30 Mart 2020, Bazar ertəsi

Mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə seçilən Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların reallaşdırılması, dövlət proqramlarının, mühüm infrastruktur layihələrinin, inkişafın yeni konturlarını müəyyən edən perspektivli dövlət siyasətinin uğurla həyata keçirilməsi davamlı yüksəlişi təmin edib. Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkan kimi şöhrət qazanan Naxçıvanda bu gün ideya və dəyərlər sisteminin formalaşmasına əsaslı təsir göstərən milli və mənəvi dəyərlərimiz yaşadılır, təbliğ olunur. Bu, Azərbaycanın dövlətçilik ənənələrinin saxlanc yeri olan Nuh yurdunun həm də qədim sivilizasiyanın beşiyi və tarixən İslam mədəniyyətinin formalaşmasında özünəməxsus rola malik olması, müsəlman intibahının yaranmasında önəmli rol oynaması ilə əlaqədardır.

İslami dəyərlərə böyük hörmətin nümunəsi

Bu mənada dekabrın 4-də İslamın qədim mərkəzlərindən biri olan və İslam dininin olduğu kimi qorunub yaşadıldığı müqəddəs diyarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin qeyd olunması mühüm əhəmiyyət daşıyır.

 

Tarixi reallıqdır ki, Naxçıvan fərqli siyasi sistemdə çəkinmədən İslamın təbliği istiqamətində çalışan Şeyxülislam Allahşükür Paşazadənin həyatında da həlledici rol oynayıb. O, vaxtilə mərkəzdən uzaqlaşdırılmaq üçün Naxçıvana qazı göndərilib, lakin burada qazı kimi fəaliyyət göstərdiyi illərdə bu yurdun ictimai-siyasi, elmi mühiti Şeyxülislamın böyük din xadimi kimi formalaşmasında özünəməxsus rol oynayıb. Bu da reallıqdır ki, əgər 1990-cı ildə Allahşükür Paşazadə Azərbaycan Respublikasının Milli Məclisinə Naxçıvan seçki dairəsindən deputat seçilməsəydi, həmin vaxtlar, ölkəmizin ağır günlərində öz sözünü bu şəkildə asanlıqla xalqa çatdıra bilməyəcəkdi.

Həqiqətən də Şeyxülislam Allahşükür Paşazadənin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoluna sədaqəti, dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin müdafiəsi sahəsindəki çoxşaxəli fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir. O, həmişə xalqın ağır günlərində onun yanında olub, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində mühüm xidmətlər göstərib, nəinki Azərbaycanda, bütün Qafqazda dini həmrəyliyə nail olub. Allahşükür Paşazadənin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yüksək qiymətləndirilib, ölkəmizin nüfuzlu mükafatları olan “Şərəf”, “İstiqlal”, “Şöhrət” və “Heydər Əliyev” ordenləri ilə təltif olunub. Prezident İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına əsasən Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi də onun fəaliyyətinə verilən yüksək dəyərin bariz ifadəsidir.

Dekabrın 4-də qədim Naxçıvanda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Allahşükür Paşazadə həzrətlərini yubileyləri münasibətilə təbrik edib, ona uzun ömür və möhkəm cansağlığı arzulayıb. Ali Məclisin Sədri deyib: “Qafqazda millətlərarası, dinlərarası və məzhəblərarası ayrı-seçkiliyin aradan qaldırılması, İslam həmrəyliyinin və tolerantlığın təmin olunması sahəsində Şeyx həzrətlərinin mühüm xidmətləri vardır. Qafqaz Xalqları Ali Dini Şurasının Sədri kimi onun regiondakı münaqişələrin sülh yolu ilə həlli və sabitliyin əldə olunması, dinlər və məzhəblər arasındakı dostluq və dözümlülük münasibətlərinin möhkəmləndirilməsi naminə gördüyü işlər böyük dəyərə malikdir. Bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunan Şeyxülislamın mötəbər beynəlxalq konfranslarda dinlərarası dialoq və əməkdaşlıqla bağlı irəli sürdüyü təşəbbüslər daim yüksək dəyərləndirilir”.

Ali Məclisin Sədri Şeyxülislam Allahşükür Paşazadəyə nəcib və şərəfli fəaliyyətində böyük uğurlar arzulayıb, “Naxçıvan Muxtar Respublikasının 90 illiyi” yubiley xatirə qızıl medalını Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış tədbirində iştirak ediblər. Ali Məclisin Sədri Allahşükür Paşazadəyə uzun ömür, cansağlığı arzulayıb, məscidin tikilməsində əməyi olanlara təşəkkürünü bildirib.

Muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasında ticarət əlaqələri genişlənir

Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasında böyük rol oynayır. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir. Ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının da mühüm rolu var. Muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı əlaqələr hər keçən gün daha da inkişaf edir, qarşılıqlı faydalı əməkdaşlıq gündən-günə genişlənir. 2017-ci ildə Türkiyə Respublikasının qəbul etdiyi qərara əsasən Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların güzəştli şərtlərlə həmin ölkəyə ixrac imkanlarının yaradılması iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları salamlayıb, Naxçıvanla əlaqələrin inkişafına və nümayəndə heyətinin səfərinə verdiyi dəstəyə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət və ehtiramını bildirib.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin əsasının qoyulduğunu bildirən Ali Məclisin Sədri ötən dövrdə ordu quruculuğu, təhsil, səhiyyə və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdiyini, İğdırda Naxçıvan Ticarət Evinin fəaliyyət göstərdiyini qeyd edib. Ali Məclisin Sədri Naxçıvanın Moskva və Qars müqavilələrinə əsasən təsbit olunan muxtariyyət statusunu xatırladıb, muxtar respublikada inkişafın, xüsusilə ərzaq və enerji təhlükəsizliyinin təmin olunduğunu bildirib, mövcud potensialın əməkdaşlıq üçün daha geniş imkanlar açdığını vurğulayıb.

Ali Məclisin Sədri ölkə prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə əlaqələrinin nümunə gücündə olduğunu diqqətə çatdırıb, nümayəndə heyətinin səfərinin Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixrac imkanlarının artırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Suvarma şəbəkələrinin istifadəyə verilməsi kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir

Muxtar respublikada meliorasiya və irriqasiya işlərinin uğurla aparılması kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir. Son illər istifadəyə verilən qapalı suvarma şəbəkələri hesabına 5 min hektara yaxın yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Bu baxımdan ötən il Şahbuz rayonunun Türkeş kəndinin həyatında da əlamətdar il kimi yadda qalıb. Belə ki, 70 ildə görülməyən işlər 7 ayda həyata keçirilib, kənddə geniş quruculuq işləri aparılıb, dünya standartlarına uyğun yol, gözəl məktəb, kənd və xidmət mərkəzləri tikilib. Ötən ay isə 35 kilometrdən artıq müxtəlif diametrli borularla yeraltı şəbəkənin qurulduğu və 350 hektara yaxın pay torpaqlarını əhatə edən qapalı suvarma şəbəkəsi sakinlərin istifadəyə verilib. Muxtar respublikada elan olunmuş “Ailə təsərrüfatları ili”ndə Türkeş kəndində qapalı suvarma şəbəkəsinin qurulması sakinlərin hədsiz sevincinə səbəb olub.

Dekabrın 6-da bununla əlaqədar keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib.

Qapalı suvarma şəbəkəsinin Azərbaycan Respublikası Prezidentinin Pivot layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma sistemlərinin quraşdırılması barədə imzaladığı müvafiq Sərəncama əsasən ayrılmış vəsait hesabına tikildiyini qeyd edən Ali Məclisin Sədri deyib: “İnsan var ki, sağlığında əməlləri ölkəsinə, xalqına xeyir verir. İnsan da var ki, həm sağlığında, həm də yoxluğunda onun əməlləri yaşayır, insanlara doğru yol göstərir. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu, əməlləri yaşayır və bəhrəsi göz qabağındadır. Türkeş kəndində aparılan quruculuq işləri, istifadəyə verilən qapalı suvarma şəbəkəsi də Ulu Öndərin siyasi xəttinin bəhrəsidir. Kənddə torpaqların əkilməsi, təsərrüfatların inkişafı, istehsal olunan məhsulların satışı üçün hər cür şərait yaradılıb. Məqsəd muxtar respublikanı, ölkəmizi daha da inkişaf etdirməkdir”.

Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin yerli mütəxəssislər tərəfindən qurulduğunu bildirib, bu münasibətlə muxtar respublikanın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşlarına təşəkkür edib, qapalı suvarma şəbəkəsini işə salıb. Ali Məclisin Sədri torpaqların əkin atlasına uyğun əkilməsi, kənd sakinlərinin məhsuldar toxum sortları, gübrə və texnika ilə təmin olunması, güzəştli kreditlərin verilməsi və yeni qapalı suvarma şəbəkələrinin qurulması barədə aid təşkilatlara tapşırıqlar verib.

Naxçıvanda hərbi xidmətin nümunəvi təşkili diqqət mərkəzindədir

Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Xidmətin təşkili və şəxsi heyətin yaşayış şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Muxtar respublikanın ucqar və keçilməz dağlıq ərazilərdə yerləşən bütün hərbi hissələrinə yollar çəkilib, müdafiə zolağındakı məntəqələr davamlı elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib. 2019-cu ildə Naxçıvan şəhərindəki hərbi şəhərciyin yaşayış binalarında yenidənqurma işləri aparılıb, qarnizon uşaq bağçası və tam orta məktəbin binası təmir olunub, 220 yerlik zabit yataqxanasında müasir sosial-məişət şəraiti yaradılıb. Hərbi hissələr üçün 5 anqar, ön mövqelərdə 2 yataqxana tikilərək istifadəyə verilib, 2 tabor mərkəzi əsaslı təmir olunub. Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit və gizir ailələri üçün 5 mərtəbəli, 44 mənzilli yaşayış binası tikilib və park salınıb.

Aparılan quruculuq işləri yalnız Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrini əhatə etmir. Eyni zamanda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası üçün əsgəri-məişət komplekslərinin qurulması, lazımi xidmət şəraitinin yaradılması, müasir texnika, silah və avadanlıqlarla təminat uğurla həyata keçirilir. Ötən il bir zastava yenidənqurmadan sonra istifadəyə verilib, iki zastavada isə yenidənqurma işləri davam etdirilir. Həmçinin Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının Şərur taboru üçün yeni kompleks, Naxçıvan Qarnizonu üçün müasir tələblərə cavab verən hərbi hospital inşa olunur. Bütün bunlar muxtar respublikada hərbi xidmətin nümunəvi təşkilinə hesablanıb.

Həyata keçirilən tədbirlərin davamı kimi, dekabrın 7-də Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib.

Bununla əlaqədar keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri yeni qərargah binasının istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edib.

Ali Məclisin Sədri deyib: “Əlahiddə Ümumqoşun Ordunun strukturuna daxil olan hərbi hissələrin təyinatlarına uyğun olaraq yerləşdirilməsi, yeni əsgəri-məişət komplekslərinin tikilməsi, müasir silah-sursatla təminatı qarşıda duran əsas vəzifələrdəndir. Bu gün qərargah binası istifadəyə verilən hərbi hissənin yaradılması və müasir əsgəri-məişət kompleksi ilə təmin olunması da görülən işlərin davamıdır. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindəki hərbi hissələrlə yanaşı, ən ucqar məntəqələrdəki postlar üçün də müasir əsgəri-məişət kompleksləri tikilərək istifadəyə verilmişdir. Əsgərlərimiz yaradılan şəraitdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini və müdafiəsini etibarlı təmin edirlər”.

Ali Məclisin Sədri muxtar respublikanın müdafiəsində və təhlükəsizliyində xidməti olanlara təşəkkür edib, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə isə Naxçıvan şəhərindəki hərbi şəhərcikdə zabit yataqxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Ali Məclisin Sədri hərbi şəhərcikdə görülən abadlıq işləri ilə maraqlanıb, hərbçilərin ailə üzvləri ilə görüşüb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl bayramı münasibətilə təbrik edib, hərbi şəhərcikdə gələcəkdə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Aparılan siyasətin mərkəzində insan amili dayanır

Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan siyasətin mərkəzində insan amili dayanır. Bu baxımdan muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışının təminatına hesablanıb. Naxçıvanda bu istiqamətdə işlər uğurla həyata keçirilir və bütün yaşayış məntəqələri günü-gündən gözəlləşir. Genişmiqyaslı quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Bu gün aparılan quruculuq işləri bütün şəhər və kəndləri əhatə edir. Kompleks infrastruktur quruculuğu əhalinin rahat yaşayışını təmin edilir. Bu baxımdan Şərur rayonunun Xələc kəndinin müasir Azərbaycan kəndləri sırasına qoşulması istiqamətində reallaşdırılan işlər həyata keçirilən tədbirlərin davamıdır.

Dekabrın 9-da Ali Məclis Sədrinin iştirakı ilə Xələc kəndində müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yeni kənd avtomobil yolunun istifadəyə verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

Xələcdə bu gün sakinlərin rahat yaşayışı tam təmin olunub. Vaxtilə həmin kənddə belə yüksək səviyyəli şərait yox idi. Sakinlər hətta rayon mərkəzinə belə, gedərkən əziyyət çəkirdilər. İndi isə yollar abadlaşıb, Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu yenidən qurulub, kəndin küçələrinə asfalt örtük salınıb, telefon, internet, qaz və elektrik xətləri yenilənib, ən müasir memarlıq üslubunda inşa edilən sosial obyektlər istifadəyə verilib. İndi Xələc kəndi ilə şəhər arasında heç bir fərq qalmayıb. Unutmayaq ki, bütün bunlar blokada vəziyyətində yaşayan bir diyarda həyata keçirilir. Bunun əsas aparıcı amili isə Heydər Əliyev siyasi xəttinə dərin sədaqət, vətənpərvərlik, sonsuz yurd sevgisidir.

Açılış tədbirlərindən sonra sakinlərlə görüşən Ali Məclisin Sədri kənddə aparılan quruculuq işləri münasibətilə onları təbrik edərək deyib: “Bu gün Xələc kəndi ölkəmizin abad yaşayış məntəqələri sırasına daxil oldu, kənddə lazım olan infrastruktur yaradıldı. Kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin, feldşer-mama məntəqəsinin, yolun istifadəyə verilməsi kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ümummilli lider Heydər Əliyevin yolu, əməlləri yaşayır və bu yol Azərbaycanı inkişaf edən ölkələr sırasına çıxarmışdır. Ölkəmizin hər bir yaşayış məntəqəsi müasirliyə, inkişafa qovuşmuş, insanların rahat və təhlükəsiz yaşayışı təmin edilmişdir. Aparılan quruculuq işləri Xələc kəndində də inkişafa səbəb olmuşdur. Sakinlər bu imkanlardan istifadə edərək torpaqları əkməli, təsərrüfatları genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər. Kənddə tikilib qurulanlar qorunub saxlanılmalı, abadlıq işləri davam etdirilməlidir”.

Onu da deyək ki, Xələcdə sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Ötən müddətdə Araz çayından çəkilən suyun hesabına kəndin su problemi həll edilib. Bunun sayəsində sakinlərə verilən pay torpaqları əkilir, vaxtlı-vaxtında suvarılır. Burada aparılan kompleks quruculuq işləri isə bundan sonra insanları torpağa daha sıx bağlayacaq, məskunlaşma daha da artacaqdır. Bütün bunlar Ali Məclis Sədrinin kənd sakinlərinə göstərdiyi diqqət və qayğının sayəsində mümkün olub.

Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər davam etdirilir

Sürətli iqtisadi islahatların aparılması, yeni investisiyaların cəlbi üçün təşviqedici tədbirlərin görülməsi, bütövlükdə, ölkə miqyasında olduğu kimi, muxtar respublikada da arzuedilən nəticələrin əldə olunmasına şərait yaradıb. Bu çərçivədə sənayenin, xüsusən yüksək əmək və elmtutumlu sənaye sahələrinin genişləndirilməsi yolu ilə son məhsulun hazırlanması və məşğulluğun təmin olunması prioritet sahə kimi diqqətdə saxlanılır. Ölkə Prezidenti İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması da bu baxımdan Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının daha da şaxələndirilməsi və ixrac potensialının artırılması məqsədinə xidmət edir.

Dekabrın 9-da Ali Məclisin Sədri 6 istehsalat korpusundan ibarət olacaq Şərur Sənaye Məhəlləsinin yaradıldığı əraziyə gəlib, görülən işlərlə tanış olub.

Xarici ölkələrlə əlaqələr genişlənir

Muxtar respublikanın ölkəmizin tərəfdaşı olan ölkələrlə iqtisadi-ticarət və humanitar sahələrdə əlaqələri daha da genişlənir. Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlayıb, onu səfir təyin olunması münasibətilə təbrik edib. Naxçıvanın ərazisi, əhalisi, keçdiyi inkişaf yolu barədə məlumat verən Ali Məclisin Sədri muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, muxtar respublika özünü əsas ərzaq və sənaye məhsulları ilə təmin edir və ixrac imkanlarına malikdir.

Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi qəbul edib.

Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Macarıstan Respublikası arasında iqtisadi, təhsil və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb. Səfir Viktor Szederkenyinin səfərinin bu baxımdan səmərəli olacağına əminliyini ifadə edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

İcbari tibbi sığorta uğurla tətbiq olunur

Naxçıvanda səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Bütün yaşayış məntəqələrində aparılan quruculuq işləri səhiyyə müəssisələrini də əhatə edib. Səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına əsasən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi təkamül yolu ilə aparılıb, tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilib. Muxtar respublikanın Sədərək, Şərur, Kəngərli və Şahbuz rayonlarında bu iş uğurla reallaşdırılıb. 2019-cu ilin dekabr ayınadək həmin rayonlarda yaşayan əhali tərəfindən, ümumilikdə, tibb müəssisələrinə 23 min 314 müraciət edilib. Müraciət edənlərə 58 min 978 adda tibbi xidmət göstərilib. 2019-cu ilin noyabr ayından etibarən Ordubad rayonunda da icbari tibbi sığortaya keçidlə əlaqədar lazımi işlər görülüb. Dekabrın 10-da rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.

Tədbirdə iştirak edən Ali Məclisin Sədri Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edib. Ali Məclis Sədri deyib: “Əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsinin müasir yolu icbari tibbi sığortanın tətbiqidir. Lakin lazımi səhiyyə infrastrukturu yaratmadan bu işi həyata keçirmək mümkün deyil. Ona görə də xəstəxanalara kompüter proqramı təminatı üçün fiberoptik kabel çəkilmiş, internetlə təmin olunmuşdur. Səhiyyə müəssisələri - rayon mərkəzi xəstəxanaları, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer mama məntəqələri yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təmin olunmuş, yeni texnologiyalar tətbiq edilmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada səhiyyə xidmətinin səviyyəsi yüksəlmişdir. Ordubad rayonunda da bu sahədə əhəmiyyətli tədbirlər görülmüş, səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulmuşdur”.

Həmin gün Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin nəzarətdə saxlanılması, bu sahədəki yeniliklərin öyrənilərək tətbiq edilməsi, Culfa və Babək rayonlarında icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin başa çatdırılması barədə aid qurumlara müvafiq tapşırıqlar verib.

Ulu Öndərimizin əziz xatirəsi daim yad edilir

Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi regionda söz sahibi olması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Dahi rəhbərin şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir. Bu gün muxtar respublikada əldə edilən bütün uğurlara ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının vətənpərvərliklə davam etdirilməsinin nəticəsində nail olunub. Məhz Heydər Əliyev siyasi xəttinə dərin sədaqətin nəticəsində kompleks inkişafın əsası qoyulub, muxtar respublika dahi rəhbərin arzuladığı inkişafa qovuşub, onun etibarlı müdafiə sistemi yaradılıb, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Ulu Öndərimizin Vətənə sədaqət nümunəsi olan şərəfli həyatında ölkəmizə, həmçinin doğulub boya-başa çatdığı Naxçıvana bağlılığı, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbəti və ardıcıl qayğısı nəsillərə nümunə olub. Bütün Azərbaycan xalqı kimi, qədirbilən naxçıvanlılar da əvəzolunmaz liderin ölkəmiz naminə gördüyü bu işləri heç vaxt unutmur, dahi şəxsiyyətin siyasi məktəbinin layiqli məzunları Onun əziz xatirəsini daim yad edir, Heydər Əliyev irsinin təbliğinə xüsusi diqqət yetirirlər.

Hər il olduğu kimi, ötən il dekabrın 12-də də Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.

Naxçıvanın brendi - istehsal artırılır

Dünyanın ən qədim mədənlərindən olan Duzdağ yataqlarından çıxarılan duz min illər əvvəl olduğu kimi, bu gün də süfrələrimizin əvəzolunmaz nemətidir. İxrac imkanlarının artması dad-tamı ilə seçilən Naxçıvan duzuna tələbatı da artırır. Ona görə də yeni duz şaxtasının açılması istiqamətində addımların atılması muxtar respublikanın həyatında əlamətdar hadisə kimi yadda qalıb.

Dekabrın 19-da Duzdağda yeni şaxta açılması münasibətilə keçirilən tədbirdə Ali Məclisin Sədri deyib: “Duz Naxçıvanın brendidir. Yeni şaxtanın açılması bu baxımdan çox əhəmiyyətlidir. Şaxta ilə yanaşı, ərazidə yeni duz istehsalı müəssisəsi də qurulacaq, Naxçıvan duzu daha keyfiyyətli formada istehsal ediləcəkdir. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri çoxdur. Bu gün qarşıda duran əsas vəzifə bu sərvətlərdən səmərəli istifadə etməkdir. Hazırda Darıdağ arsenli su müalicə mərkəzi və yeni Badamlı Mineral Sular Zavodu tikilir. Bu gün isə duz şaxtasının təməli qoyulur. Bütün bunlar muxtar respublikanın inkişafına xidmət edir. Yeni şaxtada işlər yerli şirkət tərəfindən həyata keçiriləcək, yüzlərlə iş yeri açılacaq, süfrələrimizin bəzəyi olan Naxçıvan duzunun şöhrəti qorunub saxlanılacaqdır”.

Ali Məclisin Sədri əlamətdar hadisə münasibətilə muxtar respublika əhalisini təbrik edib, Duzdağ ərazisinin xəritələşdirilməsi, istismar olunmayan şaxtaların Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi, təhlükəsizlik tədbirlərinə diqqət yetirilməsi, yeni şaxtada aşkar olunacaq elmi və mədəni əhəmiyyətə malik süxurların Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə təqdim olunması, eləcə də ərazidə gil istehsalı müəssisəsinin də yaradılması barədə tapşırıqlar verib.

Qazanılan nailiyyətlər beynəlxalq təşkilatların da diqqətini çəkir

Naxçıvanda müxtəlif sahələrdə nailiyyətlər əldə edilir, xüsusən, sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər öz bəhrəsini verir. Təkcə ötən il 72 yeni istehsal və xidmət sahəsinin fəaliyyətə başlaması sahibkarlığa yaradılan şəraitin nəticəsidir. Məhz buna görədir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. 30 ildir, blokada vəziyyətində yaşayan bir diyarda iqtisadiyyatın çoxsahəli inkişafına nail olunması beynəlxalq təşkilatların da diqqətini cəlb edir.

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvanda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusundakı tədbirə görə qonağa təşəkkürünü bildirib. Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasındakı əlaqələrə və həyata keçirilən layihələrə diqqəti çəkən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası barədə ətraflı məlumat verib, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə muxtar respublikada özəlləşdirmə ilə bağlı qərar qəbul edib, ötən dövrdə bu proses uğurla başa çatdırılıb.

Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətindən, eləcə də artan ixrac potensialından danışan Ali Məclisin Sədri kənd təsərrüfatında maarifləndirmənin və mütərəqqi metodların tətbiqinin əhəmiyyətini vurğulayıb, keçirilən tədbirin bu baxımdan faydalı olacağına əminliyini ifadə edib.

Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına yol açır

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı hər il yeni yüksəliş mərhələsinə qədəm qoyur. Artıq tarixə qovuşan 2019-cu ilin müxtəlif sahələr üzrə göstəriciləri də bundan əvvəlki illərin göstəricilərindən xeyli yüksəkdir. Dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında da qeyd olunduğu kimi, muxtar respublikada mövcud potensialdan istifadə edilməklə yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaradıb. Təsadüfi deyil ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ötən dövründə ümumi daxili məhsulun həcmi 1,5 faiz artaraq 2 milyard 839 milyon manatdan çox olub. Onun bir nəfərə düşən həcmi 6202 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur. Ümumi daxili məhsulun 58 faizdən çoxu istehsalın payına düşüb.

Muxtar respublikada təbii xammal ehtiyatlarının böyük potensiala malik olması emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə və sənayenin inkişafına da əhəmiyyətli təsir göstərib, istehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olub.

Görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərib, muxtar respublikada 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Bütün bunlar əhalinin məşğulluq səviyyəsini artırıb, cari ilin ötən dövründə muxtar respublika üzrə 3 min 250 yeni iş yeri açılıb.

Ali Məclis Sədri beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasındakı çıxışında deyib: “Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.

Ötən ayın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilib. Muxtar respublikada bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi yaradılıb, 170 bələdiyyəyə üzv seçilmək üçün, ümumilikdə, 2122 namizəd qeydə alınıb.

Ali Məclisin Sədri 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Tibbi xidmətin səviyyəsi yüksəldilir

Yuxarıda qeyd etdiyimiz kimi, muxtar respublikada icbari tibbi sığorta mərhələli şəkildə həyata keçirilir. Ötən dövrdə icbari tibbi sığortanın tətbiq olunduğu rayonlarda, ümumilikdə, 500-dən çox həyatı vacib dəyəri yüksək tibbi müdaxilə icra edilib. Babək rayonunda da bu istiqamətdə lazımi tədbirlər görülüb. Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.

Tədbirdə iştirak edən Ali Məclisin Sədri icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edib, əhaliyə lazımi səviyyədə tibbi xidmətin göstəriləcəyinə əminliyini bildirib, kollektivə uğurlar arzulayıb. Muxtar respublika rəhbəri burada yaradılan şəraitlə maraqlanıb.

Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.

Ali Məclisin Sədri çıxış edərək deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılıb. Babək rayonunda yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiq olunması da imkan verəcəkdir ki, əhaliyə daha keyfiyyətli səhiyyə xidməti göstərilsin. Ali Məclisin Sədri 2020-ci il yanvarın 1-dən etibarən Naxçıvan şəhərində və Culfa rayonunda da icbari tibbi sığortanın tətbiqi barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Yeni istehsal sahələri fəaliyyətə başlayır

Muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülməsinin nəticəsidir ki, yeni istehsal sahələri yaradılır, daxili bazar yerli məhsullarla təmin olunur, iş yerləri açılır. Sahibkarlıq subyektlərinin sayının artması həm də ixracı artırır, idxaldan asılılığı azaldır. “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Naxçıvan şəhərində yaradılan plastik kapsul və qapaq istehsalı sahəsi muxtar respublikada daha bir sahədə idxaldan asılılığı aradan götürəcəkdir. Belə ki, həmin vaxtadək muxtar respublikada plastik butulkalara olan tələbatın 70 faizi idxal hesabına ödənilirdi. Müəssisənin istifadəyə verilməsindən sonra muxtar respublikada bu məhsullara olan tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir.

Dekabrın 25-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının yeni plastik kapsul və qapaq istehsalı sahəsinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri müəssisənin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, müəssisədə böyükhəcmli su taraları üçün plastik kapsul və qapaq istehsalı sahəsinin yaradılması, keyfiyyət amilinə və idxala nəzarət edilməsi, bundan sonra da yerli xammala əsaslanan istehsal sahələrinin yaradılmasına dəstək verilməsi barədə tapşırıqlar verib.

Qeyd etmək yerinə düşər ki, plastik kapsul və qapaq istehsalı sahəsinin avadanlıqları böyük dəyərə malikdir. İnvestisiya qoyuluşu çox vəsait tələb etdiyi üçün sahibkarlar bu müəssisənin qurulmasına risk etmirdilər. Lakin dövlət idxalın qarşısını almaq və tələbatı yerli istehsal hesabına ödəmək üçün müəssisənin maliyyələşdirilməsinə dəstək göstərdi. Müəssisənin qurulmasına 4 milyon 700 min manatdan çox vəsait sərf olunub ki, onun da 3 milyon 500 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən verilmiş kreditdir. Qalan vəsait isə sahibkar tərəfindən ödənilib.

Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük uğur və nailiyyətlərlə qarşılayıb

Dekabrın 31-də Naxçıvan şəhərində həmrəylik bayramı və yeni ilin gəlişi minlərlə sakinin və turistin iştirakı ilə qeyd olunub.

Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.

Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.

Qətiyyətlə deyə bilərik ki, muxtar respublikada aparılan məqsədyönlü siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildə bütün sahələrdə inkişafa nail olunub, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilib, makroiqtisadi göstəricilər artıb, yaşayış məntəqələrində geniş quruculuq işləri aparılıb. Ötən il Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi yüksək səviyyədə qeyd olunub, əməkhaqlarının artırılması, yeni iş yerlərinin açılması əhalinin rifahını və məşğulluğunu təmin edib, sabitlik daha da möhkəmlənib. Bu baxımdan Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük uğur və nailiyyətlərlə qarşılayıb. Qazanılan bütün bu uğurlar ulu öndərimiz Heydər Əliyevin ideya və amallarının dönmədən həyata keçirilməsi nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan cəmiyyətində inkişafın bir hərəkətverici qüvvəsi var: bu – Heydər Əliyev ideyalarıdır. Heydər Əliyev yoluna sadiq qalan xalqımız özünün milli liderinin ideyalarını yaşatdıqca, onun zəngin xəzinəsindən bəhrələndikcə, daim irəliyə gedəcək, yaşayacaq və rifaha qovuşacaqdır”.

Rauf Kəngərli

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR