18 Yanvar 2021, Bazar ertəsi

“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir”, – deyərək Azərbaycan gəncliyinə etimad göstərən ümummilli lider Heydər Əliyevin  müəyyənləşdirdiyi gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin prinsip və məqsədləri isə ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb. Ölkə başçısının “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, gənclər haqqında ­imzaladığı sərəncamlar, aparılan uğurlu islahatlar cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradır, onların potensialının üzə çıxarılmasını dəstəkləyir. 

 

Qədim Nuh yurdu, Vətənimizin ayrılmaz guşəsi Naxçıvanda da gənc­lərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, naxçıvanlı gənclər də bu tədbirlərin əhəmiyyətini dərk edir, müxtəlif sahələrdə qazandıqları uğurlarla dövlətə, dövlətçiliyə bağlılıqlarını, Vətənə sadiqliklərini nümayiş ­etdirirlər.

Belə gənclərdən biri də kiçik yaşlarından memarlığa böyük marağı olan Anar Sadiqovdur. O, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsini Memarlıq ixtisası üzrə bitirib. Birinci kursda oxuyarkən ərsəyə gətirdiyi layihələr ali təhsil ocağında təşkil olunan sərgilərdə nümayiş etdirilərək uğur qazanıb. İstedadlı gənc tələbəlik illərində muxtar respublikada keçirilən bir sıra müsabiqələrdə maraqlı layihələri ilə iştirak edib. “Günəş enerjisi ilə işləyən elektrik dirəkləri”, Culfa rayon mərkəzi stadionu və Naxçıvançayın sahilindəki Tennis kortu ilə bağlı layihələri reallaşıb. Ötən illər ərzində gənc memar özünü həvəskar kimi fotoqrafiya sənətində də sınayıb və çəkdiyi şəkillərlə bir sıra müsabiqələrdə iştirak edib. “Naxçıvanın turizm imkanları”, “Naxçıvan Gənclər Paytaxtıdır” müsabiqələrində I yer tutub, diplom və qiymətli hədiyyələr qazanıb. 2017-ci ilin yekunlarına görə “İlin fəal gənci” nominasiyası üzrə qalib olan Anar 2018-ci ildə əlamətdar hadisələrlə bağlı muxtar respublikamızda keçirilən tədbirlərdə fəal iştirak edib, hazırladığı “Naxçıvan Gənclər Paytaxtıdır” loqosu böyük maraqla qarşılanıb.
Ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirən Anar Sadiqov bir müddət “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətində memar-dizayner vəzifəsində çalışıb, ötən ilin dekabr ayından isə həmin müəssisədə baş memar kimi fəaliyyət göstərir. 2019-cu il digər naxçıvanlı gənclər kimi, Anarın da həyatına yaddaqalan hadisələr bəxş edib. Muxtar respublikada ilk dəfə keçirilən “Yaradıcı gənclər festivalı”na o da qatılıb. Anarın festivalda nümayiş etdirilən 5 layihə, 1 maket, 1 loqo və 20 fotosu maraqla qarşılanıb və gənc memar festivalın “Foto” nominasiyası üzrə qalibi olub. Onun ən böyük uğuru isə ötən ilin iyun ayına təsadüf edib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə foto və memarlıq işlərindən ibarət “Bura Naxçıvandır” adlı fərdi sərgisi təşkil olunub. Sərgidə 95 foto və memarlıq işi yer alıb. Hazırda Anar 3 layihə üzərində çalışır.
O deyir ki, bu gün muxtar respublikamızda yaradıcılıqla məşğul olan gənclərə böyük meydan açılıb. Onlar da yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışır, maraqlı layihələr hazırlayırlar. Anar onu da xüsusi vurğulayır ki, 2016-cı ildə Gülüstan türbəsinin bərpadan sonra açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc memarlarla söhbəti yaddaşında dərin iz buraxıb. O da layihələri muxtar respublika rəhbərinin verdiyi dəyərli tapşırıq və tövsiyələr əsasında hazır­lamağa çalışır. İnanır ki, gələcəkdə daha böyük layihələrlə insanlara estetik zövq bəxş edəcək.

Muxtar respublikada uğurları ilə seçilən gənclərdən biri də Murad Babayevdir. O, Naxçıvan Dövlət Universitetində bakalavr və magistratura təhsili alıb. Gənc rəssamın əsərləri tələbəlik illərində universitetdə, Türkiyənin Qars şəhərindəki sərgidə nümayiş etdirilib. Rəssamlar Birliyində isə fərdi sərgisi açılıb. 2011-ci ildən Azərbaycan və Naxçıvan Rəssamlar birliklərinin üzvü olan Murad Babayev Naxçıvan Dövlət Texniki Kollecində, Heydər Əliyev adına Hərbi Liseydə müəllim və rəssam işləyib. Fəaliyyətinə görə 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
İxtisası üzrə təsviri sənətin müxtəlif sahələrinə müraciət edən gənc rəssam dekorativ-tətbiqi sənət növü olan metal üzərində bədii döymə sənəti ilə, o cümlədən rəngkarlıq, qrafika sahəsi ilə yanaşı, teatr dekorasiyasına da müraciət edir. Belə ki, o, bir sıra tamaşaların quruluşçu rəssamı olub.
Murad Azərbaycanın müxtəlif bölgələrində, həmçinin İranda, Fransada, Türkiyədə keçirilən sərgilərdə iştirak edib. 2016-cı ildə o, Bakıda reallaşan Gənclərin II Forumunun iştirakçısı olub. Türkiyənin Fethiye bölgəsində 2018 və 2019-cu illərdə keçirilən I və II Beynəlxalq Sualtı Rəsm festivallarında ölkəmizi layiqincə təmsil edib. Ayrı-ayrı illərdə isə təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarında öz əsərləri ilə rəsmsevərləri sevindirib. Gənc rəssam bu uğurları dövlət qayğısından bəhrələnərək qazandığını deyərək dövlətimizə minnətdarlığını bildirir. Murad yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söyləyir: – Çalışıram ki, əsərlərim insanlarda ən gözəl hisslər yaratsın, onları biganə və soyuq olmamağa, yaşanan hər bir anı qiymətləndirməyə çağırsın.

Nailə Məmmədli Babək rayonunun Şəkərabad kəndindən olan fəal gəncdir. Bir sıra təşkilatlarda könüllü kimi uzun müddət fəaliyyət göstərib. Dəfələrlə Naxçıvanla bağlı layihələr hazırlayıb Azərbaycan Respublikasının Gənclər Fonduna təqdim edib. Naxçıvanla bağlı layihələrinə görə təşəkkürnamə ilə təltif olunub. Naxçıvanın turizm potensialının əksini tapdığı “Beynəlxalq turizm modeli Naxçıvanda” adlı startap layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olub.
Onun dedikləri: – Naxçıvan şəhərindəki Gənclər Mərkəzində açılışı olan layihənin əsas məqsədi muxtar respublikanın zəngin turizm potensialını dünya ictimaiyyətinə çatdırmaq və gəncləri turizmin davamlı inkişafında iştiraka cəlb etməkdir. Zəngin coğrafi landşafta malik muxtar respublikada mədəni, dini, tarixi və təbiət abidələrinin zənginliyi, eko­turizmin, aqroturizmin fəaliyyəti üçün əlverişli şərait vardır.
Düşünürəm ki, muxtar respublikamızda turizmin davamlı inkişafına yardım edən layihələr, turizm sənayesinin müxtəlif sahələrinə dəstək, turizm resurslarının müəyyənləşdirilməsi, gənclər arasında qeyri-formal turizm təhsilinin təşkilində belə layihələrin mühüm rolu vardır. Gələcək planlarımda bir gənc kimi doğma yurdum Naxçıvanın təkcə ölkəmizdə deyil, bütün dünyada təbliğini həyata keçirə biləcək layihələr hazırlamaq əsas yer tutur.
Tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olan gənclərin sağlam və intellektual yetişdirilməsi hər bir dövlətin əsas strateji hədəflərindən sayılıb. Onların vətənpərvərlik ruhunda tərbiyə olunması isə mənsub olduqları xalqın rifahının yüksəlməsi, ölkənin çiçəklənməsi deməkdir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan gənci belə güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur, respublikamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışır.

- Ramiyyə ƏKBƏROVA
- Nail ƏSGƏROV
- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR