25 May 2020, Bazar ertəsi

Həyatdakı ən üstün amallardan sayılan mərifət məqamına yetişmək, kamillik zirvəsinə ucalmaq istəyənləri düzgün yola istiqamətləndirmək məqsədi daşıyır “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabı. Ey əziz oxucu, aç oxu sən də bu kiçikhəcmli böyük təfəkkür aşılayan dəyərli nəşri. Oxu ki, mənəviyyatını kamilləşdirən elmin, ədəbin və digər üstün əxlaqi keyfiyyətlərin məğzini, mahiyyətini dərk edəsən. Bununla da hərəkətlərinə ölçü, nizam qoyaraq nəyin düz, nəyin yanlış olduğunu müəyyən edib naqisliklərindən kənar ola biləsən. Hekayələrdəki kimi sən də özünə sual verməklə məsələnin dərinliyinə varmağa çalışasan. 

Misal üçün deyə bilərsən məktəb nədir mənim üçün? Suala tez deyil, dolğun cavab verməyə çalış, bu barədə bir az dərindən düşün, yəqin ki, elmin qapılarını açan bir xəzinə canlandı gözlərin önündə. Əsərdəki “Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər” fikrindən yola çıxaraq keçmişə səyahət et. Əcdadlarının, ata-babalarının həyat tərzi ilə bağlı eşitdiklərini, oxuduqlarını düşüncəndə özünəxas təhlil et, nəticə çıxar. Elmin üstünlüyünü aşılayan Nizamidən başlamış cahilliyi ifşa edən, ana dilimizin müqəddəsliyini aşılayan Mirzə Cəlil də daxil olmaqla, keçmişdən günümüzə maarifpərvər körpü salan yazıçı və şairlərimizin dəyərli irsinə nəzər salsan, şübhəsiz ki, Məhəmməd Tağı Sidqinin bu sözlərinin önəmini dərk edəcəksən. Əgər məktəbdə oxuyursansa, elmin ləzzətini anlayan, hazır­cavab şagirdlə tənbəlin, laqeydin də fərqinə asanlıqla varacaqsan. Buna görə sən də çalış məktəbi, elmi, müəllimi sevən şagirdlərdən ol ki, bu əsərdəki prototiplər kimi qınaq hədəfinə çevrilməyəsən, həmyaşıdların arasında yaxşı mənada seçiləsən, böyüklərin nəzərində mərifət sahibi olasan. Elmin qapılarını açmaq üçün əvvəlcə valideynlərini və müəllimlərini sev. Valideynlərini ona görə ki, onlar səni min bir zəhmət bahasına böyüdüb elm dalınca yola salırlar. Müəllimlərinsə qarşında geniş üfüqlər açır, birinci gün partaya əyləşməyindən başlayaraq məzun adı qazanıb ali məktəbə qəbul olanadək qarşılaşacağın bütün maneələrdən necə keçəcəyini hər incəliyinədək izah edir, düzgün yol göstərirlər.

Əsəri diqqətlə mütaliə etsən, görərsən ki, cəmiyyətin təkmilləşməsində, müasir intellektual mühitin formalaşmasında elmin əhəmiyyəti necə böyükdür. “İnsanların bir-birindən zahirdə heç bir təfavütü yoxdur. Amma qüdrət və qüvvətdə, hörmət və izzətdə bir-birindən fərqi çoxdur” fikirlərini beynində təhlil et. Bəli, ətrafındakı insanların hər birinin cəmiyyət həyatındakı mövqelərinə, nəzər salsan, görərsən ki, üstünlük yalnız elmlinin, ədəblinin tərəfindədir. Əlqərəz, elmsiz insan ruhsuz cisim, əməlsiz alim də meyvəsiz ağaca bənzər. Ədəb barədə yazılanları diqqətlə oxu. “Elm ilə ədəb insana ata və ana əvəzidir” fikrinin üzərindən tələsik keçmə, düşün. Dərk et ki, bu gün uşaq olduğun üçün atan, anan sağlam, hərtərəfli böyüməyində, həyatını qurmağında necə vacib rol oynayırsa, elmə, ədəbə yiyələnməyin də gələcək fəaliyyətinə müsbət mənada təsir edəcək, beləcə, həyat pillələrini daha rahat qalxacaq, üzləşdiyin çətinliklərdən üzüağ çıxmağı bacaracaqsan. “Ədəb bir gündür ki, hər evə düşsə, o evi işıqlandırar” sözlərini təkcə uşaqlar deyil, valideynlərin də oxuyaraq dərk etməsi vacibdir. Əziz valideyn, bu fikirlərə əsaslanıb bil ki, sabah bir ailənin qurulması, həmin gənc­lərin öz ayaqları üzərində durması bu gün sənin övladını necə elm verib ədəblə böyütməyindən çox asılıdır. Elə isə bu əsəri oxumaq, burada yer alan dəyərli fikirləri təhlil edərək nəticə çıxarmaq sənin üçün də zəruridir. Ey gələcəyimiz olan uşaqlar, ata və ananın həyatınızdakı qiymətini, dəyərini dərindən dərk etmək üçün oxuyun bu əsəri. O zaman varlığınızın əsas səbəbkarları, gələcəyinizin təməl daşlarını atan valideynlərinizin qiymətini daha müfəssəl başa düşərək onların qulluğunda daim canla-başla durmağı ümdə vəzifə hesab edəcəksiniz. Oxuyun ki, böyüyəndə valideynlərini atıb gedən naxələf övladlardan olmayasınız. Bilin ki, yaşadığınız fani həyat elə bir imtahandır ki, bu gün etdiyiniz yaxşılıq və yaxud da pislik sabah mütləq qarşınıza çıxacaq.
Əziz məktəbli, ədəbli uşağın hekayəsinə diqqət et. Buradakı qısa və əhatəli “İnsaniyyətin nişanəsi tərbiyə və ədəbdir” fikrindən yola çıx. Görürsənmi, hekayənin qəhrəmanı olan Əhməd necə hazırcavab və ədəbli şagirddir. Verilən suallara ədəb-ərkanla, düzgün cavablar qaytarmaqla böyüklərin nəzərində ucalır. Hekayəni dərindən oxusan, aydın olar ki, ədəb və elm yalnız bir araya gələndə insana üstün mövqe, mərifət məramı qazandırır.
İki tərbiyə üsulundan bəhs edən hekayəni valideynlərin oxuması daha məqsədəuyğundur. Əziz valideyn, oxu ki, birinci bacı kimi övladını ərköyün formada böyüdüb gələcəyini korlamayasan. Uşağın hər istədiyini alım, yetər ki “xətri”nə dəyməyim, – deyib tərbiyəsinə laqeyd yanaşsan, nəsihət verməsən, düzgün davranış qaydaları aşılamasan, şübhəsiz ki, hekayədəki uşaq kimi sənin də övladın tənbəl və elmsiz qalacaq. Ancaq ikinci tərbiyə üsulundakı kimi düzgün əxlaqi keyfiyyətlər aşılasan, övladın həm sənin fəxrinə çevriləcək, həm də Vətəninə, millətinə layiqli vətəndaş kimi yetişəcək. Məşhur Ərəstunun dediyi “Uşağın pisliyi və yaxşılığı valideynə aiddir. Çünki övlad ata və ananın bir parçasıdır” fikrinin mahiyyətinə varın ki, bu torpaq, bu el üçün daim layiqli övladlar yetişsin...
Əziz şagirdlər, sözüm sizədir. Əsərdəki məktəbə davamiyyəti yüksək olan şagirdlə bu həssas məsələyə səhlənkar yanaşan uşağın hekayələrini də ayrı-ayrılıqda oxuyun və düşünün. Çox güman ki, həmyaşıdlarınız arasındakı bu xüsusiyyətləri daşıyanlar yaddaşınızda canlanacaq. Şübhəsiz, elə özünüz də bu iki xüsusiyyətdən birinin daşıyıcısısınız. O zaman diqqətlə oxuyub, gələcəyiniz üçün nəticə çıxarın. Məktəbə davamlı gələn uşağın gündəlik hərəkət qrafikini, davranış qaydalarını xarakterizə edin. Bu zaman sizə də aydın olacaq ki, o, böyüyəndə də işinə məsuliyyəti ilə seçiləcək, kollektiv içərisində imic formalaşdıraraq uğur yoluna qədəm qoyacaq. Ancaq səhlənkar şagird, əksinə, həm elmdə, həm də ədəb-ərkanda “sinifdə qaldığı” üçün həmyaşıdları arasında pis nümunə kimi barmaqla göstəriləcək. İndi düşünün, hansı yol sizin üçün mübahdır...
İki bacının söhbətinə də qulaq verməyi unutmayın. Hekayədə ananın qızına, eləcə də Səadətin kiçik bacısına elmlə, təhsillə bağlı verdiyi dəyərli tövsiyələri hər incə detalınadək oxuyun. Ananın qızına xitabən dediyi “Bir vaxt olacaq ki, sən də bir evin zəhmətkeş və bir dudmanın mürəbbisi olacaqsan. Əgər indi elm və tərbiyə kəsb etməsən, bəs o zaman hansı fəzilət ilə fəxr edəcəksən? Bir evin ümuratını necə dolandıracaqsan?” sözlərdən siz də İzzət kimi nəticə çıxarın. “Sitarə və xalası”, “Ata və ana məhəbbəti” hekayələrini də diqqətlə oxuyun. Oxuyun ki, ata və ananın övladı üçün çəkdikləri cəfaları daha dərindən dərk edərək valideynlərinizə olan məhəbbətinizi birə-beş artırasınız. Zira, çalışın övladın hər zəhmətinə qatlaşan valideynlərdən, ata və ananın qulluğunda duran saleh övladlardan olasınız.
“Cəsur və ürəkli uşaq” hekayəsini də oxumaqdan çəkinməyin. Çəkinməyin ki, cəsur uşaq olub hər boş fikirlərlə özünüzü qorxutmayasınız. Ürəkli şagird olmaqla bərabər, dərslərinizi də yaxşı oxuyun ki, məktəbdə müəllimə cavab verəndə rənginiz qızarıb, diliniz dolaşmasın. Hər sualı mərdi-mərdanə, dürüstcəsinə cavablandırın ki, sonradan peşmançılıq çəkməyəsiniz. Əlqərəz, qorxaq və yalançı insan öz kölgəsindən belə, qorxar, yalan üzərində qurulanlar gec-tez məhvə düçardır. Əsərdəki Rübabə obrazının xarakterini qızlarımız mənimsəsə gözəl olar. Siz də onun kimi özünüzdə ədəb-ərkanlı xarakter formalaşdırın ki, görənlər, tanıyanlar “kaş mənim də belə bir qızım olaydı”, – deyib həsəd aparsın.
“Gözütox uşağın hekayəti”nə nəzər salın. Atanın üç oğluna onları sınamaq üçün verdiyi tapşırıqları diqqətlə oxuyun. Çünki siz də belə situasiyalarla qarşılaşa bilərsiniz. Elə isə həmin oğlanların etdiklərini diqqətlə dünüşüb bir nəticəyə varın. “Əziz” prototipi kimi hərəkət etsəniz, insaflı, insanpərvər və gözütox xüsusiyyətlər ilə böyüyüb hər kəsin nəzərində hörmət, mərifət sahibi olacaqsınız.
“Səxavətli uşaq” hekayəsindəki hadisələri də analiz edin. Ətrafınızdakı insanların davranışlarına nəzər yetirin və özünüz görəcəksiniz ki, səxavət necə ali insani keyfiyyətdir. Hekayədə də deyildiyi kimi, səxavətin ləzzətini anlayanlar insanlıq mərtəbəsinə yetişiblər.
“Qıçı sınmış uşağın” anasına olan dərin məhəbbətini hiss edin. Görürsünüzmü, o uşaq anasının onun üzərində çəkdiyi zəhmətləri necə dərindən dərk edir. Qıçı sınsa belə, naxoş anasının onun çəkdiyi əziyyətləri duymaması üçün ağrıya dözərək sınıqçıya belə deyir: “Anamın dərdindən bu zəhmətə dözüb davam edirəm ki, səsimi eşitməsin. Çünki onun mənə o qədər məhəbbəti var ki, mənim sızıltıma dözə bilməz”...
“İtaətsiz uşaq” hekayəsi... Bəli, dünyada ən zərərli vərdişdir ana-ataya itaətsizlik etmək. Oxu bu hekayəni ki sən də belə övladlardan olub cəmiyyətin qınağına tuş gəlməyəsən. Düşün, məgər ətrafında itaətsiz uşaqlar azmıdır? Əlbəttə, yox. Elə isə itaətsizlərə baxaraq bircə anlıq özünü onların yerində hiss elə. Gördünmü, necə ağırdır belə olmaq? O zaman sən elələrindən olmamağa çalış. Elə uşaq gördüyündə ona bu hekayəni oxumağı məsləhət gör. Əgər qulaq asmasa, özün izah elə, itaətsizliyin ağır nəticələrə gətirib çıxaracağına inandır onu. Çünki inam həyatda ən böyük qazancdır. İnandır ki, pis vərdişdən çəkinməyə mənəvi gücü olsun. Əgər “Dikbaş uşaq” hekayəsini mütaliə etsən, dikbaşlığın ağır aqibətini görərsən.
Ümumiyyətlə, kitabda yer alan bütün hekayələri diqqətlə oxuman zəruridir. Oxu ki, ədəbin, elmin səni yüksəklərə qaldıracağına əmin olub, qorxaqlıq, yalançılıq kimi pis vərdişlərdən uzaq durasan. Və nəhayət, kitabın sonundakı “Heykəli-insanə bir nəzər”i oxu ki, bəşəriyyət yaranandan bu günədək insan övladının keçdiyi böyük təkamül prosesləri, dövrlə bərabər dəyişilən xarakterlər, xüsusiyyətlər, bir sözlə, insanlıq fəlsəfəsi gözlərin önündə canlansın. Ancaq unutma ki, oxuduqlarına əməl etməyin vacibdir, çünki elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzəyər.
Müdriklərin də dediyi kimi, oxumaq, öyrənmək, əməl etmək heç vaxt gec deyil. Elə isə gözləmə. Ancaq düzgün kitab seçməyin də mühümdür. Faydalı əsər mütaliə et ki, atdığın addımlarda, gördüyün işlərdə sənə mənən kömək etsin, doğru yol göstərsin. Bunun üçün “Oxunması zəruri olan kitabların Siyahısı”na nəzər etməyin yetər. Mütaliə yolçuluğuna ədəb, elm, mərifət aşılayan “Məktəb hekayələri” ilə başlaya bilərsən. Əgər kamillik, mərifət məqamına yetişmək istəyirsənsə, buyur aç bu ­kitabı...

 Nail ƏSGƏROV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR