06 İyul 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu ilin fevral ayında tarixi və əlamətdar, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər, ustad və açıq dərslər keçilmiş, eləcə də “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Gənclər Günü münasibətilə aid təşkilatlarla birgə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert pro­qramı təqdim edilmişdir. Ötən ay, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyası Kəngərli Rayon Mədəniyyət Sarayında, Mahnı və Rəqs Ansamblı isə Şərur Rayon Mədəniyyət Sarayında bilet satışı ilə konsert vermişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinə fevral ayında yekun vurulmuş, qaliblər mükafatlandırılmışdır.
Hesabat dövründə muzeylərə 171 yeni eksponat daxil olmuşdur. Muzeylərimizi fevral ayında 32 min 844 tamaşaçı ziyarət etmişdir ki, onlardan 3 min 952-si əcnəbi, 28 min 892-si isə yerli vətəndaşlar olmuşdur. Ötən ay, həmçinin muxtar respublikanın kitabxanalarında yeni oxucu sayı 403, oxucu gəlişi 9 min 644 nəfər, kitab verilişi isə 46 min 768 nüsxə olmuşdur. Ay ərzində elektron kitabxanadan 366 oxucu istifadə etmişdir.
Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə salınmaq üçün muzeylərə daxil olmuş 12 xalça pasportlaşdırılmışdır.
Fevral ayında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun yeni işıq üzü görmüş “Azərbaycan xalq mahnıları – a capella” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalı və Dövlət Bayrağı Muzeyinin internet saytı ötən ay fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbir keçirilmiş, “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsinin Kəngərli rayon turu olmuşdur.
Muxtar respublikanın yaşayış məntəqələrindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi və bədii-qiraət dərnəklərinin üzvləri, musiqi özfəaliyyət kollektivləri və rayon (şəhər) mədəniyyət şöbələrinin instrumental ansambllarının iştirakı ilə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin Naxçıvan şəhərində, eləcə də Şərur və Culfa rayonlarında seçim turları keçirilmişdir.
Fevral ayında “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondunda, Şahbuz və Ordubad rayonlarında sakinlərə filmlər nümayiş olunmuşdur. Həmçinin Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhərindəki bir neçə tam orta məktəbin şagirdlərinə Xocalı faciəsi ilə əlaqədar film nümayiş etdirilmişdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ötən ay Nəbi Xəzrinin “Burla xatın” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş, Elçinin “Teleskop” əsəri əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim olunmuşdur. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da ay ərzində Hüseyn Əsgərovun “Qorxaq Əhməd” tamaşasının məşqləri davam etdirilmiş, biri xeyriyyə məqsədli olmaqla, ümumilikdə, 9 tamaşa göstərilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən ay ərzində “Mavi işıq” tamaşasının məşqləri aparılmış, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşası nümayiş etdirilmişdir. Fevral ayında Babək, Ordubad, Şərur, Naxçıvan şəhər və Şahbuz Rayon Xalq teatrları Cavad Məcnunbəyovun “İldırım”, Firuz Mustafanın “Sevməsəm, ölləm”, Əziz Nesinin “Öldürsənə, can-­ciyər”, Rauf İçərişəhərlinin “Arzum çin oldu”, Sahib İbrahimlinin “Sadığın toyu” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.
Fevral ayında Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Lira” musiqili intellektual oyununun birinci mərhələsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR