31 Mart 2020, Çərşənbə axşamı

Milli müstəqilliyimizin əsasını təşkil edən dilimiz bizim milli ruhumuzun da ilkin təməlidir. Bu dil bizim anadan öyrəndiyimiz sadəcə ünsiyyət vasitəsi deyil, bu dil bizim böyük mədəniyyətimizin, şanlı tariximizin, əsrlərin daş yaddaşından soraq verən keçmişimizin, bəşər mədəniyyətinə nadir incilər bəxş etmiş klassik yazılı ədəbiyyatımızın və şifahi xalq yaradıcılığımızın dilidir.  Bu dildə xalqımızın mənəviyyatı, ruhu əks olunur. O, malik olduğumuz mədəni keçmişimizin mühafizəçisi, gələcək mədəni yüksəlişinsə müdafiəçisidir.

Azərbaycan dilinin yaranması və bugünkü səviyyəyə qalxması Azərbaycan xalqının tarixi ilə möhkəm bağlıdır və mürəkkəb proseslər nəticəsində millilik xüsusiyyətini qoruyub saxlaya bilmişdir. Böyük mütəfəkkirlər bütün dövrlərdə  dilimizə layiq olduğu dəyəri vermiş,dir. Hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. Qədim və orta əsrlərdə ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dönəmdə - XIII əsrdə İzzədin Həsənoğlu qəzəllərini o dövrün “hakim” dillərində deyil, məhz ana dilində yazmağa üstünlük verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin “nəzmi-nazik” poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin böyüklüyü sözlüyündə olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə ölçülür. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur.

Hər bir dilin özünəməxsus gözəlliyi vardır. Amma milli dəyərlərimizin başında gələn ana dilimiz daha anlaşıqlı, ahəngdar, zəngin və musiqili bir dildir. Sözdüzümü, sabit qanunauyğunluqları və düzənliliyi ilə öncül bir dildir. Təəssüf ki, dilimiz bütün bu xüsusiyyətlərinə baxmayaraq bəzən  gündəlik məişətimizdə işlətdiyimiz rus-Avropa və b. mənşəli sözlərin önünə keçə bilmir. İnsanı bir sual düşündürür: Dilimizdə asanlıqla anlaşılan, başa düşülən sözlərin yerinə yad sözləri işlətdikdə nə qazanarıq? – Təəssüf ki, itirdiyimiz dəyərlər daha çox olar. Dilimizi başqa dillərin kölgəsində qoysaq ən gözəl milli varlığımızı – dilimizi əridərik. Əgər düşünsək ki, bu gün sahib olduğumuz bu böyük milli varlığın yaşı min illərlə ölçülür, deməli, hər sözümüz, hər kəlməmiz bir tarix deməkdir. Kömür almaz olana, qızıl qızıl olana qədər torpağın altında min illərlə bişir. Bizim hər sözümüz, hər kəlməmiz də belədir; tarixlərin sınağından çıxmış, mədəniyyətimizin müxtəlif qollarını yaratmış almaz düzümlü dilimiz milli ruhumuzun bərqərar olduğu milli dəyərimizdir. Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir. Bu baxımdan zaman-zaman ana dilimizə qarşı yad təsirlər olub, məhv edilməyə, unutdurulmağa səy edilib. Bu deyilən problemlər bizim üçün bir də  sovet dövründə yaranıb. Belə ki, rus imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda ana dilini və milli-mənəvi dəyərləri məhv etmək məqsədini güdürdü. Bu məqsəddən irəli gələrək Azərbaycanda  da bu xain, mənfur siyasətin nəticəsində  ana dilimiz unutdurulmağa çalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraq dəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmış və “rus dili ikinci ana dilidir” təlqini ilə milli dilə məhvedici plan həyata keçirilmişdir. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar.

Hər bir milli dəyər, ələlxüsus da, ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Azərbaycan dilinin nüfuzunun qaldırılması, təbii ki, müstəqillik qazandıqdan sonra daha da gücləndi və dövlət səviyyəsində qorunması təmin olundu. Bu işdə Azərbaycan  dilinə böyük qayğı ilə yanaşan Ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Dilimizin böyük hamisi Heydər Əliyevin Azərbaycan dilinin tətbiqi və qorunması haqqında 18 iyun, 9 avqust 2001-ci il, 30 sentyabr 2002-ci il, 2 yanvar 2003-cü il tarixlərdə verdiyi fərmanlar öz ana dilinə göstərdiyi böyük qayğının bariz nümunəsidir. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı fərmanda oxuyuruq: “Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmlətmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanı isə müstəqillik əldə etdikdən  sonra Ana dilimizin qazandığı tarixi nailiyyətdir. Bir sözlə, ümummilli liderimizin dil siyasətində millilik və beynəlmiləlçilik münasibəti optimal şəkildə əlaqələnir.

Bu ənənələri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni bir səhifəsidir.

 Ümummilli lider Heydər Əliyevin siyasətinin siyasi kursu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Mühüm əhəmiyyətə malik olan bu məsələ müxtar respublikamızda daim nəzarətdədir. Əlaqədar qurumlar tərəfindən tez-tez monitorinqlər, reydlər keçirilir,  küçə və meydanlardakı lövhələrdə adi qrammatik qaydalar gözlənilmədikdə, reklam bazarında, ticarət və iaşə obyektlərində ana dili normalarının pozulması hallarına qarşı müntəzəm tədbirlər həyata keçirilir. Müxtəlif obyektlərin adlandırılmasında əcnəbi sözlərdən yerli-yersiz istifadə edildikdə dərhal öz ana dilimizdəki söz və ifadələrimizlə əvəz olunur. Ana dilinə verilən dəyər və qiymətin məntiqi davamı kimi Naxçıvan şəhərində  “Ana dili” abidəsi ucaldılmışdır. Bu hər hansı bir daş parçası deyil: Bu, Dədə Qorqudun hikmətinə, Füzulinin şeriyyətinə, Koroğlunun nərəsinə, anaların laylasına, ataların öyüdünə, Vətənin ucalığına qoyulmuş möhtəşəm bir abidədir. Bu abidə kiçikdən böyüyə hər birimizi önündə səcdə etməyə və saatlarca düşünməyə vadar edir. Ana dilimiz əsrlərin qan yaddaşı, daş hafizəsidir. Heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da çilalaşan və öz layiqli qiymətini alan dildir. Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır.

Hazırda Azərbaycan dili Azərbaycan xalqının milli dili, Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Və biz bu gün bütün ruhumuzla dərin fikirləri incə çalarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dilimizin millilik, xüsusiyyətini qorumalı və yad ünsürlərin dilə təsirinin qarşısını almalıyıq. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Hər millət öz dili ilə yaranır. Dilini unudan xalq xırda-xırda öz milliliyini də unudar”. 

Zülfiyyə İSMAYIL

AMEA Naxçıvan Bölməsinin  əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR