09 Aprel 2020, Cümə axşamı

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayev ötən həftə yenidən Naxçıvanda olub. Tanınmış dirijor Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Uşaq xor kollektivləri üçün ustad dərsləri keçib. Həmin dərslərin bəhrəsi kimi fevralın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə uğurlu və maraq dolu bir konsert proqramının şahidi olduq.

Teymur müəllimin rəhbərliyi ilə keçirilən məşq proseslərini və konsert proqramını yaxından izlədikdən sonra onunla səfərinin məqsədi və təəssüratları barədə söhbətləşmək imkanı əldə etdik. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

– Teymur müəllim, bu, sizin qısa zaman ərzində Naxçıvana ikinci gəlişinizdir. Biz də öz adımızdan xoş gəlmisiniz, – deyirik. İlk olaraq bu səfərlərin məqsədi və təəssüratı barədə söhbətimizə başlayaq.
– Xoş sözləriniz və qonaqpərvərliyiniz üçün sizə və bütün Naxçıvan ictimaiyyətinə təşəkkür edirəm. Bəli, bir neçə ay ərzində ikinci dəfədir ki, bu gözəl diyarda oluram. Ötən il noyabr ayında gəlmişdim. Naxçıvan Dövlət Filarmoniyasının kollektivi ilə qısa bir tanışlıq imkanım oldu. Birlikdə fikir mübadiləsi apardıq, qərara gəldik ki, yenidən görüşək və daha geniş ustad dərsləri keçilsin. Nəticə olaraq isə birlikdə konsert proqramı təşkil etməyi planlaşdırdıq. Qismət bu günə imiş... Düşünürəm ki, istəyimizə nail olduq.
– Bəli, gözəl konsertdən bir tamaşaçı kimi biz də yüksək zövq aldıq. Konsertiniz 2 fevral – Gənclər Gününə həsr edilmişdi. Bu, əvvəlcədən planlaşdırılmışdı?
– Pedaqoji fəaliyyətimlə əlaqədar Naxçıvana ikinci səfəri qış tətilinə qərarlaşdırdım. Görüşümüz Gənclər Günü ərəfəsinə təsadüf etdiyindən və Naxçıvanda bu əlamətdar gün özünəməxsus şəkildə qeyd olunduğu üçün biz də konserti həmin günə həsr etdik.
Onu da qeyd edim ki, mən buraya tək gəlməmişəm. Həyat yoldaşım Esmira xanım pianoda, əslən Ordubaddan olan Anar Yusifov isə skripkada bizi müşayiət etdi. Gəldiyimiz gündən etibarən bir həftə ərzində gərgin məşq prosesi keçdik. Kollektiv məşqlərə çox ciddi yanaşdı. Pro­qramımız da çox rəngarəng idi. Konserti izlədikdə özünüz də bunun şahidi oldunuz. Solistlərin hamısı Naxçıvan Dövlət Filarmoniyasının üzvləri idi və bir saat ərzində tamaşaçıların zövqünü oxşamağa çalışdıq.

– Kollektivdəki gənclərin musiqi bilikləri və təcrübəsi sizi qane ­etdimi?
– İlk növbədə, özümə, eyni zamanda qarşımda olan kollektivə hər zaman çox tələbkaram. Bu qısa zamanda, təbii ki, bəzi çatışmazlıqların olduğunu müəyyənləşdirdik. Məsələn, müxtəlif aplikasiyalar, barmaqların ifa ritminə uyğunlaşdırılması kimi nöqsanlarla rastlaşdıq. Bu isə hər bir kollektivdə olması gözlənilən bir nüansdır. Bu cür halların aradan qaldırılması isə müəyyən zaman tələb edir.
Sözün açığı, inanırdım ki, kollektivin üzvləri, o cümlədən gənclərin hər biri istedadlıdır və proqramın öhdəsindən layiqincə gələcəklər. Kollektivin musiqi duyumu, bacarıq və səriştəsi, ən əsası isə işə məsuliyyəti bizə hər şeyi qısa zamanda yekunlaşdırmağa imkan verdi.
Bilirsiniz, önəmli olan istək və həvəsdir. İstək, yanarlılıq olanda isə aşa bilməyəcəyiniz çətinlik, baryer qalmır. Məşq prosesi zamanı kollektivdə bu səy və maraq hesabına uğurlu nəticə alındı. Biz də qazandığımız təcrübəni gənc musiqiçilərlə bölüşməkdən yüksək zövq aldıq.
– Təbii ki, konsertdəki professional ifa həm də gənclərin yüksək musiqi təhsilindən xəbər verir. Gənc musiqiçilərimizin yetişdirilməsi üçün mövcud şərait barədə qənaətləriniz də bizim üçün maraqlı olardı.
– Ümumilikdə, belə deyə bilərəm ki, Naxçıvanın gözəlliyi fonunda burada musiqi tədrisi şəraiti də çox gözəldir. Hər dəfə mən buraya gələndə çox heyrətlənirəm. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova Ulu Tanrıdan uzun ömür arzulayıram. Onun Naxçıvanı necə sevdiyi, naxçıvanlıların isə muxtar respublika rəhbəri­nə sevgi və ehtiramı hər addımda hiss olunur. Hər yerdə hökm sürən təmizlik-abadlıq, nizam-intizam insana xoş təəssürat bağışlayır. Muxtar respublikada digər sahələr kimi, musiqi mədəniyyəti də diqqət və qayğıdan kənarda qalmayıb. Elə qısa zamanda birgə çalışdığım kollektivin də timsalında bunun şahidi oldum. Onlarla söhbətimiz zamanı göstərilən diqqət və qayğını xüsusi hiss etdik. Bu da bir musiqiçi kimi məni çox sevindirir.
Qısaca onu deyə bilərəm ki, yaxşı təhsil və uğurlu nəticə üçün hər şey var. Sadəcə, təcrübəli pedaqoqları bu işə daha çox cəlb etməklə, musiqiçiləri kiçik yaşlarından yetişdirməklə ürəkaçan nəticələr qazanmaq olar. Naxçıvanda bu məsələyə önəm verilməsini alqışlayırıq. Biz də əlimizdən nə gəlirsə, gənclərə aşılamağı, öyrətməyi, peşəkar kollektivlər yetişdirməyi özümüzə borc bilirik.
Kollektivin hazırlıq vəziyyəti barədə isə onu deyə bilərəm ki, buradakı üzvlərin hər biri musiqi duyumu yüksək olan səriştəli gənclərdir. Onlar ən çətin konsert proqramının hazırlanmasında belə, iştirak etməyə qadirdirlər. Lakin yenə də təkrar edirəm, işləmək, daha çox öyrənmək və təcrübəni artırmaq lazımdır. Deyə bilərəm ki, ötən bir həftə ərzində bir saatlıq ağır proqramın öhdəsindən gəldilərsə, deməli, daha böyük uğurlar əldə etmək üçün də potensial vardır. Göstərilən xüsusi diqqət və qayğı hər kəs kimi, bizi də daha böyük səylə çalışmağa ruhlandırdı.
– Teymur müəllim, bilirsiniz ki, Naxçıvanda musiqi mədəniyyəti qədim köklərə dayanır. Bu ənənələr yaşadılmaqla və müasir metodların tətbiqi ilə yeni musiqiçilər nəsli yetişdirilir. Bir musiqişünas kimi bu barədə də fikirlərinizi öyrənmək istərdik.
– Bəli, biz hər zaman izləyir, müşahidə edir və çox sevinirik ki, milli musiqimiz yaşadılır və inkişaf etdirilir. Bir sözlə, milli musiqi mədəniyyətimiz fəth etdiyi zirvəni qoruyub saxlayır. Ölkə rəhbəri bu işlərə çox böyük önəm verir. Muğamımızın, qədim musiqi mədəniyyətimizin, xüsusilə də Şərur yallılarının, milli musiqi alətlərimizin YUNESKO səviyyəsində tanıdılması bu nailiyyətlərdə əsas rol oynayıb.
Təbii ki, Naxçıvan bu prosesdə qabaqcıl mövqedə dayanır. Burada bacarıqlı və peşəkar musiqiçilər yetişib fəaliyyət göstərir. Xüsusilə Naxçıvanda klassik musiqi ilə yanaşı, xalq çalğı alətlərindən istifadəyə daha çox önəm verilməsi diqqətimi çəkdi. Bu, çox önəmli bir addımdır. Bu istiqamətdə musiqiçilərin yetişdirilməsi milli musiqi mədəniyyətimizin qorunub saxlanmasına və inkişafına mühüm töhfədir.
– Son olaraq Naxçıvanla bağlı ümumi təəssüratlarınızı öyrənmək istərdik.
– Naxçıvanda dəfələrlə olmuşam. Həmişə buradan qayıtdıqdan çox keçmir ki, bu qədim diyar üçün darıxıram. Etiraf edim ki, bir də muxtar respublikaya nə zaman səfər etmək imkanımın olacağını gözləyirəm. Ötən 15 il ərzindəki səfərlərim bu diyarı mənə daha da doğmalaşdırıb və əlaqələrimiz getdikcə genişlənib. Bugünkü layihə də bu səfərlərin tərkib hissəsi və davamı kimi məni çox sevindirir. Burada mədəniyyət sahəsinin inkişafı da yüksək səviyyədədir. Bilirsiniz, bir yerdə ki yüksək mədəniyyət var, orada inkişaf danılmazdır.
Esmira xanım ikinci dəfədir, Naxçıvana gəlir. O da mənim kimi bu cənnət diyarın vurğunudur.
Esmira xanım söhbətimizə qoşulur:
– Bu konsert bizim üçün çox məsuliyyətli idi. Ona görə hər şeyə ciddi hazırlaşdıq. 2019-cu ilin noyabrında Naxçıvana gələndə ilk olaraq buranın saf havası mənə xoş təsir bağışladı. Daha sonra isə şəhərinizin təmizliyinə, abadlığına, müasir görkəminə valeh oldum. Allah bu gözəllikləri qurub-yaradanların canını sağ eləsin. İnsanların qonaqpərvərliyi, mehribanlığından zövq aldım. Qismət olarsa, yenə də gəlmək istəyərəm.
Naxçıvandakı gənc musiqiçilərin bacarıq səviyyəsinə gəlincə, 1995-ci ildən bu sənətin içindəyəm və hər zaman, hər gün, hər saat bizim özümüz də nələrisə öyrənirik. Ustad dərsi keçdiyimiz musiqiçilərdən belə nələrisə mənimsəyib təcrübəmizə əlavə edirik. Bu baxımdan sənətdə yaş fərqi yox, sadəcə, istedad fərqi olur. Naxçıvanda ustad dərsi keçdiyimiz orkestrin tərkibində təcrübəli musiqiçilərlə yanaşı, gənc ifaçılar da var idi. Biz onların hər birinə eyni cür yanaşırıq. Buna görə də işimiz heç də çətin olmadı. Naxçıvanda musiqiçi kadrların yetişdirilməsi barədə fikrimi isə sadəcə, bir cümlə ilə ifadə edə bilərəm: hər şeyi, məncə, keçirdiyimiz uğurlu konsert proqramı dedi.
Çox sağ olun. Hər ikinizə qısa zaman ərzində müsahibə üçün vaxt ayırdığınıza görə minnətdarıq.

 Gülcamal TAHİROVA

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR