10 Aprel 2020, Cümə

Bəstəkar Məmməd Məmmədov haqqında yazı hazırlayarkən onun ailəsi ilə də maraqlanmağı özümə mənəvi borc bildim. Öyrəndim ki, bəstəkarın üç övladı var. Onlardan hazırda Bakı şəhərində yaşayan Fəridə Məmmədova ilə əlaqə saxladım. O, Ali Məclis Sədrinin bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın atasının yaradıcılığına verilən yüksək qiymət olduğunu və bütövlükdə, mədəni irsimizə göstərilən bu qayğıya görə minnətdarlığını bildirdi. Atası ilə bağlı xatirələrini bölüşdü:
– Atam təkcə yaxşı musiqiçi, pedaqoq yox, həm də xoşxasiyyətli, mehriban, qayğıkeş və zəhmətkeş bir insan idi. Deyirlər, musiqiçilər incə ruhlu insanlardır. Şübhəsiz ki, atamın belə gözəl xarakterə malik olması öz sənətinə vurğunluğu ilə əlaqədardır. O, musiqi ilə yaşayır, onunla nəfəs alırdı. Sənətindən şövqlə danışar, çəkdiyi zəhmətdən zövq alardı. Atam gördüyü işlə heç vaxt kifayətlənmirdi. Daim musiqi aləmində axtarışda idi. Demək olar ki, onun boş vaxtı olmazdı. Vaxtının çox hissəsini piano arxasında məşqlə, ya da ki, musiqi bəstələməklə keçirərdi.
Bir müəllim kimi yetişdirdiyi tələbələr ilə həmişə fəxr edirdi. Öz tələbələri ilə həm də yaxın dost olmağı bacaran bir pedaqoq kimi onların fikirlərini də dinləyərdi. Teatr isə Məmməd müəllim üçün başqa bir aləm idi. Hansısa yeni bir dram əsərinin musiqi tərtibatı üzərində yorulmadan çalışardı.

Bu gün Naxçıvan şəhərindəki 1 nömrəli Uşaq Musiqi Məktəbinin atamın adını daşıması və 100 illik yubileyinin keçirilməsi ilə bağlı verilən sərəncam bizi musiqiçi ailəsi olaraq sevindirir və qürurlandırır. Bütün bunlara görə Ali Məclis Sədrinə minnətdarıq.
Bəstəkar Məmməd Məmmədovun yetirmələrinin və sənət yoldaşlarının da xatirələrini dinlədik.
Nazim Kazımov – Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor:
– Musiqi sahəsinə qədəm qoyduğum ilk illərdə üzvü olduğum, Məmməd müəllimin yaratdığı və rəhbərlik etdiyi “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının zəngin yaradıcı­lıq fəaliyyəti mənim kimi burada iştirak edən gənc musiqiçilərin gələcəkdə peşəkar sənətkar olmalarının əsas mərhələsi idi. Bu ansamblla biz Azərbaycanın müxtəlif bölgələrində, xarici ölkələrdə qastrol səfərlərində olmuşuq. Həmin konsertlər hələ kiçik yaşda olan musiqiçiləri artıq konsert ifaçısı kimi püxtələşdirirdi. Uğurlarımızın səbəbkarı isə gözəl insan, əsl pedaqoq, bəstəkar, dirijor Məmməd Məmmədov idi. Bu gün bizim yaxşı pedaqoq olmağımızda, təşkilatçı kimi formalaşmağımızda da Məmməd müəllimin pedaqoji ustalığının, təcrübəsinin böyük əhəmiyyəti olub.
Yaradıcılığımın ilk dövründə, boya-başa çatdığım doğma Naxçıvanda ilk müəllimlərimdən biri olan Məmməd Məmmədovu xatırladıqca, onun yüksək əxlaqi keyfiyyətlərini çoxsaylı yetirmələrinin timsalında gördükcə unudulmaz sənətkarla fəxr edir, onun şagirdi olduğum üçün qürur duyuram. Bu ustad sənətkarın anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsini isə bir sözlə ifadə etmək olar: qədirşünaslıq!
Nazim Quliyev – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar:
– Bəstəkar Məmməd Məmmədov mənim ilk müəllimlərimdən biri kimi yaddaşımda yaşayır. Məmməd müəllimin davranışı, yaradıcılığı mənim üçün böyük həyat məktəbi oldu. Müəllim kimi çox tələbkeş idi. Bunun da nəticəsində biz peşəkar musiqiçi kimi yetişdik. Onun musiqiyə olan vurğunluğu mənim kimi digər şagirdlərinə də sirayət etdi. Belə bir ustad sənətkarın şagirdi olub musiqini sevməmək mümkün deyildi. Bəstəkarın sənətə qarşı məhəbbətinin qığılcımları bu gün mənim kimi bir çox yetirmələrinin qəlbində yaşamaqdadır. Mən həmişə fəxr etmişəm ki, ondan dərs almışam. Məmməd müəllimin yaradıcılığı çoxşaxəli və genişdir.
O, 30-dan artıq tamaşaya musiqi bəstələyib. Əgər bir tamaşada, təxminən, 10 musiqi nömrəsinin olduğunu nəzərə alsaq, deməli, bəstəkar təkcə tamaşalar üçün 300-dən artıq mahnı, rəqs, uvertüra və başqa janrlarda musiqi nömrələri yazmışdır.
Bəstəkar Məmməd Məmmədovun 1938-ci ildə yaratdığı qızlardan ibarət nəfəsli alətlər orkestri təkcə Naxçıvanda yox, Cənubi Qafqaz ölkələri arasında ilk belə kollektiv idi. O, xüsusən ötən əsrin 60-cı illərində Naxçıvanda kütləvi musiqi ifaçılığının inkişafında müstəsna xidmətlər göstərib. Məmməd Məmmədovun zəngin yaradıcılığı öyrənilməli, əsərləri toplanıb daha geniş şəkildə təhlil edilməlidir. Çünki onun yaradıcılığı Naxçıvan musiqi mədəniyyətinin ən möhtəşəm səhifələrindəndir. Bu mənada, tanınmış bəstəkarın 100 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması, bütünlükdə, mədəniyyətimizin inkişafına töhfə, sənətə və sənətkara verilən qiymət kimi bizi çox sevindirir.
İlqar Muradov – Azərbaycan Respublikasının Xalq artisti:
– Naxçıvanda musiqiçilərin yetişməsində və püxtələşməsində danılmaz və unudulmaz xidmətləri olan, adını daim iftixarla xatırladığımız bəstəkar, dirijor, pedaqoq Məmməd Məmmədov mənim xor müəllimim olub. O, pedaqoji təcrübəsi və səriştəsi ilə bütün şagirdlərin sevimlisinə çevrilmişdi.
Məmməd müəllimin populyar mahnılarından biri olan, sözləri Müzəffər Nəsirliyə aid “Naxçıvan” mahnısı 1970-ci illərdə bütün musiqi məktəblərinin, eləcə də məşhur ifaçıların, xor kollektivlərinin repertuarında başlıca yer alırdı. Əminliklə söyləyə bilərəm ki, bu mahnı həmin dövrü xatırlayan hər bir naxçıvanlının dilinin əzbəridir.
Ömrünü xalqının, yaşadığı diyarın incəsənətinin inkişafına həsr edən Məmməd Məmmədov mənim xatirimdə öz peşəsinə, amalına sona qədər sadiq qalan və heç bir zaman təvazökarlığını itirməyən sənətkar kimi qalıb. Böyük həvəs və məhəbbətlə bağlı olduğu sənətinin müqabilində bu gün o, hamı­mızın qəlbində yaşayır və yaşayacaq.
Zöhrab Axundov – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, ustad tarzən:
– Mərhum bəstəkar Məmməd Məmmədov ilə tanışlığım uşaqlıq illərimə təsadüf edib. O, atam Vahid Axundovla həm iş yoldaşı, həm də dost idi. Məmməd Məmmədov zəngin pedaqoji təcrübəsi, yaratdığı gözəl musiqi nümunələri, əsl sənətkar şəxsiyyəti ilə musiqiçilərin ağsaqqalı kimi bu gün də hafizəmdə yaşayır.
Xüsusilə qeyd etmək istərdim ki, Naxçıvanda xor sənətinin ən yüksək, professional səviyyəyə çatmasında bəstəkarın mühüm xidmətləri var. Onun dövrün çətinliklərinə qatlaşaraq yaratdığı “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı, xor kollektivləri musiqi mədəniyyətimizin inkişafında silinməz izləri ilə yadda qalıb. Bəstəkarın pedaqoji ustalığının mühüm cəhətlərindən biri də kollektivlərin bir neçə ay ərzində hazırladıqları geniş, kütləvi tədbirlərin öhdəsindən qısa zamanda, yüksək səviyyədə gəlməsi idi. “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının, xor kollektivlərinin zəngin repertuarına daxil olan bütün musiqi nümunələrinin, demək olar ki, hamısını bəstəkar özü şəxsən hazırlamışdı. Bu da Məmməd müəllimin pedaqoji yaradıcılıq fəaliyyətinin ən yaddaqalan cəhətlərindəndir.
Məmməd Məmmədov Naxçıvan musiqi mədəniyyətinin inkişafında öz dəstxəti, layiqli imzası olan sənətkarlardandır.
Nizami Məmmədov – Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi:
– Məmməd Məmmədovun yaradıcılıq fəaliyyəti çoxşaxəli və genişdir. Bəstəkar Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbində nəfəsli alətlər orkestri yaratmışdı. Mən də həmin orkestrdə iştirak edirdim. Məmməd müəllimlə ilk tanışlığım da məhz o günlərdə olub. Bəstəkar o illərdə ucqar dağ kəndlərində belə, orkestrlər, xor kollektivləri yaradıb, gənc musiqiçilərin yetişməsində böyük xidmətlər göstərib. O, əsl pedaqoq, xüsusi idarəçiliyə malik bir musiqiçi idi. Bunun nəticəsidir ki, Naxçıvanda professional xor sənətinin təşkili və inkişafı bəstəkarın adı ilə bağlıdır. Belə ki, Məmməd Məmmədov konsert proqramları və bayramlar üçün xüsusi olaraq birləşmiş xor kollektivi yaradırdı. Düşünün ki, 1000-ə yaxın uşaqla eyni anda məşqlər aparmaq, onları truba alətində müşayiət etmək nə qədər çətin bir iş idi. Görkəmli bəstəkar, xormeyster Əfsər Cavanşirov Məmməd Məmmədovun yaratdığı birləşmiş xor kollektivinin ifasını dinləmiş və çox təsirləndiyini ifadə etmişdi.
Məmməd Məmmədov bu gün də biz musiqiçilər tərəfindən unudulmur, onun irsini təbliğ edərək yaratdığı əsərləri gənc musiqiçilərə öyrətməklə öz mənəvi borcumuzu ödəməyə çalışırıq.
Hər kəsin dünyada bir dəfə yaşamaq şansı var. Kimisi ona bəxş edilən ömrü hədər edir, kimisi də həyatdakı missiyasını anlayaraq hədəfinə çatmaq, özünə mövqe qazanmaq üçün böyük şövqlə çalışır. Həmin insanların həyat və fəaliyyətinə nəzər salanda şahidi oluruq ki, onlar ömürlərini elinə, obasına, xalqına fayda vermək kimi ali məqsədə həsr ediblər. Bəli, göründüyü kimi, öz sənətinə vurğun insanlardan biri də bəstəkar Məmməd Məmmədov olub. Əminliklə demək olar ki, nə qədər ki gənc musiqiçilər yetişir, musiqi mədəniyyətimiz yaşadılır və ən əsası qədirbilən insanlar var, Məmməd Məmmədov da daim yaşayacaqdır.

 Pərviz HACILI

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR