23 Yanvar 2021, Şənbə

Hər bir xalqın musiqi mədəniyyətinin göstəricilərindən biri də onun musiqi alətləridir. Bu alətlər bəşər tarixində insanın mənəvi aləminin təşəkkülündə əhəmiyyətli rol oynayıb. Əsrlərdən bəri musiqi inkişaf etdikcə müxtəlif melodiyaların ifası və ritmik müşayiəti üçün yeni alətlər yaradılır, mövcud olan alətlər isə daha da  təkmilləşdirilir. Onların müxtəlif növlərinin geniş istifadəsi, şübhəsiz, zaman-zaman formalaşan və inkişaf edən zəngin incəsənətin olmasına dəlalət edir. Azərbaycan xalqına məxsus yaşı əsrlərə bərabər, dünyanın həsəd apardığı xalq çalğı alətləri vardır ki, bunlardan biri də muğam üçlüyünün ayrılmaz parçası, musiqi alətlərinin şahı hesab edilən tardır. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, ustad tarzən Zöhrab Axundov ilə xalq çalğı alətimiz olan tarın tarixi, Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş tarzənlər və yetişməkdə olan gənc ifaçılar haqqında danışdıq.

– Zöhrab müəllim, ilk olaraq xalq çalğı alətimiz tarın tarixi ilə bağlı söhbət açmanızı istərdim.

Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı alətidir. Dahi bəstəkar Üzeyir Hacıbəyov tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazırdı: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. “Tar” sözünün lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi, təbii ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlərboyu formalaşmışdır. Tarın adına orta əsr klassik­lərimizdən Qətran Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində rast gəlmək olur. Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində şair tarı belə təsvir edir:

Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum...

– Tar, əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. Muğam operalarında solo oxumaları tarın müşayiəti ilə aparılır. Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcmli konsertlər yazmışlar. Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən – çanaq, qol və kəllədən ibarətdir.
XIX əsrin ikinci yarısında istedadlı musiqiçi Mirzə Sadıq tarı əsaslı surətdə yenidən qurdu. Həmin vaxta qədər tar sinədə yox, diz üzərində ifa edilirdi. Ondan əvvəl tarın qoluna 27-28 pərdə bağlanır, simlərin sayı isə 7-yə çatırdı. İstedadlı novator musiqiçi ilk dəfə olaraq tarın qolunu sədəflə bəzəmişdi. Bütün bu yeniliklərə görə Mirzə Sadıq haqlı olaraq “Azərbaycan tarının atası” sayılır.
– Az öncə də qeyd etdiyimiz kimi, muğam üçlüklərimizi tar aləti olmadan təsəvvür edə bilmərik. Bu alətin muğam ifaçılığındakı rolu nədən ibarətdir?
– Muğam sənətində tar bir neçə funksiya daşıyır. Bu baxımdan onun instrumental muğam, solo və vokal­-instrumental muğam ifaçılığında müşayiətedici alət kimi iki funksiyası önə çıxır. Azərbaycan milli musiqi irsində geniş inkişaf etmiş solo ifa ilə yanaşı, müxtəlif tərkibli ansambl çalğısına da böyük yer verilir. Onu da qeyd edək ki, xalq çalğı alətləri üzrə ansambl ifaçılığı zəngin ənənələrə malikdir. Xanəndə, tar, kamança və qavaldan ibarət olan vokal-instrumental muğam ansamblında tar aparıcı əhəmiyyətə malik olub, ansamblın digər ifaçılarını – bir tərəfdən xanəndəni, digər tərəfdən kamançanı istiqamətləndirir və ümumi əlaqələndirici rol oynayır. Muğam ansamblının repertuarını muğam dəstgah, zərbi muğam, rəng və təsnif kimi janrlar təşkil edir və belə musiqi nümunələrini, sözün həqiqi mənasında, xanəndə və sazəndə ansamblının birgə yaradıcılıq məhsulu hesab etmək olar. Dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəyli xanəndə və sazəndə dəstəsinin üzvlərini xarakterizə edərək yazırdı: “Baxüsus xanəndə bir çox şeir, qəzəl və təsniflər hifzində saxlamalıdır; tar çalan dəxi dəstgahların yollarını yaxşıca bilməlidir ki, xanəndəyə rəhbərlik etsin”.
– Muxtar respublikamızda bu qədim musiqi alətinin mahir ifaçıları kimlər olub?
Muxtar respublikamızda tarixən mədəniyyətin hər bir sahəsi, xüsusilə də bu gün söhbət açdığımız tarzənlik bu sənətdə var olan fədakar insanlar hesabına daim inkişaf edib. Klassik ənənələrə uyğun ifa etdiklərimiz musiqilər həmin ustad tarzənlər hesabına ustaddan şagirdə ötürülmə prinsipi ilə bu günümüzə gəlib çıxıb. Mirzə Sadıq tərəfindən tar aləti təkmilləşdirildikdən sonra bu alətin ifaçıları yeni tarı qısa zaman kəsiyində mənimsədilər. XIX əsrin sonlarında Naxçıvanda artıq təkmilləşdirilmiş tarın mahir ifaçıları mövcud idi. Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rafail Kərimov “Naxçıvan musiqi mədəniyyəti tarixindən. Musiqi təhsili” monoqrafiyasında qeyd edir ki, bəstəkar Zülfüqar Hacıbəyov Naxçıvanda olduğu müddət ərzində öz yaradıcılığı ilə ətrafına instrumental ifaçılar toplayaraq teatrda ilk professional qrupu yaratmağa nail olur. Həmin qrupun tərkibində tarzənlərdən Adil Kəngərli, daha sonralar isə 1920-ci illərdə tarzən Tapdıq Hüseynov çıxış ediblər. Həmin dövrlərdə bu sənətkarlarla bərabər, Kamil Abdullayev, Yusif Əliyev, Heydər Təhməzbəyov, Şərur rayonundan isə Abbas Axundov və Əli Nağıyev tarzənlik sənətində iz qoymuş insanlardır. Onların davamçıları kimi Vahid Axundovu, Səfər Rəcəbovu, Həsən Gülməmmədovu, Qılman İsayevi misal göstərə bilərik. O zaman musiqi məktəblərinin, ali təhsil ocaqlarının olmadığını nəzərə alsaq, əsl sənət fədailərinin bu sənətin yaşadılması üçün çəkdikləri əziyyətlərin fərqinə vararıq. Təkcə tarzən Səfər Rəcəbovun Naxçıvan şəhərində təşkil etdiyi tar dərnəyi bir çox məşhur ifaçının yetişməsinə səbəb olmuşdu. Həmin dövrlərdə tarzənlik sənəti tarixi mənbələrdə də göstərildiyi kimi, sadəcə, ustad-şagird prinsipi ilə öyrədilib. Bu sənətin inkişafında musiqi məclisləri və el şənliklərinin də müstəsna rola malik olduğunu qeyd etməliyik.
– Naxçıvanda ilk musiqi məktəbi yaradıldıqdan sonra onun tanınmış tarzən kimi yetirmələri kimlər olub?
Muxtar respublikamızda ilk musiqi məktəbinin yaradılması dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Belə ki, 1937-ci ildə onun xeyir-duası ilə Naxçıvan şəhərində musiqi məktəbi fəaliyyətə başlayır. Bu məktəb incəsənətin inkişafında yeni mərhələnin əsasını qoyur. Burada bacarıqlı və istedadlı tarzənlər, xanəndələr, bəstəkarlar yetişir. Onlar sırasında yer alan tarzənlərdən Əkrəm Məmmədlini, Nazim Quliyevi, Nazim Kazımovu, Aydın Məmmədovu, Arif Quliyevi, Ələkbər Ələkbərovu, Şəmsəddin Qasımovu, bu gün də peşəkar tarzən kimi fəaliyyətlərini davam etdirən yetirmələrdən isə Zeynalabdin Babayevi, Tağı Əhmədovu, Bəxtiyar Hümbətovu, İmamqulu Əhmədovu, Dünyamalı Dünyamalıyevi, Nadir Məmmədovu, Zəfər Rəhimovu, İlqar Hüseynovu, Elman Əliyevi və başqalarını misal göstərə bilərəm.
Daha sonra Naxçıvanın digər bölgələrində də musiqi məktəblərinin yaranması, eləcə də müxtəlif ansambl­ların, xüsusən də “Araz” Mahnı və Rəqs Ansamblının fəaliyyətə başlaması bu sənətin inkişafına təkan verdi. Çünki bu ansambl bir növ məktəb hesab olunurdu. Sonrakı illərdə Naxçıvan Musiqi Kollecinin, ən əsası isə Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin yaradılması, müstəqillik illərində şəhər və rayonlarda uşaq musiqi məktəblərinin təkmilləşdirilməsi bu sənətin inkişafını zirvəyə aparacaq addımlar oldu.
- Zöhrab müəllim, son olaraq tarzənlik sənətinin müasir inkişaf səviyyəsi haqqında düşüncələriniz...
– Naxçıvanda musiqi mədəniyyətinin qədim tarixi var. Diyarımızın yetirdiyi görkəmli incəsənət adamları, sənətkarlar, fədakar insanlar, bir də hərtərəfli dövlət qayğısı sayəsində mədəniyyət sahəsi bu gün öz çiçəklənmə dövrünü yaşayır. Bu gün muxtar respublikamızda da gənc tarzənlər yetişir. Sərxan Abdullayev, Fətəli Axundzadə, Orxan Cabbarov, Cəlil İsmayılov, Əşrəf Abdullayev, Əşrəf Behbudov və Toğrul Həsənovu göstərə bilərik. Yaradılan şəraitdən, göstərilən dövlət qayğısından ruhlanaraq gənc tarzənlərimiz öz üzərlərində daim çalışır, musiqi mədəniyyətimizin inkişafı naminə var qüvvələrini əsirgəməyərək Azərbaycan musiqisini zənginləşdirirlər.
2012-ci ildə “Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti”nin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi ölkəmizdə qədim musiqi alətlərimizə göstərilən həssas münasibətin göstəricisidir. Məqsəd milli musiqimizi qorumaq, yaşatmaq, gələcək nəsillərə olduğu kimi təqdim etməkdir. Bu, muxtar respublikamızda da ən çox diqqət göstərilən məsələdir.
- Müsahibə üçün sağ olun!

 Pərviz HACILI

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR