04 Aprel 2020, Şənbə

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu qiymətli milli sərvətimizə böyük ehtiramın ifadəsi kimi dəyərləndirilir. Bu mühüm dövlət sənədi xalq yaradıcılığının müasir dövrümüzdə inkişafına, təbliğinə və tədqiqinə yeni üfüqlər açıb. Sərəncamda digər sahələrlə yanaşı, yallı rəqsləri barədə də deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”. 

Yallılar uzun bir inkişaf yolu qət edib, zaman keçdikcə insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilərək gözəllik və incəliyin, vətənpərvərlik və insanpərvərliyin təzahürü olub, ruhumuzu oxşayan digər çalarlarla zənginləşdirilib.
Tədqiqatçıların fikrincə, yallı rəqslərinin yaranma tarixi əlifbanın, yazılı mədəniyyətin əmələ gəlməsindən əvvəlki dövrlərə təsadüf edib. Aparılan araşdırmalara görə, ilkin yallı oyunları oda, atəşə pərəstiş dövründə formalaşıb. Onlar od-ocaq ətrafında toplanmaqla icra edilən mərasimlərdəndir. Sonralar isə əhalinin başlıca məşğuliyyət sahəsinə çevrilmiş ovçuluqla bağlı rəqs nümunələri yaranıb. Ovun, döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii qüvvələrə sitayiş edənlər özlərinin bu münasibətlərini mərasimlərdə təqlid, təsvir yolu ilə ifadə etməyə çalışıblar. Yallılarda mərdlik, birlik, çağırış, sevgi və qalibiyyət hissləri xarakterizə edilir. Alimlərin fikrincə, oğuz ellərinin həyat tərzi, məişəti, dünya­görüşü “Kitabi-Dədə Qorqud” dastanlarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü xüsusi məna və məzmun daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını həmişə haqq-ədalət və sülhə can atmasını özündə yaşadıb. Bununla bağlı Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin “Xosrov və Şirin” poemasında müəyyən təsvir və məlumatlara rast gəlinir. Azərbaycanın tanınmış musiqiçisi, Xalq artisti Əminə Dilbazi deyirdi ki, yallılar qədər ölkəmizi dünyaya tanıdan ikinci bir vasitə yoxdur: “Söz demədən o, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir”. O bu mənada, Şərur yallılarını birinci sırada görür. Çünki Şərur yallılarının tarixi, ruhi-mənəvi qaynaqları, bədii-­estetik gözəlliyi, min illərin düşüncə tərzini yaşatması, rəqs hərəkətlərinin rəmzləri, incə elementlərin izahı və öyrənilməsi, təhlil ediləsi cəhətləri haqqında deyiləsi fikirlərə bu gün böyük ehtiyac vardır.

Qürurvericidir ki, Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Tədbirlər Planı təsdiq edilib. Muxtar respublika rəhbərinin qayğısı ilə yallı sənətinin inkişafı sahəsində məqsədəuyğun addımlar atılıb, yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən ötən ilin 21 dekabrında “Şərur yallılarının reyestri”nə daxil edilməsi nəzərdə tutulan yallılara dair məlumatlar haqqında Qərar qəbul edilib. Qərara əsasən “Köçəri”, “Göyçəməni”, “Tənzərə”, “Baharı”, “Xələfi”, “Qaleyi”, “Nareyi”, “Xəlili”, “Bəndil”, “Gilanı” və sair yallıların adları “Şərur yallılarının reyestri”nə daxil olunub.
Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növü olub. Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Bu yallıların qorunması, yaşadılması və təbliğində “Şərur” Xalq Yallı Ansamblının mühüm rolu olub.
Ansamblın əsası 1924-cü ildə qoyulub. 30-cu illərin ortalarından “Staxanov kolxozçularının rəqs ansamblı” adı ilə fəaliyyətə başlayıb. Ölkəmizdə mədəniyyətə və incə­sənətə göstərilən diqqət və qayğıdan bu kollektiv də nəsibini alıb. Ötən əsrin 70-ci illərindən “Şərur yallısı” el-el, oba-oba gəzib, dolaşıb. Kollektiv dünyanın bir çox ­ölkələrində keçirilən festivallarda iştirak edərək diplom və mükafatlara layiq görülüb. Həmin illərdə Bakı şəhərində keçirilən “Naxçıvan mədəniyyəti günləri”ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında ansamblın çıxışları alqışlarla qarşılanıb. Respublika Sarayındakı yekun tədbirdə iştirak edən ulu öndər Heydər Əliyev konsertdən sonra səhnə arxasında ifaçılarla söhbət edərkən onların çıxışından razı qaldığını bildirib, tövsiyə və tapşırıqlar verib: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yallı sənəti ilə bağlı tədqiqatlar aparmaları bu irsin YUNESKO səviyyəsində qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi bu sənət sahəsinə nə qədər böyük diqqətin olduğunu bir daha təsdiqləyir.

Xalqımızın qəhrəmanlıq salnaməsinin bir parçası, vətənpərvərliyin, milli birliyin, həmrəyliyin rəmzi olan yallılar hər zaman el coşqusu ilə ifa edilib. İgidlər döyüşə yallı sədası altında yollanıblar. Buna görə də hər bir obada, oymaqda indi də bir xeyir iş olanda yallılar səsindən dağlar, daşlar lərzəyə gələn qara zurnanın müşayiəti ilə elə bir həvəslə ifa olunur ki, hətta yallı getməyi bacarmayanlar belə, rəqs edənlərə qoşulurlar. Yallılar xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu dəyərləri yaşatmaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq bizlərin vətəndaşlıq borcudur.

Nuray ƏSGƏROVA

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR