02 İyun 2020, Çərşənbə axşamı

XIX əsrin sonu, XX əsrin əvvəllərinə məxsus Naxçıvan ədəbi, elmi mühitinin görkəmli simalarından biri də Eynəli bəy Sultanovdur. Tanınmış yazıçı, publisist, ictimai xadimin çoxcəhətli fəaliyyəti, uzun illər xaricdə yaşaması onun dünyagörüşünün formalaşmasında, xalqın müasirləşməsi uğrunda daha fəal mübarizə aparan, millətsevər bir ziyalı kimi yetişməsində müstəsna rol oynamışdır. Müxtəlif hüquq idarələrindəki fəaliyyəti – quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi, İrəvan Dairə Məhkəməsində tərcüməçi, məhkəmə katibinin köməkçisi, Dairə Məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi, Dairə Məhkəməsi prokurorunun köməkçisi vəzifələrində çalışması Eynəli bəyin cəmiyyət həyatını bütün incəliklərinə kimi öyrənməsinə, xalqının acınacaqlı taleyini daha yaxından müşahidə etməsinə, ən əsası da böyük yazıçı, publisist kimi formalaşmasına mühüm təsir göstərmişdir.

Eynəli bəy Sultanovun ictimai-siyasi fəaliyyəti bədii, publisistik yaradıcılığına da öz təsirini göstərmişdir. Məqalələrində onun siyasi baxışlarının, o dövrün siyasi hadisələrini qərəzsiz, dürüst bir şəkildə təhlilinin, bütün xalqlara olan humanist mövqeyinin şahidi oluruq. Lakin bu publisist nümunələrdən də aydın göründüyü kimi, zamanla, Eynəli bəyin rus və ermənilərə qarşı münasibəti dəyişmiş, görkəmli ədəbiyyatşünas alim Vilayət Quliyevin də qeyd etdiyi kimi, “hər addımda Azərbaycan türklərinə ikinci dərəcəli vətəndaşlar kimi baxan, onların haqlarını tapdayan şovinist rus hakimiyyətini, bu işdə çar məmurlarının dəmtutanı olan erməni təxribatçılarını” mətbuat vasitəsilə tənqid etmişdir.
Eynəli bəyin bu mövzuda yazdığı məqalələri rusların və ermənilərin hələ XX yüzilliyin əvvəllərindən azərbaycanlılara olan nifrətinin, düşmənçilik münasibətlərinin mövcudluğunun sübutu kimi olduqca əhəmiyyətlidir. Bu baxımdan onun “İrəvan hadisələri” məqaləsi maraq doğurur. Məqalədə Eynəli bəyin dövrünün açıqfikirli ziyalısı kimi fəaliyyətindən, xalqları bir-birinə düşmən edən, onların mənəviyyatını təhqir edən yerli burjuaziya və ümumi düşmən olan hakim təbəqələrə qarşı mübarizəsindən, çarizmin milli qırğın siyasətindən bəhs olunur. Məqalənin 1905-ci ildə yazılması heç də təsadüfi deyil. Tarixdən də məlum olduğu kimi, 1905-1907-ci il hadisələri Azərbaycan tarixində ermənilər tərəfindən xalqımıza qarşı törədilən sonralar silsilə halını almış soyqırımının ilk mütəşəkkil mərhələsi olmuşdur. Azərbaycanın bir çox bölgələrində – Bakı, İrəvan, Naxçıvan, Cəbrayıl, Şuşa, Gəncə, Qazax və başqa ərazilərdə qırğınlar planlı şəkildə, etnik təmizləmə məqsədilə törədilmiş, icraçıları bilavasitə və birbaşa ermənilər olmuşdur.

Həmin illərdə Eynəli bəy Sultanovun da İrəvanda yaşaması və baş verən hadisələri şəxsən müşahidə etməsi onun “İrəvan hadisələri” məqaləsində öz əksini tapmışdır: “Kədərli hadisələr bizdə – İrəvanda da qızışdı. Qırğın bizim həmşəhərlilər – ermənilər və tatarlar (azərbaycanlılar) arasında da başladı. Bu “müharibənin” məhz hansı qara qüvvələrin təsiri ilə başlandığını zaman aydınlaşdıracaq”.
Qeyd edək ki, Eynəli bəyin bu məqalədə bəhs etdiyi Bakı hadisələri ermənilərin 1905-1906-cı illərdəki müsəlman qırğınının ilk hədəfi idi. Bu haqda Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərində geniş məlumat verildiyi kimi, ermənilər 1905-ci il may ayının əvvəllərində Naxçıvanda, daha sonra isə 23 may tarixdə İrəvanda yenidən qırğınlar törətmiş, çoxlu günahsız azərbaycanlının məhvinə səbəb olmuşlar.
Eynəli bəyin “Səmimilik, yoxsa abırsızlıq?” adlı məqaləsində isə 1905-ci il qırğınları ərəfəsində iki müasir erməni və müsəlman ictimai xadiminin söhbəti zamanı erməni millətinin nümayəndəsinin sözləri onların türklərə, müsəlmanlara olan düşmən münasibətlərinin əyani sübutudur:
– “Deyin, yoldaş, axı sizə məlumdur ki, daim müsəlmanların qurbanlarına çevrildiyi təxribatlar əksər hallarda erməni əhalisinin bir hissəsi tərəfindən törədilir. Bəs niyə bunun əleyhinə nəsə bir tədbir görmürsünüz, mətbuatda çıxış etmirsiniz və sair? Doğrudanmı siz 1905-ci il qanlı hadisələrinin canlı şahidi olmaq istəyirsiniz? Erməni cəmiyyəti bu haqda ciddi düşünməlidir.
– Sizə deyim ki, həmkarım, – erməni cavab verdi, – biz siz müsəlmanlardan qorxuruq. Ona görə qorxuruq ki, siz bizdən nəsə kənarda durursunuz, bizimlə yaxınlaşmırsınız və bizim üçün tapmacasınız. Bu əndişəmizdə rus əsgəri – bizim yeganə müdafiəçimizdir. Axı Allah bilir, Qafqaz cəbhəsində türklərin hücuma keçdiyi təqdirdə siz bizimlə nə edə bilərsiniz...Ona görə də, qonşularımız müsəlmanların firavanlığı bizim proqrama qətiyyən daxil deyil və daxil ola da bilməz”. Erməni xadiminin bu sözləri Eynəli bəydə böyük narahatlıq və qayğı yaradır: “...biz soruşuruq, bu səmimiyyətdir, yoxsa həyasızlıq və ədəbsizlik? Allah eləməsin ki, bu “erməni ictimai xadiminin” fikri erməni cəmiyyətinin əksəriyyətinin fikri ola...”
Doğrudan da sonrakı qırğınlar, soyqırımlar, qətliamlar – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdəki qırğınlar nəticəsində 700 mindən artıq Azərbaycan türkünün öz ocaqlarında qətlə yetirilməsi, 3 milyona yaxın azərbaycanlının ata-baba yurdundan sıxışdırılıb çıxarılması bir daha sübut etdi ki, Eynəli bəy narahatlığında nə qədər də haqlı idi. Məhz Eynəli bəyin də 1916-cı ildə yazdığı “Müdafiəsizlər” məqaləsində tanış müsəlman ziyalının müsəlmanların tarix və bəşəriyyətin mühakiməsi qarşısında müdafiəsiz olmaları barədə narahatlığına Eynəli bəyin verdiyi cavab maraq doğurur: “Müsəlmanların müdafiəsini artıq sayıram. Ermənilər heç də bizə örnək deyil. Qoy onlar, əgər istəyirlərsə, vəkillərin köməyinə müraciət etsinlər. Bizim bunu etməyə ehtiyacımız yoxdur, hətta vicdanımızı rahatlatmaqdan ötrü olsa belə...Bəşəriyyətin mühakiməsi dövlət məhkəməsi deyil, ona müdafiə nitqləri lazım deyil; o bizə vəkillərsiz də bəraət qazandıra bilər...milli şücaətimizin, ali mənəvi mədəniyyətimizin və sair mədh edilməsinə gəlincə isə, inanın, onlar bizə tamamilə lazım deyil. Biz heç vaxt özümüzü reklam etməmişik və etməyəcəyik...” Daha sonra Eynəli bəyin 1918-ci ildə qələmə aldığı “Suallar və cavablar” məqaləsində müsəlmanları Ermənistana tabe olmağa məcbur edən qüvvələrə etdiyi son müraciəti nəinki ermənilərə, onların bütün havadarlarına verilmiş layiqli bir cavabdır: “Sonda isə hamıya bax, bunu deyək: Erməni hakimiyyətinə müsəlmanları tabe olmağa məcbur etmək üçün onları yenidən yaratmaq, təbiətlərini dəyişdirmək lazımdır. Bütün dünyada buna qadir olan hakimiyyət vardırmı?”
Xalqımızın milli-mənəvi tərəqqisi naminə fədakar xidmətləri ilə seçilən Eynəli bəy Sultanov kimi tarixi şəxsiyyətlərin, maarifpərvər ziyalılarımızın xatirəsi bu gün də ehtiramla yaşadılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə tanınmış ziyalının yubileyi dövlət səviyyəsində qeyd olunmuş, onun həyat və fəaliyyətinin, yaradıcılığının tədqiqi sahəsində yeni bir mərhələ başlanmışdır. Ali Məclis Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam ilə təsdiq olunan siyahıya daxil edilən kitablardan biri də Eynəli bəy Sultanovun “Məqalələr”idir. Gənclərin vətənpərvər, tarixə, milli kökə bağlı və dünyagörüşlü olması baxımından əhəmiyyətliliyinə görə həmin siyahıda yer alan bu publisistik nümunələr XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi həyatının mətbu güzgüsü hesab oluna bilər. Çünki Eynəli bəyin məqalələri 1905-1906-cı illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən qırğınların, türklərə, müsəlmanlara olan nifrətin, məkrli siyasətin tarixboyu mövcudluğunun real faktlarla sübutudur. Məhz bu səbəbdəndir ki, Eynəli bəyin bu mövzuda yazdığı məqalələri tarixi reallığı özündə əks etdirməsi, o dövrün hadisələrinə işıq tutması baxımından qiymətli mənbədir və aktuallığını həmişə saxlayacaq.

Sahab ƏLİYEVA
AMEA Naxçıvan Bölməsinin
Elmi Kitabxanasının direktoru

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR