17 Fevral 2020, Bazar ertəsi

Dünən Bəhruz Kəngərli Muzeyində tanınmış realist rəssamın anadan olmasının 128-ci ildönümü münasibətilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçilib. Muzeyin bələdçisi Rəna Əliyeva tərəfindən aparılan dərsdə 1892-ci il yanvarın 22-də Naxçıvanda dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan görkəmli rəssamın həyat və yaradıcılığından söhbət açılıb. Hələ körpəlikdə anasını itirən, 9 yaşından isə səhhətində problem yaranan gənc rəssamın yaradıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bilməsi vurğulanıb.

Bildirilib ki, məşhur Kəngərlilər nəslinin nümayəndəsi, Azərbaycan milli rəssamlıq sənətinin tanınmış simalarından olan Bəhruz Kəngərlinin anadan olmasından 128 il keçir. 30 il ömür sürən Bəhruz Kəngərli cəmi yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, zəngin irs qoyub, 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla milli sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ­ictimai məzmun və janr, təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib.

Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, əbədiyaşar yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma diyarında daim yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə 2012-ci ildə görkəmli sənətkarın yubileyi geniş şəkildə qeyd olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə təqdim edilib. Rəssamın əsərlərinin tam külliyyatı ilk dəfə olaraq albom-kataloq şəklində nəşr olunub. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb. Naxçıvan televiziyası tərəfindən görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb.

Qeyd olunub ki, Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina 2013-cü ildə yenidən qurularaq istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb və rəssamın heykəli qoyulub.
Diqqətə çatdırılıb ki, dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərib. O, tarixi keçmişimizi və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Son illər tanınmış rəssamın Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin sənət irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülür.
Bildirilib ki, milli rəssamlıq, boyakarlıq sənətinin zirvəsində dayanan əvəzsiz sənətkar Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də Naxçıvanda dünyasını dəyişib.
Vurğulanıb ki, Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə müasirimiz olaraq gələcəyə bizimlə bərabər ­addımlayır.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

* * *

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri və gənc rəssamlar Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü münasibətilə onun adını daşıyan Rəssamlar Parkına yürüş təşkil edib, sənətkarın burada ucaldılan abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad ediblər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Bəhruz Kəngərlinin zəngin yaradıcılığı haqqında danışıb, görkəmli rəssamın Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri olduğunu bildirib.
Çıxışda görkəmli rəssam Bəhruz Kəngərlinin adının muxtar respublikamızda əbədiləşdirilməsi, yaradıcılığının tədqiqi və təbliği sahəsində görülən işlərdən bəhs olunub.
Vurğulanıb ki, görkəmli sənətkarın xatirəsi bundan sonra da ehtiramla yad ediləcək və Bəhruz Kəngərli Azərbaycan rəssamlığına göstərdiyi xidmətləri ilə daim sənətsevərlərin qəlbində yaşayacaq.
Sonra Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli çıxış edərək bildirib ki, istedadlı fırça ustası, milli rəsm sənətinin tanınmış simalarından olan Bəhruz Kəngərli Azərbaycan rəssamlığında orta əsr miniatür sənətindən realizmə keçidin, bununla da yeni boyakarlıq məktəbinin əsasını qoyub.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR