06 İyun 2020, Şənbə

Evimizdə, qohum-əqrəbalarımızda yaşayan, 1988-ci ildən başlanan hadisələrin şahidi və iştirakçısı olmuş yaxınlarımın o dövrlə bağlı söhbətlərini tez-tez  xatırlayıram. Doğma diyarımız üçün çətin və məşəqqətli o illərlə bu gün fikrimdə qəhrəman bir obraz kimi təsvir olunur Naxçıvan. Tarixin bütün fitnə-fəsadlarına, düşmən acgözlüyünə, özbaşınalığına, xaosa şahidlik edən yurdumuzun iqtisadiyyatı zəifləmiş, düşmən hədəfinə çevrilmiş irsimiz, dəyərlərimiz uçurumun lap kənarında son bir addımdan asılı qalıbmış. Dağ-daş da küsübmüş. Hətta tarix də varlığını göstərməkdən çəkinib gizlənibmiş özünü qorumaq naminə. Çünki əmanət olunanlar babalarımızın bir yadigarı idi. Gələcək nəsillərə nə cavab verəcəkdilər?

 İşıqsız qalmış küçələrdə qaranlıq hökm sürürmüş. Bu yoxluğun içində, sanki göy üzü də şikayət edirmiş olanlardan. Küçələrdə hər an güllə səsi ilə qarşılaşa bilmək qorxusu insanların canından çıxmırmış. Şəraitsizlikdən, yoxsulluqdan meydana gələn cinayətkarlıq, oğurluq da qaçılmaz hal alıbmış. Üzləşilən çətinliklər yalnız belə təhlükələrlə kifayətlənmirmiş, daha ağrılısı o imiş ki, çörəklə imtahan olunurmuş insanlar. Səhər tez oyanıb bir tikə çörəyə görə düzülən cərgələrdə saat­larla növbələr elə bil işgəncə növü seçilibmiş. Çörəksiz evə qayıtmaq da az olmurmuş. Həsrətlə çörək gözləyərək qabağa qaçan uşaqların yanındakı dilxorluqlar, ac qalan körpələrin gözlərindəki yoxluğa, aclığa hayqırış səsləri çox utandırırmış böyükləri.

O çətin günlərin bu qədim yurdu tərk etməsi arzusu ilə gecə-gündüz dua edib yatan babalarımızın, nənələrimizin əlçatmaz ümidləri bu gün artıq bizim reallığımızdır. Əlbəttə, bu, asanlıqla başa gəlməyib. Uzun və məşəqqətli bir yol keçilib. Bu böyük yolun başlanğıcı 90-cı illərdən sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayıb. Növbəti dəfə yenə dağılmaqda olan ölkəni dahi rəhbər yenidən qurub, yenidən xilas edib. Bugünkü inkişafımızın təməli qoyulub. Muxtar respublikanı isə öz məktəbinin layiqli davamçısına əmanət edib. Dirçəliş üçün düzgün strategiya lazım idi. Bu elə şərəfli və məsul bir vəzifənin öhdəsindən isə yalnız cənab Vasif Talıbov kimi vətənpərvər, müdrik siyasətə sadiq, iradəli bir şəxsiyyət gələ bilərdi. Qətiyyətlə və ardıcıl atılan inamlı və cəsarətli bu addımlar xalqımızı intibaha aparacaq uğurlu tarixi illərin xəbərçisi oldu. Bu tarixi dövrü və son illərə qədər əldə olunan uğurları düşündükcə anlayırıq ki, muxtar respublikanı etibarlı əllərə əmanət etmiş, özündən sonra alternativi olmayan siyasi kurs qoyaraq əbədiyyətə qovuşmuş bir insanın müasiri olmaq xoşbəxtlikdir. Hələ bu müasirliyin, ideyaların təbliğatçısı, davamçısı olmaq daha böyük xoşbəxtlikdir. Son 25 illik tarixdə muxtar respublikada bütün sahələrdə inkişaf gözəçarpan dərəcədə vüsət aldı. Özəl sektor, yeni-yeni istehsal-emal müəssisələri, durmadan artan yüksəliş, yoxsulluq probleminin həlli, iqtisadi inkişafın əldə olunması, dünya miqyaslı layihələrə, təşkilatlara qoşulma günümüzün mənzərələridir.

Hər daşı, qayası ox nişanlı, hər zümrüdgözlü bulağının pıçıltısında ana laylası çağlayan doğma diyarımız ulu Naxçıvan, eləcə də onun qədimdən-qədim paytaxtı binə olunandan bəri heç vaxt, heç bir zaman indiki kimi abadlıq adlı sevincin vüsalına qovuşmayıb. Bunu inkar etməyə kimsənin dili gəlməz. Bu, bir həqiqətdir ki, təxminən, son illər ərzində keçilməz yollar keçib Nuh nəfəsli Əcəmi yurdu. Gözəllik, təmizlik, abadlıq, bir sözlə, intibah naminə. 25 il ərzində elə bir ünvan olmayıb ki, orada yeni bir layihə icra olunmasın, yol çəkilməsin, parklar, istirahət mərkəzləri, yeniləşən təhsil ocaqları, kənd mərkəzləri, səhiyyə ocaqları tikilməsin, tarixi abidələr bərpa olunmasın.

Bir qədər geriyə qayıdaq. Hər bir ölkənin müdafiə təhlükəsizliyi sahəsində atılan ən mühüm addımlardan biri də, sözsüz ki, ordu qurucu­luğudur. Muxtar respublikamızda son 25 il ərzində həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası, sözün həqiqi mənasında, hər birimizdə böyük qürur doğurur. Əlahiddə Ümumqoşun Ordunun yaradılması və ordumuzun maddi-texniki təminatı ilə bağlı görülən işlər, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, həmçinin muxtar respublikamızdakı hərbi birləşmə və hissələrdə xidmət üçün yüksək səviyyəli şəraitin yaradılması ordumuzun gücünü dəfələrlə artırıb. 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin işğaldan azad edilməsi isə ordumuzun qüdrətinin daha bir ifadəsinə çevrilib.

Bütün bu sadalananlar iqtisadi-siyasi dirçəliş, demokratik uğurlar inkişafdan intibaha aparan siyasətin bəhrəsidir. Zamanında sosial-iqtisadi girdab içərisində batıb qalan bir məmləkətdən çiçəklənən, öz iradəsini diktə edən, iqtisadi inkişaf tempinə görə qabaqcıllar cərgəsinə qoşulan, dünyanın bəzəyinə çevrilən Şərqin qapısı Naxçıvanımda bu gün məqsədyönlü şəkildə həyata keçiri­lən tədbirlər və bu tədbirlərin nəticəsində qazanılan uğurlar yurd yerimizi dünyanın inkişaf etmiş diyarları ilə bir sıraya qoyur. Bunun nəticəsidir ki, gələn qonaqlar, turistlər tarixi abidələrini qoruyan, milli-mənəvi dəyərlərinə sahib çıxan bir diyar kimi heyran qaldıqları bu yurd yerinin adını, gözəlliyini öz əsərlərində, xatirələrində iftixarla qeyd edirlər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür.

Hər il yüksək səviyyədə təşkil olunan beynəlxalq idman yarışları, gənclərin könüllü startap layihələrinə qoşulması inkişafın ən böyük göstəricisidir.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafının nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci ildə həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkəmizin Gənclər Paytaxtı seçilib. Həmçinin ötən il keçirilən Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu muxtar respublikanın beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi oldu. Bir sözlə, inkişaf və tərəqqi hər sahədə yeniliklərlə geridə qalan çətin illərə meydan oxuyur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində isə Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub.

Bunun ifadəsini real rəqəmlər də sübut edir. Elə götürək 2020-ci ilin yanvar-mart aylarının qısa statistikasını. Bəhs olunan dövrdə muxtar respublikada 251 milyon 769 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunub. Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşlarının mühüm rol oynadığını nəzərə alaraq muxtar respublikada 2020-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 189 milyon 403 min 700 manat vəsait yönəldilib. Bu, bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə muxtar respublikamızda əsas kapitala vəsait qoyuluşlarının daha çox olduğunu deməyə əsas verir. Həmin vəsaitin 177 milyon 216 min 500 manatı və ya 93,6 faizi tikinti-quraşdırma işlərində istifadə olunub. Belə ki, həmin dövrdə 68 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 169 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılıb. Belə ki, ilin ilk 3 ayı ərzində 1 kənd mərkəzi istifadəyə verilib, 2 kənd mərkəzinin inşası davam etdirilib, 4 kənd mərkəzinin inşasına başlanılıb.

Artıq muxtar respublikada güclü sahibkarlar təbəqəsi formalaşıb. 2020-ci ilin ilk rübündə muxtar respublikada sahibkarlara 12 milyon 167 min 500 manat kredit verilib. Verilmiş kreditin 7 milyon 306 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 4 milyon 861 min 500 manatı isə fərdi sahibkar­lığın inkişafına sərf olunub. Bu dövrdə 14 hüquqi və 697 fiziki şəxs qeydiyyata alınıb.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərmişdir.

Bu gün sahibkarlıq subyektlərində rəqabətədavamlı və ixracyönümlü məhsul istehsalı başlıca məsələ kimi qarşıya qoyulub və buna nail olunub. Bu səbəbdəndir ki, 2020-ci il muxtar respublikada “İxrac ili” elan edilib.

2020-ci ilin birinci rübündə muxtar respublikanın xarici ticarət dövriyyəsi 70 milyon 998 min 400 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 53 milyon 530 min 700 ABŞ dollarını ixrac, 17 milyon 467 min 700 ABŞ dollarını idxal təşkil edib və 36 milyon 63 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Enerji təhlükəsizliyi də daim diqqət mərkəzində saxlanılıb, ötən dövrdə su və Günəş elektrik stansiyalarının tikintisi davam etdirilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində əldə etdiyi bu uğur Naxçıvanı enerji idxal edən diyardan enerji ixrac edən diyara çevirib.

Budur, Naxçıvan 25 il ərzində müstəqillik yollarında inamlı addımlar ataraq tərəqqi zirvəsinə yüksəlib. Gül çələngli, çiçək ətirli doğma yurdum inkişaf və tərəqqi örnəyi kimi çağdaş zamanın astanasına qədəm qoyub. Üzümüzə yeni ülvi arzularla açılan hər nurlu sabah sevincli, müjdəli yeniliklərlə əlamətdar olur. Təbii ki, bu yenilikləri bir yazıya sığdırmaq mümkün deyil. Son iyirmi beş ildə paytaxt şəhərimiz, rayon mərkəzlərimiz, ən ucqar dağ və sərhəd kəndlərimiz, sözün əsl mənasında, yeniliklər dövrünü yaşayır. Və bir gənc kimi mən də naxçıvanlı olmağımla, Naxçıvanda yaşamağımla fəxr edirəm.

Türkan HÜSEYNLİ

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR