun dünyasını dəyişməsinin metaforik ifadəsidir.
Qəbir daşları üzərində Gəmiqayadakı həyat ağacı təsvirlərinə bənzəyən rəsmlər də vardır. Bu isə əcdadlarımızın minilliklərdən gələn inanclarının günümüzədək yaşadığını göstərməkdədir. Bəzi qəbir daşlarında ərəb qrafikası ilə kitabə var. Əyrək nekropolundakı qəbir daşlarının stilistlik xüsusiyyətlərini nəzərə alaraq onları hələlik VIII-XII əsrlərə aid edirik. Ehtimal ki, gələcək araşdırmalar daha dəqiq tarix deməyə imkan verəcək. Həmin daşlar bizim ulu tariximizin yadigarıdır. Bu maddi mədəniyyət nümunələrini qorumaq və yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru, professor

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR