20 Fevral 2020, Cümə axşamı

 

 

 

 

 

 

 

Azərbaycan istimai fikri, ədəbiyyatı və mədəniyyəti tarixində Əliqulu Qəmküsarın (1880-1919) adı qüdrətli simaların sırasında böyük ehtiramla çəkilir. Bu görkəmli ziyalı “Şərqi-rus”dan başlayaraq dövrün bir çox mötəbər mətbuat orqanlarında, xüsusilə  “Füyuzat” jurnalının davamı olan “Yeni Füyuzat” və ədəbi dövrə möhürünü vuran “Molla Nəsrəddin” jurnalında fəaliyyət göstərib. Mollanəsrəddinçi təlim və hərəkatda onun adı qədirbilən dostları tərəfindən “həqiqi və ləzzətli əhli-qələm və şair” (C.Məmmədquluzadə), ““Molla Nəsrəddin”in ürəyi” (Ə.Haqverdiyev) kimi xatırlayıb. Yaxın silahdaşı Ə.Nəzmi onun haqqında bəhs edərkən “o, şən bir şəxs idi, həm dərviş məşrəb”, - deyə yazıb. Dövrün iki böyük fikir adamı olan Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə kimi nəhəng söz adamları ilə yaxından dostluq münasibətində olub onlarla əməkdaşılıq etmək Qəmküsarın  mənəvi sanbalından xəbər verirdi. Lakin bu, birmənalı və mübahisəsizdir ki, Əliqulu Qəmküsarı ictimai fikrə bəxş edən “Molla Nəsrəddin” olduğu kimi, “Molla Nəsrəddin”inə də böyük şöhrət gətirən şəxsiyyətlərdən biri məhz Əliqulu Qəmküsar idi.

Dinəndə yandı dilim, dinməyəndə dil yandı...

Qəzetçilik fəaliyyəti XX əsrin ilk anadilli mətbuat orqanı olan “Şərqi-rus”dan başlayan Əliqulu Qəmküsarın ilk mətbu şeiri də burada dərc edilən bu dörd beytlik şeir idi:

Dinəndə yandı dilim,

Dinməyəndə dil yandı.

Nə dərdi gizlədə bildim,

Nə də aşikar eylədim.

Bu kiçik həcmli şeir özündə böyük mətləblər ifadə edirdi. Şairin yaradıcılıq kredosu da məhz bu şeirdə özünü əks etdirirdi. Görünürdü ki, yanğı, kədər hələ Əliqulu Nəcəfov kimi tanınan şairin əsas dərdi, qayəsi, yaradıcılıq tərzi idi. Dövrün görkəmli fikir adamları və fəal ziyalıları Əli bəy Hüseynzadə, Namiq Kamal və Səid Səlmasiyə həsr olunan şeirləri Ə.Qəmküsarın romantik üslubdakı fəaliyyətinə işıq tutur. Lakin, artıq qeyd etdiyimiz kimi, Əliqulu Nəcəfovu şöhrətə mindirən, Qəmküsar edən “Molla Nəsrəddin” jurnalı idi.  

Cəlil Məmmədquluzadənin özünün də yazdığı kimi, Əliqulu Qəmküsarın “Molla Nəsrəddin” jurnalında fəaliyyəti jurnalın üçüncü ilindən, yəni 1908-ci ildən başlayır. Qüdrətli şair burada “Xadimi-millət”, “Otaylı”, “Cüvəllağı”, “Sarsaqqulu bəy”, “Cüvəllağı” və başqa imzalarla çıxış edib. Cəlil Məmmədquluzadə bu böyük qələm sahibi və etibarlı dostu haqqında deyəcəkdi ki: “...Şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır. ...“Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı”.

Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə bir ideya-məfkurə yolu müəyyənləşdirib ki, bu yol onun davamçıları – mollanəsrəddinçilər tərəfindən davam etdirilərək məktəbə çevrilib. Əliqulu Qəmküsarın yaradıcılığında özünə yer tapan hər cür istibdada – siyasi və dini-mənəvi istibdada, aşağı kütlələrin hüquqsuzluğu və məhrumiyyətlərinə qarşı mübarizə mollanəsrəddinçi qayədən irəli gəlirdi.  “Bizim qarşımızda duran Şərq istibdadı və Şərq qaranlığı idi. Şah və sultan istibdadı idi və şəriət zülməti idi” - deyən Cəlil Məmmədquluzadə kimi Əliqulu Qəmküsarın da yaradıcılığında əsas tənqid hədəfi İran və Rus müstəmləkə zülmü, siyasi müstəmləkəçiliyə və hər cür ictimai-mənəvi geriliyə mənəvi əsas, səbəb olan dini fanatizm, şəriət zülməti və ruhani istibdadı idi. “O, Azərbaycan xalqını çarizmə, mülkədarlara və burjuaziyaya, dini fanatizmin eybəcərliyinə, insan hüquqsuzluğuna, keçmişin yaramaz adət-ənənələrinə qarşı amansız mübarizəyə çağırıb, demokratik ideyalar ruhunda tərbiyələndirib” .

Əliqulu Qəmküsar mollanəsrəddinçi mövqedən yanaşmaqla sadə xalqa zülm donu biçən, fəlakət boyunduruğu kimi xalqının boynuna keçən müstəmləkəçi rejimi lənətləyir, xalqın başına açdığı zülmlərdən ötrü nanəcib əməllərini ifşa edir, bir mexanizm, sistem olaraq aradan götürülməsini tövsiyə edirdi.

. “İstibdadi-ruhani” felyetonunda da bu zülmə mənəvi zəmin, alışqanlıq və dözümlülük yaradan ruhaniliyi görərək yazırdı: “...Köhnə çürümüş hökuməti üzüquyulu salıb və onun bir naxır millət qanı soran vəzirlərini və bir sürü boynuyoğun qubernatlarını və naçalniklərini və qarnıyoğun yekə jandarmlarını kişliyib qatıblar danalığa və məmləkəti onların pis üfunətindən təmizləyiblər. Amma heç kəsin xəbəri yoxdur ki, öküzün böyügü tövlədədir. Qardaş, zarafat deyil, tutaq ki, sən istibdadi-cismanini yıxdın və hürriyyəti-kəlamə sahib oldun... Pəs şəri işlərinə nə deyirsən? Yaxşısı budur ki, indi vaxt varkən başının çarəsini eylə. Və necə ki istibdadi-cismanini yıxdın, istibdadi-ruhanini də yıx ki, yaxan qurtarsın. Yoxsa istibdad istibdaddır. O olmasın, bu olsun”. “Senzur” adlı felyetonunda da müstəmləkəçi siyasətlə yerli xan-bay və ruhani istibdadının əlaqəsini açıb göstərirdi: “Onda buyururdu ki, xeyr, mənim hökumət senzorluğumdan başqa özümün şəxsi bir senzurluğum da var və başlıyırdı ata kimi nəsihət eləməyə ki, balam, sən hələ uşaqsan, öz xeyir-şərini bilmirsən, adam gərək dövlətliyə sataşmaya, çünki onlardan adama xeyir-mənfəət gələr. Adam gərək xan-bəyə sataşmaya, çünki adamın onlara ehtiyacı düşər. Adam gərək axunda, seyidə, dərvişə sataşmaya, çünki onların da bədduası adamı tutar...”. Bütün bunlara görə də Qəmküsarın ədəbi fəaliyyətində ruhaniliyin, dini fanatizmin tənqidi əsas yer tuturdu. Özünəməxsus bədii qüdrət ifadə edən “Gülməsin” rədifli satirik qəzəlində ədib şərin fəlsəfi obrazını yaradır, müsəlman aləmindəki zülmün formalarını təqdim edirdi:

Gülsün ol kəslər ki, dünyanı xərabistan sevər,

Hər nə var şeytan gülərsə, gülsün, insan gülməsin.

Bunu da qeyd edək ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və publisistikasında “Şeytan, İblis” obrazlarına müraciət başlıca yer tuturdu. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Hadi, H.Cavid, eləcə də, nümunədən göründüyü kimi Ə.Qəmküsar “Şeytan, İblis” obrazlarına müraciət üzərində qurulmuş əsərlər yazıb və bir çox ictimai mətləbləri ifadə edib. “Şeytan” dini-mistik, mifoloji mənşəyindən fərqli olaraq XX əsrin ədəbi yaradıcılığında siyasi, ictimai, mənəvi şəri ümumiləşdirən bəşəri obraz olaraq özünə yer alıb.

Müsəlman aləmindəki avamlıq da mollanəsrəddinçi şairin tənqid hədəfində idi. Ruhanilər tərəfindən müxtəlif dini yalanlarla inandırılmış və başı tovlanmış müsəlmanlar arasında hökm sürən avamlıq ədibin tənqid hədəflərindən birini təşkil edirdi.

Çək xəncərini, baş-qulağın qan eləyib yar,

Vəhşiyyətini aləmə elan eləyib yar,

Kirdarına hər milləti xəndan eləyib yar,

Yar, yarmağına canını qurban eləyib yar,

Yar əhrəmənim, yar qoçağım, yar igidim yar!

Satirik şair “Qələm arkadaşım Kefsizə” adlı satirasında da “Molla Nəsrəddin” məcmuəsi və onun yazdıqlarına qarşı tovlanıb “təkfir eləyən” insanları, onların avamlıqlarını təqdim və tənqid edirdi:

Belə bir qövm ki, daim səni təhqir eliyir,

Nə deyirsənsə onu tərsinə təbir eliyir,

Axtarır cüzi bəhanə səni təkfir eliyir,

Belə bir vəhşi cəmaətlə bacarmaqmı olar?

Çox danışsan tükünü küçədə, meydanda yolar.

Böyük tənqid ustasının yaradıcılığındakı çoxsaylı felyetonlarından “Qarğalar”, “Senzur”, “Şeytan fəhləsi , “Asari-tərəqqi”, “Niyə qəzetə və məcmuə satılmır?” və başqa felyetonları böyük maraq kəsb edir. Satira ustasının “Qatış-bulaş” adlı felyetonu isə mollanəsrəddinçilikdə özünəməxsus ad qazanmış əsərlərdən biridir. Ana dilinin saflığını pozanlara qarşı satirik tənqidlə yazılmış əsər “qatış-bulaş dili” kimi ifadənin danışığa gəlməsi və ana dilini korlayan adamlara qarşı tənqidi ifadəyə çevrilməsi ilə nəticələnib.

“Molla Nəsrəddin, ədəbi məktəbinin başçısı Cəlil Məmmədquluzadənin də “Füzuli” adlı məqaləsində bəhs edildiyi kimi, başda Füzuli olmaqla Azərbaycanın və Şərqin bir çox klassiklərinin əsərlərinə “Molla Nəsrəddin” jurnalı və ümumən, mollanəsrəddinçi ədəbi metodda müraciət olunub. Əliqulu Qəmküsarın “Füzulini beşlətmə” əsəri də belə əsərlərdən biridir:

Yoxdur aləmdə dəxi qüssəvü-dərdü-məhənim,

Vardı hər yerdə mənim bollu suyum, bollu dənim.

Məni min fikrə salan bu gödənimdir, gödənim,

“Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm, kəfənim”.

Yaradıcılığının bütün bu kimi səciyyəvi xüsusiyyətlərinə, sənətkarlıq qüdrətinə görə Əliqulu Qəmküsar mollanəsrəddinçiliyin sütunlarından və Azərbaycan ədəbiyyatında qüdrətli satiriklərdən biri kimi məşhurdur. Mollanəsrəddinçi sənətkarlıq və dil-üslub xüsusiyyəti olaraq Ə.Qəmküsarın da yaradıcılıq dilinin mahiyyətini, akad. T.Hacıyevin sözlərilə belə ifadə etmək olar: “Həssas və zərif yumor, sərt və iynəli kinayə, zarafat dolu ciddiyyət, həqiqət dolu bədiilik, ağlar gülüş, qəhqəhəli ağlayış, üzbəüz danışmaq cəsarəti ilə yanaşı sözünü dolayı yetirmək – üzünü birinə tutub sözünü başqasına demək qabiliyyəti, sadə, bir qədər də loru ifadə tərzində dərin bədii-ictimai fikir söyləmək bacarığı”.

Beləliklə, mollanəsrəddinçi satirik publisistika və şeir yaradıcılığında Əliqulu Qəmküsarın adı əvəzsiz və unudulmazdır. Özünəməxsus yaradıcılıq təbi və istedadı ilə yeni satira yolunu inkişaf etdirən və dilini zənginləşdirən Əliqulu Qəmküsar Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” ədəbi məktəbinin sütunlarından biri kimi həmişəlik əbədi mövqeyə malikdir.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

 

 

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR