29 Yanvar 2020, Çərşənbə


XX əsr Azərbaycanda aktyorluq sənətinin intibah dövrü kimi yaddaşlarda qalıb. Milli teatr sənətimizin inkişafı aktyorluq məktəbinin formalaşmasına da güclü təsir göstərib. Bu gün həmin sənəti yaradan və yaşadan insanları hörmətlə yad edirik. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və adını çəkmədiyimiz onlarla sənətkar təkcə teatrımızın deyil, kino sənətimizin də inkişafında mühüm xidmətlər göstəriblər. Ötən əsrin 30-cu illərindən sənətə gələn və ömrünün 60 ildən çoxunu teatr və kinomuzun tərəqqisinə həsr edən Leyla Bədirbəylinin də sənət salnaməmizdə öz yeri, öz mövqeyi var. Bir məqamı xüsusilə qeyd edim ki, Leyla xanım sənətə elə bir vaxtda gəlmişdir ki, o illərdə qadınlarn bu sənətə yiyələnməsi o qədər də rəğbətlə qarşılanmırdı. Amma sənətə vurğunluğu onu bu yoldan ayrılmağa qoymur, çətin və şərəfli yolda böyük sənətin zirvələrinə ucala bilir. Yüksək istedadı, gözəl görkəmi və bacarığı ona böyük uğurlar qazandırır.

 Rəsmi titulları çox idi Leyla Bədribəylinin: Xalq artisti, dövlət mükafatları laureatı və s. qadınlar arasında birinci “İstiqlal” ordenini də məhz Leyla Bədirbəyli almışdı. Ancaq böyüyüb boya-başa çatdığı vətəni Azərbaycanda hamı onu “Azərbaycan gözəli” kimi tanıyırdı. “Azərbaycan gözəli” Leyla Bədirbəyli 1920-ci ildə yanvarın ayının 8-də Bakıda doğulub. Atası Ağalar bəy, anası Bikə xanım Şəmkir bəyzadələrinin nəslindən idilər. Belə bir nəcabətli ailədə dünyaya göz açan Leyla xanımın ilk dəfə səhnəyə çıxanda cəmi 8 yaşı varmış. Sənət dostlarının fikrincə Leyla Bədirbəylinin kino kariyerası daha uğurlu və məhsuldar olub. O, 50-dən çox bədii və sənədli filmdə yer alıb, televiziya tamaşalarına çəkilib, bir-birindən gözəl, bənzərsiz obrazlara imza atıb. Ümumiyyətlə aktrisanın kinoya gəlişi, bu sahədəki fəalliyyəti Azərbaycan mədəniyyəti üçün böyük hadisə sayılır. Milli kinomuzun göz muncuğu “Arşın mal alan”ı xatırlamaq kifayətdir. Bu ekran əsərinin geniş dünya şöhrəti qazanması ilk növbədə Üzeyir Hacıbəyli dühasının məhsulu olmasındadır. Quruluşçu rejissoru Rza Təhmasibin, ssenari müəllifi Sabit Rəhmanın da zəhmətləri danılmazdır. Amma “Arşın mal alan”ı dünya mədəniyyətinin qiymətli sərvətinə çevirən heç şübhəsiz Leyla Bədirbəyli və Rəşid Behbudovun bənzərsiz ifalarıdır.

Görkəmli sənətkar 1937-1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti olub. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və  Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Gənc solist bu ansamblda “Bir dənəsən, bir dənə”, “Naz eləmə”, “Tərəkəmə” rəqslərini elə məharətlə ifa edir ki, uzun müddət keçməsinə baxmayaraq sənət adamları bu barədə indi də fəxrlə danışırlar.

Leyla Bədirbəylinin teatrda ilk çıxışı Mirzə İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub. Bunun ardınca “Pəri Cadu”, “Vaqif”, “Xanlar”, “Solğun çiçəklər”, “Almaz”, “Şərqin səhəri”, “Şeyx Sənan”, “Canlı meyit” və digər tamaşalarda rollar ifa edib. Leyla Bədirbəyli kinoda olduğu kimi tamaşalarda da əsasən  baş rollarda oynayıb.

Sənətkarın həyatında ən əlamətdar il şübhəsiz ki, 1945-ci il olub. Həmin il “Arşın mal alan” filmi çəkilib. Filmin qəhrəmanı Gülçöhrə zərifdir, gözəldir və həssasdır. O, öz  həmyaşıdlarından azad seçim və əsl məhəbbət arzusunda olması ilə fərqlənir, öz hissləri ilə sanki bütün cəmiyyətə meydan oxuyur. Axı Gülçöhrə arşınmalçını sevir. Atasının hədə-qorxusuna baxmayaraq o, öz məhəbbətindən dönmür. Əksinə, axıradək öz məhəbbətini müdafiə edir. Leyla Bədirbəylinin oyununda Gülçöhrənin hisslərindəki qətiyyət o qədər təbii, səmimi  alınıb ki, uzun illər aktrisanın adı bu qəhrəmanın adı ilə bərabər səslənib. “Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazandı və dünyanın bir çox xalqları bəstəkarın sehirli musiqisinə, mənalı yumoruna heyran qaldılar. “Arşın mal alan”a görə yaradıcı qrup o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə dövlət mükafatına layiq görüldülər. Leyla Bədirbəyli yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən məktublar da almışdı. Bolqarıstandan gənc qadının  ona göndərdiyi məktub bu sözlərlə qurtarır: “Mən beş oğlun bir bacısına məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi sizin kimi şöhrət qazansa özümü xoşbəxt sayaram”.

Bundan başqa aktrisa “Səbuhi” filmində Mirzə Fətəli Axunzadənin səmimi və mehriban həyat yoldaşı Tubu xanım , “Fətəli xan” və “Koroğlu” filmlərində Tuti Bikə və Nigar,  “Görüş” kinokomediyasında Bilqeyis, “Dəli Kür” filmində Zərnigar, “Kişi sözü”ndə Ana, “Dərviş Parisi partladır”da Şəhrəbanu xanım, “Asif, Vasif, Ağasif”də Nənə, “O, dünyadan salam” filmində Kəblə Fatma və başqa filmlərdə maraqlı surətlər yaradıb. Leyla Bədirbəyli bu filmlərdə gənc qadın, ana, nənə rollarının hamısında məlahətlidir, gözəldir. İstər bisavad Kəblə Fatma, Şəhrəbanu xanım olsun, istərsə də müasir nənələr, hərəsinin öz xarakteri, öz həyat tərzi var.

Unudulmaz sənət korifeyimiz “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı gənclərin yetişib-formalaşması üçün çalışır, onlara dəyərli məsləhətlərini verirdi. Aktrisa öz sadə, mehriban davranışı, nəzakəti ilə hamının dərin rəğbətini qazanmışdı. Aktyorları, rejissorları ailəsinin doğma üzvləri hesab edirdi. Leyla Bədirbəyli üçün rolun böyük-kiçiyi yox idi. O, öz qəhrəmanlarını diqqətlə öyrənir, həvəslə, sevə-sevə oynayıırdı. Leyla xanım yalnız doğma vətənində deyil bütün sovetlər ittifaqında tanınan, sevilən aktrisa idi. Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində bu sevgi daha qabarıq şəkildə özünü göstərirdi. Azərbaycanın Gülçöhrəsini hər yerdə, hər görüşdə gül-çiçəklə qarşılayır, hərarətlə alqışlayırdılar. Leyla Bədirbəyli Stalinin adını daşıyan mükafata layiq görülən 3 qadın sənətçidən biriydi. Vaxtilə ona “Azərbaycan gözəli” adını da məhz Stalin özü vermişdi.

1999-cu il noyabr ayının 23-də hamının gözəlliyinə heyran olduğu qadın, böyük sənətkar Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumdu. Azərbaycan Respublikasının Xalq artisti, dövlət mükafatları lauretı Leyla xanımın yaradıcılığı isə ölməzdi, əbədidi. Mübaliğəsiz  gözəlliyi, bənzərsiz sənət eşqi ilə yaşayıb-yaradan xalq artisti Leyla Bədirbəyli bu gündə milyonların qəlbində yaşayır və yaşayacaq. Hələ neçə-neçə nəsillər onun iştirakı ilə çəkilən filmlərə baxanda böyük aktrisanın yaratdığı obrazların sehrinə düşəcəklər.

Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirərək, layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazan sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib. Təsadüfi deyil ki, ölkə prezidenti cənab İlham Əliyev 2019-cu ilin dekabrın 29-da Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq cari ildə aktrisanın 100 illik yubileyi geniş şəkildə qeyd ediləcək. Şübhəsiz bunun özü milli teatr və kino sənətinin inkişafındakı əvəsiz xidmətlərinə görə Leyla Bədirbəyli yaradıcılığına verilən ən böyük qiymətdir. 

                                                                               Nihad Bayramlı

 Naxçıvan televiziyasının baş redaktoru

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR